ÇEMPİONAT HƏRƏKƏTƏ GƏLİR
Milli birinciliyin ikinci dövrəsi çox məqamlara aydınlıq gətirməlidir
Müəllif: Zəki FEYZULLAYEV Baku
Fevralın 14-də futbol üzrə Azərbaycan çempionatının ikinci dövrəsinə start veriləcək və bu dövrədə çox suallar öz cavabını tapmalıdır. Bu mövsüm çempionluq tituluna iddia edən komandaların sayı kifayət qədər artıb və finişə kimin birinci çatacağını yalnız ehtimal etmək olar. Komandalar olduqca sıx şəkildə irəliləyirlər və məhz bu səbəbdəndir ki, lider "İnter" özünü rahat hiss edə bilmir: onu üçüncü yerdə olan "Simurq"dan cəmi 3 xal ayırır.
İddialıların şansları
Komandaların qış fasiləsini səmərəlilik əmsalına görə müxtəlif cür dəyərləndirmək olar. Heyətin gücləndirilməsi baxımından bu, ən yaxşı "Bakı"da alınıb: komanda "İnter"lə müqavilə müddəti başa çatan yarımmüdafiəçi Mahmud Qurbanov və "Qrotslin"dən Saşa Yunisoğlunu heyətinə qatıb. Lakin bacarıqlı transfer siyasəti hələ nəticə əldə etmək üçün kifayət deyil - yenilənmiş "Bakı"nı iş başında görmək lazımdır.
Üstəlik, hələ vəziyyətə nəzarət birinci dövrədə məğlubiyyət acısı dadmamış yeganə klub olan "İnter"in əlindədir.
"Bankir"lərin qış fasiləsinin kifayət qədər məhsuldar keçdiyini söyləmək mümkündür. Komandanın Moskvada keçirilən Birlik Kubokuna qatıldığını, yarışda çıxışını yalnız yarımfinalda "Aktobe"yə məğlubiyyətlə başa vurduğunu söyləmək kifayətdir. Bununla yanaşı, sözügedən turnir "İnter"in ölkə çempionatının ilk dövrəsində də özünü göstərmiş bir problemini yenidən ortaya çıxardı: söhbət klubun hər qarşılaşmada ard-arda əldə etdiyi qol vəziyyətlərinin reallaşdırılmamasından gedir. Komandanın milli çempionatda liderliyini qoruması üçün o, məhz bu problemi aradan qaldırmalıdır. Lakin bunu etmək o qədər də asan olmayacaq. Sözügedən problemdən yenicə Dubaydan təlim-məşq toplantısından qayıtmış milli ilə yanaşı, ölkənin bütün klubları da əziyyət çəkir.
İkinci dövrəyə yeni baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altında çıxacaq "Xəzər-Lənkəran"ın oyunlarını izləmək isə kifayət qədər maraqlı olacaq. 1988-ci ilin Olimpiya çempionuna cənubluları "silkələmək" və yenidən çempionatda lider mövqeyinə qaytarmaq tapşırılıb. Lakin bunu etmək heç də asan olmayacaq. Ölkə Kubokunun sahibi hazırda çempionatda 4-cü pillədə qərarlaşıb və lider "İnter"dən 5 xal geri qalır.
Yeri gəlmişkən, birinci dövrədə lənkəranlıların məhz "İnter"lə qarşılaşması cənublular üçün bütün bəlaların əsasını qoyudu. Öz meydanında "bankirlər"ə 2:4 hesabı ilə məğlub olan "Xəzər-Lənkəran" birinci dövrənin sonunadək özünə gələ bilmədi və bu, baş məşqçi Rasim Karanın vəzifəsini itirməsi ilə nəticələndi.
İndi İ.Ponomaryov vəziyyəti düzəltməlidir və bunun üçün "Xəzər"ə mümkün olan maksimum xalları toplamaq lazımdır. Lakin komanda Türkiyədə keçdiyi təlim-məşq toplantısında proqramı tam yerinə yetirə bilməyib: mütəmadi yağan yağışlar buna mane olub və komandanı dislokasiya yerini dəyişməyə məcbur edib. Bununla yanaşı, komandanın müəyyən potensialı var və bu, qarşıdakı matçlarda ona kömək etməlidir.
Çempionatın ilk dövrəsinin tapıntısı olan "Simurq"a gəlincə, hələ ki ondan nə gözləmək olar, bilinmir. Zaqatala klubu özünü üçüncü pillədə kifayət qədər rahat hiss edir və mövqeyini daha da yaxşılaşdırmaq niyyətindədir. Amma bu, asan olmayacaq. Komandanın ehtiyat oyunçularının sayı məhduddur, heyətdə isə elə də parlaq futbolçuya rast gəlinmir. Lakin buna baxmayaraq, "Simurq" məhz komanda oyunu ilə güclüdür. Məhz bu amil kluba favoritlər sırasında qalmağa və UEFA zonasına iddia etmək imkanı verən xalları sabit şəkildə toplamağa kömək edir.
İstənilən halda, zaqatalalıların ikinci dövrədə uğurlu çıxış etmələri onlara Avropa kuboklarına qatılmaq imkanı verə bilər.
Çoxlarını isə xüsusilə alman mütəxəssis Hans-Yurgen Qedenin gəlişindən sonra heyətdə ciddi dəyişikliklərə əl atmış "Neftçi"dəki durum maraqlandırır. Məşqçinin kapitan Rəşad Sadıqovun xidmətindən imtina etməsindən sonra sonuncu əllərini yanına sallayaraq oturmayıb və Türkiyənin "Kacaelispor" klubu ilə müqavilə imzalayıb. "Neftçi"yə gəlincə, hələ ki klubun nəyin hesabına irəliləyəcəyi məlum deyil - bakılılar qazandıqlarından çox itiriblər. Məsələn, müdafiəçi Elnur Allahverdiyev "Qarabağ"a yollanıb və beləliklə, Qede kifayət qədər çətin durumdadır.
Amma neftçilərin geri çəkilməyə də yeri qalmayıb - birinci dövrədən sonra onlar turnir cədvəlində 9-cu pilləni tuturlar və faktik olaraq, "qızıl" uğrunda mübarizə şanslarını itiriblər.
Qeyd edək ki, son illər ərzində klub 4 baş məşqçi dəyişib - Qurban Qurbanovun yerinə Vlastimil Petrjela gətirilsə də, bir müddət sonra o, Anatoli Demyanenko ilə əvəzləndi. İndi isə "Neftçi"nin sükanı arxasına Qede keçsə də, deyəsən, komanda hələ də qələbə formulunu tapa bilmir. Demək, burada məsələ yalnız baş məşqçilik deyil. Üstəlik, təcrübə də göstərir ki, məşqçilərin tez-tez dəyişdirilməsi komandaya xeyirdən çox zərər verir. Xüsusilə, əgər onlar belə sürətlə dəyişdirilirlərsə.
Bu durumu uğurları Yunis Hüseynovun adı ilə bağlı olan "Karvan"da da hiss ediblər. Məhz bu məşqçi klubu Avropa kuboklarına çıxarıb, daha sonra isə ona milli çempionatın gümüş və bürünc medallarını qazandırıb. Hazırda "İnter"lə yarışa girmiş komanda bu mövsümdə də parlaya bilər. "Mən öz komandama inanırdım və kimi dəvət etdiyimi bilirdim. 25 xal toplamışıq və hazırda 5-6-cı yerləri bölüşürük. Siz inanmayacaqsınız, amma mən bu nəticədən narazıyam. Birinci dövrədə biz ilk üçlükdə təmsil olunmağa layiq idik. Lakin xal itirməli olmadığımız qarşılaşmalarda itkilərə yol verdik. İkinci dövrədə biz daha güclü olacaq və məqsədə doğru irəliləyəcəyik. Bu mövsüm Avropa kuboklarına qatılmaq istəyirik", - deyə baş məşqçi bildirib.
Foqtsun komplimentləri
Ölkənin milli komandasının baş məşqçisi Berti Foqts isə ölkə çempionatındakı fasilədən istifadə edərək komandanın əsas futbolçularının Dünya Çempionatı-2010-un seçmə mərhələsi çərçivəsində yaxın vaxtlarda Moskvada keçiriləcək növbəti qarşılaşmaya hazırlıq səviyyələrini qiymətləndirməyə çalışıb. Bu məqsədlə milli Dubayda təlim-məşq toplantısı keçirib və oradakı ilk yoxlama matçındaca Özbəkistan yığması ilə heç-heçə oynayıb - 1:1. Belə qarşılaşmalarda nəticə ikinci planda olsa da, meydanda gördükləri alman mütəxəssisi o qədər də sevindirməyib. Xüsusilə, məşqçi toplantıya yaxşı formada gəlməmiş yetirmələrinin fiziki kondisiyasından narazı qalıb.
Maraqlıdır ki, Özbəkistanla qarşılaşma B.Foqts üçün Azərbaycan yığmasının başında 10-cu qarşılaşma olub ki, bu da kifayət qədər rəmzi görünür.
Matça gəlincə, komandamız qələbə üçün bütün imkanlara malik olsa da, sonda hesabı qoruya bilməyərək, oyunun bitməsinə 10 dəqiqə qalmış qapısında qol görüb. Bu oyunda bir daha məlum olub ki, kollektiv nəticəyə oynaya bilmir. Bu isə xüsusilə xal və qrupda daha yaxşı yer uğrunda mübarizənin getdiyi seçmə mərhələdə vacibdir.
Odur ki, Foqts hələ futbolçularımızda qalib ruhu yaratmaq üzərində işləməlidir.
Bununla yanaşı, baş məşqçi komandanın ünvanına tərif söyləməkdən vaz keçməyərək bildirib ki, Azərbaycan millisi ən nizam-intizamlı komandalardan biridir. O, bu baxımdan xüsusilə milliləşdirilmiş braziliyalı Leandro Qomeşin adını çəkib.
Yeri gəlmişkən, millimiz Özbəkistanla qarşılaşmada məhz braziliyalının sayəsində hesabı açmışdı. Daha dəqiq desək, cərimə meydançasında ona qarşı edilən kobudluğa görə təyin edilmiş penalti zərbəsini Fabio Luis Ramim dəqiq yerinə yetirməklə, millini rəqib qarşısında önə keçirmişdi.
O da qeyd olunmalıdır ki, məşqçi təlim-məşq toplantısına lazım olan futbolçuların hamısını çağıra bilməyib. Üç futbolçu Dubaya yollanmayıb: Türkiyənin "Kocaelispor" klubunun heyətində möhkəmlənməkdə olan kapitan Rəşad Sadıqov, yarımmüdafiəçi Anatoli Ponomaryov və yeni klub axtarışında olan hücumçu Branimir Subaşiç. Bu isə mövsümlərarası dövrün xüsusiyyətidir. Axı məhz bu dövrdə bəzi oyunçular yeni iş yerlərinin axtarışı ilə məşğul olmaqla milliyə zərər vurur və bu, tamamilə başadüşüləndir.
Hazırkı mövsümdən danışarkən, demək olar ki, o, milli üçün bir sınaqdır. Çünki məhz bu il Azərbaycan millisi indiyədək püşkün onu heç zaman üz-üzə qoymadığı Rusiya və Almaniya yığmaları ilə qarşılaşacaq. Məhz həmin oyunlar kollektivin əsl potensialına aydınlıq gətirməlidir. Axı ad-sanlı rəqiblərə qarşı mübarizə üçün əlavə köklənməyə ehtiyac yoxdur.
Əlbəttə ki, millimiz Lixtenşteyn yığması ilə birlikdə qrupun autsayderidir. Lakin yalnız güclü rəqiblərlə qarşılaşmalarda futbolçuların xarakteri ortaya çıxa bilər. Başqa cür sadəcə mümkün deyil.
MƏSLƏHƏT GÖR:

543

