14 Mart 2025

Cümə, 20:58

"GÖZƏLLİK" TALİSMANI ALTINDA

Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Avropa Çempionatına qatılmaq üçün 33 ölkənin komandası müraciət edib

Müəllif:

01.02.2009

Azərbaycan bədii gimnastikasının bu il keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi gözlənilir - bu mövsüm Bakıda keçiriləcək Avropa çempionatı ilə yadda qalacaq. 

Xatırladaq ki, eyni turnir Azərbaycan paytaxtında 2 il əvvəl də keçirilmişdi. O zaman Aliyə Qarayeva iplə hərəkətlər proqramında çempion olmuş, milli isə komanda hesabında üçüncü yeri tutmuşdu. Odur ki, komandanın 2 il əvvəlki nəticəni yaxşılaşdırmaq üçün yaxşı imkanı var.

 

Rəqabət yüksəkdir

Beynəlxalq arenalarda əldə edilən nəticələr də göstərir ki, Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Ən azı, bu idman növündə yarışa maksimum sayda lisenziya qazandığımız Pekin Olimpiadasını yada salmaq kifayətdir. Bu, yalnız məşqçilər heyətinin yox, həm də Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyasının (AGF) uğurlu fəaliyyətinin yalnız bir göstəricisidir. 

AGF lap əvvəldən ölkədə gimnastikanın səviyyəsinin Bakıda nüfuzlu turnirlərin təşkili ilə yüksəldilməsi kursu götürüb. Artıq dünya və Avropa çempionatlarına, kuboklara ev sahibliyi etmiş Azərbaycanı tam məsuliyyətlə dünya gimnastikasının mərkəzi adlandırmaq olar. Nəzərə alsaq ki, bu zərif idman ustalarının əsas özəyi məhz Avropada cəmləşib, onda qitə birinciliyində medallar uğrunda rəqabətin çox güclü olduğunu söyləyə bilərik.

Ayrı-ayrı fərdlərdən danışsaq, təbii ki, millinin lideri sürətlə elitaya yüksəlmiş Aliyə Qarayevadır. Avro-2007-də iplə hərəkətlər üzrə qazanılmış qızıl medalı qətiyyən gözlənilməz hesab etmək olmaz. Gimnastımız rusiyalı Olqa Kapranova, Vera Sessin və ukraynalı Anna Bessonovanı üstələməyi bacarıb. "Mən bizim Aliyənin Azərbaycana tarixdə ilk Avropa çempionatı qazandırdığı üçün şadam. Nə vaxt ki bizim qadın idmanında müsəlman ölkəsinin ay-ulduzlu bayrağı ucalır, bu çox rəmzi görünür. Axı bütün medalları cəmi bir dövlət qazanmamalıdır", - deyə Rusiya millisinin baş məşqçisi, bir müddət əvvəl isə bu ölkənin federasiyasına rəhbərliyə başlamış İrina Viner bildirib.

Əlbəttə, gimnastikanın bütün növlərində qızıl uğrunda mübarizə aparmaq hələ ki çətindir. Lakin ayrı-ayrı növlərdə idmançılar yüksək yerlər uğrunda yarışa bilərlər. İki il əvvəlki qitə birinciliyində Aliyənin çıxışı da bunu bir daha sübut edib. Uğurlu çıxışları ilə əsas heyətə düşmək uğrunda mübarizəni gücləndirmiş Anna Qurbanova və Zeynəb Cavadlını da unutmaq olmaz. Dinara Gimatova isə bu ildən məşqçilik karyerasına başlayıb və millinin çalışdırıcısı Mariana Vasilyevaya kömək edir. 

Bu gün artıq Azərbaycan millisinin bütün üzvləri yeni yarış mövsümünə proqramlar hazırlayır. Məşqçilərin sözlərinə görə, bütün məşqlər yeni və kifayət qədər çətindir. Üstəlik, bu idman növündə toppuzla hərəkəti yenidən top əvəz edib.

Ölkənin gənclər komandası da gücləndirilmiş ikidəfəlik məşq proqramına başlayıb. Məşqçi idmançılarımız Səbinə Abbasova, Aelita Xələfova, Nigar Abdusəlimova, Yevgeniya Jidkova və Kamilə Məmmədovaya, həmçinin ehtiyatda olan Nərgiz Əliyeva və Lalə Məhərrəmovaya qaraçı musiqisi sədaları altında 5 lentlə məşq müəyyənləşdirib. Yeri gəlmişkən, əvvəlcə məşqçi komanda ilə qrup halında məşqlər üçün dəvət edilmişdi və komandanı Olimpiadada ən güclü səkkizlik arasına sala bildi. Əsas uğurunu isə o, "Avro-2007"-də - gənclərin dördüncü pilləni tutduğu vaxt əldə etdi.

AGF-nin vitse-prezidenti Altay Həsənov bu haqda deyir: "Komanda ciddi irəliləyişə nail ola bilib. Əvvəllər faktiki olaraq, bizim uğurumuz yox idi və SSRİ-nin dağılmasından sonra qrup halında komandanın da mövcudluğuna son qoyulmuşdu. Lakin cəmi 2 ildə o, yenidən yaradıldı. İşə böyüklərdən ibarət komandadan başlandı və artıq həm böyüklər, həm gənclər dünya və Avopada ən güclü ilk səkkizliyə daxildirlər".

 

Bakı və yeni olimpiya dövrü

Artıq mayın 15-17-də Bakıda keçiriləcək sayca yubiley - 25-ci Avropa çempionatına qatılmaq üçün 33 ölkə ilkin ərizələrini təqdim ediblər. Onların sırasında, təbii ki, Azərbaycan da var. 33 ölkənin gimnastları fərdi turnirlərdə çıxış edəcək. "Avro-2009"-un ilkin cədvəli belə düşünməyə əsas verir ki, çempionatın ilk 2 günündə (mayın 15-16-sı) komanda hesabında Avropa çempionu müəyyənləşəcək. Yarışın sonuncu günündə isə 5 lentlə hərəkətdə ən yaxşı komandanın, həmçinin ayrı-ayrı proqramlar üzrə (ip, çənbər, top və lent) fərdi çempionun adı bəlli olacaq.

Bakıda keçiriləcək "Avro-2009 "yeni olimpiya dövründə ilk vacib yarış olacaq. Qitənin ən yaxşı gimnastlarının yarışı artıq formalaşmış ənənəyə uyğun olaraq, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Bakılı tamaşaçılar dünya bədii gimnastikasının ulduzlarını görmək, mükafatçıların, həmçinin Pekin Olimpiadası iştirakçılarının parlaq çıxışlarını seyr etmək, aşıb-daşan ehtiras və qələbə sevinclərinin şahidi olmaq şansı qazanacaqlar. Bu, müxtəlif ölkələrin bədii gimnastika məktəblərinin son nailiyyətlərini - yeni proqramlar, yeni elementlər - seyr etmək istəyində olan bütün idmansevərlər üçün əla imkandır.

Bakıda keçiriləcək Avropa çempionatının Azərbaycanın milli bayrağının rənglərindən istifadə ilə hazırlanmış rəsmi loqosuna "Emosiyalar girdabı" adı verilib. Axı çempionat heç də yalnız idman tədbiri deyil. Bu, Bakı üçün əlamətdar hadisə, idmançılar üçün arzuların reallığa çevrildiyi, yeni ulduzların parladığı yerdir. Uzun-uzadı məşqlərin, gözləntilərin nəticəsi məhz burada əldə olunur. 

Bakıda keçiriləcək Avropa turnirinin talismanı isə şən və gözəl ahudur. "Gözəl" adlanlırılan talışman çempionatın bütün iştirakçılarını yarış boyu sevindirəcək.

Onu da qeyd edək ki, artıq fevralda Bakıda Avropa Gimnastika İttifaqının (UEG) 2 vacib tədbiri təşkil olunacaq. Qurumun direktoru Manfred Kuxt, həmçinin təşkilatın bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Hayde Bruneder çempionatın Təşkilat Komitəsinin iclasına qatılacaqlar. İclasda turnir iştirakçılarının akkreditasiyası, yerləşdirilməsi, dopinq nəzarəti, həmçinin turnirin TV yayımı, idman kompleksinin təchizatı, yarışa hazırlıqla bağlı hesabat və digər məsələlər müzakirə olunacaq. 

Bundan başqa, Bruneder texniki komitənin iclasını keçirərək həmkarları ilə birlikdə yarışın cədvəlini, onun iştirakçılarının və fəxri qonaqlarının gəlmə tarixlərini təsdiqləyəcək. Bundan başqa, turnirin formatına, gimnastların sayına və gənclərdən ibarət qrup komandalarının heyətinə xüsusi diqqət  ayrılacaq. 

Nəhayət, daha bir vacib hadisə Avropa Çempionatının texniki komitənin üzvləri tərəfindən keçiriləcək püşkatmasıdır.

Bu il keçiriləcək çempionata böyük ümidlər var. Belə ki, Bakı özünü böyük idman turnirlərinin yüksək səviyyədə təşkil edilməsini bacaran şəhər kimi təsdiqləyə bilib. Odur ki, 2007-ci ildə keçirilmiş Avropa birinciliyinin üstündən cəmi 2 il keçdikdən sonra, Azərbaycana daha bir nüfuzlu turnirə ev sahibliyi etmək imkanının verilməsi təəccüblü deyil. Bu yarış gimnastlarımızın ustalıqlarını göstərmələri və 2012-ci il Olimpiadasına lisenziya əldə edilməsi yarışında iddiasını ortaya qoymaları üçün daha bir şans olacaq. Əlbəttə, turnirin ev sahibləri üçün iki il əvvəlki nailiyyətin təkrarlanması çətin olacaq. Lakin Azərbaycanda bədii gimnastika artq müəyyən səviyyəyə yüksəlib və onun ən azı qorunub saxlanması vacibdir. Rəqiblər də yatmayıblar və Rusiya, Ukrayna kimi komandalarla rəqabət elə də asan olmayacaq. 

Bununla yanaşı, komanda qarşısına ən yüksək hədəflər qoymağa və onlara nail olmağa öyrəşib. Odur ki, xüsusilə Avropa çempionatının doğma divarlar arasında keçiriləcəyini nəzərə alsaq, millinin qarşısında yeni məqsədlər qoyulub. 

Evdə isə, məlum olduğu kimi, divarlar da yardım edir.


MƏSLƏHƏT GÖR:

439