13 Mart 2025

Cümə axşamı, 12:36

ƏYLƏNCƏDƏN BÖYÜK İDMANA

Braziliya çimərliklərində yaranan çimərlik futbolu Bakıda keçiriləcək Avrooyunlarda tamaşaçıların xüsusi marağına səbəb olacaq

Müəllif:

07.04.2015

"R+" oxucularını iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında təmsil olunan idman növləriylə tanış etməyi davam etdirir. Bu dəfə sizə çimərlik futbolundan danışmaq istəyirik. İdmanın şahı olan futbol kimi çimərlik futbolu da Avropada eləcə də dünyada böyük rəğbət qazanıb. Braziliya və İspaniyada ən çox sevilən idman növləri sırasında olan çimərlik futbolu artıq Azərbaycanda özünəməxsus inkişaf yolu keçib.

Çimərlik futbolunun əsası bu idman növü üzrə mötəbər turnirlərin keçirildiyi Braziliya çimərliklərindən gəlir. Faktiki olaraq, Braziliya futbolçuları yeniyetmə yaşlarında öz bacarıqlarını məhz çimərliklərdə göstərirlər və sonradan böyük futbolla məşğul olmağa başlayırlar. Bu gün çimərlik futbolu beynəlxalq səviyyədə sürətlə yayılan idman növlərindən biridir. Bu futbol növü idman sənayesində günü-gündən daha çox izləyici cəlb edir və hazırda 170 ölkənin televiziyalarında bu idman növünə getdikcə daha çox yer verilir.

Çimərlik futbolunun vətəni Braziliyadır. 1992-ci ildə bu oyun haqqında qaydalar tərtib edildi. Növbəti yayda ilk peşəkar çimərlik futbolu turniri Mayami çimərliyində keçirildi və bu yarışda ABŞ, Braziliya, Argentina və İtaliyadan olan komandalar iştirak etdi.1995-ci ildə çimərlik futbolu üzrə ilk dünya çempionatı keçirilib. Növbəti il artıq dünyanın aparıcı televiziya kanalları yayım üçün böyük pullar təklif etməklə çimərlik futbolunun populyarlaşmasına yardımçı oldu.

Avropada yaranan maraq 1998-ci ildə Avropa Çimərlik Futbolu Liqasının (EPBSL) yaranmasına səbəb oldu. Getdikcə inkişaf edən çimərlik futbolunun məşhurluğu BƏƏ, Asiya ölkələri, Afrika və Amerika qitəsinə çatdı. Nəhayət, FİFA da bu yarışmanı tanıyaraq BSWW-ni çimərlik futbolu üzrə beynəlxalq təşkilat kimi təsdiqlədi. 2005-ci ildən başlayaraq çimərlik futbolu üzrə dünya çempionatları FİFA-nın bayrağı altında keçirilməyə başladı. Maraqlıdır ki, indiyə qədər keçirilən mundiallarda Braziliya yığması 13 dəfə Dünya Kubokunu qazanıb. Rusiya - iki, Fransa və Portuqaliya isə bir dəfə çempion olub. 

Böyük futboldan kəskin şəkildə fərqlənən çimərlik futbolunun özünəməxsus qaydaları var. Çimərlik futbolu normal futbol meydançasından kiçik olan yığcam oyun meydançasında keçirilir. Bu, oyunçulara meydançanın istənilən yerindən qol vurmağa imkan verir. Bir matç ərzində qol vurmaq üçün, orta hesabla, 60 dəfə səy göstərilir. Orta hesabla, hər 30 saniyədən bir qol vurulur və bir oyun ərzində, ümumilikdə, 9-11 qol qeydə alınır. Qapıçı da daxil olmaqla, komandaların hər birində beş oyunçu olur və əvəzedicilərin sayına hər hansı bir məhdudiyyət qoyulmur. Çimərlik futbolu hər biri 12 dəqiqə olmaqla 3 hissədən ibarətdir. Qaydalara əsasən top meydanı tərk edəndə ehtiyat hakim vaxtı saxlayır. Hissələr arasında 3 dəqiqə fasilə olur. Cərimə zərbələri zamanı "canlı sədd" olmur. Meydanın istənilən yerindən qapıya zərbə vurmaq olar. Maraqlıdır ki, çimərlik futbolunda heç-heçə yoxdur. Oyunu daha maraqlı edən məqam budur. Hesab bərabər olduğu zaman komandalar əlavə olaraq daha 3 dəqiqə mübarizə aparırlar. Bu vaxt ərzində "qızıl qol" vuran komanda qalib elan edilir. Əgər qol vurulmazsa, tərəflər qalibi penaltilərdə müəyyənləşdirir. 

