13 Mart 2025

Cümə axşamı, 12:41

AVROOYUNLAR QABAĞI SINAQ

Cüdo üzrə Azərbaycan millisi Samsunda keçirilən Qran-Pridə üç medal qazanaraq uğursuzluq zolağına son qoydu

Müəllif:

07.04.2015

Türkiyədə keçirilən Qran-Pri turniri 2015-ci ilə uğursuz başlayan cüdoçulara gələcəyə nikbin baxmağa ümid yaratdı. Son yarışlarda, bir qayda olaraq, yaxşı nəticə göstərməyən Hacıağa Hacıəhmədovun komandası Samsunda baş tutan turnirdə 3 medala layiq görüldü. 

12 idmançıyla təmsil olunduğumuz Qran-Pri silsiləsindən olan turnirdə ilk olaraq Orxan Səfərov medal qazandı. 60 kq-da çıxış edən idmançımız İsveçrə, Qazaxıstan, Monqolustan və Özbəkistan cüdoçularına qalib gələrək finalda mübarizə aparmaq imkanı qazandı. Burada O.Səfərov digər özbək rəqibinə uduzmaqla gümüş medalla kifayətləndi. Bununla belə, Səfərovun çıxışı qələbəyə layiq oldu. Həlledici görüşdə öz səhvi ucbatından uduzan Orxanın Samsundakı çıxışını müsbət qiymətləndirmək olar.

Qran-Prinin ikinci günü Rüstəm Orucov məşqçiləri sevindirdi. 73 kq-da mübarizə aparan təmsilçimiz ardıcıl dörd qələbədən sonra finala vəsiqə qazandı. Burada Rüstəm finalda meydan sahibi - türk Həsən Vanlıoğlunu məğlub etdi. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən cüdoçular əlavə vaxtda gücünü sınadı. Burada həmyerlimiz türk idmançısına ippon fəndiylə qalib gəlməklə komandamızın ilk qızıl medalını qazandı. 

Yarışın son günündə Elmar Qasımov yığmamızı ikinci qızıl medalla təmin etdi. Gənclər arasında dünya çempionu son illər stabil olmayan çıxışını Türkiyədə qızıl medal qazanmaqla sığortaladı. Finala qədər o, serbiyalı, türkiyəli, iranlı və rus atletlərini təslim olmağa məcbur etdi. Finalda alman rəqibinə ipponla qalib gələn cüdoçumuz Samsunda ikinci dəfə Azərbaycan himninin səslənməsinə səbəb oldu. 

Beləliklə yığmamız Qran-Prini 2 qızıl, 1 gümüş medalla başa vurdu.

Komanda hesabında Hacıağa Hacıəhmədovun yetirmələri 67 ölkə arasında yalnız Hollandiyadan geri qalıb. Bu uğurlu nəticədən sonra Orxan Səfərov, Rüstəm Orucov, Elmar Qasımovun topladığı lisenziya xalları onların dünya reytinqində irəliləməsinə səbəb olub. Öz çəkilərində ilk üçlükdə olan Səfərov, Orucov və Qasımovun 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandığını əminliklə söyləmək olar. Qeyd edək ki, qaydalara əsasən reytinqdə ilk 22 yerin sahibi Rio de Janeyroya vəsiqə qazanır. Onlar növbəti bir ildə heç bir yarışda iştirak etməsələr belə "22-dən" kənarda qalmayacaq.

Eyni sözləri yeganə dünya çempionumuz Elxan Məmmədov (100 kq) haqda da demək olar. Reytinqdə 5-ci olan təcrübəli cüdoçunun Braziliyada keçiriləcək olimpiadaya vəsiqə qazanacağı dəqiqdi. Tiflis Qran-Prisində qabırğasından zədələnən idmançımız hazırda müalicə alır. "R+"a açıqlamasında müalicəsi barədə danışan Elxan Məmmədov Avropa Oyunlarına qədər özünü qorumağa məcbur olduğunu dedi: "Samsunda komanda yoldaşlarım çox yaxşı çıxış etdi. Təəssüf ki, mən Türkiyəyə yollana bilmədim. Tiflis Qran-Prisində qabırğamdan zədələnmişəm. Hətta Avropa Oyunlarını buraxmaq qorxusu var idi. Ona görə həkimlərin dediyini diqqətlə yerinə yetirirəm. Özümü artıq yüklərdən qoruyuram. 2-3 həftədən sonra bərpa məşqlərinə başlayacam. Əsas məqsəd Avropa Oyunlarına qədər optimal formanı toplamaqdır".

Samsun Qran-Prisində qələbə qazanan Rüstəm Orucov bununla qızıl dubl etdi. 2 həftə əvvəl Tiflisdə qızıl medala sahib çıxan cüdoçu dünya reytinqində 73 kq-da ikinci pilləyə yüksəlməklə olimpiadaya vəsiqəni, demək olar ki, təmin etdi: "Düzünü desəm, olimpiada haqda heç düşünmürdüm. Əlbəttə, lisenziyanı təmin etdiyim barədə fikirlərinizdə haqlısınız. Sadəcə hazırda özümü çox gümrah hiss edirəm. Ona görə yalnız qələbə haqda düşünürəm. Uğurun sirri məşqlərdə səylə çalışmaqdır. Qarşıda bizi Avropa Oyunları, Dünya Çempionatı və "World Masters" turniri gözləyir. Hər birində qalib olmaq istəyirəm. Bunun üçün gecə-gündüz çalışmağa hazıram", - deyən Rüstəm Orucov qələbə təəssüratlarını bizimlə bölüşdü.

Azərbaycan millisinin çıxışını baş məşqçi Hacıağa Hacıəhmədov də müsbət qiymətləndirdi: "İlk olaraq medal qazanan idmançılar haqda danışmaq istərdim. Rüstəm Orucov, Elmar Qasımov, Orxan Səfərov yığmanın lider idmançıları olduqlarını sübut etdilər. Səfərov da qızıl medal qazanmalıydı. Finalda bir qədər arxayınlaşması ona baha başa gəldi. İdmançı gərək turniri eyni istəkdə keçirsin. Yalnız yarış başa çatandan sonra rahat nəfəs almaq mümkündür. Elxan Məmmədov zədəli olmasaydı, Samsunda daha çox medalımız ola bilərdi".

O, qeyd etdi ki, ümidləri doğrultmayan idmançılarımız da var: "12 nəfərlik heyətlə 3 medal qazanmaq normal nəticədir. Əlbəttə, əksəriyyət üçün bu turnir sınaq idi. Hamı medal qazana bilməz". 

Baş məşqçi hələlik olimpiadaya lisenziya barədə danışmağın əleyhinə olduğunu bildirdi. "Bu həm də idmançılara psixoloji problem yarada bilər. Hazırda 4 cüdoçumuzun reytinqdə vəziyyəti yaxşıdır. Amma biz daha çox lisenziya haqda düşünürük. Çünki buna yığmanın potensialı var. Bir neçə çüdoçumuz ilk 22-yə düşmək şansını saxlayır. Hazırda əsas məqsəd cüdoçuları Avropa Oyunlarına yaxşı hazırlaşdırmaqdır. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında uğur qazanmaq hər bir komandamızın istəyidir. Biz mötəbər yarışda tam heyətlə təmsil olunacayıq. Yüngül zədələrimiz var. Amma iyuna qədər zədələr sağalacaq. Bizi narahat edən Elxan Məmmədovun zədəsidir. Həkimlərin rəyinə əsasən mayda Elxan məşqlərə başlayacaq. Qarşıda bizi daha iki turnir və bir neçə təlim-məşq toplanışı gözləyir".

Qeyd edək ki, cüdoçularımızın təqvimlə növbəti yarışı İngiltərədə keçiriləcək şəxsi və komandalar arasında Avropa Çempionatı olacaq.



MƏSLƏHƏT GÖR:

630