
"RABİTƏ" DƏ "KƏSİLDİ"
Azərbaycanın voleybol klubları Avropa kuboklarındakı çıxışlarını dayandırdılar
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Azərbaycanın voleybol klubları Avropa kuboklarında çıxışını başa vurdular. Bu il beynəlxalq arenada ən çox tab gətirən klubumuz çıxışını Challenge Kubokunun dördlər finalının bir addımlığında dayandıran "Rabitə" oldu. İspaniyanın "Albasete" klubu onu turnirdən kənarlaşdırmağı bacardı.
"ALBASETE" maneəsi
Şübhəsiz ki, "Albasete" lap əvvəldən cütlüyün autsayderi deyildi, amma hər halda "rabitəçilər" beynəlxalq mövsümü çox uğurla keçirirdi. İştah isə diş altındadır-deyirlər, odur ki, "Rabitə" İspaniya maneəsini də dəf etməyi düşünürdü. Qazaxıstan millisinin üzvü, azarkeşlərə "AzerReyl"dən yaxşı tanış olan Kseniya İlyuşenko da məhz bu niyyətlə komandanın heyətinə qatılmışdı. Prineydə keçiriləcək cavab qarşılaşmasına favorit qismində getmək üçün voleybolçularımız Qubadakı ilk matçda rəqiblərini mümkün qədər böyük hesabla məğlub etməli idi. Özü də rəqib heç də məğlubedilməz görün-mürdü: hər halda "Albasete" dəfələrlə Liqanın finalında çıxış etmiş və əsas mükafata sahib çıxmış "Tenerife" deyil.
Lakin İspaniya çempionatının səviyyəsi özünü göstərir və bir daha təsdiq olundu ki, orada zəif oyunçu yoxdur.
"Rabitə" ilə qarşılaşma da bunu bir daha sübut etdi. Komandamız matça yaxşı başlasa da, üstünlüyünü qoruyub-saxlaya bilmədi. İlk partiyada qazanılan qələbədən (25:14) sonra rəqibi küncə sıxmaq lazım idi, amma görünür, "rabitəçilər" taqətdən düşdülər. Nəticədə "Albasete" yavaş-yavaş öz oyununu tapdı və daha təhlükəli oynamağa başladı.
Etiraf etmək lazımdır ki, səviyyə baxımından, ispanların qələbəsi gözlənilməz olmadı. Sadəcə, rəqib pis başlamış matçda necə toparlanmaq və oynamaq lazım olduğunu bir daha nümayiş etdirdi.
"Rabitə"də isə çətin məqamlarla oyunu öz üzərinə götürəcək və komanda yoldaşlarına ruh verəcək lider yox idi. Daha dəqiq desək, bu keyfiyyətə sahib Oksana Dyaçenko zədələnərək ikinci partiyada meydanı tərk etməklə, həmkarlarını çətin vəziyyətdə qoydu. Bundan başqa, komandanın blok və qəbuldakı aşkar problemləri də özünü göstərdi. "Albasete"nin aktivləşərək hesabı bərabərləşdirməsi "Rabitəçi"yə psixoloji baxımdan çox pis təsir göstərdi və komanda qarşılaşmanın sonunadək özünə gələ bilmədi. Hərçənd, ikinci partiyadakı 23:25 hesablıq məğlubiyyətdən sonra da komandamızın vəziyyətdən çıxacağına ümid qalırdı. Lakin ispanlar öz oyunlarını rəqibə qəbul etdirə bildilər və "Rabitə" ssenarini dəyişmək üçün heç bir arqument tapa bilmədi. Odur ki, qələbəni qazanan onu daha çox istəyən tərəf oldu.
Cavab qarşılaşmasında da vəziyyət oxşar idi və rəqibinə 1:3 hesabı ilə məğlub olan "Rabitə" beynəlxalq arenadakı çıxışını başa vurdu. Bu həm də klublarımızın bu mövsüm beynəlxalq yarışlarda iştirakının sona çatması demək idi.
Ümumiyyətlə, son illər ərzində ilk dəfədir ki, Azərbaycan klubları reytinqin aşağı düşməsi üzündən Çempionlar Liqasına qatıla bilməyib. Bu səbəbdən də bütün nəzərlər "AzerReyl"in çıxış etdiyi CEV və Challenge Kuboklarına yönəlmişdi. Lakin "dəmiryolçular" elə ilk turdaca Hollandiyanın "Lonqe" klubuna uduzaraq, turnirdən kənarda qaldılar.
Odur ki, bu mövsümdə daha yaxşı nəticəni "Rabitə" göstərdi.
Challenge Kubokunun digər finalçılarına gəlincə, ilk qarşılaşmalardan sonra Sankt-Peterburqun "Leninqradka" və İtaliyanın "Vini Monteskyavo" klubları finala daha yaxındırlar. Ruslar ilk qarşılaşmada Fransanın "Roşevil" komandasını 3:0 məğlub ediblər, italyanlar Fransanın daha bir kollektivindən - "USSP" voleybolçularından üstün olublar. Onlar cavab qarşı-laşmalarında da qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıblar.
Yunan derbisində "Marko Polo"nu üstələmiş "Panatinaikos" da onlara qoşulub.
Azərbaycan klublarının durumuna gəldikdə, bazaların yoxluğu və maddi çatışmazlıqlar aktuallığını itirmir. Hələ mövsümdən əvvəl "Rabitə" və "İqtisadçı" klublarının nüma-yəndələri bildirirdilər ki, onların faktik olaraq, məşq üçün bazaları yoxdur, komandaların legionerlərin hesabına gücləndirilməsində də problemlər var. Axı bundan sonra Avropa kuboklarında meydana maksimum 2 legioner çıxa bilər.
"Azərneft" klubu da baza problemindən gileylənir. Qeyd edək ki, klub peşəkar olmadığından onun öz nizamnaməsi yoxdur. Bu isə komanda üçün bir sıra problemlər yaradır.
Azərbaycan millisi və "Azer-Reyl"in baş məşqçisi Faiq Qarayev hesab edir ki, hazırda bir saylı problem voleybol kompleksinin yaradılmasıdır. "Azərbaycan prezidenti İlham Əliyev ölkədə xüsusi bazanın yaradılacağına söz verib və bu, bizim üçün əsas hədiyyə olacaq", - deyə mütəxəssis qeyd edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə hesab edir ki, kompleksin inşası üçün müəyyən vaxt lazım gələcək, klublar isə öz problemlərini artıq indi həll etməlidirlər: "Bizim istifadəsiz qalmış bir neçə olimpiya komplekslərimiz var. Məşqlərin keçirilməsi üçün zallar, ali tədris ocaqları mövcuddur".
Ç.Hüseynzadə artıq o qədər də uzaqda olmayan yeni Olimpiya mərhələsində Azərbaycan millisindən çox şey gözlədiyini də söyləyib.
Millimiz dubay turnirinə qatılıb
Bu arada, Azərbaycanın qadınlardan ibarət voleybol millisi Dubayda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub. Təlim-məşq toplantısı üçün BƏƏ-yə yollanan komanda gözlənilmədən yarışın iştirakçısına çevrilib və turnirdə finaladək irəliləyib. Düzdür, həlledici yarışda qızlarımız italiyalı rəqiblərinə 2:3 hesabı ilə məğlub olublar, amma hazırda nəticə o qədər də önəmli deyil. Axı, əsas yarışlar hələ qarşıdadır.
Qeyd edək ki, BƏƏ-dəki turnirdə iştirak əvvəlcədən məşqçi heyətinin planına daxil olmadığından, milli yarışa hazırlaşmadan qatılıb. Belə ki, komanda Dubayda sadəcə təlim-məşq toplantısı keçirməli idi. Amma yerli federasiyanın nüma-yəndələri onu BƏƏ millisi ilə yanaşı İtaliya, Əlcəzair, Misir və digər ölkə komandalarının iştirakı ilə düzənlənən turnirə dəvət etdi. F.Qarayev Dubaya daha çox böyük idman təcrübəsi olmayan voleybolçuları apardığından, milli BƏƏ federasiyasının təklifini qəbul edib. Nəticədə komanda yarışda uğurlu çıxış edərək finaladək irəliləyib.
Artıq qeyd etdiyimiz kimi, komandamız finalda italyanlara uduzub. Cütlüyün taleyi 15:13 hesabı ilə İtaliya millisinin xeyrinə başa çatmış beşinci partiyada həll olunub. Lakin təşkilatçılar Azərbaycan yığmasına da hədiyyə veriblər: Oksana Məmmədyarova turnirin ən yaxşılarından biri kimi, xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, millinin əsas üzvləri, başları Türkiyə çempionatına qatışmış Oksana Parxomenko, Valeriya Korotenko və Natalya Məmmədova Dubaya yollana bilməyiblər. Onlardan ilk ikisi Türkiyənin "Fənərbaxça" klubunda kifayət qədər uğurlu çıxış edirlər və mövsümü het-triklə başa vura bilərlər.
Əvvəla, klub CEV Kubokuna düşüb, bu isə o deməkdir ki, həm Parxomenko, həm də Korotenko artıq üçüncü dəfədir, bu cür turnirdə oynamaq imkanı qazanıblar. İndiyədək onlar Çempionlar Liqasının dördlər finalında (2003/04), Top-komandalar Kubokunda (2001/02) iştirak ediblər və indi CEV Kubokuna qatılırlar.
Başqa sözlə, sonuncu turnirdə iştirakdan sonra qızlar Azərbaycan voleybolunun müasir tarixində Avrokubokların hər birində sınaqdan çıxmış yeganə idmançılar olacaqlar.
Türkiyə çempionatında da "Fənərbaxça" liderlərdən biridir və titul uğrunda "Türk Telekom", "Beşiktaş", "Fakifbank" və "Eczaçıbaşı" ilə mübarizə aparır. Türkiyə birinciliyində çempionluq uğrunda rəqabətin hər mövsüm daha da qızışdığı məlumdur. Onsuz da iddialı klubların çox olduğu çempionata artıq dünyanın aparıcı voleybolçuları da qatılmağa başlayıblar.
"Fənər" Türkiyə Kubokunun da finalına yüksəlib. Bu yarışın yarımfinalında onlar Natalya Məmmədovanın da formasını geydiyi "Türk Telekom"u darmadağın ediblər (3:0).
Yeri gəlmişkən, Məmmədova zədələnib və hazırda İsveçrədə məruz qaldığı əməliyyatdan sonra bərpa kursu keçməkdədir.
Millimiz üçün bu ilin əsas turniri isə Polşada keçiriləcək yaz Avropa çempionatı olacaq. Xatırladaq ki, Azərbaycan yığması ardıcıl olaraq, artıq üçüncü dəfədir, bu yarışa qatılır. Bu dəfəki püşkün uğurlu olduğunu nəzərə alsaq, F.Qarayevin yetirmələrinin mükafatlar uğrunda yarışmaq şansı az deyil.
MƏSLƏHƏT GÖR: