
"MƏHƏK DAŞI"
ABŞ-la Rusiyanın Tehranın hesabına razılığa gələ biləcəkləri şübhəli görünür
Müəllif: Eldar PAŞAYEV Bakı
Bu günlərdə dünya Rusiya ilə Amerikanın yaxınlaşmasına. İranın kömək edə biləcəyi haqda danışmağa başlayıb. KİV-də İran probleminin həllinin ABŞ-ın Avropada hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirməsi məsələsinin birdəfəlik aradan qalxmasına səbəb olacağına dair məlumatlara bundan əvvəl də rast gəlinib. Belə iddia olunur ki, guya Rusiya İranın nüvə proqramından imtinasına nail olmaq üçün bu ölkəyə təzyiq göstərərsə, ABŞ Şərqi Avropada HHM sistemi yerləşdirmək niyyətindən vaz keçə bilər. "The New York Times" qəzetinin yazdığına görə, artıq ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Dmitri Medvedevə ünvanladığı məktubda bu təklifi konkret şəkildə irəli sürüb.
Eyni məlumat Rusiyanın "Kommersant" qəzetində də yer alıb.
Xatırladaq ki, Rusiya ABŞ-ın Çexiya və Polşada HHM sistemi yerləşdirməsini özünün milli təhlükəsizliyinə təhdid hesab edir. Bu haqda son açıqlamalarının birində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: "Hava hücumundan müdafiəyə gəlincə, biz dəfələrlə açıq şəkildə bildirmişik, peşəkar ekspertlər səviyyəsində izah etmişik, həmçinin amerikalı həmkarlarımızla birbaşa əlaqələr zamanı söyləmişik ki, bizim qiymətləndirməmizə görə, bu məsələnin İranın nüvə proqramına aidiyyəti yoxdur. Biz əminik ki, bu, strateji sabitliyə, strateji paritetə aid məsələ olmaqla, birbaşa Rusiyanın strateji arsenalına toxunur".
Amerikalılar isə yenə əmin edirlər ki, onların Avropada HHM ilə bağlı planında yeganə məqsəd İran və Şimali Koreya kimi ölkələrdən qorunmaqdır.
Nəticədə həqiqətən də belə çıxır ki, Tehranın nüvə proqramından imtinası halında Vaşinqtonun Çexiya və Polşada HHM sistemi yerləşdirməsinə ehtiyac qalmayacaq.
Lakin Moskva ilə Vaşinqton hələ ki bu formuldan yayınırlar. Həm Medvedev, həm Obama aralarında diplomatik yazışmanın getdiyini etiraf etsələr də, HHM və İran məsələsi birmənalı şəkildə inkar olunur. "Hansısa dəyişiklik və ya mübadilədən söhbət getmir", - deyə Medvedev qeyd edib.
Obama isə öz növbəsində bildirib ki, jurnalistlər onu düzgün anlamayıblar - əslində o, Rusiyaya sadəcə "açıq dialoq" təklif edib. Moskva isə buna cavab olaraq "yalnız həqiqi konstruktiv təklifləri" müzakirə etməyə hazır olduğunu bəyan edib.
Ağır dosye
İranın nüvə dosyesi isə getdikcə daha da ağırlaşır. Ölkə əvvəlkitək dinc xarakterli nüvə proqramı adı altında nüvə bombası istehsal etməkdə, həmçinin terrorizmi dəstəkləməkdə günahlandırılır. Qərb ölkələrinin bu yöndə narahatlığı fevralın əvvəlində İranın özünün ilk milli peykini buraxması ilə daha da artıb. Ekspertlərin fikrincə, bu, iranlıların nüvə başlıqlarını uzaq məsafəyə "göndərmək" imkanının olduğuna dolayı sübutdur. Bundan başqa, İsrailin "Haaretz" qəzetinin yazdığına görə, martın 8-də İranın ingilisdilli "Press TV" telekanalının efirində Tehranın yeni uzaq radiuslu raketi sınaqdan keçirdiyinə dair məlumat yayılıb.
İran isə həmişəki kimi, ünvanına səsləndirilən bütün ittihamları birmənalı şəkildə rədd edir. Ölkənin vitse-prezidenti, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Qulamrza Ağazadə bildirib ki, Tehran Qərbin bunu istəyib-istəməməsinə baxmayaraq, dinc xarakterli nüvə texnologiyasına malik ölkə olaraq qalacaq.
İranın nüvə silahı istehsalına nə qədər yaxın olmasına gəlincə, bu haqda müxtəlif rəylər var və yeri gəlmişkən, məhz bu faktor dünya ictimaiyyətinin İranla bağlı yekdil fikrə gələ bilməməsinin əsas səbəblərindəndir. Məsələn, ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri, admiral Maykl Mallen CNN-in efirindən bəyan edib ki, Tehran fakti olaraq, artıq nüvə silahı istehsal etməyə hazırdır. Admiralın mətbuat katibinin bildirdiyinə görə, Mallen bu fikri səsləndirərkən onu nəzərdə tutub ki, hazırda İranın nüvə yanacağı var və bunun güclü şəkildə zənginləşdirilməsi ilə nüvə silahı əldə etmək mümkündür. Mallen əmindir ki, "əgər İran nüvə silahı əldə edərsə, bu həm region, həm də bütünlükdə dünya üçün çox pis olacaq".
Xatırladaq ki, admiral bir müddət əvvəl - yanvarda Vaşinqtonda əcnəbi jurnalistlərin suallarını cavablandırarkən bildirmişdi ki, Barak Obama administrasiyası İranın nüvə iddialarının aradan qaldırılması üçün güc tətbiqini istisna etmir. Bununla yanaşı o, problemin hərbi yolla həllinin "ən son mərhələ" olduğunu da əlavə etmişdi.
Bunadək isə bir sıra amerikalı ekspertlər də İranın nüvə silahı istehsalına çox yaxın olduğunu bildiriblər.
Lakin Pentaqon rəhbəri Robert Geyts NBC-yə açıqlamasında Mallenin sözlərini faktik olaraq inkar edib. O bildirib ki, Tehran hələ nüvə potensialını kütləvi qırğın silahının istehsalına imkan verəcək səviyyəyə gətirməyib. "Onlar hələ ki kifayət qədər ehtiyata malik deyillər. İran hazırkı mərhələdə nüvə silahı istehsalına yaxınlaşmayıb və odur ki, hələ vaxt var", - deyə Qeyts bildirib.
Bununla yanaşı, o etiraf edib ki, Tehran tərəfindən nüvə təhlükəsi gün-gündən daha ciddi xarakter alır. Pentaqon rəhbərinin fikrincə, hazırda hər şey ondan asılıdır ki, Avropa ilə ABŞ İrana qarşı sanksiyaları gücləndirməyi bacaracaqmı. Onun fikrincə, bu sanksiyalar elə səviyyədə olmalıdır ki, iranlılar öz nüvə ambisiyalarının qarşılığında itirdiklərinin daha çox olduğunu dərk etsinlər.
Bununla yanaşı, R.Geyts əmindir ki, Tehran avropalılar və amerikalılarla iş birliyinə getmək istəyərsə, bu ölkə üçün "açıq qapı"nın saxlanılması vacibdir.
Xatırladaq ki, 2009-cu il fevralın 20-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) özünün yeni məruzəsində İranın 1 nüvə bombasının istehsalına lazım olan qədər zənginləşdirilmiş uran ehtiyatı əldə etdiyini (Natanzdakı nüvə mərkəzində) açıqlayıb. Qurum bildirir ki, əvvəllər Tehranın bu istiqamətdəki fəaliyyəti düzgün qiymətləndirilməyib.
MAQATE-nin məlumatına görə, ötən ilin noyabrı üçün İran artıq 839 kq, 2009-cu il yanvarın sonları üçün isə əlavə olaraq daha 171 kq zənginləşdirilmiş uran əldə edib. 2008-ci ilin noyabrında İranın uranın zənginləşdirilməsi üçün 3800 sentrifuqası olub və sonradan daha 164 sentrifuqa işə salınıb.
Bütün bunlarla yanaşı, MAQATE mütəxəssisləri hesab edirlər ki, sözügedən ölkənin hələ ki yüksək səviyyədə zənginləşdirilmiş uran əldə etmək üçün avadanlığı yoxdur. Qurumun baş katibi Məhəmməd əl-Baradeyinin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum Tehranın narahatlıq yaradan məsələlərdə onlarla əməkdaşlıq etməkdən daim boyun qaçırması üzündən suallara konkret cavab verməkdə çətinlik çəkir.
Qiymətli kozır
Nəticədə Hillari Klintonun bildirdiyi kimi, "Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məqsədi ilə potensial addımları nəzərdən keçirir" və "Tehranın terrorçu təşkilatlara dəstək verməməsi üçün əlindən gələni edir".
Hələliksə, Tehrana qarşı "sanksiyalar davam etdiriləcək". ABŞ onu da bəyan edib ki, Vaşinqton HHM sistemi məsələsində Rusiya ilə əməkdaşlıq etmək fikrindədir: çünki sistem Avropanın və Şimali Amerikanın "istənilən ölkə, ilk növbədə isə İrandan müdafiəsi üçün nəzərdə tutulur".
Kənardan belə görünə bilər ki, Rusiya da eyni mövqedədir. Cenevrədə silah arsenallarının ixtisarı ilə bağlı keçirilmiş Konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva "birtərəfli planlara konstruktiv alternativlər, konkret olaraq potensial raket təhlükəsinin qarşısının alınmasında maraqlı olan ölkələrin səyləri birləşdirməsini təklif edir". Lakin Rusiya ilə ABŞ-ın razılığa gələcəyi şübhəli görünür. Ələlxüsus da, İranın hesabına. Moskva üçün Tehranla münasibətlər Qərbə qarşı "oyunlar"da özünəməxsus kozırdır. Həm BMT Təhlükəsizlik Şurasında İrana qarşı daha sərt sanksiyaların tətbiqinə müqavimət göstərilməsi, həm Buşəhr Atom-Elektrik Stansiyasının tikintisi, həmçinin Tehranla Moskva arasında Rusiyanın C-300 zenit-raket komplekslərinin satışı ilə bağlı danışıqların aparıldığına dair məlumatlar, digər silah alış-verişi sazişlərinin imzalanması perspektivi və s. - bütün bunlar həmin "oyun"un elementləridir.
"Kommersant" qəzeti yazır ki, hazırda "Moskva ilə ABŞ-ın yeni administrasiyası arasında başlanmış dialoqu pozmamaq xatirinə", Rusiya İrana C-300 komplekslərinin verilməsini ləngidir. Bundan başqa, Kreml yaxşı anlayır ki, ABŞ və Avropa İttifaqının İranla münasibətləri düzələrsə, onlar dərhal Tehranı Qərbin enerji layihələrinə qoşmağa çalışacaqlar. Rusiya isə buna heç cür imkan verə bilməz. Amerika Sahibkarlıq İnstitutunun Rusiya üzrə mütəxəssisi Leon Aron "USA Today" dərgisinə bildirib ki, İranın nüvə proqramının mövcudluğu Moskvaya sərf edir. Çünki məsələn, Buşer AES-in tikintisindən əldə edilən iqtisadi gəlirlərlə yanaşı, vasitəçilik missiyası Rusiyaya özünü fövqəldövlət hesab etməyə imkan yaradır. İranın "müdafiəçisi" qismində Qərblə qarşıdurma, maliyyə böhranı ilə çətin vəziyyətə düşmüş Rusiya hakimiyyəti üçün daxili siyasi baxımdan da lazımlıdır. Moskva həqiqətən də maliyyə böhranına baxmayaraq, öz iddialarından əl çəkmir. Məsələn, Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin Şimali Atlantika Alyansının Moskva ilə siyasi dialoqu bərpa etmək qərarına belə reaksiya verib: "Qərb gördü ki, Rusiyaya ayaq silmək mümkün deyil. Moskva prinsipial mövqelərindən bir millimetr belə geri çəkilməyəcək".
Öz növbəsində, ABŞ da çətin ki, HHM sistemi ilə bağlı planlarından imtina etsin. Bundan başqa, artıq Vaşinqtonun Çexiya və Polşa ilə müəyyən razılaşmaları da var. Polşa prezidenti Lex Kaçinski artıq bəyan edib ki, Birləşmiş Ştatların onun ölkəsində HHM sistemi yerləşdirməkdən imtinası Varşavaya münasibətdə "qeyri-dost addımı olardı". Kaçinskinin fikrincə, Polşa üçün ərazisində HHM sisteminin yerləşdirilməsi son dərəcə vacibdir: "Lakin bizim təhlükəsizliyimiz baxımından yox, siyasi baxımdan".
"Forbes" isə xəbər verir ki, Obama Rusiyanın İran probleminin həllilə bağlı fəaliyyətə keçəcəyi təqdirdə, NATO-dakı müttəfiqləri olan Polşa və Çexiyanı təhlükə altında qoymağa hazırdır. Bu, baş verərsə, Polşa və Çexiya yenidən özlərini Rusiyanın əlaltıları və ya Rusiya-Amerika münasibətlərinin əsiri hesab edəcəklər.
Beləliklə, bəlkə də, Rusiyanın İranın nüvə proqramı ətrafındakı böhranın aradan qaldırılması istiqamətində səyləri müqabilində ABŞ-ın Şərqi Avropada HHM sistemi yerləşdirməkdən imtinası haqda xəbərlər, sadəcə, "məhək daşı"dır. Bəlkə də tərəflər bununla "oyun"un real miqyasını müəyyənləşdirməyə, eyni zamanda dialoqa hazırlıq səviyyəsini yoxlamağa çalışırlar. Axı ola bilər ki, İran probleminin həllində ABŞ-ın Rusiyanın köməyinə heç ehtiyacı olmasın. Sabiq prezident Corc Buş və keçmiş dövlət katibi Kondoliza Raysdan fərqli olaraq, hazırkı dövlət başçısı Barak Obama və xarici siyasət idarəsinin rəhbəri Hillari Klinton sözügedən problemin həlli və İranla ikitərəfli münasibətlərin qurulması üçün Tehranla birbaşa dialoqa hazır olduqlarını bəyan ediblər. Xatırladaq ki, İranda 1979-cu ildə islam inqilabının qalib gəlməsindən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.
Vaşinqtonda ümid edirlər ki, İranda bu ilin yayında keçiriləcək prezident seçkisi islahatçı Məhəmməd Hatəminin qələbəsi ilə bitəcək və tərəflərin münasibətlərində dəyişikliyə yol açacaq. Bundan sonra isə artıq Vaşinqton özü də vasitəçilər olmadan Tehranla dialoq qura bilər.
Bu məsələdə Əfqanıstan da böyük rol oynaya bilər. Xatırladaq ki, bu ölkədə vəziyyətin normallaşması Barak Obamanın prioritetlərindən biridir. Matın 8-də İran hökumətinin mətbuat katibi Qulam Hüseyn Elham jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, ABŞ və dünyanın digər fövqəldövlətləri İranın qonşusu olan Əfqanıstanda Tehranın yardımı olmadan təhlükəsizlik və asayişi bərpa edə bilməyəcəklər. Qeyd edək ki, bu bəyanat ABŞ-ın dövlət katibi H.Klintonun İrana Əfqanıstanla bağlı konfransda iştirak etməyin təklif olunacağına dair açıqlamasından dərhal sonra səsləndirilib. Hər halda Vaşinqton və Tehran, həqiqətən də, Əfqanıstanda sabitlik və təhlükəsizliyin təminində maraqlıdırlar/.
MƏSLƏHƏT GÖR: