
İSLAM DÜNYASININ MƏRKƏZİNDƏ
Azərbaycanda "Bakı- Islam Mədəniyyətinin Paytaxtıdır - 2009" ilinin açılışına həsr olunmuş təntənəli mərasimlər keçirilib
Müəllif: Sevil KƏRİMOVA Bakı
"Bakı - islam mədəniyyətinin paytaxtıdır - 2009" ilinin açılışı ilə bağ-lı fevralın 18-də keçirilmiş təntənəli mərasim İslam Konfransı Təşkilatının iştirakçısı olan dövlətlərin mədəniyyət nazirlərinin 21-23 noyabr 2007-ci il tarixdə Liviyanın paytaxtı Tripolidə baş tutmuş beşinci konfransının məntiqi nəticəsi idi. Şübhəsiz, bu, bütün dünyanın diqqətini Azərbaycana cəlb etməyə imkan verdi. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak ediblər. Dəvət edilən qonaqlar arasında Avropa və Asiya ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İslam ölkələrinin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və başqa şəxslər də olub.
Açılış mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, bu cür mədəniyyət təşəbbüsləri İslam ölkələrinin bir araya gəlməsində və qlobal problemləri həll etməsində böyük rol oynayır. "Mən Bakının İslam Mədəniyyətinin Mərkəzinə çevrilməsində önəmli rol oynamış İSESKO-ya və İslam Konfransı Təşkilatına təşəkkür edirəm. Azərbaycan üçün bu çox önəmli tədbirdir. Mən deyərdim ki, bu, Bakı üçün qürur hissidir",- deyə İlham Əliyev vurğulayıb.
Bununla yanaşı, dövlət başçısı bildirib ki, Azərbaycan cəmi 17 ildir ki, müstəqil olan gənc dövlətdir, amma buna baxmayaraq, ölkə İslam dövlətlərinin dostluğu üçün öz töhfəsini verməyə qadirdir. "Təcrübə göstərir ki, İslam ölkələri bir yerdə qlobal problemlərin həllində böyük rol oynaya bilirlər. Həm iqtisadi, həm siyasi və həm də mədəni baxımdan İslam ölkələrinin əməkdaşlığı vacibdir. İslam ölkələrinin xarici işlər nazirlərinin, mədəniyyət və turizm nazirlərinin son görüşləri göstərdi ki, Azərbaycan İslam ölkələri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Biz öz tərəfimizdən fəaliyyətimizi davam etdirəcəyik", - deyə İ.Əliyev bildirib.
İslam dininin humanitar və tarixi önəmindən danışan dövlət başçısı göstərib ki, İslam dözümlülüyə öyrədən, qardaş dinidir. Və hamı onu olduğu kimi təbliğ etməlidir. Prezident həmçinin söyləyib ki, Bakının İslam Mədəniyyətinin Mərkəzi kimi seçilməsi bu xidmətlərin tanınması deməkdir. O cümlədən, hazırda beynəlxalq maliyyə institutları Azərbaycanı iqtisadi böhrana ən çox hazır ölkələrdən biri sayırlar.
"Bu hazırlıq bizim üçün göydəndüşmə olmayıb, biz gərgin zəhmət naminə buna nail olmuşuq. Əminəm ki, Azərbaycan bu ağır böhrandan şərəflə çıxacaq. İqtisadi böhranın geniş xarakter almasına və bir çox ölkələri öz gələcək siyasətinə yenidən baxmağa məcbur etməsinə baxmayaraq, Azərbaycan mədəniyyətə ayırdığı xərcləri azaltmayıb. Və Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin ayrılmaz hissəsidir",- deyə dövlət başçısı bildirib.
İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan müəyyən mədəni mühitə malik olan ölkələrdəndir. Azərbaycanın tarixi abidələri, görməli yerləri, incəsənəti və ədəbiyyatı buna misaldır. Öz çıxışında ölkə prezidenti Dağlıq Qarabağ ətrafında yaranmış problemlərə də toxunub, o cümlədən erməni vandalları tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycanın tarxi və memarlıq abidələrinin planlı şəkildə məhv edilməsindən də danışıb.
"Biz dünya toplumuna erməni vəhşilikləri barədə məlumatlar çatdırmaq istəyirik. Azərbaycan gündən-günə inkişaf edir, amma Ermənistanda bu tendensiya müşahidə edilmir. Dünya toplumu və beynəlxalq qurumlar ikiüzlü siyasət yürütməməlidirlər. Azərbaycan torpaqları erməni işğalı altındadır və Azərbaycan ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək. Çünki bizim ərazilərin 20 faizi işğal altındadır və bir milyondan artıq qaçqınımız var",- deyə dövlət başçısı bu məsələ ilə məşğul olan beynəlxalq qurumların ədalətli siyasət yürüdəcəyinə ümid etdiyini vurğulayıb: "Biz bölgədə sülh istəyirik, bizim məqsədimiz müstəqil dövlətimizi qorumaq, möhkəmləndirmək və inkişaf etdirməkdir". Prezident həmçinin İslam ölkələrinə Dağlıq Qarabağ üzrə BMT-də Qətnamə çıxarılması zamanı göstərdikləri dəstəyə görə də təşəkkür edib: "Bu, İslam birliyi üçün örnək idi".
Öz növbəsində İSESKO baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Bakının 2009-cu il üzrə İslam Mədəniyyəti Mərkəzi elan edilməsini yalnız Azərbaycan üçün deyil, həm də bütün İslam aləmi üçün önəmli hadisə sayıb.
"Mən xoşbəxtəm ki, bu gün biz məhz buradayıq. Biz sevinirik ki, məhz Bakı islam dünyasının mərkəzinə çevrilib. Bakı dialoq, birgəyaşayış, mədəniyyətlər və sivilizasiyalar arasında həmrəylik şəhərinə, həmçinin incəsənət, elm və mədəniyyət mərkəzinə çevrilib. Ən azından, İSESKO-nun bu gözəl şəhərdə gerçəkləşdirmək istədiyi on beş təhsil, elm və mədəniyyət proqramından bizim xəbərimiz var", - deyə qonaq bildirib.
Dağlıq Qarabağ problemindən danışan əl-Tuveycri vurğulayıb ki, İSESKO ermənilərin işğalı altında olan Azərbaycan ərazilərində tarixi abidələrin məhv edilməsini qınayır. İSESKO baş direktoru həmçinin beynəlxalq toplumu bu barbarlığa son qoymağa çağırıb. İslam Konfransı Təşkilatının (İKT) baş katibinin müavini Ətta Əl-Manane Bakhit isə bildirib ki, bütün islam dünyası kimi İKT də Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır. "Qəti bildirirəm ki, Azərbaycan ərazisi olan Dağlıq Qarabağ daima qorunmalıdır. Bunun üçün hər şey ediləcək".
Ətta Əl-Manane Bakhit Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsinin önəmindən danışıb. Təntənəli mərasimin başa çatması zamanı İslam ölkələri-ninTəhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının baş direktoru Əbduləziz bin Osman əl-Tuveycri dövlət başçısı İlham Əliyevə "Bakı- İslam Mədəniyyətinin Mərkəzi - 2009" ilinin emblemini təqdim edib.
Bakının İslam Mədəniyyətinin Mərkəzi elan edilməsi Azərbaycan üçün önəmli hadisədir. İl ərzində planlaşdırılan tədbirlər ardıcıllığı da bundan xəbər verir. Bu çərçivədə gənc memarlar arasında "Ənənəvi İslam memarlığı" beynəlxalq festivalının açılması, Beynəlxalq Muğam Festivalı, Novruzun bayram edilməsi, dövlət və uşaq müsabiqə və festivalları, Qırğızıstanın, İran İslam Respublikasının, Mərakeş Krallığının və başqa müsəlman dövlətlərin mədəniyyət günlərinin, həmçinin AITF-2009 sərgisinin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, il ərzində İSESKO həftəsi keçiriləcək; 2009-cu ilin oktyabr ayında isə Bakıda Müsəlman Dövlətləri Mədəniyyət Nazirlərinin Beynəlxalq Konfransı və başqa mədəniyyət tədbirləri olacaq.
Qeyd edək ki, 2005-2014-ci illər üzrə "İslam Mədəniyyəti Mərkəzi" proqramı İslam Dövlətləri Mədəniyyət Nazirlərinin IV Konfransında təsdiq edilib. Sənəddə deyilir: "Hər hansı bir şəhərin İslam Mədəniyyəti Mərkəzi elan edilməsi üçün oranın elm, incəsənət və ədəbiyyat sahəsində İslam mədəniyyətinə və ümumbəşəri mədəniyyətə töhfələr verməsi, elmi-tədqiqat və arxeologiya mərkəzlərinə, həm fərdi, həm də kütləvi qaydada mədəni tədbirlər təşkil edən institutlara malik olması vacibdir".
Beləliklə, Azərbaycan paytaxtı Bakının 2009-cu ildə İslam Mədəniyyətinin Mərkəzi elan edilməsi nadir mədəni ənənənlərə malik Azərbaycan xalqının dünya mədəni irsi xəzinəsinə etdiyi töhfələrə daha bir sübutdur. Bu, dünya tərəfindən çağdaş dini, milli və etnik dözümlülük mərkəzi kimi tanınmış Azərbaycanın tarixində daha bir mərhələdir. Və bu da çox önəmlidir ki, hazırda ölkəmiz Şərqlə Qərb arasında mədəniyyətlərarası dialoqun liderlərindən biri sayılır.
MƏSLƏHƏT GÖR: