24 Noyabr 2024

Bazar, 18:07

GƏZMƏYƏ VƏTƏN YAXŞI

Azərbaycanın istirahət zonaları manatın məzənnəsinin düşməsindən istifadə etməklə özlərinə yeni turist axını cəlb edə bilər

Müəllif:

07.04.2015

Azərbaycanın turizm sektoru yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu dəyişikliklər sahədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsi üçün də əsas ola bilər. Bu yaxınlarda manatın üzləşdiyi devalvasiya daxili turizmin inkişafı üçün əlverişli şərait yaradıb. İndi əvvəllər xarici ölkələrdə istirahət etməyə üstünlük verən vətəndaşlar daxili turizmə cəlb oluna bilər. Yaranmış şəraitin xaricdən turist axınının artmasına yol açması da mümkündür.

Son onillikdə Azərbaycan turizm sənayesinin baza elementlərini formalaşdırmağa nail olub: ölkədə 535 müasir hotel və pansionat istifadəyə verilib, müvafiq xidmət yaradılıb. Bütün bunlar həm ölkəyə xarici turist axınının artımına, həm də sahəyə investisiya yatırımlarının nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olub. Məsələn, son illərdə ölkəyə xarici turist axını ildən-ilə sabit olaraq 10% artır. Həyata keçirilən tədbirlər 2013-cü ildə 2,5 milyondan artıq əcnəbi vətəndaşın Azərbaycana baş çəkməsinə imkan verib. 2014-cü ildə xarici qonaqların sayında cüzi azalma olsa da (təxminən, 2,3 milyon nəfər) əksər ekspertlərin proqnozları bu seqmentdə müsbət dinamikanın yaşanacağını göstərir.

Yerli turizm sektorunun nailiyyətləri hər il təşkil olunan "Turizm və səyahətlər" - AITF beynəlxalq sərgisində də özünü göstərib. Yaxın günlərdə bu işin təşəbbüskarları olan Iteca Caspian şirkəti, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Baku Expo Centre sərgi kompleksində AITF-2015 sərgisini təşkil ediblər. Sərgiyə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da qatılıblar.

Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, artıq 14-cü dəfədir keçirilən AITF istər iştirakçılarının sayına, istərsə də coğrafi əhatə dairəsinə görə regionda lider mövqeyindədir. "Bu, təsadüf deyil. Azərbaycan artıq dünyanın turizm xəritəsində öz yerini tutub", - deyə nazir qeyd edib.

Foruma qatılmış şirkətlərin, iştirakçıların sayı Ə. Qarayevin sözlərini təsdiq edir. Bu il AITF-2015-ə və onunla birlikdə keçirilən "HOREX Caucasus-2015" IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin "CIBS-2015" II Xəzər Beynəlxalq kater və yaxtalar sərgilərinə qatılan şirkətlərin sayı rekord həddə olub. Bu dəfə Bakıya 42 ölkədən 371 şirkət gəlib. Onlar, ümumilikdə, 80 turizm istiqamətini təmsil edirdilər. Tədbir iştirakçılarının, təxminən, 60%-i ayrı-ayrı ölkələrin xarici şirkətləri, milli stendləri ilə təmsil olunublar. Forumun işində 17 milli qrup da iştirak edib. Debütant rolu isə Maldiv arxipelağından olan şirkətlərə məxsus idi.

Forumda iştirak edən yerli hotel və istirahət zonalarının menecerlərinin, həmçinin turizm assosiasiyası, Mədəniyyət və Turizi Nazirliyi nümayəndələrinin fikrincə, milli rekreasiya bazarı, ümumilikdə, milli valyutanın üzləşdiyi devalvasiya dalğasını ümumilikdə ciddi zərər görmədən keçirib. Mədəniyyət və turizm naziri Ə.Qarayevin sözlərinə görə, bu yaxınlarda keçirilmiş monitorinqlər paytaxtda və regionlarda yerləşən hotellərdə qiymət artımının olmadığını göstərib. "Düşünürük ki, yay mövsümündə də qiymət artımı gözlənilmir. Çünki bunun üçün heç bir iqtisadi əsas yoxdur. Hətta bu yaxınlarda açılmış hotellər və istirahət zonaları da turistlərə cəlbedici güzəştlər təklif edirlər", - deyə nazir qeyd edib.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov da manatın devalvasiyasının yerli turizm sektoruna ciddi zərər vurmadığını bildirir. Doğrudur, devalvasiya yerli turizm şirkətlərinə mənfi təsir göstərib: xaricə putyovkalar xarici valyuta ilə sifariş olunur və manatın devalvasiyası turpaketlərin qiymətində, təxminən, 30%-lik artıma səbəb olub. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün aviaşirkətlərdə aviabiletlərin qiyməti artıb. Bu, dövlət qurumu olan AzAL-a da aiddir.

Maraqlıdır ki, bu yaxınlaradək xaricdə istirahətin təşkililə məşğul olan turizm agentliklərinin vəziyyəti sabit idi və onlar heç bir təhlükə gözləmirdilər. Son illər əhalinin xaricdə istirahətə üstünlük verməsi onların gəlirlərindəki dinamik artımla bağlıdır. Müqayisə üçün qeyd edək ki, azərbaycanlı turistlərin xarici səyahətlərə 2010-cu ildə xərclədikləri məbləğ ən azı 745 milyon dollar təşkil edib. Bir il sonra - 2011-ci ildə bu məbləğ ikiqat artaraq 1,689 milyard dollara çatıb. Bu sahədə 2012-ci il xüsusilə fərqli olub. Həmin il 3,8 milyon Azərbaycan vətəndaşı xarici ölkələrdə olublar. Nəticədə, onların xərcləri 2,477 milyard dollara çatıb. Bununla, vətəndaşların xarici səfərlərə xərclədikləri məbləğ ilk dəfə olaraq daxili istirahətə xərclənən vəsaiti üstələyib. Sonrakı iki ildə də daxili turizm dövriyyə həcminə görə geridə qalıb və müsbət saldo birmənalı olaraq xarici turizmin tərəfində olub. Amma bu il yaranmış çətin vəziyyətdə belə, yerli turizm agentlikləri maksimal məsuliyyət və peşəkarlıq nümayiş etdiriblər.

"Kritik dövr geridə qaldı. Respublikada fəaliyyət göstərən turizm agentlikləri defoltdan və müflislikdən qaça bildilər", - deyə N. Bağırov "R+"a açıqlamasında bildirib: "Biz yerli turizm operatorları ilə birlikdə operativ olaraq antiböhran tədbirləri hazırladıq və operatorlar risklərin böyük hissəsini öz üzərlərinə götürdülər. Vəziyyətin sabitləşməsini qəbul edən tərəf - xarici hotellər, nəqliyyat şirkətləri (transfert) və digər tərəfdaşlarımız da yardım etdilər. Onlar xidmət haqqında müəyyən endirimlərə razılıq verdilər". Bütün bunlarla yanaşı, hazırda xaricə üz tutan turistlərin sayının artacağını, yoxsa əksinə, azalacağını söyləmək çətindir. N. Bağırov hesab edir ki, bu, məzuniyyət mövsümündə pikin başlanğıcı olan iyunun ilk günlərində bəlli olacaq.

Bununla yanaşı, daxili turizm bazarının iştirakçıları yaranmış çətin vəziyyətdən istfadə edə, milli valyutanın ucuzlaşması fonunda əlavə qazanca yiyələnə bilərlər. Çünki yaranmış vəziyyətdə bir çox vətəndaşlar bahalı xarici səyahətlər əvəzinə daxildə daha ucuz istirahətə üstünlük verəcək. Dəyərini bir qədər itirmiş manat həm də xarici turistlərin yerli turizm şirkətlərinə daha çox müraciət etməsilə nəticələnə bilər.

"Bu gün turizm operatorlarının və hotellərin əksəriyyəti ölkə daxilində turizm xidmətlərinə görə xidməthaqlarını artırmayıb. Manatın ucuzlaşması ilə əlaqədar olaraq, ölkəyə turist axınının artacağını gözləmək olar", - deyə N.Bağırov bildirib: "Əgər əvvəllər qiyməti 1000 manat olan turizm paketi turistə 1100 avroya başa gəlirdisə, indi o, 900 avrodan ucuzdur. Bu vəziyyət ölkəyə turist axınının 20-25% artmasına imkan verir. Hadisələrin bu cür inkişafı xaricə üz tutanların sayının azalmasından yaranacaq itkinin kompensasiyasına şərait yaradır", - deyə AzTA rəhbəri bildirir. Onun sözlərinə görə, indi xarici turistlər üçün manatla otel, transfert qiymələri, həmçinin restoranlarda və digər xidmət obyektlərindəki qiymətlər xeyli ucuz başa gəlir. Üstəlik, bu sahədə daxili təlabatın azaldığını, həmçinin yüksək rəqabətin olduğunu nəzərə alsaq, hazırki mərhələdə qiymətlər çətin ki, qalxsın. Eyni səbəbdən Avropa Oyunları zamanı da qiymət artımı gözlənilmir. Qəbələdə fəaliyyət göstərən otel və digər müvafiq obyektlərin menecenləri hesab edirlər ki, işgüzar turizm seqmentində də sabit tələbat qorunub saxlanılacaq. Yerli şirkətlərdən əlavə, Rusiya, Qazaxıstan və Gürcüstanın korporativ sektoru da Qəbələdə konfranslar, seminarlar və tematik forumlar təşkil edən turizm obyektlərindən yararlanırlar. Abşeron yarımadasında yerləşən istirahət zonaları da qiymətləri artırmağı düşünmür və əvvəlki turst axınını qoruyub saxlamaq niyyətindədir. Eyni sözləri bir sıra balneoloji obyektlər və Naftalan kurortunun hotelləri haqda da demək olar.

Gürcüstan və İran nümayəndələrisə ölkələrimiz arasında turist mübadiləsinin artdığını deyirlər. "Neftin ucuzlaşması və Azərbaycan milli valyutasının dəyərini itirməsi dövlətlərimiz arasında turist mübadiləsinin səviyyəsinə müsbət təsir göstərib", - deyə İran Turizm Assosiasiyası rəhbərinin müavini Əhməd Həmzəzadə "R+"a açıqlamasında bildirib: "İran illərdir ki, turist mübadiləsində müsbət balansı qoruyub saxlayır. Yalnız ötən il İrana 570 min Azərbaycan vətəndaşı baş çəkib. Artıq bu gün yeni tendensiya müşahidə olunur - Bakını və digər şəhərlərinizi görmək istəyən iranlıların da sayı artır". Burada əsas məqam valyuta məzənnəsindəki dəyişiklikdir: bu yaxınlaradək 1 manat 4 min tümən idisə, indi 3 min tümən 1 manata bərabərdir. Bu, iranlı turistlər üçün son dərəcə ciddi amildir.

Gürcüstan istiqamətində də müsbət dinamika qorunub saxlanıb. "Turist axınında azalma müşahidə olunmur. Manatın devalvasiyası Gürcüstan larisinin kursunun aşağı düşməsilə kompensasiya olunub", - deyə Gürcüstan Milli Turizm Administrasiyası Departamentinin rəhbəri Teona Nanava "R+"a açıqlamasında bildirib: "Bu ilin yanvar-fevral aylarında Gürcüstana 80 mindən artıq Azərbaycan vətəndaşı səfər edib. Ötən ilin analoji dövründə bu, 73 mindən bir qədər artıq idi". Ümumilikdə, ötən il Gürcüstana 1,282 milyon Azərbaycan vətəndaşı baş çəkib və bu, 2014-cü il illə müqayisədə 20%-lik artım deməkdir.

Bütün bunlarla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin AzTA-nın mütəxəssisləri hesab edirlər ki, yaxın dövr üçün əsas trend yerli hotellərin və turizm operatorları tərəfindən ölkənin turizm potensialının xaricdə təbliğinin gücləndirilməsi olmalıdır.

Bu il Bakıda 4 turizm yarmarkasının keçirilməsi planlaşdırılır. Belə yarmarkalar dünyada kifayət qədər geniş yayılmış hadisədir. Təcrübə göstərir ki, onlar potensial turistlərin sektorun imkanları haqqında məlumatlandırılması, onların cəlbi baxımdan kifayət qədər effektiv vasitədir. Məsələn, Bakıda keçirilməsi planlaşdırılan yarmarkalar ölkəmizin nadir turizm imkanlarının nümayişinə imkan verəcək - rekreasion infrastrukturdan, görməli, gəzməli yerlərdən tutmuş, eksklüziv hadisələrə və ekskursiya layihələrinədək.



MƏSLƏHƏT GÖR:

641