İSLAM İLİ
"Bakı - islam mədəniyyətinin paytaxtı - 2009" ilinin açılışı sivilizasiyaların dialoqu məsələsində Azərbaycana ayrılan rolu bir daha təsdiq edir
Müəllif: Sevil KƏRİMOVA Bakı
Fevralın 18-də Azərbaycan paytaxtında tarixi hadisə - "Bakı - islam mədəniyyətinin paytaxtı - 2009" ilinin təntənəli açılışı baş verəcək. Bu barədə qərar Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı (ISESCO) iştirakçısı olan dövlətlərin mədəniyyət nazirlərinin 21-23 noyabr 2007-ci il tarixdə Tripolidə keçirilmiş beşinci konfransının nəticələrinə görə qəbul edilib. Gözlənildiyi kimi, Bakıya açılış mərasiminə ISESCO baş katibi, dünyanın hər yerindən Bakı ilə qardaşlaşmış şəhərlərin merləri, həmçinin müsəlman dövlətlərindən yüksək qonaqlar gələcək.
Həmin gün Muzey Mərkəzində rəsmi saytın, həmçinin "Bakı şəhəri" fotosərgisinin təqdimatı keçiriləcək. 19 fevralda M.F.Axundov adına Mərkəzi Dövlət Kitabxanasında "Köhnə Bakı" kitabının təqdimatı olacaq. İl ərzində ISESCO həftəsinin, İran, Mərakeş və başqa müsəlman ölkələrinin mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. 2009-cu ilin oktyabr ayında isə Bakıda müsəlman dövlətləri mədəniyyət nazirlərinin beynəlxalq konfransı baş tutacaq. Bütövlükdə il ərzində "Bakı - islam mədəniyyətinin paytaxtı - 2009" çərçivəsində Azərbaycanda yüzdən çox milli və beynəlxalq tədbir nəzərdə tutulur.
Xatırladaq ki, 2008-ci il dekabr ayının 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Beynəlxalq dialoq Avropada və qonşu bölgələrdə sülhün və dayanıqlı inkişafın əsası kimi" mövzusunda konfransı keçirilmişdi. Konfransın gedişində Bakı bəyannaməsi qəbul edildi və iştirakçı dövlətlərin, həmçinin mədəniyyətlərarası dialoq sahəsində tərəfdaş dövlətlərin fəaliyyətinin və mədəni əməkdaşlığının inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyuldu. Bu il İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI konfransı baş tutacaq.
Və öz ənənələrinə sadiq qalan Azərbaycan tərəfi "Bakı prosesi" çərçivəsində keçriləcək bu konfransa bir sıra Avropa ölkələrini də dəvət etmək niyyətindədir. Sözügedən tədbirlər, şübhəsiz ki, Azərbaycan mədəniyyətinin təbliğatına xidmət etməklə yanaşı, həmçinin müxtəlif mədəniyyətlərin qovşağında olan Azərbaycanın unikal coğrafi vəziyyətdə olduğunu da sübut edəcək. Əgər SSRİ-nin dağılmasından sonra ölkədə islam dininin geniş yayılması məsələsində, həm də Bakının Qərb dünyasına meyillənməsində islam dövlətlərinin Azərbaycana münasibəti birmənalı deyildisə, indi bizə Şərq və Qərbin eyni torpaqda balanslaşdırılmış şəkildə mövcud ola biləcəyini sübut etməyə ehtiyac yoxdur.
Birmənalı demək olar ki, müstəqillik qazandıqdan sonra Azərbaycan müsəlman ölkəsi imicini bərpa etməyə tam nail ola bildi. Hazırda ölkəmiz bütün islam dünyası ilə mənəvi köklərə dayanmaqla güclü dövlətlərarası münasibətlərə malikdir. Azərbaycan, fəal olaraq İslam Konfransı Təşkilatının və başqa islam qurumlarının işinə qatılır. Buna görə də 2009-cu il üzrə Bakının islam mədəniyyətinin paytaxtı adlandırılması təsadüfi deyil. Son bir neçə ildə Azərbaycanda onlarca yeni məscid tikilib, ibadət yerləri bərpa edilib, dini icma və qurumlar təsis olunub, mədrəsə və başqa dini tədris məktəbləri yaradılıb. Hamısı da 70 illik sovet keçmişində islam ənənələrinin bütün üsullarla məhv və təhrif edildiyi bir ölkədə baş verib.
Hazırda dini təhsil almaq üçün islam ölkələrinə yollanan azərbaycanlıların sayı da az deyil. Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, din Azərbaycan cəmiyyətində - həyatın təsirli amillərindən birinə çevrilir. Bir çox teoloqların fikrincə, bu, ona görə baş verir ki, Azərbaycan xalqı indiyə kimi islamı yadırğamayıb. Əksinə, tarixinin ən çətin mərhələlərində öz dinini qorumağı bacarıb. Gizli də olsa, xalq öz dini ayinlərini yerinə yetirməklə, Ramazan, Qurban bayramlarını qeyd edib, Məhərrəm ayı matəmlərində məscidlərə üz tutub.
Qafqaz bölgəsində baş verən geosiyasi proseslərin fonunda qeyd etmək olar ki, Azərbaycan hazırda bu məsələdə lider mövqeyindədir. Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanda yerləşməsi və ölkənin İslam Konfransı Təşkilatının yığıncaqlarında dəfələrlə ev sahibliyi etməsi buna bariz nümunədir. Burada onu da unutmaq olmaz ki, Azərbaycanda xristian, yəhudi və digər başqa dinlərə qarşı da güclü tolerantlıq mövcuddur, ölkədəki etiqad və din azadlığı, yerli əhalinin başqalarına dözüm-lülüyü artıq dəfələrlə beynəlxalq səviyyədə etiraf edilib.
Qüvvələr nisbətinin daim dəyişdiyi müasir dünyamızın bütün çağırışlarına vaxtında cavab vermək baxımından Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların dialoquna ciddi önəm verir. Bəlkə də elə buna görə də bir sıra dövlətlər anlaşma və regional münasibətlər ideyası çərçivəsində rəsmi Bakıya öz dəstəklərini əsirgəmirlər. Bu cür regional yaxınlaşmalar baxımından Azərbaycan Şərq və Qərbi birləşdirən körpü rolunda çıxış edir.
İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq edən Bakı eyni zamanda "Yeni qonşuluq" proqramı çərçivəsində Avropa ilə də əməkdaşlıqda maraqlıdır. Azərbaycan Qarabağ münaqişəsi məsələsində çox haqlı olaraq hər iki tərəfdən dəstək gözləyir. Bütövlükdə, ekspertlər bu fikirdədirlər ki, son üç ildə Azərbaycanın İslam Konfransı Təşkilatı ilə əməkdaşlığı ən yüksək səviyyəyə yüksəlib. Nəticə göz qabağındadır: təkcə 2005-2006-cı illərdə İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini əks etdirən üç qətnamə yenilənib.
Siyasi anlamda bu, Azərbaycanın ərazi bütövlüyünün şəksiz tanınması, Ermənistanın təcavüzkar sayılaraq, Azərbaycan torpaqlarının dərhal azad olunmasının tələb edilməsidir. Sosial-iqtisadi müstəvidə götürsək məhz İslam Konfransı Təşkilatının qətnaməsi ilə Qarabağ müharibəsi və işğal nəticəsində Azərbaycana vurulan zərərin həcmi müəyyən edilib. Humanitar baxımdan isə sözügedən qətnamələr işğal altında olan ərazilərimizdə və eləcə də indi Ermənistan adlanan ölkədə Azərbaycan xalqına məxsus milli irsin, islami dəyərlərin açıqca məhvinə görə rəsmi Yerevanın sərt şəkildə qınanması deməkdir.
Və bu gün inamla demək olar ki, İslam Konfransı Təşkilatı bundan sonra da nüfuzlu forumlarda Azərbaycanın mövqeyini dəstəkləyəcək. Heç şübhəsiz, "Bakı - islam mədəniyyətinin paytaxtı - 2009" ilinin paytaxtımızda keçirilməsi dövlətimizin islam dünyası ilə əməkdaşlığının daha da möhkəmlənməsində növbəti mərhələ olacaq.
MƏSLƏHƏT GÖR:

515

