Müəllif: Natiq NAZİMOĞLU Bakı
"Qədim və əzabkeşlər" özgənin var-dövləti və mədəni irsinin hərisi adını bir daha doğrultdular. Bu dəfə Erməni Apostol Kilsəsinin (EAK) gürcü məbədlərinə iddiaları rəsmiləşdirildi.
Gürcü KİV-i EAK-nın Gürcüstandakı eparxiyasının rəhbəri, yepiskop Vazgen Mirzəxanyanın Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə 10 dekabr 2014-cü il tarixli məxfi məktubunun detallarını yayıblar. Sənəddə açıq şəkildə Gürcüstan ərazisindəki yüzlərlə məbədin erməni kilsəsinin ixtiyarına verilməsi məsələsi qoyulub. Yepiskop Mirzəxanyan EAK-nın bu iddialarını belə əsaslandırır ki, guya "sovet totalitar rejimi dövründə EAK-ya məxsus mülkiyyət onun əlindən alınıb". Buna görə də, "alınmış kilsələr, məbədlər (fəaliyyət göstərən və göstərməyən), onların xarabalıqları, həmçinin onların yerləşdiyi və Gürcüstan eparxiyasına məxsus olan torpaq sahələri EAK-ya qaytarılmalıdır".
Amma bu zaman Mirzəxanyan erməni kilsələrinin gürcülərin ixtiyarına verilməsinə dair bir konkret tarixi fakt belə gətirmir. Bu da təəccüblü deyil: ermənilər üçün özgə malına sübutsuz iddialar irəli sürmək və öz yalanlarını əsaslandırmaq üçün açıq saxtakarlığa əl atmaq adi haldır. Yeri gəlmişkən, erməni yepiskopu öz məktubunda ermənilərə "qaytarılmalı" olan 442 kilsə və məbədin siyahısını göstərib. Özü də bu rəqəmdən də görünür ki, ermənilərin indiyədək iddia etdikləri gürcü məbədlərinin sayı 88 dəfə (!) artıb. İndiyədək Eçiadzin Gürcüstanda 5 kilsəyə iddia edirdi və bu, son illər ərzində dəfələrlə gürcü-erməni kilsələrarası mübahisəsinə səbəb olurdu. Bu kilsələrdən biri Tiflisdə yerləşən Noraşendir - bu kilsəyə görə hətta, açıq əlbəyaxa davalar da düşmüşdü. O zaman kilsələrarası ziddiyyətlər və qalmaqala baxmayaraq, Gürcüstan rəhbərliyi ehtirasları bir qədər sakitləşdirməyi bacarmışdı. Amma gördüyümüz kimi, ermənilərin iştahası kəsilmir (hər halda, dinc yolla) və əksinə, getdikcə güclənir. Eyni hal ermənilərin gürcü məbədlərinə iddialarında da təkrarlanır.
Belə bir fikir var ki, ermənilərin iddia irəli sürdükləri gürcü məbədlərinin tam siyahısı hələ 1995-ci ildə Samvel Karapetyan adlı birisinin dərc etdiyi arayış kitabçada dərc olunmuşdu - orada iddia edilirdi ki, Gürcüstan ərazisində 653 erməni kilsəsi var. Hələlik rəsmi səviyyədə ermənilərin iddialarında bu rəqəm səslənməsə də, son məqsədin məhz bu olduğuna şübhə yoxdur. Hər halda, 653 rəqəminə 442-dən qalxmaq daha asandır, nəinki 5-dən. Odur ki, ermənilərin gürcülərin mədəni irsinə iddialarının doğurduğu müsibətlər hələ qabaqdadır.
Gürcü kilsələrinə iddia irəli sürməklə ermənilər yalnız qonşu xristian xalqının dini və tarixi abidələrinə deyil, Gürcüstan Respublikasının ərazi bütövlüyünə də kəmənd atır. Gürcüstanda nəşr olunan "Gürcüstan və dünya" qəzeti Karapetyandan fərqli olaraq, Mirzəxanyanın siyahısında 653 deyil, 442 məbədin adının çəkilməsini məhz bununla izah edir. "Görəsən, niyə ermənilər yalnız 442 kilsəni tələb edir və yerdə qalan 211-ni gürcülərə "hədiyyə" edir?" - deyə qəzet sual edir. Və elə özü də cavabı tapır: "Məlum olub ki, digər kilsələr Abxaziya və Tsixinval regionunun ərazilərində yerləşir və bu məktubla EAK (buna elə "erməni dövləti" də demək olar) Abxaziya və Tsixinval regionunun Gürcüstan ərazisi hesab etmədiyini göstərir!"
Digər gürcü nəşrlərində də buna oxşar fikirlərə rast gəlinir. "Saerto qazeti" yazır ki, "bizim qonşularımız öz xasiyyətini və təbiətini dəyişə bilmirlər. İlk baxışdan, zərərsiz görünən tələbdən - mədəni abidələrin onlara verilməsi istəyindən planlı şəkildə addım-addım ərazilərimizin anneksiyasına keçirlər. Siz adları çəkilən kilsələri, onların ətraf ərazilərini, qəbiristanlıqların ərazilərini, həmçinin erməni dilini inzibati dil elan olunmasını tələb edən Samsxe-Cavaxetini təsəvvürünüzə gətirin".
"Axali Taoba" qəzeti isə yazır ki, bu gün Gürcüstanda erməni tərəfinin iddia etmədiyi region və ya rayon qalmayıb: "Əsas vurğunu da, təbii ki, Tiflisə edirlər. İndiyədək bilirdik ki, ermənilər 5 kilsənin qaytarılmasını tələb edirlər. Eçmiədzin, doğrudan da, bu 5 kilsəni istəyir, amma erməni eparxiyasının iştahası daha böyük imiş".
Şübhəsiz, EAK eparxiyasının rəhbərinin müraciəti Gürcüstan ərazisindəki kilsələrin kimə məxsus olmasına dair açıq dövlətlərarası mübahisə istiqamətində atılmış ilk addımdır. Və ermənilərin qaldırdığı kilsə məsələsinin gec-tez beynəlxalq müzakirələrə çıxarılması da bu iddianın tərkib hissəsidir. Özü də, bu məsələnin sırf hüquqi və siyasi prizmadan beynəlxalq dini instansiyalarda müzakirəsinin perspektivsiz olduğunu yaxşı bilən erməni tərəfi, onu "mədəni irs" müstəvisinə keçirməyə çalışır. Məhz buna görə, KİV-in yazdığı kimi, "qədim və əzabkeşlər" artıq gürcü kilsələrinə iddiaları ilə bağlı UNESCO-ya müraciət ünvanlayıblar. Belə ehtimal etmək olar ki, UNESCO-ya müraciət problemin beynəlxalq səviyyədə təsbiti istiqamətində ilk addımdır. Bundan sonra biz beynəlxalq məhkəmə instansiyalarına, Avropa Şurasına, müxtəlif ixtisaslaşdırılmış strukturlara müraciətlərin şahidi ola bilərik.
Bir məsələni də unutmayaq ki, EAK-nın aktivliyi ermənilərin sıx yaşadığı və "Cavaxk" adlandırdıqları Samsxe-Cavaxetiya bölgəsindəki separatçı əhvali-ruhiyyə ilə birbaşa bağlıdır. Artıq neçə ildir müxtəlif separatçı dəstələrin İrəvanın açıq və gizli dəstəyilə apardığı "Cavaxkın Gürcüstandan ayrılması" kampaniyası getdikcə daha real və konkret şəkil almağa başlayır. Məsələn, 2013-cü ildə "Samsxe-Cavaxeti və Tsalka rayonlarında cavax ermənilərinin yaşayışının yaxşılaşmasına yönəlmiş çoxsaylı iqtisadi, mədəni-maarifçi və gənclər proqramlarının reallaşdırılması məqsədilə" 2013-cü ilin sonunda yaradılan "Cavaxka dəstək" fondu son vaxtlar daha tez-tez gündəmə gəlir. Fondun təsisçiləri arasında Ermənistan müdafiə nazirinin müavini Qurgen Dalibaltyan, "Ayk Avia" aviaşirkətinin rəhbəri Seyran Vansyan, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan və artıq adını dəfələrlə çəkdiyimiz EAK-nın Gürcüstandakı eparxiyasının rəhbəri Vazgen Mirzəxanyan da var. Fond ambisiyalarının miqyasını gizlətmir və yalnız "Cavaxka dəstəyin" qeydiyyatına deyil, həm də bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, Rusiya, Argentina, Livan, İranda da filialların açılmasına nail olmaq əzmindədir. Fondun reallaşdırdığı ən genişmiqyaslı layihələrdən biri Cavaxetiyadakı erməni əhalisinin sayının artırılmasının stimullaşdırılmasıdır - burada ailədə 3 və daha çox uşaq olan ailələrə maddi yardım göstərilir.
Fondun İrəvanda keçirilən toplantılarından birində çıxış elən yepiskop Mirzəxanyan belə bir fikir səsləndirib: "Problemləri vaxtında həll etmək lazımdır. Yoxsa biz məsələni son həddə çatmasını gözləyib yalnız sonra çıxış yolu axtarmağa başlayırıq". Belə görünür ki, "vaxtında həll edilməli olan" problemlərin sırasına Mirzəxanyan yüzlərlə gürcü kilsəsinin EAK-ya verilməsini də əlavə edib. Bu ermənilərin qonşu xalqların torpaqları və mədəniyyət abidələrini mənimsəməsi üçün onlara qarşı həyata keçirdiyi təcavüz istiqamətində daha bir addımdır.
Öz növbəsində, Gürcüstan rəhbərliyi erməni separatizminin yayılması təhlükəsinə imkan verməmək üçün müəyyən tədbirlər görür. Məsələn, "kilsə mübahisəsi"ni müzakirə etmək üçün Gürcüstanın dini məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze İrəvana səfər edib. Onun Tiflisə qayıtdıqdan sonra səsləndirdiyi cümlə isə erməni tərəfinin heç xoşuna gəlməyib: "Ermənistanda gürcü kilsə və məbədləri var və biz onların Gürcüstan Pravoslav Kilsəsinə qaytarılmasını tələb edirik".
Amma hələlik, gürcü siyasətçiləri və ekspertlərinin də etiraf etdiyi kimi, rəsmi Tiflisin konkret hansı siyasi addımları atacağı bəlli deyil. Belə addımlar isə mütləq atılmalıdır. Əvvəla, ermənilərin "kilsə" iddialarının və Samsxe-Cavaxetiyada artan separatizm təhlükəsinin reallaşdırılmasına yol verməmək üçün, ikinci isə Ermənistanla münasibətlərin korlanmaması naminə. Ermənistanla münasibətlərə isə gürcü rəhbərliyi bəzən İrəvanın regional siyasət və iqtisadiyyatdakı real çəkisinə qeyri-adekvat şəkildə - həddindən artıq önəm verir.
"Bizim qonşularımız (ermənilər - "R+") öz xasiyyətlərini dəyişə bilmirlər. İlk baxışdan ancaq yalnız mədəniyyət abidələrinə iddia irəli sürsələr də bunun arxasında planlı şəkildə addım-addım ərazilərimizin anneksiyası gəlir. Məsələn, təsəvvür edin ki, yuxarıda adları çəkilən kilsələr və onların ətrafı, qəbiristanlıqların əraziləri, eləcə də erməni dilinə inzibati statusun tələb olunduğu bütöv Samsxe - Cavaxetiya".
"Erməni kilsəsi Gürcüstan hökumətindən 394 "erməni kilsəsini" tələb edir ", - "Saerto qazeti"
"Artıq Gürcüstanda elə bölgə, elə rayon qalmayıb ki, ermənilərin iddiasına məruz qalmasın. Xüsusi diqqət isə təbii ki, Tiflis şəhərinədir. İndiyə kimi ermənilərin yalnız 5 kilsəyə iddia irəli sürdükləri bəlli idi. Eçmiədzin, doğrudan da, 5 kilsənin onlara verilməsini tələb edirdi, amma erməni eparxiyasının iştahası, sən demə, daha böyük imiş."
"Eçmiədzin gürcü kilsələrinə iddia irəli sürmür?", - "Axali Taoba"
MƏSLƏHƏT GÖR: