15 Mart 2025

Şənbə, 00:40

Pozitiv stimul

Redaksiya

Müəllif:

15.03.2009

Son vaxtlar Rusiyanın rəsmi şəxslərinin Bakıya səfərlərinin intensivləşməsi Azərbaycan-Rusiya münasibətlərinin  davamlı inkişaf dinamikasından, iki ölkənin beynəlxalq, regional və ikitərəfli məsələlərin ən geniş spektri üzrə konstruktiv əməkdaşlıq niyyətində olmasından xəbər verir. Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya işgüzar səfəri, bu yaxınlarda Azərbaycan paytaxtına gəlmiş RF prezidenti administrasiyasının rəhbəri Sergey Narışkinin səfəri kimi, ikitərəfli münasibətlərdə yaranmış açıqlıq, etibarlı dialoq və tərəfdaşlıq atmosferinin möhkəmləndirilməsinə mühüm töhfə verib. 

S.Lavrovun səfərinin konkret nəticələrindən danışarkən, ilk növbədə, Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin  (RİMM) açılmasını göstərmək lazımdır. Bu yaxınlarda MDU-nun Bakı filialının açılışından sonra RİMM-in də fəaliyyətə başlaması rus dilinin, Rusiya elmi, mədəniyyəti və incəsənətinin Azərbaycanda təbliğı,  konkret və qarşılıqlı faydalı humanitar layihələrin reallaşdırılması üçün daha geniş imkanlar yaradır. 

Amma təbii ki, bu səfərin siyasi əhəmiyyəti daha çox diqqəti cəlb edir - rusiyalı qonağın Bakıda Prezident və xarici işlər naziri ilə keçirdiyi görüşlərdə diqqət mərkəzində olan əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi olub.

Bakı hər zaman Qarabağ probleminin həllinə dair Moskvanın mövqeyinə böyük önəm verib və bununla əlaqədar son vaxtlar münaqişənin həllindəki  yanaşmalarında nümayiş etdirdiyi ciddi mövqedən məmnundur.

Səfərin yekunlarına dair ilkin siyasi şərhlər göstərir ki, hər iki tərəf 2008-ci il noyabrın 2-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı Moskva Bəyannaməsinin Dağlıq Qarabağ nizamlanması prosesində irəliləyişə nail olunması baxımından vacib bir platforma olduğunu qəbul edir. Və burada söhbət ilk növbədə ondan gedir ki, sözügedən Bəyannamədə hər üç dövlətin lideri nizamlanma prosesi zamanı beynəlxalq hüququn norma və prinsiplərinə, onların əsasında qəbul edilmiş qərar və sənədlərə əsaslanmağa tərəfdar olduqlarını bildiriblər.

Rəsmi şərhlərdən də göründüyü kimi, Bakıda keçirilmiş danışıqlar zamanı Azərbaycan rəhbərliyi bir daha bu Bəyannaməyə sadiq olduğunu, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməkdə davam edəcəyini və Minsk qrupu çərçivəsində Rusiyanın öz səylərini aktivləşdirilməsinə tərəfdar olduğunu bəyan edib.

İndi əsas məsələ Azərbaycan və Ermənistan prezidentləri arasında uğurlu, səmərəli görüşün baş tutması üçün Moskva Bəyannaməsinin müsbət stimulunu saxlamaq və artırmaqdır. 

Bakıda müzakirə olunan digər aktual ikitərəfli məsələlərə gəlincə, tərəflər Azərbaycanla Rusiyanın dövlət sərhədinin delimitasiyası prosesinə dair də fikir mübadiləsi aparıblar. 

Əldə etdiyimiz məlumata görə, artıq ümumi uzunluğu 390 kilometr olan dövlət sərhədinin 90%-ə qədəri razılaşdırılıb və Bakı danışıqlar prosesinin sürətləndirilməsinə və müvafiq dövlətlərarası sənədin imzalanmasına tərəfdardır.

Azərbaycan bu məsələnin tezliklə və ədalətli şəkildə həllinə çox mühüm önəm verir və Moskvadan da prosesə konstruktiv yanaşma gözləyir. Bakıda hesab edirlər ki, bu məsələni həll etməklə, Rusiya Azərbaycanın xarici siyasətində öz mövqelərini kifayət qədər möhkəmləndirə bilər.

Bundan başqa, tərəflər Bakıda “Xəzər paketi”ni - Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin razılaşdırılması, 2007-ci ilin oktyabrında Tehranda keçirilmiş sahilyanı dövlət başçılarının sammitində əldə olunmuş razılaşmaların (o cümlədən, Xəzərdə təhlükəsizliyin təmin olunması və Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatına dair fikirlərin) reallaşdırılması məsələlərini də ətraflı müzakirə ediblər.

Danışıqların iqtisadi komponentinə gəldikdə, mənbələrimiz xəbər verir ki, iqtisadi əməkdaşlığın effektivliyini artırmaq üçün əlavə tədbirlərin görülməsinin, iqtisadi-ticarət və investisiya əlaqələrinin diversifikasiyasının vacibliyi vurğulanıb. 2008-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dolları ötüb, özü də Rusiya bizim ölkəmiz üçün aparıcı ixracatçı tərəfdaşa çevrilib. Amma həm Bakıda, həm də Moskvada bu fikirdədirlər ki, bu rəqəm son hədd deyil və xammal xarakterli qarşılıqlı ticarətdən uzaqlaşmaq, bu ticarəti böyük layihələrlə təkmilləşdirmək lazımdır.

Bakıdakı danışıqlar zamanı ikitərəfli münasibətlərdə yeni olan mövzuya - Avropa İttifaqının MDB-nin 6 ölkəsinə təklif etdiyi “Şərq tərəfdaşlığı”na dair də faydalı müzakirələr aparılıb. Sevindirici haldır ki, Moskva Azərbaycanın Avropaya inteqrasiya səylərinə və bu layihədə iştirakla bağlı mövqeyinə hörmətlə yanaşır və Bakının Avroatlantika kursunda özü üçün təhlükə görmür.  Bakıda Azərbaycanın XİN başçısı bir daha vurğulayıb ki, Azərbaycan özünün Avropa İttifaqı ilə Avropa qonşuluq siyasəti çərçivəsindəki münasibətlərini ikitərəfli yol kimi qəbul edir. Yəni, burada söhbət hər iki tərəfin birgə layihə və proqramların həyata keçirilməsində maraqlı olması və reallaşdırılan layihələrə görə bərabər məsuliyyət prinsipinə üstünlük verməsindən gedir.

“Şərq tərəfdaşlığı”na gəlincə, Azərbaycan bu yeni təşəbbüsdə Avropa İttifaqı və onda maraqlı olan iştirakçılarla üç istiqamətdə - siyasət və təhlükəsizlik, iqtisadiyyat və energetika, humanitar əlaqələr və qarşılıqlı fəaliyyət üzrə əməkdaşlığın canlandırılmasında əlverilşli imkanların olduğunu görür.


MƏSLƏHƏT GÖR:

506