
İŞ QAÇMASA DA, İŞ YERİ QAÇA BİLƏR
Azərbaycan qlobal böhran şəraitində iş yerlərini itirməməyə çalışır
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
İşsizlik dalğası dünyanı bürüyüb. Qlobal maliyyə böhranı dünyanın bir çox inkişaf etmiş ölkələri üçün sosial böhrana çevrilib. Bu yaxınlarda Avropanın və ABŞ-ın iri korporasiyaları dərinləşən iqtisadi tənəzzül şəraitində xərclərini azaltmağa çalışaraq, 76 min iş yerinin ixtisara düşməsi barədə açıqlama yaydılar. "Caterpillar", "General Motors", "Sprint Nextel", "Texas Instruments" və "Home Depot" kimi Amerika şirkətləri işçiləri qovanlar siyahısında başda gedirdilər. Bu məsələdə "Pfizer" əczaçılıq şirkəti də fəal olub və "Wyeth"lə birləşmədən sonra 19,5 min adamın iş yerini itirəcəyini bəyan edib. Avropada işçiləri ixtisara salmaq sarıdan Hollandiyanın iri elektronika istehsalçısı "Philips", "ING" maliyyə qrupu və Hindistanin "Tata Group"una məxsus İngiltərə-Hollandiya poladəritmə şirkəti "Corus" öndə gedir.
Yüksək gərginlik altında
Kütləvi işsizlik dünya maliyyə böhranının ən ağır sonuclarından biridir. Əksər hallarda ixtisarlar haqqında xəbərlər 2008-ci ilin oktyabr-dekabr aylarının zəif rüblük göstəricilərindən və ya 2009-cu il üçün pessimist proqnozlarından sonra gəlməyə başlayıb. Beynəlxalq Əmək Təşkilatının Tədqiqat İnstitutunun başçısı Reymond Torres bildirib ki, 1990-cı illərin əvvəli ilə müqayisədə indiki tənəzzül zamanı iş yiyələri iş yerlərini daha sürətlə azaldırlar. "Biz depressiyanın çıxılmaz tilsim dairəsinə düşmüşük, iş yerlərinin itirilməsi istehlakın azalmasına, iş etibarının aşağı düşməsinə səbəb olur, daha sonra investisiyalar azalır ki, bu da növbəti dəfə iş yerlərinin ixtisarı ilə nəticələnir",- deyə Torres vurğulayıb.
Azərbaycanın qonşularında da gərgin vəziyyət müşahidə olunur. Rusiyanın aparıcı kadr agentliklərinin mütəxəssisləri qeyd edirlər ki, yanvarda maaşların səviyyəsi 2008-ci ilin dekabr ayının səviyyəsində olub. Həmçinin proqnozlaşdırırlar ki, artıq 2009-cu ilin birinci rübündə iş yiyələri öz işçiləri üçün ayrılan pul vəsaitlərini azalda bilərlər. "Biz 2009-cu ildə əmək haqlarının səviyyəsinin aşağı düşəcəyini proqnozlaşdırırıq. Bir çox şirkətlər hələ ki bu qərarı verməyə hazır deyillər. Ancaq böyük ehtimalla 2009-cu ilin birinci rübündə baş verəcək düzəlişlər həm maaş, həm də mükafat hissəsinin azaldılmasını nəzərdə tutacaq",- deyə "İnterfaks"a "Ankor" kadr holdinqinin rekrutment üzrə direktoru Tatyana Baskina bildirib.
2008-ci ilin dekabr ayında Rusiyada işsizlərin ümumi sayı noyabra baxanda 511 min nəfər artaraq, ayın sonuna kimi 5,8 milyon nəfərə çatıb. Rusiya hökuməti bu ildən xaricilərin pərakəndə satış ticarətində çalışmasını qadağan edən qərar qəbul edib. Bu isə o deməkdir ki, Azərbaycandan getmişlər də daxil olmaqla, bu sahədə çalışan əmək miqrantlarınin çoxu tezliklə iş yerlərini itirəcəklər və geri dönməyə məcbur olacaqlar. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin hələ ki narahatlıq üçün heç bir əsas olmadığını bəyan etməsinə baxmayaraq, Azərbaycan bazarında da gərginlik yarana bilər.
Rəqəmlər və faktlar
Bununla yanaşı, son iki ayda mətbuatda mütəmadi olaraq Azərbaycanın iri müəssisələrində kütləvi ixtisarlar barədə məlumatlar yayılır. Bu sahədə ilkin addım atanlardan biri kimi Azərbaycanın aparıcı poladəritmə şirkəti "Baku Steel Company"ni göstərmək olar. Bu şirkət mindən çox işçisini məzuniyyətə göndərib. "Hazırda zavodda istehsal dayandırılıb. Bu, istehsal üçün lazım olan həcmdə metal əldə edilməməsi ilə bağlıdır", - deyə şirkətin təmsilçisi vəziyyəti şərh edib.
Məsələ bundadır ki, metal qırıntısı satanlar "Baku Steel Company" tərəfindən təklif edilən qiymətlərlə razı deyillər. Belə ki, əvvəllər zavod 1 ton metal qırıntısını 200 manata alırdı, indi qiyməti 115 manata endirib ki, bu da zavodun satdığı armaturun qiymətinin ucuzlaşması ilə bağlıdır. Bundan başqa, Sumqayıtda yerləşən "Azərboru" zavodunun 250 işçisi məcburi məzuniyyətə göndərilib. Məhsulları əsasən Rusiya və Qazaxıstana göndərilən bu müəssisədə böhran üzündən iş dayandırılıb. Daha 1500 işçi isə "Akkord" tikinti şirkəti tərəfindən məzuniyyətə göndərilib. Yaranmış durumun əsas səbəbi şirkət tərəfindən gerçəkləşdirilən bir sıra layihələrin dayandırılmasıdır.
Azərbaycanın bir neçə şirkətlərində işçilərin sayının azalmasının qlobal maliyyə-iqtisadi böhranla bağlı olmasını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev da, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da etiraf ediblər. Mehbalıyevin sözlərinə görə, hazırda AHİK işçilərin kütləvi məcburi məzuniyyətə göndərilməsi faktlarını öyrənir və bu məsələyə həsr edilmiş xüsusi yığıncaq keçirmək istəyir.
"Bəllidir ki, Azərbaycanın iqtisadiyyatı dünya iqtisadiyyatına sıx inteqrasiya edib və maliyyə böhranının təsirləri ölkə iqtisadiyyatından yan keçə bilməzdi. Biz prioritetləri müəyyən edərək, ölkə iqtisadiyyatında və məşğulluğun strukturunda dəyişiklikləri öyrənirik və öz siyasətimizi elə qurmalıyıq ki, iş fəallığını canlandırmağa imkan verən tədbirlər planını yerinə yetirə bilək",- deyə öz növbəsində Füzuli Ələkbərov bildirib. Bununla yanaşı, o bildirib ki, ixraca yönəlik müəssisələr fəaliyyətlərinin bərpası ilə bağlı olaraq, 3 minə yaxın işçini geri qaytarıblar.
Hazırda Azərbaycanda 52,1 min müəssisə fəaliyyət göstərir. Bunların 156-da 1000-dən çox işçi çalışır. 50 minə yaxın müəssisənin isə orta hesabla 100 işçisi var. Əmək Nazirliyi 3463 müəssisə ilə işçilərin vəziyyətini - onlarda ixtisarlar, işçilərin pulu ödənilməyən məzuniyyətə göndərilib-göndərilməməsi barədə məlumatları öyrənmək üçün əlaqə saxlayır.
"Onlarda 244 min işçi çalışır, təxminən 2 min adamın əmək müqaviləsi dayandırılıb ki, bu da məşğulların ümumi sayının 0,86%-ni təşkil edir. 2%-dən çox işçi isə pulu ödənilməmiş müddətsiz məzuniyyətə göndərilib. Bundan başqa, bu müəssisələrdə işçilərin 0,98%-nin ixtisarı gözlənilir", - deyə nazir vurğulayıb.
"Xoş gəlmisiniz" və ya "Kənar şəxslərin girməsi qadağandır"?
Əmək miqrantları ilə məsələ isə ayrı məsələdir. Özü də əgər əvvəllər bizdə bu anlayış səslənəndə yalnız Rusiyaya və ya başqa MDB ölkələrinə qazanc dalınca getmiş həmvətənlərimiz başa düşülürdü, indi isə Azərbaycanın özü miqrantlar qəbul edir. Son məlumatlara görə, respublikada leqal əmək fəaliyyəti ilə 4367 xarici məşğuldur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mirqasiya İdarəsinin rəisi Rauf Tağıyev bildirib ki, ölkədə leqal əmək miqrantlarının çoxu Türkiyə vətəndaşlarıdır. İkinci yerdə İngiltərə vətəndaşları gəlir.
R.Tağıyevin sözlərinə görə, leqal əmək miqrantlarının 70%-dən çoxu iqtisadiyyatın neftdənkənar bölməsində məşğuldurlar. Çindən, ərəb ölkələrindən gəlmiş qeyri-leqal miqrantlar haqqında da bunları demək olar. Ancaq görünür, tezliklə Azərbaycana gəlmək elə də asan və ucuz olmayacaq. Hazırda hökumət ölkədə fərdi fəaliyyət üçün icazə almaq istəyən xarici vətəndaşlar üçün dövlət rüsumunun qaldırılması üçün təklifə baxır. Dövlət rüsumunun 45 manatdan 1000 manata qədər artırılması düşünülür. Dövlət rüsumunun ölçüsünün qaldırılmasının rəsmi məqsədi Azərbaycan bazarına lazımsız və qeyri-leqal fəaliyyətlə məşğul olan işçi qüvvəsinin cəlb edilməsinin qarşısını almaqdır. Ancaq bir sıra ekspertlərə görə, hökumətin bu istəyi böhran şəraitində yerli əmək bazarını sığortalamaq və öz əmək miqrantlarımızın vətənə qayıdışına şərait yaratmaqdır.
Rusiya statistikasına görə, miqrant Rusiyada orta hesabla 25 ay işləyir. Bu müddət ərzində orta statistik azərbaycanlı miqrant evə $5825 göndərir. Rusiyada rəsmi qeydə alınmış azərbaycanlı miqrantların sayı 69 minə çatır, bəlli olduğu kimi qeyri-leqalların sayı daha çoxdur. Doğrudur, miqrantlar tərəfindən göndərilən vəsaitlərin xüsusi çəkisi Azərbaycan ÜDM-nin 1%-ə belə çatmasa və Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməsə belə, müəyyən ailələr üçün bu, əsas dolanışıq vasitəsidir. Və bu mənbəyin itirilməsi miqrantların vətənə dönməsindən sonra iş tapa bilməməsi halında ciddi sosial problemə çevrilə bilər.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmindirlər ki, miqrantların vətənə kütləvi köçü olmayacaq. "Belə fikirlər əvvəllər də olub, iki il bundan qabaq Rusiyada ticarət sahəsində məhdudiyyətlər barədə oxşar qərarlar qəbul edilən zaman bu cür ehtiyatlanmalar təsdiq edilmədi. Mümkündür, bizim həmvətənlərin müəyyən hissəsi geri qayıdacaq, ancaq vətənə qayıdan zaman onlar işlə təmin ediləcək",- deyə F.Ələkbərov vurğulayıb.
Özü də nazirin sözlərinə görə, Rusiyada vətənə geri qayıtmış həmvətənlərimizin biri bəzən həm özünü işlə təmin edir, həm də 5-10 nəfərə də iş verir, yəni öz işini açır və xırda sahibkara çevrilir. Və maraqlıdır ki, əsasən onlar doğulduqları regionlara can atırlar, bu da Bakının əmək bazarının "yüklənməsi"nin qarşısını müəyyən qədər almağa imkan verir. "Biz əgər hər bir kənddə infrastruktur layihələri gerçəkləşdirsək, mən əminəm ki, əhalinin müəyyən hissəsi öz doğma kəndlərinə dönəcək", - deyə F.Ələkbərov vurğulayıb.
Beləliklə, Azərbaycanın kütləvi ixtisarlardan və əmək miqrantlarının vətənə dönməsinin mənfi təsirlərindən can qurtarmağa hər cür imkanı var. Özü də son 5 ildə ölkədə yetərincə iş yeri açılıb ki, bu, hətta Böyük Depressiya dönəmində belə, optimist olmağa imkan verir.
MƏSLƏHƏT GÖR: