14 Mart 2025

Cümə, 20:58

HƏLƏ Kİ SİLAHLAR "DANIŞMAYIB"…

Görəsən, doğrudanmı, Moskva ATƏT-in sülhməramlı missiyasını pozmağa ümid edir?

Müəllif:

01.02.2009

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar növbəti mərhələsinə qədəm qoyub. Artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və Bernar Fasye (Fransa) həm Bakıda, həm də Yerevanda olublar. 

Vasitəçilərin regiona səfəri Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlə başlayıb. Bundan sonra Yerevana yollanan həmsədrlər əvvəlcə oradan Xankəndinə baş çəkməyi planlaşdırsalar da, bu baş verməyib.

Vasitəçilərdən səfərin nəticələri haqda hər hansı geniş açıqlama gözlənmirdi: diplomatlar hər səfərdən sonra "Dağlıq Qarabağ münaqşişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı mərhələsinə dair məsələlər müzakirə edilib", "Biz tərəflərin prosesi irəliyə aparılmasına hazır olduqlarını hiss etdik"  kimi ifadələrlə kifayətlənirlər. 

Bir sözlə, Levon Ter-Petrosyanın istefası diplomatlara çox şey öyrədib.

Nəzərə alsaq ki, vasitəçilərin budəfəki səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili idi, onda onların səfərlərinin uğurlu alındığını əminliklə söyləmək olar: həm İlham Əliyev, həm də Serj Sarkisyanın Davos forumu çərçivəsində bir araya gəlməyə razılıq verməsi ilə Paris prosesi bərpa olunub. Həmsədrlərə inansaq, danışıqlar prosesi Madrid sənədi əsasında davam etdirilir. "Mən hər iki ölkənin ictimaiyyətini rəhbərlərinə inanmağa çağırıram. Qoy inansınlar ki, rəhbərlər danışıqları ölkələrinin milli maraqlarına uyğun aparırlar", - deyə M.Brayza qeyd edib.

Bu mövzuda daha nikbin açıqlamanı isə Türkiyənin xarici işlər naziri Əli Babacan verib. O, ilin sonunadək Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin normallaşacağını istisna etməyib. Bundan başqa, bu qış diplomatların nikbinliyi üçün daha bir əsas yaranıb - Rusiya ilə Ukrayna arasında yaşanan "qaz müharibəsi" Avropa İttifaqı və ABŞ-ın Avropaya enerji daşıyıcılarının nəqlilə bağlı alternativ marşrutların axtarışına diqqətini artırıb və bu məsələdə əsas diqqət məhz Xəzər bölgəsinə yönəlib. Boru xətlərinin qoşunların təmas xəttinə bilavasitə yaxın olduğunu nəzərə alsaq, "alternativ marşrutlar"a maraq Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətin də artırılmasını zəruri edir. 

İstənilən halda, bir çox analitiklər "Şərq tərəfdaşlığı" ideyası və avrokomissar Benita Ferrero-Valdnerin regiona səfərini məhz bu nöqteyi-nəzərdən şərh edirlər.

Bu arada məhz bu günlərdə ATƏT missiyası kifayət qədər ciddi təhlükə ilə üzləşib. Məhz vasitəçilərin regiona səfəri ərəfəsində Rusiyanın öz "forpost"u olan Ermənistana 800 milyon dollar həcmində növbəti silah-sursatı "hədiyyə" etməsi Azərbaycanda əsas siyasi xəbərə çevrilib. Bu haqda ilk xəbərlər hələ yanvarın 10-da ANS telekanalı tərəfindən yayılıb. Məsələ ilə əlaqədar xüsusilə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Petruninin açıqlaması diqqətçəkən idi: "Rusiya Federasiyasının 102 saylı hərbi bazasından Ermənistanın Müdafiə Nazirliyinə istənilən hərbi texnikanın verilməsi dövlətlərarası razılaşma ilə tənzimlənir". Lakin Petrunin əlavə edib ki, burada silah-sursatın təmənnasız verilməsindən söhbət belə gedə bilməz.

Bir qədər sonra Azərbaycanın Bakililar.az agentliyi Rusiyanın Ermənistana verdiyi silah və hərbi texnikanın siyahısını dərc edib: T-72 tankları, BMP, BTR 70/80, BREM-2 (BMP-1-in bazasında), "Şilka" və "Strela" raketləri, "Qrad" yaylım atəşi raketləri, "Akasiya" özüyeriyən artileriya qurğuları (T-55-in bazasında), "Qvozdika" (MT-LBU-nun bazasında), "Rapira" topları, "Kub" raketləri, F-1, RYD-5, RKQ-3/3 EM qumbaraları, qumbaraatanlar, minomyotlar, "Kalaşnikov" avtomatları, gecəgörmə cihazları, trotillər, minalar  və i.a. 

ANS TV-nin məlumatına görə, sözügedən silah-sursat Ermənistana 2008-ci ildə Şimali Qafqaz Hərbi Dairəsi ordusunun silahlanma üzrə komandan müavini Vyaçeslav Qolovçenkonun imzası ilə verilib.

Qaydalara əsasən, rəsmi strukturlar KİV-də yer almış məlumatlar haqda şərh vermirlər. Lakin bu dəfə artıq yanvarın 12-də Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ondan məlumatlara rəsmi aydınlıq gətirilməsi istənilib. Diplomat isə öz növbəsində məsələni aydınlaşdıracağına söz verib. 

Əvvəlcə, Rusiya XİN-dən İstratovun Azərbaycanın xarici siyasət idarəsinə çağırılmasını təsdiqləsələr də, "faktla bağlı araşdırma aparıldığını" söyləyərək, yaşananlara şərh verməkdən imtina ediblər. Rusiyanın Müdafiə Nazirliyinin açıqlaması isə qəti olub: nazirliyin mətbuat xidməti və informasiya şöbəsinin müdir əvəzi Aleksandr Drobışevski jurnalistlərə bildirib ki, "Rusiyanın Ermənistana silah-sursat verməsini təsdiqləyən heç bir fakt yoxdur". "Biz bu haqda yayılmış məlumatları informasiya təxribatı hesab edirik", - deyə o, qeyd edib və onu da vurğulayıb ki, "polkovnik Aleksandr Petruninin  heç kəsə belə şərh vermək səlahiyyətləri yoxdur".

Azərbaycan mətbuatında yer alan məlumatları Ermənistan da təkzib edib. Ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan, ümumiyyətlə, "belə xəbərlərin haradan qaynaqlandığını bilmədiyini" söyləyib və onları "dezinformasiya" adlandırıb.

İstənilən halda, Rusiya XİN-in "situasiyanı aydınlaşdırması" üçün düz 9 gün vaxt lazım gəlib. Lap Çernobıl AES-dəki qəza zamanı yerli Səhiyyə Nazirliyinin rəhbərinin "araşdırmasında" olduğu kimi. Yeri gəlmişkən, həmin vaxt səhiyyə naziri Romanenko 9 günlük araşdırmadan sonra hər şeyin qaydasında, situasiyanın nəzarətdə olduğunu və qorxulu heç nəyin olmadığını bildirmişdi.

Xarici İşlər Nazirliyinin rəyinə gəlincə, onun rəftarı rüşvət aldığı yerdə yaxalanmış və üstəlik, müstəntiqə hədə-qorxu gələn məmurun davranışını xatırladırdı.

"Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan XİN-in 15 yanvar 2009-cu il tarixli notasına istinad edərək, Azərbaycanın narahatlığına cavab kimi bildirir ki, Rusiyanın Müdafiə Nazirliyi 2008-ci ildə Ermənistana 2008-ci il yanvarın 8-də açıqlanmış sayda və nomenklaturada heç bir silah-sursat və hərbi texnika verməyib", - deyə Rusiya XİN-in Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndəsi Baxış Zeynalova təqdim etdiyi və qurumun İnternet saytında yerləşdirilmiş notada bildirilir. 

Ardınca Rusiya XİN xatırladır ki, məlumat Azərbaycanın İnternet saytlarından birində yerləşdirilib və bununla da ölkə ictimaiyyətində böyük rezonans doğurub: "Bu məlumat dezinformasiyadır, aşkar antirusiya xarakteri daşıyır və Rusiya ilə Azərbaycan arasında dost münasibətlərinin inkişafına xidmət etmir. Rusiya tərəfi Azərbaycan XİN-in notasında qaldırılmış məsələnin bitdiyini düşünür və əmin olduğunu bildirir ki, bundan sonra tərəflər arasında bu və ya digər formada əndişə yaradan hallar baş verdikdə tələsik nəticələr çıxarılmayacaq və addımlar atılmayacaq, məsələ Rusiya ilə Azərbaycanı birləşdirən strateji tərəfdaşlıq ruhunda birgə həll ediləcək".

Bundan başqa, Moskva "Azərbaycan XİN-in Rusiya tərəfinin mövqeyini ölkə ictimaiyyətinə və KİV-nə çatdıracağına" ümidini də ifadə edib.

Qeyd etmək lazımdır ki, "Rusiya tərəfinin mövqeyindəki həqiqət" o qədər də inandırıcı təsir bağışlamayıb. Ən azı ona görə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan Rusiya silahlarının alışında kifayət qədər ciddi güzəştlərə malikdir. Bundan başqa, Moskva artıq Ermənistana 1 milyard dollar həcmində silah-sursat "hədiyyə" edib və o zaman da fakt indiki kimi böyük hiddətlə təkzib olunurdu.

Odur ki, Bakının Rusiya XİN-in bəyanatına inanmamasına təəccüblənmək lazım deyil. Azərbaycanın xarici siyasət idarəsinin bu haqda açıqlamasında deyilir: "Bu fakt üzrə aparılan araşdırmalar Rusiyanın Ermənistana silah-sursat verməsi haqda məlumatların həqiqət olduğunu düşünməyə əsas verir". 

Bununla yanaşı, Azərbaycan XİN bu insidentin "Ermənistan tərəfinin Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə xidmət göstərdiyini" bəyan edib: "Bununla əlaqədar olaraq, XİN Azərbaycanla Rusiya arasında dostluq və yaxın strateji münasibətlərin mövcudluğu, həmçinin Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik etməsi kontekstində xüsusi narahatlığını bəyan edir. Rəsmi Bakı hesab edir ki, yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, hadisələrin bundan sonrakı inkişafı ilə əlaqədar əsas məsuliyyət Rusiyanın çiyinlərinə düşür".

Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində məsələyə bu cür münasibət bildirib: "Bu faktın təsdiqini tapacağı təqdirdə, Rusiyanın imicinə həm regionda, həm də dünyada böyük zərbə dəyəcək. Onun sülhməramlı prosesdə iştirak edən neytral ölkə imici də ciddi zərbə alacaq. Hələlik faktlar belə düşünməyə əsas verir ki, Rusiya həqiqətən də Ermənistana təmənnasız silah-sursat verib. Rusiyanın arqumentləri isə bizim bunun əksini düşünməyimiz üçün kifayət etmir. Odur ki, biz Rusiyaya etibarsız qonşu kimi baxacaq, Rusiya prezidenti Dmitri Medvedevin Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə birgə verilən bəyanata qeyri-ciddi yanaşdığını düşünəcəyik".

Bu halda yəqin ki, məşhur "əgər əsərin birinci hissəsində silah divardan asılıbsa, sonuncu hissədə ondan mütləq atəş açılacaq" fikrini bir daha xatırlatmağa ehtiyac yoxdur. Hazırkı şəraitdə isə sadəcə divarda asılmış silahların sayı artmır, işğalçı dövlət başdan-ayağa silahlandırılır. Və unudulur ki, sülh nizamlanmasının baş tutmamasının əsas səbəbi məhz həmin işğalçı dövlətin güzəştlərə getmək istəməməsi ilə bağlıdır. 

Ən acınacaqlısı isə odur ki, bu, təsadüfən atılmış addım deyil - Moskvanın belə təhlükəli "hədiyyələr" etməsi üçün kifayət qədər ciddi səbəbləri var. Ermənistanda keçirilmiş son prezident seçkisi və xüsusilə, martın 1-2-də yaşanmış faciəli hadisələr belə düşünməyə əsas verir ki, bu ölkədə birbaşa antirusiya əhval-ruhiyyəsi artmasa da, hər halda, Moskva ilə belə sadiq dostluqdan əldə olunanlar məyusluq doğurur. Belə əhvalın yaranmasına əsas səbəb isə Ermənistanın acınacaqlı iqtisadi durumudur ki, bunu da Rusiya ya aradan qaldıra bilmir, ya da istəmir. 

Bunların fonunda Moskvanın Ermənistanda mövqelərini möhkəmləndirməsi vacibdir və bunun üçün onun silah "hədiyyəsi"ndən başqa rıçaqları yoxdur.

Bundan başqa, Avropa İttifaqı "alternativ" boru xətləri boyunca sülh və sabitliyin olmasında maraqlıdırsa, Moskva "hirsli başla" bu istəyi münaqişələrin "donunun açılması" ilə pozmağa cəhd göstərə bilər - Gürcüstanla "beşgünlük" müharibədə olduğu kimi. Bunun üçün isə məhz işğalçı dövlətin silahlandırılması tamamilə məntiqlidir.

Bununla yanaşı, əsas məqsədin tamamilə başqa olması da istisna deyil. Moskva Ermənistanı silahlandırmaqla, bəlkə də, özünün də həmsədri olduğu ATƏT-in Minsk Qrupunun missiyasını pozmaq istəyir. Həqiqətdir ki, Əliyev, Sarkisyan və Medvedev arasında Moskvada baş tutmuş görüş Rusiyanın "sülhməramlılıq missiyası"nı ələ almasına cəhd idi. Moskva bəyannaməsində Madrid prinsiplərinə istinad etməyə məcbur olunsa da, rusiyalı diplomatlar sakitləşmək bilmirlər.

Bundan başqa, məhz elə həmin günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində "sülhməramlı mexanizmin" yaradılmasından danışılmağa başlayıb. Eyni zamanda, Rusiyanın ATƏT-lə münasibətləri sürətlə pisləşməkdədir. Bir sıra dolayı əlamətlər belə düşünməyə əsas verir ki, Moskva Ermənistana silah verməklə məhz ATƏT-in sülhməramlı missiyasını pozmaq məqsədi güdüb və burada əsas hədəf münaqişə üzərində nəzarətin tam ələ alınması, həll prosesində ABŞ və Fransanın mövcudluğunun minimuma endirilməsidir.

Beləliklə, Rusiya artıq neçənci dəfədir ki, onunla mehriban qonşuluq və tərəfdaş münasibətləri qurmağa çalışan ölkəni özündən kənara itələyir. Görünür, Moskva ötən illərin hadisələrindən heç cür dərs çıxara bilmir. Rusiyada unudurlar ki, 1990-cı illərin ortalarında Rusiya Azərbaycanla dəmir yolu əlaqəsini bağlayan zaman Avropa buna TRACECA nəqliyyat dəhlizi ilə cavab verib. Rusiyanın qonşularına və Avropaya qaz nəqlini dayandırdığı zaman isə Köhnə Dünya Nabucco layihəsini irəli sürüb və s.

Rusiyanın bəzi aqressiv dairlərinin qonşuların başqa yollar axtarmasına hiddətlə yanaşmasını və bundan inciməsini anlamaq olmur. Axı qonşu ölkələri buna Moskvanın özü məcbur edir?! 90-cı illərdə belə uzaqgörən olmayan siyasətin səbəbləri aydın idi: Yeltsinin rəhbərliyi dövründə, faktik olaraq, 2 Rusiya mövcud idi. Məsələn,  Rusiyanın energetika naziri Bakıda "Əsrin müqaviləsi"ni imzaladığı gün, bu ölkənin xarici işlər naziri isə Moskvanın bu layihəni tanımadığını bəyan edirdi.

Vladimir Putinin hakimiyyətə gəlişindən sonra isə situasiya dəyişdi və biz bir müddət Rusiyanı vahid ölkə kimi görməyə başladıq. Lakin bu gün qonşu ölkədə situasiya yenidən onun gerbindəki hər başı bir tərəfə baxan ikibaşlı qartalı xatırlatmağa başlayıb.

Nəticədə isə bir tərəfdən, prezident Dmitri Medvedev Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Moskva bəyannaməsini imzalamalarının təşəbbüskarı kimi çıxış edir, digər yandan, ölkənin Hərbi-Sənaye Kompleksi münaqişə tərəflərindən birini silahlandırmaqda davam edir. Rusiya XİN də Hərbi-Sənaye Kompleksinin bu "hoqqa"sını ört-basdır edir.

Belə çıxır ki, Rusiyanın Gürcüstandakı hərbi bazalarını Ermənistana daşıması zamanı Azərbaycanın səsləndirdiyi narahatlıq əbəs deyilmiş. Baxmayaraq ki həmin vaxt Rusiya prezidenti V.Putin əminliklə söyləyirdi ki, bu silahlar Ermənistana yox, Rusiyanın hərbi bazasına daşınır.



MƏSLƏHƏT GÖR:

480