
QILINCOYNATMA DƏRSLƏRİ
Azərbaycanın qılıncoynatma ustaları beynəlxalq arenadakı əvvəlki şöhrətlərini qaytarmağa çalışırlar
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Azərbaycan qılıncoynadanları beynəlxalq arenada itirilmiş mövqelərini bərpa etmək niyyətindədirlər. Bu istiqamətdə milli federasiyanın ilk addımlarından biri baş məşqçi postuna Tahir Akimovun dəvət edilməsidir - artıq 6 aydır ki, bu postu məhz o tutur. T. Akimov artıq komandanın potensialını qiymətləndirə bilib və hesab edir ki, bizim qılıncoynadanlarımız yüksək hədəflərə nail olmaq iqtidarındadırlar.
Sıfırdan başlamalı
Uzun illər ərzində millinin özünəməxsus lokomotivi Yelena Jemayeva olub və Azərbaycan qılıncoynatmasının əsas uğurları məhz onun adı ilə bağlıdır. Dünya və Avropa çempionu, Dünya Kubokunun sahibi olan Jemayeva olimpiya medalı istisna olmaqla, bütün mümkün titulları əldə edib. Afinada keçirilmiş 2004-cü il Olimpiadasında da o, medallara əsas namizəd hesab olunurdu. O vaxt komandamız kifayət qədər səviyyəli idi və dünya, həmçinin Avropa çempionatlarında qazanılmış bürünc medallar buna sübutdur.
Lakin bütün bu uğurlar artıq tarixin bir hissəsinə çevrilib və indi gənc və təcrübəsi az olan idmançıların qarşısında daha ciddi sınaqlar var. "Bütün idmançılar və məşqçilərin səviyyəsinin qiymətləndirilməsi üçün onlara baxış keçirilib. Müəyyən səbəblər üzündən son illər onların heç də hamısı millinin heyətində beynəlxalq turnirlərə yollana bilməyiblər. Bununla yanaşı, Yelena Jemayevanın uğurları nəzərə alınaraq, əsas diqqət qadınlardan ibarət komandaya yönəldilib. Kişi qılıncoynadanların da zəif olmamalarına baxmayaraq, qadınlardan ibarət komandaya daha çox üstünlük verilir. Hazırda bizim 22-23 yaşlı gənc oğlanlardan ibarət perspektivli komandamız var, lakin onların inkişafı üçün hələ xeyli vaxt lazımdır. Çünki məlumdur ki, bu idman növünün daha yaxşı dərk olunması, əsasən, 25 yaşdan tez olmur. Odur ki, qadınlardan ibarət milli komanda kimi, kişilərin yığmasına da ciddi ümid bəsləyirəm",- deyə T.Akimov qeyd edib.
Baş məşqçi millinin məşqçilər qərargahı ilə bağlı məsələni də müəyyənləşdirib, amma burada da bəzi qeyri-müəyyənliklər qalır. Qılıncoynatma komandasında 1990-cı ilin dünya çempionatında SSRİ-nin heyətində birincilik qazanmış Samir İbrahimov işə cəlb olunub. İndi o, mütəxəssis kimi yararlı olduğunu sübut etməyə çalışır. "O, karyerasına başlayan zaman mən karyeramın pikində idim. Mənim idmançı karyeramı başa vurduğum vaxtda isə Samir gənclərdən ibarət yığmanın heyətində çıxış edirdi və sonradan o, əsas komandaya yüksəldi. Kişilərdən ibarət qılıncoynatma komandasının hazırlığında mən ona böyük ümidlər bəsləyirəm",- deyə T.Akimov qeyd edib.
Qadınlardan ibarət komandaya gəlincə, məşqçinin sözlərinə görə, kişilərin millisi kimi, qızlarımızın da 2012-ci il Olimpiadasına çıxmaq şansları var. Fərq yalnız ondadır ki, zərif cinsin nümayəndələri artıq bir sıra böyük turnirlərdə iştirak etməklə, testdən keçiblər, kişilərin komandası isə hələ sınaqdan keçməyib. Amma bununla belə, növbəti mövsümdə vəziyyət ciddi şəkildə dəyişəcək və komanda bütün ad-sanlı yarışlara qatılacaq. Odur ki, yeni ilin ilk turnirləri məşqçilərin son 6 aydakı işinin nəticəsinin nədən ibarət olduğunu göstərməlidir.
Digər qılıncoynatma növlərinə gəlincə, qeyd etmək lazımdır ki, idmançılar və məşqçilərin çalışmalarına baxmayaraq, qılıncoynadanların səviyyəsi hələ arzulanan həddə deyil. "Komandanın indiyədək turnirlərdə iştirak, hazırlıqlar keçmək imkanı olmayıb və onun təcrübəsi çox azdır. Komanda maksimum Ümumdünya İslam Oyunları çərçivəsində İrana, Kutaisiyə səfər edib. Digər tərəfdən, bu idman növündə hansısa keyfiyyət dəyişikliyinə nail olmaq istəyiriksə, legioner məşqçinin dəvət olunmasını da istisna etmək olmaz. Rapiraya gəlincə, bu, son iki ildə bizdə, demək olar ki, yox idi, bu sahədə ixtisaslı kadrlardan danışmaq mümkün deyil. Lakin artıq məşqçi Leyla Zeynalova bu işlə məşğul olmağa başlayıb", - deyə T.Akimov qeyd edib.
İlk hədəf - Qılıncoynatma evi
Bununla yanaşı, məşqçi hesab edir ki, əsas məqsədlərdən biri qılıncoynatma evinin yaradılmasıdır və bu, çox məsələni həll edə bilər. Məsələn, komandanın milli federasiyanın, "Neftçi" və Uşaq-Gənclər İdman Məktəbinin gənclər bazalarında məşq etdiyi zallar standartlara cavab vermir. "Elə baza olmalıdır ki, orada ən azı 10 qılıncoynatma zolağı yaradılsın, qılınc, şpaqa və rapira ustalarını bir damın altına toplamaq mümkün olsun. Olimpiya lisenziyası uğrunda mübarizəyə qoşulmaq üçün artıq indidən işə başlamaq lazımdır. Müəyyən inventarların olması da vacibdir. Doğrudur, belə inventar var, lakin o, yalnız millinin üzvlərindədir. Axı onların arxasınca hələ turnirlərə qatılmayan, lakin daim məşq edən böyük idmançı kütləsi gəlir",- deyə məşqçi qeyd edib.
İstənilən halda, növbəti mövsüm üçün əsas məqsəd qılıncoynatmanın bütün proqramları üzrə beynəlxalq turnirlərdə maksimum iştiraka nail olunmasıdır. Yarışda iştirak isə üçaylıq məşqi əvəz edir. İdmançıları Dünya Kubokunun London, Çikaqo və Moskvada keçiriləcək mərhələləri gözləyir və onlar bu şəhərlərdə planetin ən güclü qılıncoynadanları ilə qarşılaşacaqlar.
Tahir Akimov işləmək üçün bütün imkanların olduğu Honkonqdan qılıncoynatmanın, faktik olaraq, sıfırdan başlandığı Azərbaycana qayıtmasından təəssüflənmir: "Mən uzun müddət xaricdə işləsəm də, vətənimlə əlaqəni heç zaman itirməmişəm. Biz daim müxtəlif turnirlərdə həmkarlarımızla görüş-müşük, fikirlərimizi bölüşmüşük və mən Azərbaycanda qılıncoynatma sahəsində baş verən proseslərdən xəbərdar olmuşam. Komandanın vəziyyəti haqda kifayət qədər məlumatlı idim və onun perspektivini görürdüm. Lakin dilemma qarşısında idim - vətənə dönmək, yoxsa mühacirət etmək? Axı uzun illər işlədiyim İran və Honkonqda öz yetirmələrim var idi. Sonda özümü Azərbaycansız təsəvvür edə bilmədim və qayıtmaq qərarı verdim. Üstəlik, əlverişli şərait də buna təsirsiz ötüşmədi - Milli Federasiyanın rəhbəri postuna bu işin irəli aparılmasına ürəkdən çalışan Nazim İbrahimov seçildi, məni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qəbul etdi. Mən ölkədə bu idman növünün hazırkı səviyyəsini təxminən bilirdim. Onun aşağı olduğunu deməzdim. Azərbaycanda qılıncoynatma olub, var və olacaq. Mənim üçün baş məşqçi postunu tutmaq böyük məsuliyyətdir. Böyük ölçüdə hamımız bizim qılıncoynatma növümüzə borcluyuq. Nəzərə almaq lazımdır ki, qələbələr SSRİ dövrü ilə yanaşı, müstəqillik dönəmində də əldə olunub. Əlbəttə ki, bu ənənəni davam etdirməliyik".
Artıq bu gün Milli Federasiya paytaxtda Baku Fencing Open beynəlxalq turnirinin təşkilinə hazırlaşır. Qeyd edək ki, turnir may ayına təyin olunub. Bu məqsədlə artıq yarışın loqosunun hazırlanması üçün müsabiqə elan edilib və bir çox perspektivli rəssamlar bu işlə məşğuldurlar. Federasiyanın baş katibi Ramin Məmmədov bu müsabiqəni lazımlı sayır: "Bəzi ölkələrdə turnirlərin təşkili məsələsinə daha bəsit yanaşırlar və afişalarda yalnız federasiyanın loqosu əks olunur. Biz isə istəyirik ki, yarışımızın öz işarəsi olsun. Üstəlik, bu addımın hər il atılması planlaşdırılır. Odur ki, turnirin loqosu yerinə düşəcək".
Beləliklə, bu istiqamətdə ilk addım artıq atılıb və loqoların eskizlərinin təqdim olunması üçün müddət yanvarın 25-i başa çatır.
Yarış regional xarakter daşıyacaq və millinin "bir nömrə"lərinin, həmçinin ehtiyatın sınaqdan çıxarılması üçün yaxşı imkan olacaq. Hər halda, Azərbaycan qılıncoynatma idmanında da Olimpiadada təmsil olunmaq istəyirsə, artıq indidən yeni mərhələyə hazırlığa başlamalıdır.
Bununla yanaşı, Olimpiadaya düşmək üçün əsas götürülən meyarlardan birinin reytinq olduğunu nəzərə alsaq, bunun o qədər də asan olmadığını söyləmək mümkündür. Xatırladaq ki, 2004-cü il Olimpiadası öncəsi beynəlxalq federasiya, Y.Jemayeva da daxil olmaqla, 8 idmançımıza lisenziya vermişdi. İndi isə Yelenanı layiqli şəkildə əvəzləyəcək idmançının olmaması da qarşıya qoyulmuş məqsədə nail olunmasının çətinliyini göstərir. Eyni zamanda, əvəzedilməz idmançının olmadığı da bəllidir. Odur ki, məşqçilər heyətinin London-2012-yə düşə biləcək yeni pleyada hazırlaması vacibdir.
Bu idman növündə rəqabət isə daha da artır. Son nəticələrə nəzər yetirsək, hazırda bu idman növündə amerikalılar hamıdan üstün görünür: Pekin Olimpiadasında bütün pyedestalı amerikalıların "işğal etməsi" də bunun göstəricisidir. Bundan başqa, Çin, Fransa, Rusiya, İtaliya və Yaponiyadan olan kifayət qədər təhlükəli rəqiblər də var. Onlarla uğurla rəqabət aparmaq üçün əvvəlcə onların səviyyəsinə yüksəlmək vacibdir, bunun üçün isə 1 il kifayət etməz.
Amma istənilən halda nədənsə başlamaq lazımdır, başqa variant yoxdur...
MƏSLƏHƏT GÖR: