
Kim kimin dostudur?
Müəllif: Redaksiya
Azərbaycan prezidenti İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılışında hamını təbrik edərək deyib: "Bu, həqiqətən də bizim ölkəmizin həyatında böyük hadisədir".
Dünyaca məşhur olan bu ali məktəbin Bakı filialının açılış mərasimi fevralın 27-də keçirilib. Prezident İlham Əliyevin, birinci ledi Mehriban Əliyevanın, Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin, XİN başçısının müavini Qriqori Karasinin, RF-in elm və təhsil naziri Andrey Fursenkonun, MDU-nun rektoru, akademik Viktor Sadovniçinin iştirakı da bu hadisənin həm Azərbaycan, həm də Rusiya üçün əhəmiyyətini özü-özlüyündə nümayiş etdirirdi.
"Bu doğrudan da həm Azərbaycan, həm də Rusiya Federasiyası üçün əlamətdar hadisədir", - deyə S.Narışkin bildirib. O, universitetin filialının yaradılması və açılışında həlledici roluna görə, dövlət başçısı İ.Əliyevə minnətdarlığını bildirib.
Bu hadisə həqiqətən də, beynəlxalq əhəmiyyətli fakt sayılmalıdır. Çünki söhbət heç də yalnız iki qonşu dövlətin təhsil sahəsində əməkdaşlığından getmir. Hazırkı reallıqlara əsasən demək olar ki, postsovet məkanı boyunca rus dilinin öz mövqelərini itirdiyi bir dönəmdə - Azərbaycanda MDU-nun filialının açılması böyük siyasi əhəmiyyət kəsb edir. Axı söhbət adi biznes razılaşmasından yox, ən yüksək səviyyədə əldə edilmiş anlaşmanın reallaşdırılmasından gedir. Bu isə tərəflərin mədəni dialoq və siyasi tərəfdaşlığa sadiqliyinin daha bir göstəricisidir.
Rusiya ilə münasibətlərdə Azərbaycan daim bu xətti əsas götürüb. SSRİ-nin dağılmasından sonra Güney Qafqazdakı qonşularından fərqli olaraq, Azərbaycan tələm-tələsik rus məktəblərini bağlamadı və bu məktəblər indiyədək fəaliyyət göstərməkdədir.
Bundan başqa, bakılılar üçün Səməd Vurğun adına Rus Dram Teatrı sevimli incəsənət məbədlərindən biri olaraq qalır. Azərbaycanda Bakı Slavyan Universiteti mövcuddur və onun fəaliyyətinin özəyini rus dili və rus mədəniyyətinin tədrisi təşkil edir.
Bundan sonra isə rus dili MDU-nun Bakı filialında da - Moskvadan gələn professor və müəllimlər tərəfindən tədris olunacaq.
Təbii ki, rus dilinə göstərilən bu qayğı RF-in diqqətindən kənarda qala bilməz. "Universitetdə filologiyanın tədris olunması çox yaxşıdır. Rus dili də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin elementidir. Ümumiyyətlə, Azərbaycanda rus dilinə çox böyük diqqət göstərilir", - deyə Rusiya prezidenti administrasiyasının rəhbəri S.Narışkin Bakı Slavyan Universitetində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Azərbaycan rus dili və mədəniyyətinə münasibətdə Güney Qafqazdakı qonşularından çox fərqlənir. Doğrudur, bu məsələdə Azərbaycanın Rusiya ilə münasibətləri, yumşaq desək, pis olan Gürcüstanla müqayisəsi o qədər də düzgün olmazdı. Amma Rusiyanın forpostu olan Ermənistanla həqiqətən müqayisə ediləcək məqamlar çoxdur.
İnternet forumlarından birinin iştirakçısı Ermənistandakı rus məktəbləri ilə bağlı vəziyyəti belə açıqlayır: "Mənim bacım 5 il Moskvada yaşadıqdan sonra Yerevana qayıdıb. Qardaşım qızı burada 1-ci sinifdən 5-ci sinfədək oxuyub. Ermənistana qayıdan zaman onlar qızı rus məktəbinə qoya bilmədilər (bunun üçün valideynlərdən ən azı, biri rus və ya Rusiya vətəndaşı olmalıdır). Mən hər bir şəxsin məktəb seçimində azad olmasının tərəfdarıyam".
Göründüyü kimi, Ermənistanda rus məktəbləri hətta qalıbsa belə, onlar yalnız ruslar üçündür. Yəni ermənilərə rus dilində orta təhsil almaq yasaqdır. Hələ Sovet İttifaqı dövründə monoetnik respublika olmuş Ermənistanda müstəqillik dönəminin başlanmasından sonra demək olar ki, milli azlıqlar, o cümlədən ruslar belə ümumiyyətlə qalmayıb. Bu gün bu ölkənin rusdilli sakinləri, əsasən buradakı Rusiya hərbi bazalarında çalışanlar və onların ailə üzvləridir. Lakin obrazlı şəkildə desək, heç onların tankları da Ermənistanda rus məktəblərinin bağlanmasının qarşısını ala bilmədi. Ermənistanda Rusiya biznesi var, Rusiyanın hərbi bazaları da fəaliyyət göstərir, Rusiyanın Hərbi Sənaye Kompleksi bu ölkəyə dəyəri 100 milyonlarla, bəzən milyard dollara çatan hərbi bəxşişlər verir, bir müddət sonra isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi birləşmələri də bu ölkənin ərazisinə yerləşdiriləcək. Lakin ölkədə fəaliyyəti dayandırılmış rus məktəbləri, çətin ki, yenidən açılsın. Olsa-olsa, son vaxtlar Rusiya hökumətinin səyləri ilə rus dilinin də tədris olunduğu bir neçə sinfin açıldığının şahidi ola bilərik. Bu da yalnız onunla bağlıdır ki, hazırda Ermənistan Rusiyanın dəstəyi olmadan yaşaya bilməz. Bir sözlə, bu ölkə - Rusiyanın zorən yoldaşıdır.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Bu ölkədə bir dənə də olsun Rusiya tankı yoxdur, Bakının işğal olunmuş əraziləri uğrunda Ermənistanla müharibə edəcəyi təqdirdə isə Rusiyanın Hərbi Sənaye Kompleksi çətin ki, Azərbaycanı dəstəkləsin. Lakin burada rus məktəbləri bağlanmır, üstəlik Rusiyanın əsas ali məktəbinin filialı açılır.
Bakıda ötən birgə tarix, Azərbaycan və Rusiyanın birgə yaşadığı geosiyasi məkan unudulmur. Azərbaycanın çox sayda aparıcı alimləri, ictimai və siyasi xadimləri təhsillərini rus dilində alıblar. Ermənistandan fərqli olaraq, Azərbaycan müxtəlif dil və dinlərə məxsus xalqların çiyin-çiyinə yaşadığı çoxmillətli ölkədir və bu, rus icmasına da aiddir.
Prezident İ.Əliyev də 2008-ci il yanvarın 15-də Bakıda V.M.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açlımasına dair sərəncam verən zaman bu faktorlara əsaslanıb. Rus və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı mənimsənilməsi istiqamətində aparılan iş, hər iki dövlətin mövcud münasibətlərindəki əsas amillərdən yalnız birini təşkil edir.
Bu münasibətlərə ən düzgün qiyməti isə elə S.Narışkin verib: "Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə bizim regiondakı əsas tərəfdaşımızdır".
MƏSLƏHƏT GÖR: