Müəllif: Arif HÜSEYNOV Bakı
Pis xəbər kimi heç nə sürətlə yayılmır. Düz 17 il qabaq kiçik bir Azərbaycan şəhərində baş verən dəhşətli cinayət barədə xəbərlər dünyaya yayıldı. Bu şəhər Xocalı idi və indi onun adı XX yüzillikdə vəhşi cinayətlərlə üz-üzə qalmış Xatın, Xirosima və Naqasaki kimi şəhərlərlə yanaşı çəkilir.
26 fevral 1992-ci il gecəsi erməni silahlı birləşmələri Stepanakert (indi erməni işğalı altında olan Xankəndi) şəhərində yerləşən Rusiya ordusuna məxsus 366-cı motoatıcı polkun dəstəyi ilə bütöv bir şəhəri yerlə-yeksan qoyaraq, uşaqlara və qadınlara belə rəhm etmədilər. Bu, gizlədilməsi mümkün cinayətlərdən olmayıb. Ermənilərin özü də elə ilk başdan buna cəhd etməyiblər. İndi Ermənistana rəhbərlik edən Serj Sarkisyan bildirir: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizlə zarafat etmək asandır və ermənilər dinc mülki əhaliyə əl qaldırmayacaqlar. Biz bu stereotipi sındırmağa nail olduq. Və bu baş verdi". Erməni terrorçularının liderinin bu sözləri britaniyalı jurnalist Tomas de Vaalın "Qarabağ. Ermənistan və Azərbaycan müharibə və sülh arasında" kitabından götürülüb.
"Sarkisyanın qiymətləndirməsi Qarabağ müharibəsinin ən sərt qırğınına başqa bucaq altında baxmağa vadar edir. İstisna deyil ki, bu kütləvi qətllər, hətta qismən də belə olsa, qabaqcadan düşünülmüş qorxutma aktı olub", - jurnalist belə yazıb və heç də səhv etməyib. Sonradan, daha dəqiqi, 2008-ci ildə Sarkisyan hakimiyyəti zəbt etmək üçün öz xalqına qarşı da güllə işlətməkdən çəkinmədi.
Ermənilərin başqa bir "milli qəhrəmanı" Zori Balayan 1996-cı ildə nəşr edilmiş "Ruhumuzun canlanması" kitabında fəxrlə özünün də Xocalı soyqırımında iştirakından bəhs edir: "Biz Xaçaturla tutulmuş evlərdən birinə daxil olanda, bizim əsgərlər 13 yaşlı bir türkü (azərbaycanlını - "Region +") mismarla pəncərəyə mıxlamışdılar. Uşağın ağlamaması üçün Xaçatur onun ağzına anasının kəsilmiş döşünü soxdu. Sonra mən bu 13 yaşlı uşağa qarşı onun atasının bizim uşaqlara qarşı etdiyini təkrarladım. Mən onun qarnının, başının və sinəsinin dərisini soydum. Mən saata baxdım, 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Birinci peşəmə görə mən həkim və humanist idim. Mən bu uşağa qarşı elədiklərimə görə özümü xoşbəxt saymıram. Ancaq mənim ruhuma bir xoşbəxtlik çökmüşdü ki, ən azından, bizim xalqın 1 faiz də olsa, qisasını almışdım. Sonra Xaçatur ölmüş uşağın bədənini doğrayaraq onlarla bir kökdən gələn itlərə yem etdi. Axşam biz türklərin (azərbaycanlıların - "Region /+") 3 uşağı ilə də eyni işi təkrar etdik".
Göründüyü kimi, Zori Balayan çoxdan unudub ki, Azərbaycanda doğulub və həyatında çox şeylərə görə məhz Azərbaycan xalqına borcludur. Livan ermənisi Daud Xeyriyan isə "Xaç naminə" kitabında Qarabağda necə vuruşduğunu yazır. "Həmin şaxtalı sabah biz Daşbulaq kəndi yaxınlığındakı birkilometrlik bataqlığı keçmək üçün ölülərdən ibarət körpü düzəltdik. Onda podpolkovnik Ohanyan mənə işarə verdi ki, mən qorxmayım. Bu, müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlı qızın qanlı sinəsinin üzərinə ayaq basaraq addımladım. Mənim ayaqqabılarım, şalvarım qana boyandı. Və mən 1200 meyidin üstündən keçdim...
Martın 2-də meyitlərin yandırılması ilə məşğul olan "Qaflan" erməni qruplaşması 2000 murdar monqol (türk) meyidini Xocalıdan bir kilometr qərb tərəfdə ayrı-ayrı topalar şəklində yığaraq yandırdı. Axırıncı yük maşınında mən boynundan və əlindən yaralanmış 10 yaşlı qız gördüm. Diqqətlə baxanda onun hələ nəfəs aldığını gördüm. Şaxtaya, aclığa və aldığı yaralara baxmayaraq, uşaq hələ də sağ idi. Mən ölümlə mübarizə aparan bu qızın gözlərini heç vaxt unutmayacağam! Sonra əsgərlərdən biri, soyadı Tiqranyan idi, onu qulağından tutaraq artıq mazut tökülmüş topanın üzərinə atdı. Sonra onları yandırdılar. Mən bu kütlənin içindən kimlərinsə qışqırıb yardım istədiyini eşitdim. Mən hərəkət edə bilmirdim. Ancaq bütün müqəddəslər tərəfindən lənətlənmiş türklərdən Şuşanı da azad etmək istəyirdim. Ona görə də qayıtdım. Amma onlar xaç naminə öz yollarını davam etdirdilər",- deyə Xeyriyan yazır.
Özü də onun kimi Livan və Suriyadan olan muzdlular erməni tərəfindən çox vuruşurdular. Məhz müxtəlif terror qruplarına aid bu yaraqlılar "Qarabağın özünümüdafiə ordusu"nun əsas hissəsini təşkil edirdilər. Bununla yanaşı, Rusiya ordusunun hələ sovet illərindən Dağlıq Qarabağın vilayət mərkəzində yerləşdirimiş 366-cı motoatıcı polkunun ermənilərə etdiyi "xüsusi xidmətləri" də qeyd etməmək olmur. Bu polkun rəhbərliyi və xüsusilə də hissə komandiri general Yuri Zarviqarov Azərbaycan yaşayış məntəqələrinin tutulmasında və dinc əhalinin qırılmasında özü şəxsən iştirak edib.
Həmin hadisələrin iştirakçısı Yuri Qirçenko xatırlayır: "Demək olar ki, bütün zabitlər öz ailələrini vətənə yollamışdılar, ancaq özləri xidmət etməkdə davam edirdilər... Yaxşı, xidmət edirdilər... Ancaq necə yaşamalı idilər? Buna görə də bəzi əsgər və zabitlər həyatlarını hərbi əmlakın satışı ilə davam etdirirdilər. Özü də alıcılar, yerli ermənilər çox rahatlıqla 366-cı qvardiya motoatıcı polkun ərazisində asudəliklə gəzirdilər. Patronlar, qumbaralar da satılırdı... Düzdür, hərbçilər düzgün etmirdilər, amma necə yaşamalı idilər?" - deyə zabit soruşur. Ancaq o tək deyildi. Həmin Rusiya hərbi hissəsinin əks-kəşfiyyat bölməsinə rəhbərlik edən polkovnik V. Savelyevin etiraflarına görə, erməni terror təşkilatlarının silahlanmasında indi Moskva vilayətinin qubernatoru olan general-polkovnik Boris Qromov, general-leytenantlar Y.Qrekov, S.Ohan-yan və polkovnik Kraule də birbaşa iştirak edirdilər. Rusiya hərbi hissəsnin zabitləri həm də dinc azərbaycanlılara cəza verilməsində, təhqir edilməsində, eləcə də qətlə yetirilməsində "fərqlənirmişlər".
Ermənimənşəli fransız reportyorları Jül Barelyan və Serik Sitaryan tərəfindən çəkilmiş kadrlarda açıqca görünür ki, 02-19 MM nömrəli KamAZ maşınında xocalılıların meyidi yandırılmağa aparılır. Həmçinin, Qarabağdakı azərbaycanlı yaşayış məntəqələrinin kütləvi məhvi üçün Sxinval və Telavidəki Rusiya hərbi bazalarından vertolyotlar gətirildiyi barədə faktlar da var. Ozamankı Rusiya prezidenti Boris Yeltsinin əmri ilə Telavidə uçuş kursu keçmiş erməni pilotlarına Mİ-24R vertolyotları vermək tapşırılmışdı. Fevralın 19-da erməni təyyarəçiləri bu cür vertolyotlardan ibarət bütöv eskadrilya almışdılar və onlar Stepanakertdə yerləşən 366-cı motoatıcı polkunun tərkibinə daxil edilmişdi. Məhz fevralın 26-da həmin vertolyotlardan Xocalıya 89 raket buraxmışdılar. Xocalıda göstərdikləri "şücaətə" görə bu eskadrilyanın iki pilotuna "Qırmızı xaç" ordeni verilmişdi.
General Y.Qrekov etiraf edib ki, Xocalı ərazisi "Qrad" və "Uraqan" tipli raket qurğularından atəşə tutulub. Raket və tank mərmilərindən salamat qalmış adamları isə Ağdam rayonunun girişində ermənilərin qurduğu pusqudan pulemyot və avtomat atəşləri ilə qırmışdılar.
Fransız jurnalist Jan-İv Yunet bu qorxunc mənzərəni belə təsvir edir: "Biz Xocalı faciəsinin şahidləri olduq, yüzlərlə həlak olmuş dinc sakinin - qadınların, uşaqların, qocaların və Xocalı müdafiəçilərinin cəsədlərini gördük. Ancaq ermənilər bizim vertolyotu atəşə tutmağa başladılar və çəkilişi başa çatdıra bilmədik. Bu, dəhşətli mənzərə idi. Mən müharibələr, alman faşistlərinin zülmü haqqında çox şeylər eşitmişdim. Ermənilər 5-6 yaşlı uşaqları, demək olar ki, bütün dinc əhalini qırdılar. Biz xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərin binalarında çox sayda yaralı gördük".
"İzvestiya"nın müxbiri V.Belıxın müşahidələri daha dəhşətlidir: "Tez-tez Ağdama canlı girovlara dəyişdirilmiş meyitlər gətirirlər. Bu gecənin dəhşətində nələrə rast gəlinmirdi: ovulmuş gözlər, kəsilmiş qulaqlar, çıxarılmış dırnaqlar, kəsilmiş başlar... İşgəncələrin həddi-hüdudu yox idi".
Bu cür şahid yazılarını çox göstərmək olar. Çünki Xocalı faciəsi dünyada yetərincə böyük rezonans verdi. Bununla bağlı "Sandi Tayms" yazırdı: "Ermənilər, hətta qaçmaqla qurtulmaq istəyən ailələrə rəhm etməyiblər. Onlar insan kütləsinə avtomat və pulemyotlardan atəş açıblar".
Bütün bunlar çoxsaylı şahidlərin təsdiq etdiyi etibarlı faktlardır. Bu faktlar insanlığa qarşı baş vermiş cinayətdən bəhs edir. Bunlar həm də tarixin dərsləridir və dünya birliyi bundan lazımi dərs çıxarmayıb.
Bu gün ermənilər bütün dünyaya Osmanlı Türkiyəsində baş vermiş "erməni soyqırmı" barədə əfsanələr sırımaq istəyirlər, Qərbin bəzi ölkələri də yüz il qabaq olmuş məsələlər barədə fikir söyləməyə tənbəllik etmirlər. Bununla belə, onların heç biri maraqlanmırr ki, əgər Ermənistanın əlində xəyali erməni soyqırımı barədə tutarlı dəlillər varsa, niyə öz arxivlərini tarixçilərin üzünə açmaq istəmirlər. Ancaq o qədər də uzaq olmayan tarixdə baş vermiş hadisələrdən - Xocalı soyqırımından söhbət gedəndə isə dünya nədənsə susur. Bəlkə də ona görə susur ki, buna hansısa bir bəraət fikirləşsin?..
MƏSLƏHƏT GÖR: