
BÖHRAN ŞƏRAİTİNDƏ
Hələ ki o, Azərbaycan idmanına təhlükə yaratmır və komandalar yarışlara tam heyətlə hazırlaşırlar
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Dünyada yaşanan qlobal maliyyə böhranı idmandan da yan keçməyib. Bir sıra ölkələrdə, o cümlədən 2012-ci ildə Olimpiadaya ev sahibliyi edəcək Böyük Britaniyada da bəzi idman növünün büdcəsində ixtisarlar aparılır, ABŞ-da məktəblərdə idmanın subsidiyalaşdırılmasına ayrılan vəsaitlər azaldılır və s. - bu cür nümunələri davam etdirmək də olar.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Tam maliyyələşdirmə
Hələ Yeni il ərəfəsində gənclər və idman naziri Azad Rəhimov bəyan etmişdi ki, dünyada yaşanan maliyyə böhranı Azərbaycanda bu və ya digər idman növünə planlaşdırılmış həcmdə vəsaitin ayrılmasına mane olmayacaq. "Bizim maliyyəmiz kifayət qədərdir. Bir misal gətirmək istərdim: ötən il müxtəlif növ Şərq döyüş idman növləri üzrə millilərin səfərlərini maliyyələşdirmişik. Bu il bu subsidiyalar daha da artırılacaq", - deyə nazir qeyd etmişdi.
Yeni olimpiya mərhələsinin başlamasını və deməli, Londona vəsiqə uğrunda yarışacaq idmançıların artıq indidən sınaqdan keçirilməli olduğunu nəzərə alsaq, maliyyənin bu arada azaldılması təbii ki, yaxşı nəticə verməz. Bundan başqa, hələ ki maliyyə böhranı üzündən təqvimdəki böyük beynəlxalq turnirləri - dünya və Avropa çempionatlarını, ayrı-ayrı növlər üzrə dünya kuboklarını heç kəs təxirə salmayıb.
Üstəlik, Azərbaycanın müəyyən öhdəlikləri də var. Öhdəliklər çərçivəsində may ayında Bakıda bədii gimnastika üzrə Avropa birinciliyinin təşkili, taekvondo üzrə iyulda keçirilməsi nəzərdə tutulan Dünya Kuboku, həmçinin, bir sıra digər böyük yarışlar da planlaşdırılıb.
Odur ki istənilən halda bu və ya digər federasiyaya nəzərdə tutulan həcmdə subsidiyalar ayrılacaq və federasiyalar bu məbləğləri idarə etməkdə sərbəstdirlər.
İlin ilk aylarından xüsusilə cüdoçuların təqviminin daha da sərtliyi nəzərə çarpır. Onlar Tbilisidə keçirilən Dünya Kuboku, Parisdə təşkil olunmuş "Böyük dəbilqə" yarışı və Hamburqdakı Qran-pridə iştirak ediblər.
Bu da təbiidir: Beynəlxalq Federasiya (IJF) hazırkı reytinqi apreldən etibarən siləcək və qeyd olunan turnirlər cüdoçularımız üçün bu il toplanacaq xalların qrafikinə ilk rəqəmləri yazmaq üçün şans verir. Nəzərə alsaq ki, bundan sonra Olimpiadaya düşmək üçün meyar reytinq olacaq, o zaman komanda xal toplamaqdan ötrü müxtəlif ölkələrdə keçirilən bütün turnirlərə qatılmağa məcburdur.
Bununla yanaşı, söhbət sadəcə turnirlərdə iştirakdan yox, həm də yarışın başa çatmasından sonra təşkil olunan təlim-məşq toplantılarına qatılmaqdan da gedir.
Odur ki qlobal maliyyə böhranına baxmayaraq, yarışlarda iştirak vacibdir. Əks halda, Olimpiadadan kənarda qalmaq təhlükəsi yaranar.
Bununla yanaşı, bəzi federasiyaların qənaət etmək imkanı da var. Məsələn, taekvondoçulardan ibarət komanda əvvəlcə İsveçdə Trelleborg Open turnirində iştirak etməyi planlaşdırsa da, sonradan martda Eyndhovendə keçiriləcək Qran-pri yarışına üstünlük verərək İsveç səfərindən imtina edib.
Federasiyanı başa düşmək olar. Hər il planetin ən yaxşı idmançıları məhz Hollandiyaya yollanır və bu yarış Trelleborg Open turnirini müəyyən qədər üstələyir.
Şahmat dalanı
Maliyyə böhranı azərbaycanlı qrossmeysterlərin FİDE Qran-prisindəki çıxışına öz təsirini göstərib. Hazırda Teymur Rəcə-bovun da liderlər mövqeyində olduğu ənənəvi Linares turnirinin nəzərdə tutulan müddətdə başa çatıb-çatmayacağı sual altındadır. Məsələ bundadır ki, artıq Doha və Montre mərhələlərə ev sahibliyi etməkdən boyun qaçırıb, daha sonra Karlovı-Varı da onlara qoşulub. Odur ki Qran-prinin taleyi ciddi sual altındadır. Maliyyə problemləri və təşkilatçıların intizamsızlığı yarışın davamını əhəmiyyətsiz edə bilər. Məsələn, artıq qeyri-müəyyənlik ucbatından Maqnus Karlsen və Maykl Adams turnirdə iştirakdan imtina ediblər və FİDE hələ də bu imtinanın təsiri altındadır.
Bizim qrossmeysterlərimizə gəlincə, onlar çıxışlarını davam etdirirlər. Hələ ki turnirin qalibi olmaq şansını itirməyən Bakı mərhələsinin qalibi Vüqar Həşimov da ümumi hesabda üçüncü pillədə gedir.
Amma ümumilikdə götürsək, bu və ya digər şəhərin hansısa turnirin təşkilindən imtina etməsinə çox nadir hallarda rast gəlinir. Çünki hamı anlayır ki, burada söhbət yalnız turnirin təşkili məsələsindən yox, həm də onun keçirildiyi məkanın nüfuzundan gedir. Elə Avropa Gimnastika İttifaqının növbəti Avropa çempionatını Bakıya etibar etməsi də təsadüfi deyil: qurum yarışın burada ən yüksək səviyyədə təşkil olunacağına əmindir və buna heç kəsin şübhəsi yoxdur.
Beynəlxalq strukturlarda nüfuz qazanmağa illər sərf olunur, Azərbaycan isə artıq bu nüfuzu qazanıb və özünü idman dövləti kimi sübut edib.
Beləliklə, bu gün dünyada tüğyan edən maliyyə böhranının Azərbaycan idmanı üçün təhlükə olmadığını, komandaların müxtəlif idman növü üzrə yarışlara tam heyətlə hazırlaşdığını söyləmək olar. Bu turnirlərin bir çoxu artıq ənənə halını alıb və onilliklərdir ki, keçirilir, odur ki hər hansı maliyyə çətinliyi ona zərbə vura bilməz. Əksinə, bir sıra turnirlərdə mükafat fondu hətta artır, özü də bu, yalnız tennis və şahmata aid deyil. Məsələn, bu ildən etibarən cüdo və taekvondoda, həmçinin, bəzi digər əlbəyaxa döyüş idman növlərində də kommersiya turnirləri yaradılıb. Bu turnirlərin əksəriyyətində Azərbaycan idmançıları da iştirak edəcəklər və idmançılarımız bu yarışlarda yüksək səviyyədə çıxış etməklə yanaşı, həm də yaxşı pul qazana bilərlər.
Nümunə kimi
Maliyyə böhranının zərbə vurduğu ölkələr haqda danışsaq, ilk növbədə, Böyük Britaniyanın adını çəkmək lazımdır. Burada maliyyələşmənin azaldılması üzündən idmanın olimpiya növləri ciddi ziyan çəkib. Xərclərin azaldılması Britaniya hökumətinin 2012-ci il Olimpiadasına ölkənin bütün millilərinin qatılmasına dair iddialı planını da poza bilər.
Qeyd edək ki, bu ölkədə atıcılıq idman növlərinə ayrılan maliyyə vəsaitinin həcmi 3,84 milyon funt azaldılıb, dövlətdən dəstək alan atletlərin sayı isə 48-dən 10-a endirilib.
Vaterpola ayrılan maliyyə 50% azaldılaraq 1,45 milyon funta düşüb. Həndbol üzrə milli komandanın da büdcəsi azaldılaraq 3 milyondan 1,448 milyon funta endirilib.
Amma bununla paralel olaraq, hökumət Pekin Olimpiadasında Britaniyaya medal qazandırmış bəzi idman növlərinə xərcləri artırıb. Məsələn, velosiped idmanına ayrılan subsidiyaların həcmi artıb.
Xərclərin azalmasından zərər çəkən federasiyaların nümayəndələri isə artıq məsələyə dair fikirlərini hökumətin nəzərinə çatdırıblar. Məsələn, Vaterpol Federasiyasının prezidenti bildirib ki, bu addım millinin fəaliyyətini zərbə altına qoyacaq və onun Olimpiadanın seçmə mərhələsində uğur qazanmaq şanslarını azaldacaq.
Stolüstü Tennis Federasiyasının rəhbəri isə hesab edir ki, məmurlar idman növlərinə ayrılan vəsaitlərin məbləğini həmin idman növünün əldə etdiyi uğurlardan asılı olmayaraq mütəmadi dəyişirlər.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) isə maliyyə böhranının 2010 və 2012-ci illərdə Vankuver və Londonda keçiriləcək Olimpiadalara hazırlığa təsir göstərməyəcəyinə əmindir. Oyunların icraçı direktoru Jilber Felli bildirib ki, London və Vankuverin maliyyə böhranının təsirini hiss etməsi labüd olsa da, bu, yarışların təşkilinə mane olmayacaq.
"Əlbəttə, biz iqtisadi durumun son dərəcə pisləşəcəyi təqdirdə, nələrin baş verəcəyini indidən söyləyə bilmərik. Hələlik Vankuverdə maliyyələşmə ilə bağlı problem yoxdur və olimpiya obyektlərinin əksəriyyəti artıq tikilib. Yalnız yerli sponsorlarla bağlı bəzi problemlər mövcuddur. Olimpiada onun keçirildiyi şəhər üçün çox əla imkanlar açır və mən əminəm ki, Olimpiya hərəkatı istənilən şəraitdən, istənilən böhrandan üzüağ çıxacaq", - deyə Felli qeyd edib.
Amerika məktəblərində də analoji ixtisarlar həyata keçirilir. Hər şey Nyu-Yorkda idman komandalarının saxlanması üçün xərclərin və mövsümdəki oyunların sayının azaldılması haqda qərardan başlayıb. Sonradan bu ideya o qədər cəlbedici olub ki, bütün ölkə məktəbləri ona qoşulublar. Nyu-Yorkun Məktəb İdman Assosiasiyası bəyan edib ki, mövsümün qısaldılması məktəblərə təlim proqramına təsir göstərmədən xərcləri azaltmağa imkan verəcək. Nəticədə Nyu-Yorkun iki ən məşhur idmanı - beysbol və Amerika futbolu ziyan çəkib: beysbolda mövsüm oyunlarının sayı 24-dən 20-yə, digər idman növündə isə 10-dan 8-ə endirilib.
Bundan başqa, Oklahomda mövsümü daha tez başa vurmağa qərar verilib, Klivlenddə isə yarışı ümumiyyətlə ləğv etmək məsələsi müzakirə olunur.
Ümid edək ki, bütün dünyanı başına almış maliyyə böhranı elə də uzunömürlü olmayacaq və idman dünyası bu sınaqdan da uğurla çıxa biləcək.
MƏSLƏHƏT GÖR: