14 Mart 2025

Cümə, 21:39

İSTİFADƏSİZLİK LAYI

Ölkə alimləri iddia edirlər ki, Azərbaycanda bir çox təbii ehtiyat yataqları istifadə edilmir

Müəllif:

01.02.2009

Görünür, Tanrı Azərbaycanı yaradanda çox yaxşı əhval-ruhiyyədə olub, ona bu qədər var-dövlət verib. Yox, bu heç də səthi mülahizə və ya ortadüşüncəli birinə məxsus boşboğazlıq deyil. Çox vaxt öz elmi sübutlarında da alimlər bu cür lirik deyimlərdən istifadə edirlər, Vətənimizin yerüstü və yeraltı zənginliklərini Azərbaycan fenomeni adlandırırlar. Bunu hətta hamıya bəll olan bir faktı - planetdə mövcud 11 iqlim zonasının 9-nun Azərbaycanda müşahidə edilməsinin, ölkədə subtropiklərdən tutmuş, yüksək alp çəmənliklərinə kimi dəyişən iqlim zonalarının olmasını yada salmadan da bacarırlar. 

Bəs onda bizim nəyimiz çatmır? Bəlli olur ki, elementar təsərrüfatçılıq və ya indi dəbdə olan tərzdə desək, səmərəlilik. Əgər sovet illərində Azərbaycanın zənginliklərinin sənaye üsulu ilə istifadəsinin öyrənilməsi sahəsində respublikanın ən yaxşı ağıl sahibləri məşğul idilərsə, indi bu sahə üzrə işlər yalnız 20 faiz səviyyəsində görülür. SSRİ-nin dağılmasından sonra isə sovet illərində aparılmış elmi araşdırmaların həyata keçirilməsindən danışmağa belə dəyməz. Bu məsələdə ölkə alimlərinin bir fikri var - tədqiqatları bərpa etməyin vaxtı çatıb və bununla bağlı yaranacaq suallara səmərəli yanaşmaq lazımdır.

Öz məqalələrində "Region plus" dəfələrlə ölkənin palçıq vulkanlarının praktiki istifadə məsələlərini qaldırıb. Əgər əvvəllər dünyanın palçıq vulkanlarının 50 faizinin Azərbaycanda yerləşdiyi bildirilirdisə, ölkə alimlərinin son araşdırmalarına görə, bu rəqəm 70 faizə çatır. 15 avqust 2007-ci il tarixdən isə ölkə prezidentinin sərəncamı ilə palçıq vulkanları dövlət qoruqlarına aid edilib.   

Onların turistlərin baş çəkdiyi təbii abidələr siyahısına salınması da nəzərdə tutulub. Amma həmin sərəncamın verilməsindən bir il keçməsinə baxmayaraq, təcrübədə sənədin gerçəkləşdirilməsi hələ ki görünmür. Məmurlar səviyyəsində Qobustanda ölkənin ilk palçıq vulkanı qoruğunun yaradılması barədə söhbətlər gedir. Bu barədə məlumat verən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, hazırda hökumət bu məsələyə baxır. "Əlbəttə, palçıq vulkanlarını təbii abidələr sırasına aid etmək olar və belə bir təcrübə Abşeron yarımadasında artıq var, amma bu, heç də onların mühafizəsini təmin etmir",- deyə Bağırov vurğulayıb. 

Nə etməli? Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyatlar üzrə Milli Xidmətinin Mineral Xammal İnstitutunda direktor müavini işləyən, amma həyatının böyük hissəsini Azərbaycan SSR Dövlət Plan Komitəsində işə həsr etmiş, əməkdar geoloq Vasif Xəlilzadənin sözlərinə görə, palçıq vulkanlarının turizm potensialı üçün istifadəsi barədə məsələ onlar tərəfindən hələ 2002-ci ildə qaldırılıb. 

"Qoruqların yaradılması və onların xarici turistlərin baş çəkməsi üçün nəzərdə tutulan obyektlər siyahısına salınması ölkənin müvafiq qurum və xidmətlərindən müəyyən tədbirlər görülməsini tələb edir. Özü də nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisində dünyada olan palçıq vulkanlarının bütün növlərinə rast gəlinir. Həm də sadəcə turizmdən danışmaqla kifayətlənmədən, palçıq vulkanlarına peşəkar marşrutlar da təşkil etmək mümkündür. Məsələn, ABŞ-da bu cür peşəkar marşrutlar dünyanın ən dərin dərələrindən biri olan Qrand-kanyonun öyrənilməsi üçün yaradılıb. Əminəm ki, normal xidmət və müvafiq istirahət şəraiti yaradılarsa, normal reklam təmin edilərsə, tezliklə müştəri əlindən tərpənmək olmaz. Ancaq bunun üçün işləmək və təşəbbüs göstərmək lazımdır. Prezidentin sərəncamından sonra qoruqlar öz-özünə yaranan deyil ki?.." - deyə alim vurğulayır. 

Palçıq vulkanlarının istifadəsinin indiki vəziyyəti isə alimdə təəssüf və hiddət doğurur: "Yerli hakimiyyət orqanları və müvafiq idarələr baş vermiş özbaşınalıq hallarını tezliklə araşdırmalı və tədbir görməlidirlər. Bəzən yerli orqanlar palçıq vulkanı məhsullarının talan edilməsinə şərait yaradırlar".  

Vulkan təpəciklərinin praktiki istifadə perspektivlərindən danışan Vasif Xəlilzadə bildirib ki, ötən yüzilliyin 70-ci illərində Azərbaycanda palçıq kütləsinin tibbdə işlədilməsi üzrə böyük işlər görülüb. Ölkədə bu işlərin əsası tibb elmləri doktoru Fərid Əfəndiyev tərəfindən qoyulub. O, bütün yaradıcı həyatını palçıq vulkanlarından istifadə ilə müalicə üsullarının öyrənilməsinə, tətbiqinə və geniş təbliğatına həsr edib. 

Onda palçıq vulkanı məhsullarına gələcək tələbatın artacağı nəzərə alınaraq, qısa müddətdə Həmkarlar İttifaqları Şurasının Kurort İdarəsinin adı o dövrün dəbi ilə rusca "Azqeokaptajminvod" olan hidrogeoloji ekspedisiyasının yanında xüsusi bölmə yaradılıb. Həmin bölmə quru vulkan palçığının Mərdəkandakı sənaye sahəsinə gətirilməsi, üyüd-ülməsi, qablaşdırılması, həm açıq, həm də 1 kiloqramlıq qablarda satılması ilə məşğul idi. Bu da onları ev şəraitində istifadə etməyə imkan verirdi. Vulkan palçığı bir sıra xüsusi xəstəliklərin müalicəsi baxımından yüksək səmərəlidir və ölkənin bir sıra sağlamlıq mərkəzlərində geniş tətbiq edilib. Bu işə həmin illərdə Rusiyanın və SSRİ-nin başqa bölgələrinin alimləri də cəlb edilib. 

"Azərbaycanda vulkan palçığı üzrə dağ-mədən sahəsi yaradan zaman biz əmin idik ki, tez bir zamanda Azərbaycanın vulkanik müalicə palçığı dünya bazarına çıxacaq, amma bu, baş vermədi. SSRİ dağılandan sonra hasilat sahəsi bağlandı və xammalla təchizatda problem yarandı. Vulkan palçığı məhsullarının keyfiyyəti pisləşdi. Hazırda "Afrodita" ASC-nin fəaliyyət göstərməsinə və onun məhsullarının Türkiyədə, Rusiyada məşhur olmasına baxmayaraq, bütövlükdə Azərbaycanda vulkanik süxurlar əsasında müalicə sahəsi fəaliyyətsiz haldadır. Demək olar ki, heç kim mərkəzləşdirilmiş qaydada üyüdülmüş xammal təchizatı ilə məşğlul olmur. Ötən yüzilliyin 70-80-ci illərində isə bu məsələ təşkil edilmişdi. Halbuki onda palçıq rəmzi qiymətə - kiloqramı 50 qəpikdən satılırdı. İndi isə 300 qramlıq kosmetoloji maz 5 manata satılır. Bu, əsaslandırılmayan yüksək qiymətdir. Bəlkə də kosmetoloji baxımdan əlverişli qiymətdir, amma bu məhsulun iri istehlakçıları nə etsinlər?" - deyə Vasif Xəlilzadə sual verir. Alimin fikrincə, ölkə ərazisində bu qədər çox sayda palçıq vulkanı olduğundan, iki-üç sönmüş və artıq son 100 ildə fəaliyyət göstərməyən palçıq vulkanı ayırmaq və onlarda dağ-mədən sahələri təşkil etmək elə də çətin olmaz.

"Bu gün palçıq vulkanlarının ilkin vəziyyətdə qalmasının tərəfdarları tez-tez mətbuatda çıxış edərək, bildirirlər ki, palçıq vulkanlarının tullantı məhsulları yerli əhali və ayrı-ayrı firmalar tərəfindən tikinti sənayesində istifadə etmək üçün vəhşicəsinə talan edilir.  Mən də bunun əleyhinəyəm, amma niyə bu təcrübədən istifadə etməyək və tullantı məhsullarının xammal kimi sınağını təşkil etməyək?  Mən əminəm ki, qum-gil fraksiyalardan ibarət bu materialı çox uğurla sement istehsalında istifadə etmək mümkündür. Bu çox önəmli məsələ ilə Tikinti Materialları Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Sənaye Nazirliyi məşğul olmalıdır. Məsələ müsbət həll olunarsa, palçıq vulkanlarının nəhəng tullantıları üçün iri istehlakçı tapılar, həm də ölkənin sementə olan tələbatı əsaslı şəkildə həll olunar", - deyə Vasif Xəlilzadə vurğulayır. 

Vulkan palçığını torpağın keyfiyyətini yaxşılaşdırmaq üçün də istifadə etmək mümkündür. Palçıq vulkanı süxurlarının mineraloji və kimyəvi tərkibi, qırılmış qumlu fraksiyalarının Abşeronun qumlu qruntuna əlavə edilməsi bu qumları gilləşdirmə və müxtəlif cür mikro və makroelementlərlə zənginləşdirmə hesabına münbitləşdirə bilər, onları əkin üçün yararlı hala salar. Xəlilzadə düşünür ki, vulkan palçığının bu cür işlədilməsi sənaye və kənd təsərrüfatı sahələrinə daha çox insan cəlb edilməsinə, ölkənin sosial-iqtisadi durumunun gücləndirilməsinə və büdcə gəlirlərinin artmasına səbəb ola bilər. "Palçıq vulkanı süxurunun tərkibində olan yüksək konsentrasiyalı sezium, stronsium, bor, litium və s. elementləri də çıxarmaq olar. Ancaq bunun üçün ekoloji təmiz və yüksək rentabelli texnologiylar işlənilməsi lazımdır",- deyə alim vurğulayır. O, ölkə hökumətinə, tədqiqatçılara və müvafiq idarələrin mütəxəssislərinə müraciət edərək, onları Azərbaycanın çoxmilyardlıq ehtiyatlarının praktiki istifadəsi üçün imkanlar axtarmağa çağırır. 

"Metal və qeyri-metal faydalı qazıntıların, demək olar ki, bütün sənaye-genetik tipləri bizim ölkədə mövcuddur. Bu onu göstərir ki, bizim zənginliyimiz yalnız neftlə məhdudlaşmır. Təəssüf ki, hazırda "Azərbaycanalüminium" ASC, Gəncə Gil Torpaq Kombinatı, "Sumqayıtəlvanmetal" İB tam gücü ilə işləmir. Halbuki sovet illərində respublikada 200 min tonluq Daşkəsən (Zəylik) alunit və dəmir filizi yatağının bazasında alüminiumun əldə edilməsinin tam tsikli - filiz çıxarılmasından elektrolit istehsalı yolu ilə xam alüminiumun alınmasına kimi təşkil edilmişdi.  Hazırda Azərbaycan konsentratın son məhsula çevrilməsi üzrə istehsal sahəsi olmaması üzündən dəmir filiz konsentratlarını ixrac edir. Biz vəsaitlərin çox hissəsini Qvineyadan boksit alınmasına yönəldirik və öz alunit yataqlarımızı istismar etmirik. Halbuki sovet illərində biz Gəncə Gil Torpaq Kombinatında alunitlərin emalı üzrə ekoloji əsaslandırılmış texnologiya işləmişdik. Özü də bu texnologiya alunit tullantılarının sənayedə utilizasiyasını da nəzərdə tuturdu. Hazırda biz sovet illərində toplanmış qiymətli alunit tullantılarının üzərinə boksit tullantıları da atırıq. Halbuki boksit tullantıları sənayedə işlədilmək baxımından heç nəyə yaramır, sadəcə qiymətli alunit tullantılarını da korlayır",- deyə o vurğulayır.    

Alim qeyd edir ki, alunitlər emalının yalnız Azərbaycanda aparıldığı üçüncü növ alüminium filizidir: "Bizim bu gün alüminium və son məhsul alınması üçün bu nəhəng yataqdan istifadə etməməyimiz cinayətdir".  Xəlilzadə/, həmçinin,  II Dünya müharibəsi illərində "Şimali Daşkəsən" kobalt yatağının daşıdığı  önəmdən, XIX yüzilliyin ortalarından başlayaraq Azərbaycanda dağ-mədən istehsalının inkişafında Gədəbəy mis yatağının oynadığı roldan danışıb. Həmçinin, onun sözlərinə görə, XX yüzilliyin 60-cı illərində kolçedan-polimetallik və mis-pirrotin yataqlarının açılması yalnız Qafqaz üzrə deyil, həm də bütün MDB məkanı üzrə çox önəmli hadisədir və həmin yataqlardan biri də Filizçayda yerləşir. Həmin yataq tam tsiklli dağ-metallurgiya kompleksi yaratmağa imkan verir. 

"Çoxsaylı qızıl, civə və molibiden yataqları var ki, onların sənaye baxımdan önəm kəsb etməsi artıq hesablanıb. Dağ-kimya və aqrokimya xammal yataqları (daş duz, seolit, dolomit); qara metallurgiya üçün qeyri-filiz xammalı (flyuslu əhənglər, bentonit gilləri, təkrar kvarsitlər və s.); tikinti materialları və alternativ yanacaq-energetika xammalı (daş kömür, yanar şistlər və s.) yataqları da var. Qeyd edək ki, "Region plus" 2008-ci ilin 6-cı sayında nəhəng seolit yataqlarının kənd təsərrüfatı üçün böyük önəmindən ətraflı yazmışdı.    

Azərbaycanda 736 mln ton daş duz, 130 mln ton dolomit, 130 mln ton kimyəvi təmiz əhəng, 100 mln tondan çox bentonit gili ehtiyatları var. Seolit ehtiyatları da sənaye üzrə əhəmiyyətli dərəcədədir. Həmçinin kalsium duzları, metallurgiya maqniumu əldə etməyə, onları neft sənayesində, kənd təsərrüfatında və başqa sahələrdə istifadə etməyə imkan yaradan xammal ehtiyatları da var. 

Bununla yanaşı, Azərbaycanda yetərincə dəmir marqans filizləri var ki, onları müəssisələrin tullantılarının təmizlənməsi üçün material kimi istifadə etmək olar. Bunun üçün heç də bahalı xarici avadanlıq almağa ehtiyac yoxdur. Ancaq bu, tamam yeni bir məsələdir. Və Azərbaycanın neftsiz də keçinməyə və zənginləşməyə imkan verən istifadə edilməmiş ehtiyatları haqqında heç də son əhvalat deyil; başlıcası, elmtutarlı layihələr, ciddi hesabat və səmərədir. 


MƏSLƏHƏT GÖR:

437