13 Mart 2025

Cümə axşamı, 13:16

ÖZBƏKLƏR SABİTLİYİ SEÇDİ

Yeni prezidentlik müddətində İslam Kərimov Özbəkistan üçün taleyüklü qərarlar verməli olacaq

Müəllif:

07.04.2015

Martın 29-da Özbəkistanda keçirilmiş növbəti prezident seçkiləri sürprizsiz yekunlaşıb. Gözlənildiyi kimi, hazırkı dövlət başçısı İslam Kərimov ard-arda dördüncü dəfə inamlı qələbə qazanıb. Özbək liderinin yenidən qələbə qazanacağına çox az adam şübhə edirdi. Yerli qanunvericiliyə görə, seçicilərin 1/3-nin səsverməyə qatıldığı təqdirdə, prezident seçkiləri baş tutmuş sayılır. Odur ki, seçki məntəqələrinin açılışından cəmi 4 saat sonra artıq seçkini yekunlaşdırmaq olardı - səsvermədə seçicilərin 90%-dən çoxu iştirak edib. Özbəkistan MSK-nın rəhbəri Mirzə-Uluqbek Abdusalomovun bildirdiyinə görə, səsverməyə gəlmiş vətəndaşların 90,39%-i İslam Kərimovun namizədliyini dəstəkləyiblər. İkinci yerdə seçicilərin 3,08% səsini almış "Milliy tiklaniş" Demokratik Partiyasının namizədi Akmal Saidov, üçüncü yeri isə Xalq-Demokrat Partiyasının lideri Xotamjon Ketmonov (2,92%) tutub.  

Amma razılaşın ki, bu statistika yalnız həmin namizədlərin özləri üçün maraq kəsb edir. 

Bütün müstəqillik illəri ərzində özbəklər İ.Kərimovu Özbəkistanın alternativsiz lideri kimi qəbul ediblər: son iki seçkilərdə ona dəstək verənlərin sayı da bu cür yüksək olub: 2000-ci ildə 91,9%, 2007-ci ildə isə 90,76%. 

İ. Kərimovun namizədliyi ölkənin yaxın qonşuları və MDB üzrə tərəfdaşlarını, ilk növbədə isə, Rusiyanı da qane edir. MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Birlik ölkələrindən olan müşahidəçilər missiyasının adından bəyan edib ki, Özbəkistanda keçirilmiş prezident seçkiləri beynəlxalq demokratik normalara uyğun olub.

77 yaşlı İ.Kərimov keçmiş SSRİ ölkələrinə başçılıq edən ən yaşlı liderdir. Hakimiyyətdə olduğu müddət baxımından onunla yalnız Qazaxıstan lideri Nursultan Nazarbayev (o, ölkəyə hələ müstəqillik əldə olunmazdan əvvəldən rəhbərlik edir) "rəqabətə" girə bilər. Vətənində İ.Kərimovun adı sabitliyin təminatçısı kimi çəkilir. Özbəkistanın özündə hamının dediyi kimi, ölkə həmişə sabitliyə səs verib.  

Mərkəzi Asiya ölkələri üzrə rusiyalı ekspert Dmitri Aleksandrov da özbəklərin fikrini bölüşür: "Məncə, burada söhbət Özbəkistanın sosial-iqtisadi sabitliyindən gedir. Düşünürəm ki, yeni prezidentlik müddətində hər hansı sərt dəyişikliklər olmayacaq, son illər atılan ardıcıl addımlar davam edəcək. Çünki Özbəkistan rəhbərliyinin əsas məqsədi hər hansı sərt hərəkətlər etmədən sabitliyi qoruyub saxlamaqdır".

Amma bir məqam da var ki, sabitlik məsələsi ölkə üçün çox tez aktuallaşa bilər. Çünki yaşlı lideri olan istənilən Şərq ölkəsində varis məsələsi aktual sayılır, Özbəkistanda isə bununla bağlı, heç bir aydınlıq yoxdur. Çox güman ki, məhz bu prezidentlik dövründə İ.Kərimov özündən sonra hakimiyyəti kimə təhvil vermək haqda qərar qəbul etməli olacaq. Bu zaman nəzərə almaq lazımdır ki, yeni liderə nüfuzlu klanların (əsasən Daşkənd, Səmərqənd-Buxara və Fərqanə klanları) dəstəyi lazım gələcək. Bu namizəd böyük təcrübə və əlaqələrlə yanaşı, özbək siyasətinin koriyefi olan Kərimovun himayəsini də qazanmalıdır. Problemin kökündə duran əsas məsələ isə odur ki, Özbəkistan kimi ölkələrdə hakimiyyət dəyişikliyi zamanı daxili siyasi mübarizənin sonradan siyasi problemləri silah gücünə həll etməyə öyrəşmiş qruplaşmalar arasında qanlı toqquşmalarla əvəzlənməsi təhlükəsi var. Məsələn, "Özbəkistan İslam Hərəkatı" (ÖİH) terror dəstəsi artıq neçə ildir daxili siyasi sabitlik üçün əsas təhlükə hesab edilir. ÖİH-in bütün Yaxın Şərqi terror altında saxlayan "İslam dövləti" təşkilatına qoşulması isə Özbəkistan hüquq mühafizə orqanları üçün əlavə başağrısına çevrilib. Özbəkistan rəhbərliyində olan məlumata əsasən, hazırda ÖİH Pakistan və Əfqanıstanla sərhəd ərazilərdə yaraqlıların təşkilatlanması və təlimləri istiqamətində xeyli aktivləşib. Buna görə Özbəkistanın xüsusi xidmət orqanları antiterror tədbirlərini gücləndirir. Yeri gəlmişkən, ötən ilin avqustunda Daşkəndin Yunusabad rayonu ərazisindəki körpülərdən birindən "İslam dövləti"nin bayrağının asılması ölkədə əməlli-başlı ajiotaj yaratmışdı. Oktyabrın 3-də isə "Azadlıq" radiosu özbək ekstremistlərin Suriya və İraqdakı terrorçulara qoşulması haqda ÖİH lideri Usmon Qozinin bəyanatını səsləndirdi. Elə həmin dövrdə KİV-lər yazırdı ki, "İslam dövləti" hətta Özbəkistanın "əmir"ini də müəyyənləşdirib. Buna təəccüblənməyə dəyməz - dini ekstremistlər "islam xəlifəti"nin Mərkəzi Asiyaya yayılması planına çoxdan xüsusi önəm verirlər. Üstəlik, "İslam dövləti"nin getdikcə aktivləşdiyi Əfqanıstandan terrorçuların Özbəkistan ərazisinə keçməsi təhlükəsini də unutmaq olmaz. Məlumat üçün bildirək ki, Əfqanıstanın şimalında 3 milyona yaxın etnik özbək yaşayır. 

Gördüyümüz kimi, ekstremizm təhlükəsi yalnız gələcək varis üçün yox, hazırkı Özbəkistan prezidenti üçün də ciddi problemdir. Və nə qədər ki, Kərimov ölkəyə rəhbərlik edir, daxildə ekstremistlərin baş qaldırmaq cəhdlərinin qarşısı alınıb. Bəs patriarxın gedişindən sonra nə olacaq? 

Problemi gərginləşdirən daha bir amil prezidentin ailəsində olan qarşıdurmadır. Məlum olduğu kimi, prezidentin siyasi ambisiyalı qızı Gülnarə Kərimova atasına qarşı çıxdığı üçün hazırda ev dustağıdır. 

Prezident qarşısında xarici siyasi səhnədə də çətin problemlər dayanıb. Vaxtaşırı Qərblə Rusiya arasında vurnuxan Özbəkistan rəhbərliyi son vaxtlar həm Qərb, həm Rusiya, həm də Çinlə (yeri gəlmişkən, Pekin hazırda Mərkəzi-Asiya regionuna dair ambisiyalarını gizlətmir) bərabər münasibətlər qurmağa çalışır. Amma Moskva ilə Qərbin münasibətlərinin "soyuq müharibə" dövrünə qayıtması postsovet məkanında, o cümlədən Mərkəzi Asiyada da tərəflərin qarşıdurmasını gücləndirib. Və nə vaxtsa Özbəkistan qarşısında balans siyasətindən imtina və tərəflərdən birini "seçmək" tələbi qoyularsa, vəziyyət daha da ağırlaşa bilər. Çünki bu cür seçim etmək asan deyil və bu şahmatçıların yaxşı bildiyi suqsvanq vəziyyətini xatırladır - istənilən gediş, itkiyə aparır. 

Hələliksə Özbəkistan hakimiyyəti prezidentin rəhbərliyi altında bütün daxili və xarici çağırışları uğurla nizamlamağı bacarır. İslam Kərimovun inamlı qələbəsi də bir daha göstərdi ki, özbəklər ölkədaxili sabitlikdə və balanslaşdırılmış xarici siyasətdə maraqlıdırlar. Daxildən və xaricdən təhlükələrin artması, ölkənin firavan gələcəyi naminə bundan sonra da bu kursun davamını zəruri edir.


MƏSLƏHƏT GÖR:

545