14 Mart 2025

Cümə, 21:49

MİN BİR TAPINTI

Neolit və paleolit dövrlərini əhatə edən arxeoloji qazıntılar bütün Azərbaycan ərazisində aparılır

Müəllif:

01.02.2009

Arxeoloqlar 2008-ci ili Azərbaycanın tarix və mədəniyyət abidələrinin aşkarlanması və tədqiqinin yeni mərhələsi kimi dəyərləndirirlər. Məhz bu il Azərbaycan prezidentinin fərmanı ilə ölkə ərazisində arxeoloji tədqiqatların aparılması üçün 1 milyon manat vəsait ayrılıb. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında yeni perspektiv və imkanlar açıb. 

 

Maraq və perspektivlər   

Azərbaycanın orta yüzilliklərə aid edilən arxeoloji abidələri yetərincə əsaslı araşdırılıb. Onların sırasında Şəmkir qalası,  Gəncə, Qəbələ və İmişlidəki qədim yaşayış yerlərinin adı çəkilir. Arxeoloqlar iddia edirlər ki, bu tapıntılar yalnız Azərbaycan üçün deyil, Azərbaycan və onun sakinləri barədə yetərincə məlumata malik olmayan dünya ictimaiyyəti üçün də maraqlıdır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev "Region plus"la söhbətində bildirib ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda arxeoloji materilalların tədqiqi aparılmayıb. 

Maddi mədəniyyət abidələrinin mühafizəsi, demək olar ki, aparılmayıb: "Bu istiqamətdə işlər 90-cı illərin ortalarından aparılmağa başlanıb. Biz qədim arxeoloji abidələrin öyrənilməsi üzrə kiçik layihələr gerçəkləşdirməyə başlamışdıq. İnstitutun ən iri layihəsi Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəmərinin keçdiyi ərazilərdə abidələrin öyrənilməsi olub. Üç-dörd il ərzində 40-dan çox abidəni xilas etmək mümkün olub. Belə işlər "xilas arxeologiyası" adlanır. Bu, Avropada çox geniş yayılıb. İlk öncə bu işlər kəşfiyyat xarakterli idi, ancaq abidələri aşkar etdikdən sonra biz ciddi tədqiqatlara başladıq. Bizim fəaliyyətimiz BTC layihəsinin iştirakçılarından biri - Böyük Britaniyanın "bp" şirkəti tərəfindən maliyyələşdirilirdi". 

Xoşdur ki, hazırda arxeologiyaya gənc və əzmli, Azərbaycanın qədim tarixinin müxtəlif problemlərinə maraq göstərən mütəxəssislər gəlir. F.Quliyev bildirir ki, uzun müddət arxeologiyaya gənc kadrlar gəlməyib. "Bu da maraqlıdır ki, son illər bizim işlərlə Avropa Arxeologiya Mərkəzi də maraqlanmağa başlayıb, qurum Qafqazın qədim tarixi barədə tədqiqatlara xüsusi dəqqət yetirir. Bu bir daha sübut edir ki, Qafqaz hələ əski çağlardan Mesopotomiya və Ön Asiya mədəniyyətləri ilə qədim əlaqələrə malik olub. Avropa Arxeologiya Mərkəzi indiyə kimi Gürcüstan ərazisində işləyirdi. Orada hələ sovet illərindən xarici mütəxəssislərlə yaxşı əlaqələr qurulmuşdu. Həm Gürcüstan arxeoloqları xarici ekspedisiyalarda, həm də xarici arxeoloqlar Gürcüstanda işləyirdilər. Amma son zamanlar vəziyyət dəyişir. Azərbaycan bu baxımdan artıq Avropa arxeoloqları üçün daha cəlbedici görünürlər",- deyə mütəxəssis vurğulayır. 

Bu maraq çox amillərlə bağlıdır. Əvvəla, Azərbaycan ərazisində tapılan arxeoloji abidələr Gürcüstan və Ermənistan ərazilərində tapılmış abidələrə uyğundur. Ancaq bizim abidələrin fərqi əldə edilmiş qazıntı materiallarının daha çox məlumat verməsindədir. İlk öncə belə abidələr sırasına Kür çayının hövzəsində tapılmış abidələr aid edilir. Onların böyük bölümü qədim əkinçilik sənəti ilə bağlıdır. Bu erkən çoxlaylı məskənlər Qafqazın və Azərbaycan ərazisinin erkən əkinçilik mədəniyyətidir.

 

Böyük tapıntı

Ötənilki tapıntılar arasında ən önəmlisi kimi Tovuz rayonunun Aşağı Quşçu kəndi yaxınlığında aşkar edilmiş Göytəpə yaşayış yerini göstərmək olar. Göytəpə arxeoloji abidəsinin ərazisi 2 hektardır. Quliyev bildirib ki, Fransa mütəxəssisləri ilə birgə aparılmış radiokarbogen analiz bu tikilinin bizim eradan qabaq 6-cı minilliyə aid olduğunu ortaya çıxarıb. Çiy kərpicdən bir-birinə çox yaxın tikilmiş komplekslər, yaşayış evləri, təsərrüfat tikililəri aşkar edilib. Tikililər yuvarlaq sistemlə və düzbucaqlı planlaşdırılıb. "Göytəpə" yerli əhalinin ilkin oturaq həyat tərzi və əkinçiliklə məşğul olma çağlarına aid edilir. O, tarix və mədəniyyət abidələri siyahısına salınıb, dövlət tərəfindən qorunmaya alınıb. 

Hazırda Gürcüstan ərazisində oxşar abidənin tədqiqatı aparılır. Orada işləyən mütəxəssislərin sözlərinə görə, Göytəpə daha çox məlumat verir.  "Azərbaycandakı qədim məskən daha yaxşı saxlanıb və yaxşı struktura malikdir. O, günbəz şəklindədir və işlər başa çatdığı zaman daha çox məlumat əldə etmiş olacağıq. Biz hələ ki üst layı qazmışıq. Yekun məlumatı isə bu unikal abidənin aşağı laylarını qazdıqdan sonra əldə edə bilərik",- deyə sözügedən arxeoloji ekspedisiyaların rəhbəri olmuş F.Quliyev vurğulayır.

O həmçinin bildirib ki, Tovuzda aparılmış qazıntılar zamanı tunc əsrinin eneolit dövrünə aid edilən kurqan və qədim məskən aşkar edilib. Kurqanın altında səkkiz insan skeleti aşkar edilmiş dəfn yeri tapılıb. Arxeoloq qeyd edib ki, skeletlər eyni ailəyə və soya aid edilir. "Bu dəfn qalıqları həmin dönəmin mədəniyyətini, dini ənənələrini araşdırmaq baxımından qiymətli tapıntıdır. Dəfn yerində qazıntılar davam etdirilir və biz ehtimal edirik ki, burada başqa ailələrə və soylara aid qəbirlər də ola bilər. Qəbirlərin yanında həmin dövrün çini qabları tapılıb",- deyə o, fikirlərini bölüşür. 

Aşkar edilmiş başqa abidə isə eneolit dövrünə adi edilir. Bu zaman metalların emalı üzrə texnologiyada işlədilən çox sayda əşya tapılıb. "Bu onu göstərir ki, həmin vaxt burada nəinki metal hazırlayıblar, həm də onu başqa ölkələrə göndəriblər. Bu da eneolit dövründə bu yaşayış yerlərinin böyük önəm daşıdığından xəbər verir",- deyə arxeoloq bildirir. Bu tədqiqat işləri eneolit dövrünə aid abidələrin öyrənilməsi üzrə layihə çərçivəsində Azərbaycan və Fransa arxeoloqları tərəfindən birgə aparılıb. 

Alim bir daha qeyd edib ki, qədim sivilizasiya mərkəzlərindən biri kimi Azərbaycanın arxeoloji abidələrinin tədqiqatı Avropanın aparıcı arxeologiya institutlarında maraq doğurur. Avropanın tanınmış elmi mərkəzləri ilə birgə iş bunun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq imkanı verir. Həmçinin, çağdaş texnologiyaların öyrənilməsi, milli arxeologiyada və qazıntılar zamanı tətbiqi yalnız xarici mütəxəssislərlə sıx əməkdaşlıq şəraitində mümkündür. 

"Bununla bağlı, Şəmkir rayonunun Qaracəmirli kəndində işləyən alman və gürcü arxeoloqlarını yada salmaq yerinə düşər. Münhen Muzeyinin, həmçinin Almaniyanın Halle Universitetinin mütəxəssisləri də Azərbaycanda işləyiblər. Fransa mütəxəssisləri keçən il Azərbaycan arxeoloqları ilə birgə Mesopotomiya və Azərbaycan arasında bizim eraya qədər IV minilliyə aid sıx əlaqələri araşdıraraq, böyük iş görüblər",- deyə arxeoloq bildirib. 

Söhbətimizin sonunda öyrəndik ki, bu il Azərbaycan və Yaponiya alimləri tərəfindən Qafqazın ən qədim yaşayış məskəni olan Göytəpə abidəsinin birgə tədqiqatı planlaşdırılır. "Tokio Universitetinin arxeoloqları Azərbaycanın qədim yaşayış məskənlərindən tapılanlara böyük maraq göstəriblər. Suriyada və Yaxın Şərq ölkələrində uzun müddət işləmiş yapon mütəxəssisləri Göytəpə qazıntıları zamanı aşkarlanmış materiallarla işləmək barədə istək bildiriblər. Onlardan bəzilərini müvafiq analizlər keçirilməsi üçün götürüblər", - deyə F.Quliyev bildirib.

Sonda qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Berlin Arxeologiya İnstitutunun Avrasiya şöbəsi arasında gələcək əməkdaşlıq barədə saziş bağlanıb. 


MƏSLƏHƏT GÖR:

398