Azərbaycan Çimərlik Futbolu Federasiyası 2008-ci ildə yaradılıb. Qısa zamanda milli komanda formalaşdırılıb. Ölkə çempionatı olmadığı üçün yığmamız mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edir, yoldaşlıq görüşlərində təcrübəsini artırır. Ona görə də hazırlığı davam etdirən Azərbaycan millisinin ən böyük sınağı Avropa Oyunlarında olacaq. Yığmamız doğma meydanda güclü rəqiblərlə mübarizə aparacaq. Bununla belə, federasiya prezidenti Fərid Novruzi "R+"a açıqlamasında yığmanın layiqli çıxış edəcəyinə inandığını dedi: "Azərbaycan yığması 7 il ərzində formalaşıb. Hamıya məlumdur ki, biz çimərlik futbolunu Azərbaycanda təmiz səhifədən inkişaf etdirməyə başladıq. O zaman nə milli var idi, nə futbolçumuz, nə də meydança. İndi yığma formalaşıb, komandanın məşqləri üçün Bilgəhdə və digər çimərliklərdə meydançalarımız tikilib. Azərbaycanda yığmamızı çox istəyirlər. Düşünürəm ki, yığma Avropa Oyunlarındakı məsuliyyəti başa düşür və bütün gücünü meydanda göstərməyi bacaracaq. Proqnoz vermək istəməzdim. Çimərlik futbolunda bir neçə saniyə ərzində nəticə dəyişə bilər. Əmin ola bilərsiniz ki, komandamız hər bir görüşə qələbə üçün çıxacaq. Əsas məqsəd mükafatçılar sırasında olmaqdır, ilk üçlükdə qərarlaşmaq istəyirik". 

Bakı-2015 Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlar 24-28 iyun tarixlərində keçiriləcək. Çempionluq uğrunda səkkiz komanda yarışacaq. Yarışlarda, ümumilikdə, 96 idmançı üz-üzə gələcək. Oyunlar Avropa Oyunları parkında yerləşən möhtəşəm Çimərlik Arenasında baş tutacaq. Qeyd edək ki, böyük futboldan fərqli olaraq çimərlik futbolunda oyun ritmik musiqi müşayiəti və aparıcının şərhiylə diqqəti cəlb edir. 

Bakı-2015 Avropa Oyunlarında yarışacaq komandalar bunlardır: Azərbaycan, Rusiya, İspaniya, Portuqaliya, İsveçrə, İtaliya, Ukrayna və Macarıstan. Azərbaycan təşkilatçı ölkə kimi, digər yığmalar isə 2014-cü ilin avqustunda İspaniyanın Torredembarra şəhərində keçirilən təsnifat yarışında və 2014-cü ildə baş tutan Avropa Çimərlik Futbolu Liqasının Superfinalında qazandığı nəticələrə görə Bakıda keçiriləcək yarışlarda iştirak etmək imkanı qazanıb.

Artıq çimərlik futbolu yarışlarının püşkü atılıb. Yarışda mübarizə aparacaq 8 komanda iki qrupa bölünüb. Qaydalara əsasən, Azərbaycan millisi meydan sahibi kimi A qrupunun, son dünya çempionu Rusiya isə B qrupunun birincisi olub. Digər komandalar isə püşkə əsasən bölünüblər. Püşkatma mərasimində komandaların adlarını səbətdən əzəli rəqiblər "Real" və "Barselona"nın sabiq oyunçuları çıxarıb. "Real"ı Fransa millisinin sabiq futbolçusu Kristian Karambö, "Barselona"nı Azərbaycan millisinin baş məşqçisi, Xorvatiya yığmasında çıxış etmiş Robert Prosineçki təmsil edib. Püşkə əsasən A qrupunda Portuqaliya, İsveçrə, Ukrayna yığmaları millimizə rəqib olub. B qrupunda isə rusiyalılarla İspaniya, İtaliya, Macarıstan mübarizə aparacaq.



MƏSLƏHƏT GÖR:

664