
Antiböhran qərargahı
Müəllif: Redaksiya
Yanvarın 29-da Davosda daha çox antiböhran qərargahını xatırladan 39-cu Dünya İqtisadi Forumu öz işinə başladı. Bəlkə də, məhz bu səbəbdən forum keçirildiyi gündən bəri ən çox nümayəndənin iştirakı ilə fərqlənirdi. Bu il tədbirə rekord həddə iştirakçı qatılmışdı: 41 dövlət başçısı, 36 maliyyə naziri, 20-dək Mərkəzi Bank rəhbəri. Əlbəttə, diskussiyalarda nəhəng sahibkarlar da iştirak edirdi - onların sayı 1400-ə yaxın olub.
Amma əlbəttə ki, yaranmış qlobal böhrandan çıxış yollarını dünya dövlətlərinin liderləri axtarıb tapmalı idilər. "Bir çoxları uçurumun lap ucunda olduqlarını hiss edirlər. Biz maliyyə dünyasını təhlükədən xilas etməli, heç kimin bu uçuruma yuvarlanmaması üçün onun ətrafını çəpərləməliyik", - deyə Davos forumunun yaradıcısı Klaus Şvab bildirib.
Beləliklə, Davos dünyanın iqtisadi tənəzzüldən qurtulması yollarının tapılması baxımından tarixi şans qazandı.
Maraqlıdır ki, forumu ilk dəfə olaraq Rusiyanın baş naziri Vladimir Putin açıb. Rusiyalı analitiklərin fikrincə, Qərb anlayıb ki, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdən, o cümlədən Rusiya və Çindən öyrənilməli olan şey var. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nümayəndəsi İrina Platonova hesab edir ki, forumun açılışını etmək kimi missiyanın V.Putinin üzərinə qoyulması Rusiyanın böhran dövründə savadlı iqtisadi siyasət yürütməsi ilə əlaqədardır. "Qızıl ehtiyatları və Sabitləşdirmə Fondu hökumətimizə iqtisadi tənəzzülü idarə etmək imkanı verir", - deyə Platonova qeyd edib.
Amma digər tərəfdən, bu böhran Rusiyaya da Qərbə vurduğu qədər zərbə vurub. Elə isə, aydın deyil ki, Rusiyadan öyrənməli olan nə var ki?!
Hər halda, fakt faktlığında qalır və forumun təşkilatçıları ilk olaraq Rusiya hökumətinin başçısını dinləmək istəyiblər. Putin də buna cavab jesti kimi Qərbi məzəmmət etmək ənənəsindən əl çəkib. O, sadəcə, maliyyə böhranını əvvəlki sistemi dağıdan və onu tarixin zibilliyinə yollayan "ideal fırtına" adlandırıb.
Bəs yeni sistem necə olmalıdır?
V.Putin "virtual pullar"dan, şişirdilmiş hesabatlardan və şübhəli reytinqlərdən qaçmağı məsləhət görüb. O, dünya iqtisadiyyatının nəhəng şirkətlər tərəfindən formalaşdırılan real sektorunun xilas edilməsi üçün sadə və zərif sxemdən istifadə olunmasını təklif edib - ümidsiz borclar və zəif aktivlər silinməlidir. Bununla yanaşı, Putin dövlətləri himayəçilikdən və iqtisadiyyata həddindən artıq müdaxilədən imtinaya çağırıb.
Çinin baş naziri Ven Tszyabaonun vəziyyətdən çıxış yoluna dair baxışları da, təxminən, oxşardır. Lakin Putindən fərqli olaraq, o, iqtisadi tənəzzüldə Amerikanı günahlandırmağı lazım bilib.
Hər halda həm Putin, həm də onun çinli həmkarı nikbinlik nümayiş etdirərək, ümumi iqtisadi problemləri Qərblə birlikdə həll etməyə hazır olduqlarını bəyan ediblər.
Amma qeyd etmək lazımdır ki, bu il Çini də yaxşı heç nə gözləmir. Dünya İqtisadi Forumunun məruzəsinə əsasən, Çin iqtisadiyyatının inkişaf templərinin ciddi şəkildə zəifləməsi dünya böhranını daha da dərinləşdirə bilər.
Qeyd edək ki, bu hesabat hələ Davos forumunadək açıqlanıb və orada 2009-cu ilin risklərinin siyahısı göstərilib. Siyahıya ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya və Avstraliyada dövlət maliyyəsində defisit risklərinin artması başçılıq edir.
Məruzə müəllifləri hesab edirlər ki, maliyyə institutlarının dəstəklənməsinə hökumət xərclərinin artması və iqtisadi fəallığın artırılmasına cəhdlər vəziyyəti daha da qəlizləşdirə bilər. Onların fikrincə, belə tədbirlər böhranın köklərinin üzə çıxarılmasına mane olacaq və tənəzzül davam edəcək.
Bununla yanaşı, iqtisadçılar hesab edir ki, heç də hamını belə çətinliklər gözləmir. "Azərbaycan və Türkiyə kimi ölkələr tüğyan edən iqtisadi böhranın fonunda özlərini layiqincə göstərə bilirlər", - deyə forumun əsasını qoymuş Klaus Şvab jurnalistlərə açıqlamasında bildirib: "Bu ölkələr göstərdilər ki, bu böhrana əvvəlcədən özlərini hazırlayıblar. Bu isə həmin ölkələrin böhrandan minimum itkilərlə çıxa biləcəyini göstərir".
Şvabın fikrincə, bununla yanaşı, istisnasız olaraq hamı antiböhran tədbirlərində iştirak etməlidir. Məruzə müəllifləri də bu fikirdədirlər. Onların fikrincə, dövlətlər arasında lazımi koordinasiyanın olmaması böhranın genişlənməsinin səbəbi kimi çıxış edib.
Davos Forumundan sonra səylərin koordinasiyası istiqamətində hansısa səylərin olub-olmayacağını söyləmək hələ ki tezdir. Lakin bütün deyilənlərdən bir nəticəyə gəlmək olar: qlobal böhran dünyanı yeni, daha təsirli beynəlxalq institutların formalaşdırılmasına yönəldib. Bunu K.Şvab da dolayısı ilə təsdiqləyib. O bildirib ki, budəfəki forumun əsas məqsədlərindən biri G20 ölkələrinin apreldə keçiriləcək növbəti sammitinə kömək edilməsidir. Həmin tədbirdə isə hazırkı dünya maliyyə arxitekturasında islahatların aparılması, qlobal iqtisadiyyata müsbət impulsun verilməsi məsələləri müzakirə ediləcək.
MƏSLƏHƏT GÖR: