
"DRONQO" "NEFTÇİ"də
Məşhur yazıçı Çingiz Abdullayev "R+"a Azərbaycan futbolunun flaqmanının necə dəyişəcəyindən danışdı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan futbolunda yeni dönəm başlayır. Ötən il AFFA tərəfindən qəbul edilən qərara əsasən futbol klublarımızda prezidentlik idarəçiliyi ləğv olunur. Klublarda 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Klubda bundan sonra qərarlar kollektiv idarəçiliklə qəbul ediləcək. İlk belə qurum isə Azərbaycan futbolunun flaqmanı "Neftçi"də yaradıldı.
AFFA prezidenti Rövnəq Abdullayevin iştirakıyla baş tutan Müşahidə Şurasının iclasında üzvlər və sədr təqdim olundu. "Dronqo" barədə detektiv romanları ilə tanınan, xalq yazıçısı Çingiz Abdullayev "Neftçi" klubunun Müşahidə Şurasının sədri seçildi. Veteran futbolçular Mübariz Zeynalov, Səməd Qurbanov, "Neftçi"nin artıq sabiq prezidenti Sadıq Sadıqov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov, SOCAR-ın Sərmayələr idarəsinin rəis müavini Zaur Qəhrəmanov, rejissor, aktyor Bəhram Bağırzadə Müşahidə Şurasına üzv seçildi. Ayda ən azı bir dəfə toplaşmağı nəzərdə tutulan Müşahidə Şurasının qərarına əsasən klubun idarəetmə sistemini həyata keçirmək üçün icraçı direktor vəzifəsi təsis edilib və klubda vitse-prezident işləyən Elnur Məmmədov bu vəzifəyə təyin olunub. Müşahidə Şurasının tapşırığına əsasən icraçı direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidir. Klubun sabiq prezidenti Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri təyin olundu. Bundan əlavə, ilkin olaraq klubun Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətinə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
Bu toplantıyla Azərbaycan futbolunda yeni dönəmin başladığını əminliklə söyləmək olar. İlk olaraq, klublar artıq bir-iki nəfər deyil, Müşahidə Şurası tərəfindən kollektiv şəkildə idarə olunacaq. Digər tərəfdən məşhur yazıçı Çingiz Abdullayevin ölkənin ən köklü klubuna rəhbər təyin olunması adi qarşılanmamalıdır. Sözsüz ki, dünya şöhrətli Abdullayev "Neftçi"yə yeni nəfəs gətirəcək, eyni zamanda klubun Azərbaycan brendi kimi xaricdə tanınmasına çalışacaq. "R+"a açıqlamasında Çingiz Abdullayev futbolda yeni sima olmasına belə münasibət bildirdi: "Mətbuatı oxuyuram, hamı yazır ki, bəs, mən futbol adamı deyiləm. Etiraf edim ki, futbolçu olmamışam. Heç indidə meydana çıxmaq fikrim yoxdur. Lakin mən universitet vaxtlarında futbol klubumuzun rəhbəri olmuşam. Futbol azarkeşiyəm. Almaniya futbolunu çox sevirəm. Hər zaman ölkə və dünya futbolunu izləmişəm. Digər tərəfdən klublarda rəhbərlər mütləq keçmiş futbolçu olmalıdır? "Zenit"in rəhbəri Aleksey Miller futbolçu olub? Əlbəttə, yox. Rəhbər insan inkişaf üçün çalışmalıdır. Beynəlxalq əlaqələr qurmalıdır. "Neftçi"dən ilk təklif 4 ay əvvəl gəldi. O zaman mən Riqada səfərdə idim. Təklif zamanı dərhal razılaşdım. Belə tarixi olan kluba rəhbərlik etmək böyük işdir".
"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov yeni qərarların ölkə futbolu naminə vaxtında qəbul edildiyini düşünür. Onun sözlərinə görə, ağ-qaralar Çingiz Abdullayevin rəhbərliyi altında daha böyük uğurlar qazanacaq: "Komanda rəhbərliyim altında Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. İnanıram ki, yeni dönəmdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq imkanı əldə edəcəyik. Artıq kollektiv idarəçilik olacaq. Özümə gəldikdə futboldan bir qədər yorulmuşam. Ötən ilin həyəcanı bizi çox üzdü. "Neftçi" "Partizan"la oyunda mərhələ keçməyə borclu olduğu halda bəxtsizliklə üzləşdi. Komandanın yeni rəhbərə ehtiyacı var idi".
Müşahidə Şurasının üzvlərinin və sədrinin seçildiyi toplantıda AFFA prezidenti Rövnəq Abdullayev bir sıra vacib məqamlara aydınlıq gətirdi. Gələcəkdə SOCAR "Neftçi" ilə sponsorluq müqaviləsi imzalayacaq, bir müddət sonra isə komandaya digər sponsorların cəlb olunması planlaşdırılır. Açıq Səhmdar Cəmiyyətinə çevriləndən sonra klubun səhmləri həm Müşahidə Şurasının üzvləri, həm də ictimaiyyət arasında bölünəcək. Əsas məqsəd klubun ictimaiyyət tərəfindən idarə olunmasıdır. Almaniya və Türkiyə klublarında idarəçilik məhz bu sistemlə icra olunur. Klubun səhmləri satışa çıxarılır və bir hissəsi İdarə Heyətinə verilir. Sonradan İdarə Heyəti üzvləri və sədr seçkiylə seçilir. Nəticədə, klubun maliyyə problemləri məhz səhmlərin satışıyla həll edilir.
Çingiz Abdullayevin gəlişiylə "Neftçi" bötüvlükdə dəyişəcək. Məşhur yazıçı komandada köklü islahatların olacağını etiraf edib. Abdullayev rəhbər postlarda belə dəyişiklik olacağını istisna etməyib: "Əvvəlcədən deyim ki, Kriştiano Ronaldonu, Lionel Messini transfer edə bilmərik. Məni vəzifəyə təyin edən kimi dedim ki, bəlkə, Bakı Olimpiya Stadionunu bizə verəsiniz. Dedilər verək, amma 12 minlik "Bakcell Arena"nı azarkeşlə doldurun, sonra oranı verək. Baxmalıyıq ki, ilk öncə futbolçuya nə qədər pul veririk? İşimizi düzgün qurmaq üçün nə qədər çalışırıq? Ronaldo alan maaşı bizim bütün futbolçular hamısı bir yerdə ala bilmir. Amma bir məsələdə var ki, o aldığından 10 qat çox kluba gəlir gətirir. Futbol ən çox gəlir gətirən idman növüdür. Necə olar ki, 100 minlərlə pul verəsən, amma nəticə olmasın?"
O, bildirib ki, gələcəkdə nizam-intizam məsələləri daha da sərtləşdiriləcək.
"Baxmayaraq ki, yazıçıyam, amma ilk peşəm hüquqşünasdır. Klubda kim özünü apara bilməsə, həmin dəqiqə o insan buradan uzaqlaşdırılacaq. Ona görə ki, futbol dünyada bir nömrəli idman növüdür. Futbola, ilk növbədə, cavanlar və uşaqlar gəlir. Futbolçu özünü meydanda pis aparırsa, ona baxanda belə edəcək. Fair-play qaydaları var. Futbolçu dalaşsa, söyüşsə, hakimi təhqir etsə, artıq bu, futbol olmaz. Çalışacağıq ki, nümunəvi komanda olaq. Dava, söyüş, təhqir olsa, həmin adamlar komandada qalmayacaq. Mən sizə söz verirəm ki, belə bir hal olsa, komandada ya mən qalacam, ya onlar. Mən sərt adamam. Dünya standartı var. Azarkeşin qışqırmasını başa düşürəm, amma təhqiri yox. İlk növbədə, bu cinayət işidir. İkincisi də sən futbolçusan, sənə uşaqlar baxır. Mən bunu qəbul edə bilmərəm. Özünü apara bilməyən futbolçu meydana çıxmasın. Bu, teatr kimidir. Suarez rəqibini dişləyəndə bütün dünya bunu görmüşdü və hamı gülürdü. Ya da Maradonanın əli ilə qol vurması indiyədək danışılır", - deyə Ç.Abdullayev bildirib.
Çingiz Abdullayevin futbolumuza gəlişiylə yeni "detektiv" başladı. İndi artıq ölkə futbolunda canlanma, xüsusilə "Neftçi"də yeni qaydalar olacaq. Məşhur yazıçının işinə isə zaman qiymət verəcək.
MƏSLƏHƏT GÖR: