
XARİCİ TİCARƏTİN ƏKS TƏRƏFİ
Azərbaycan öz ixrac potensialını diversifikasiya etmək istəyir
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Təkliflərin artması və aşağı iqtisadi fəallıq nəticəsində xammal məhsullarının qiymətində İkinci Dünya savaşından sonra müşahidə edilən ən kəskin enişin və davam edən maliyyə-iqtisadi böhranın təsiri, əksər ölkələrdə xarici ticarət dövriyyəsinin həcmi, tərkibi və istiqamətlərinin dəyişməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, xarici ticarətin statistikasında xarici ticarət dövriyyəsinin qiymətləndirilməsi xüsusi önəm kəsb edir. Çünki onun əsasında orta qiymətlər, ticarət balansının saldosu, bütövlükdə xarici ticarətin səmərəliliyi, çeviklik əmsalı və s. hesablanır.
Xarici ticarət kəsiri bazarın cari qiymətləri, o cümlədən müvafiq illərin qiymətləri, həmçinin daimi qiymətlərlə hesablanır ki, bu da öz növbəsində xarici ticarət dövriyyəsinin dinamikasını təhlil etməyə və onun strukturuna qiymətlərin titrəməsinin təsirini neytrallaşdırmağa imkan verir. Azərbaycanda bu seqmentdə son illərdə həcmlərin sabit artması müşahidə edilir. Amma daxili istehsalın artması və əhalinin istehlak ehtiyaclarının strukturunun dəyişməsi üzündən ticarətin tərkibi və ixrac-idxal əməliyyatlarındakı proporsional nisbət periodik olaraq dəyişirdi. Amma 2008-ci ildən başlayaraq, böhran da "öz sözünü deməyə" başladı...
Dəyişkən lider üçlüyü
Dünyanın iqtisadi səhnəsində vəziyyətin dəyişkənliyi bəzən konkret ölkələrin statistik göstəricilərində obıvatel üçün gözlənilməz olan dəyişikliklərə səbəb olur. Ölkənin iqtisadi uğurunun və dünya proseslərinə inteqrasiya dərəcəsinin güzgüsü olan xarici ticarət də burada istisna deyil. Azərbaycan iqtisadiyyatına dünya böhranının zəif və hətta praktik olaraq, nəzərə çarpmayan təsirini, ilin birinci yarısında neftin qiymətinin qalxması və ölkənin yanacaq-energetika sektorunda ixrac imkanlarının artması nəzərə alınarsa, xarici ticarət üzrə 4,7 dəfəlik artımı və ümumi xarici ticarət həcmi üzrə $54,9 mlrd. səviyyəsinə çatmasını önəmli nəticə saymaq olar. Bu zaman ən xoşa gələn və diqqətəlayiq fakt idxalın 25,4%, ixracın isə 7,9 dəfə artmasını, həmçinin yaranan müsbət saldonun $40,5 mlrd.-a çatmasını göstərmək olar.
Məhz neft amili səbəb olub ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 52,8%-i Avropa Birliyi ölkələrinin hesabına formalaşıb. Azərbaycanın energetika qaynaqlarının əsas alıcıları olan bu ölkələrlə ticarətdə artım 8,7 dəfəyə çatıb. 2008-ci ildə olduğu kimi ölkənin əsas ticarət tərəfdaşı İtaliya olub, bütün ixracın 40,25%-i onun payına düşüb. Liderlər üçlüyünə ABŞ (12,59%) və İsrail (7,55%) də daxil olub. Yalnız İtaliya və ABŞ-a ixrac öz həcminə görə hesabat dövründə Azərbaycanın bütün MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmini ötüb.
Maraqlıdır ki, Azərbaycan neftinin ixracının gur artımı nəticəsində 2008-ci ilin iyul ayından öz lider mövqelərini qorumuş və ilin yekunlarına qədər bunu saxlamağı bacarımş bü üçlüyün tərkibi 2009-cu ilin yanvarında gözlənilmədən dəyişib. İsrail öz mövqeyini itirib və hətta Azərbaycanın beş əsas ticarət tərəfdaşının siyahısına belə düşməyib. İlk üçlükdə onun yerini Rusiya tutub, halbuki keçən il şimal qonşunun payına ölkənin xarici ticarət dövriyyəsinin yalnız 3,5%-i düşmüşdü. Moskvanın iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 2009-cu ildə $2,5 mlrd.-a çatdırmaq niyyəti nəzərə alınsa, mövcud meylin 2010-cu ilə qədər qorunacağını düşünmək olar.
Yanvarda liderlərin tərkibinin dəyişməsi ilə yanaşı, ölkənin ticarət tərəfdaşlarının sayı da 140-dan 92-ə düşüb, bunu da qlobal böhranın nəticəsi saymaq olar. İstehsal edilən məhsulun qiymətinin kəskin düşməsi satışları əlverişsiz edir ki, bu da dünyanın bir çox aparıcı şirkətlərində tənəzzülə səbəb olub. İri müəssisələr istehsal həcmlərini azaltmaq, bəzən də tam dayandırmaq barədə qərar qəbul edirlər. Bu həm də tələbatın azalması ilə bağlıdır. Və bütün bunlar ölkələrin xarici ticarət dövriyyəsinin həcmlərinə təsir göstərir. Bu baxımdan, Azərbaycan hələ ki öz başlıca ixrac məhsulunu azaltmır və onun payı ölkənin ümumi ixracında 95%-ə bərabərdir, keçən il isə 96,8% olmuşdu. Ancaq ölkə və yataqların istismarı ilə məşğul olan əməliyyat şirkətləri üçün neft birjalarındakı tənəzzül nəzərə alınmaqla, bu il həmin resursu keçən ilki həcmlərlə satmaq əlverişlidirmi?
Diversifikasiya etmək və hökm sürmək
İstənilən halda böhran bir daha ölkənin bir ixrac resursundan asılılığının nə dərəcədə təhlükəli olduğunu və ölkə iqtisadiyyatının neftdənkənar bölmələrinin inkişafının, ölkənin ixrac potensialında onların rolunun artmasının nə dərəcədə vacib olduğunu göstərdi. Məsələn, ölkədən kənara yola salınan ərzaq məhsullarını artırmaq olar, halbuki ötən ilin nəticələrinə görə, onların ixracda payı cəmi 1,1% olub. Həmçinin sənaye müəssisələri tərəfindən buraxılan məhsulları da artırmaq müm-kündür...
Bir sıra ekspertlərin fikrincə, hətta indiki istehsal həcmləri ilə belə lazımi nəticələr əldə etmək mümkündür. Çünki hazırda Azərbaycanın yaxşı məhsul istehsal edən müəssisələrinin heç də hamısı ixrac imkanına malik deyillər. Belə olan halda, vəziyyətdən ən yaxşı çıxış yolu ölkənin ABŞ və Avropa Birliyi tərəfindən tətbiq olunan Baş Preferensiyalar Sisteminə (Generalized System of Preferences - GSP) daxil olması sayılır.
Qeyd edək ki, GSP inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə qarşı tətbiq edilən güzəştlər sistemidir. Bu sistem inkişaf etmiş ölkələrə müəyyən məhsulları gömrüksüz və ya aşağı gömrük rüsumları ilə daxil etməyə imkan verir.
Azərbaycan çoxsaylı və uzunsürən danışıqlardan sonra ötən ilin axırlarında Avropa Birliyi və ABŞ tərəfindən işlədilən bu sistemə qoşula bildi. Hələ Ümumdünya Ticarət Təşkilatının üzvü belə ola bilməyən, uyğun olaraq bunun verdiyi üstünlüklərdən yararlana bilməyən Azərbaycan kimi bir ölkə üçün bu qərar yetrincə önəmlidir. Preferensiyalar sisteminə girmək əlavə bürokratik əngəllər olmadan mümkündür, çünki ölkəmiz proqramın fəaliyyətinin keçərli olduğu ərazidə yerləşir. Həm də GSP əsasən toxuculuq və kənd təsərrüfatı məhsullarının ixracına yönəlik işlədilir ki, bunlar da Azərbaycanın neftdənkənar ixracının başlıca bölümünü təşkil edir.
Ancaq bununla bağlı 2009-cu ildə ölkənin xarici ticarətinin ixrac bölümündə kəskin artım gözləmək hələ tezdir. Birincisi, ölkənin, hətta marketinq planı baxımından, irəliləmiş müəssisələri belə GSP-nin nə olduğunu və ondan necə yararlanmağı bilmirlər. Uyğun dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının müəyyən izahetmə işləri aparması, sahibkarların bu sistemə marağının artırılması üçün vaxt lazımdır. Həmçinin Azərbaycan tərəfindən GSP-nin istifadəsinin aşağı (cəmi 20-30%) səviyyəsi ölkə ixracatçılarının məhsullarının beynəlxalq standartlara uyğun gəlməməsi ilə bağlıdır.
Qeyd edək ki, ciddi idxalçılar zəmanətli həcmlərlə və sazişdə göstərilmiş, dəyişməyən keyfiyyətdə, sabit məhsul təchizatında maraqlıdırlar. Bu çərçivədə sazişlərin bağlanmasından sonra onlar texniki durum, texnoloji imkanlar, işçi heyyətin bacarığı və s. baxımdan yoxlanılır. Buna görə də Azərbaycan müəssisələri real olaraq həm keyfiyyət göstəricilərini, həm də işlətmə formalarını dəyişməli, daha şəffaf olmalıdırlar. Dövlət də onlara bu istiqamətdə yardım etməlidir, çünki bu proses nəticəsində ölkənin ixrac potensialı yaxşılaşacaq və çoxçeşidli olacaq.
MƏSLƏHƏT GÖR: