
QRAN-PRİ və TİTUL UĞRUNDA
Bu il qrossmeyster Teymur Rəcəbovun qarşısında duran məqsədlər məhz budur
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Azərbaycanın aparıcı qrossmeysterləri böyük beynəlxalq turnirlərdə non-stop rejimində çıxış edirlər. FİDE-nin Elistada keçirilən Qran-pri yarışının üçüncü mərhələsini qaliblərdən biri kimi başa vuran Teymur Rəcəbov dərhal ənənəvi Veyk-an-Zee yarışına hazırlaşmağa başlayıb. Bu il onun üçün dönüş ili ola bilər - dünya tacı uğrunda bilavasitə yarışa qoşulmaq üçün Teymurun əla şansları var.
Qələbəni üç yerə böldülər
Qran-prinin Elista mərhələsində qələbə T.Rəcəbova asan başa gəlmədi. Həlledici qarşılaşmanı Aleksandr Qrişşuk ilə heç-heçə başa vuran Rəcəbov rəqibi, həmçinin, Dmitri Yakovenko ilə birlikdə turnirin ilk pilləsini öz aralarında bölüşdülər.
Əlavə əmsalları nəzərə alsaq, turnirin qalibi Qrişşukdur. Lakin şahmatçının hər üçü yarışın qalibi sayılır. Qran-pri turnirinin mərhələlərini nəzərə alsaq, bu təbiidir. Çünki məhz bu mərhələlərin yekununda ümumi qalib müəyyənləşir. Odur ki, Teymurun öz işinin öhdəsindən gəldiyini söyləmək mümkündür - əgər Soçidə keçirilmiş ilk mərhələdə o, ikinci yeri tutmuşdusa, bu dəfə nəticəsini yaxşılaşdırıb.
Qrişşukla oyunda şahmatçımız rəqibə ciddi problemlər yaradaraq, bir sıra taktiki sxemlərdən istifadə etsə də, rusiyalının müdafiəsini "yara" bilməyib. Rəcəbovla Qrişşukun qarşılaşmasının şərhçisi Sergey Şipov oyunu belə şərh edib: "Möhtəşəm qarşılaşma! Qrossmeysterlər öz vəzifələrini layiqincə yerinə yetirdilər, amma qüvvələr bərabər oldu. Maraqlı qədim hind müdafiəsi əsasında keçən nəzəri duel Rəcəbovun xeyrinə başa çatdı - ilk olaraq, o, rəqibinə sürpriz etdi və hər iki tərəfin bir neçə gözlənilməz qərarından sonra üstünlüyü ələ keçirdi. Qrişşuk isə təhlükəni vaxtında hiss edərək məqsədli şəkildə oyunu sadələşdirməyə başladı. Müxtəlif rəngli fillərin qaldığı endşpil zamanı heç-heçə qaçılmaz görünürdü. Lakin Teymur inadkarlıq göstərdi və müəyyən təzyiq yarada bildi. Bununla yanaşı, Aleksandr da yaxşı müdafiə texnikası nümayiş etdirərək sonda təzyiqlərə tab gətirə bildi".
Bəzi mütəxəssislərin fikrincə, turnirdə digər iştirakçılarla mü-qayisədə Teymur daha güclü oyun nümayiş etdirib. O, keçirdiyi 13 partiyanın heç birində ağır duruma düşməyib, Ernesto İnarkiyevlə qarşılaşmada qələbənin bir addımlığında ikən alınan məğlubiyyəti isə yalnız təsadüf adlandırmaq müm-kündür.
"Əlbəttə ki, birinci yer bir neçə nəfərin arasında bölünübsə, nəticəni uğursuz saymaq olmaz. Burada mən kifayət qədər güclü oyun nümayiş etdirdim. Bununla yanaşı, əlbəttə ki, İnarkiyevə məğlubiyyət çox üzücüdür. Seytnotda səhvə yol verdim və qazanmalı olduğum partiyanı uduzdum. Qalan partiyaların hər birinin nəticəsindən razıyam. Turnir ərzində yorğunluq yarandı və Vladimir Akopyanla sondan əvvəl keçirdiyim qarşılaşmaya yaxşı hazırlaşmamışdım. Odur ki, çoxsaylı səhvlərə yol verdim. Prinsip etibarı ilə isə turniri aktivimə yaza bilərəm. Çünki birinci yeri bölüşdüm və reytinqimi artırdım. Hesab edirəm ki, bu turnirdə yaxşı təsir bağışladım, göstərdiyim oyun səviyyəsi də kifayət qədər yüksək idi", - deyə T.Rəcəbov qeyd edib.
Turniri digər şahmatçımız Vüqar Haşımov 4-cü pillədə başa vurub. Yarışın gedişində o, liderliyə yüksəlsə də, sonda ilk üçlükdə təmsil oluna bilməyib. Yekunda qazanılan dördüncülük onun da Qran-pridəki ümumi nəticəsinə təsir göstərib və Haşımov T.Rəcəbov və Van Yuenin ardından üçüncü pilləyə düşüb.
Elistdadakı turnirdə 9-cu yerlə kifayətlənərək iflasa uğrayan Şəhriyar Məmmədyarov isə ümumi nəticədə 6-cı pillədədir.
Elistada qeydə alınan nəticələr FİDE-nin yanvarın 1-də açıqladığı növbəti reytinq cədvəlinə təsir göstərməyə bilməzdi və T.Rəcəbov yeni cədvəldə nəticəsini yaxşılaşdıraraq, 6-cı yerə yüksəlib. O, hesabat dövrünü kifayət qədər yaxşı keçirib və Kalmıkiyanın paytaxtındakı uğurlu çıxış dərəcə cədvəlinə ciddi təsir göstərib. Bu səbəbdən də Rəcəbovun oktyabrdakı reytinqlə müqayisədə mövqeyini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırması, 8-dən 6-cı yerə yüksəlməsi təəccüblü deyil.
Bununla yanaşı, nəzərə alsaq ki, Teymur yeni ildə keçiriləcək bütün böyük turnirlərdə iştirak edəcək, onda reytinq cədvəlindəki 6-cı yer onun daha da yuxarı qalxması üçün yaxşı tramplin ola bilər.
T.Rəcəbov hesabat dövrünü öz aktivinə yazsa da, onun milli komandadakı yoldaşı Ş.Məmmədov reytinq cədvəlində aşağı enməkdədir. Əgər oktyabrda o, ilk onluqdakı yerini itirərək, 14-cü pilləyə düşmüşdüsə, növbəti təsnifatda durumunu daha da pisləşdirib. Hazırda Ş.Məmmədyarov 18-ci yerdə qərar tutub.
Bundan başqa, Şəhriyar nəinki son ayları, ümumilikdə ötən ili öz aktivinə yaza bilməz. Elistada keçirilən Qran-pridə Məmmədyarov arabir özünəxas yüksək səviyyə nümayiş etdirsə də, hələ ki qrossmeysterdə sabitlik çatışmır.
Maraqlıdır ki, Ş.Məmmədyarovdan 1 pillə aşağıda yüksəlişini davam etdirən Vüqar Həşimov yer alıb. Hələ oktyabrda Vüqar 31-ci idisə, hazırda özünü kifayət qədər rahat hiss etdiyi ilk onluqda qərarlaşa bilib.
Daha bir diqqətçəkən məqam reytinq cədvəlinin ilk yüzlüyündə Azərbaycan millisinin bütün üzvlərinin təmsil olunmasıdır - Qadir Hüseynov 62-ci, Rauf Məmmədov isə 94-cü pillədə yer alır.
Reytinq cədvəlinin ilk pilləsini isə əvvəlkitək Vaselin Topalov tutur və onun ardınca dünya çempionu Vişvanatan Anand və Vasili İvançuk gəlir.
İddialıların turniri, yoxsa matç?
Qeyd etmək lazımdır ki, Qran-prinin bundan sonra keçirilmə perspektivi kifayət qədər dumanlı görünür. Bu yarışı təşkil etmək istəyən şəhərlər çox çətinliklə tapılır. Montre və Doha kimi bir çox şəhərlər turnirə ev sahibliyi etməkdən boyun qaçırırlar və bu, bəlkə də, dünyada yaşanan iqtisadi böhranla əlaqədardır. "Belə çıxır ki, Qran-pri keçmiş SSRİ ölkələrindən başqa heç kimə maraqlı deyil. O, Bakı, Soçi, Elistada keçirilib, həlledici mərhələnin təşkilini Yerevan üzərinə götürüb, dördüncü tur isə Kiyevdə baş tuta bilər. Daha bir mərhələ haqda isə hələ heç nə məlum deyil və onun harada keçiriləcəyi bilinmir. Situasiya aydın deyil. Üstəlik M. Tal memorialı istisna olmaqla, Veyk-an-Zee, Linares, Sofiya, Dortmund, Bilbao kimi əksər elitar turnirlərin "sovet qeydiyyatı" yoxdur. Düşünürəm ki, bu, FİDE-nin tərəfdaşı olan Global Chess-in zəif menecmentindən xəbər verir", - deyə milli federasiyanın vitse-prezidenti Mahir Məmmədov bildirib.
Bununla yanaşı, FİDE hələ də Qran-prinin iddialıların yarışına seçmə mərhələ statusu daşıyıb-daşımayacağını müəyyənləşdirməyib. Bir sözlə, hələlik tam qeyri-müəyyənlik hökm sürür. Məsələn, şahmat tacı uğrunda Vişvanatan Anand və Vladimir Kramnik arasında oyun keçirilib və Anan qarşılaşmadan qalib ayrılıb. İndi iddiaçılar Veselin Topalov və Qata Kamski qarşılaşacaqlar və Anandla oyuna çıxmaq uğrunda mübarizə aparacaqlar. Qran-prinin qalibi isə Dünya Kuboku-2009-un qalibi, ardından isə 2010-cu ilin dünya çempionu ilə qarşılaşmalı idi. Lakin FİDE reqlamenti dəyişmək, bunun əvəzində Qran-pri və Dünya Kubokunun hər birindən 2 ən yaxşı şahmatçının iştirak edəcəyi iddiaçıların yarışını keçirmək qərarına gəlib. Qeyd edək ki, bu, bir çox şahmatçıların narazılığına səbəb olub və bunu anlamaq mümkündür. Axı dövrənin ortalarında qaydaların dəyişdirilməsi düzgün deyil. Digər tərəfdən, bu, şahmatın kommersiya baxımdan cəlbedici idman növü olmamasına dair fikrin yaranmasına əsas verir.
T.Rəcəbovun Qran-pridə qələbə şanslarına gəlincə, V.Haşımov və Ş.Məmmədyarovla müqayisədə Teymurun şanslarının daha üstün olduğunu söyləmək mümkündür. "Oyundan hiss olunur ki, onun Qran-prinin məhz bu dövrəsində böyük potensialı var. Lakin gələn il üçün qələbə perspektivi kifayət qədər dumanlıdır. Növbəti mərhələnin təşkilini Yerevanın ələ keçirdiyi məlumdur və təbii ki, orada azərbaycanlı şahmatçılar olmayacaq. Bundan başqa, həmin vaxta yarışda iştirak edən və birinciliyə namizəd olan Levon Aronyanın Qran-prinin Yerevanda keçiriləcək həlledici mərhələsində qələbəsini təmin etmək üçün bütün mümkün və qeyri-mümkün metodlara əl atılacaq. Strategiyaya gəlincə, elitar qrossmeysterlərimiz lider mövqelərini möhkəmləndirmək üçün, çox güman ki, Kiyevdə keçiriləcək dördüncü mərhələdə uğurlu çıxış etməlidirlər", - deyə M.Məmmədov qeyd edib.
T.Rəcəbovun Qran-pridə liderliyi haqda düşüncələri isə belədir: "Liderlər qrupunda olan şahmatçı üçün, təbii ki, iddiaçıların ağır turnirində iştirakdansa, birbaşa matça çıxmaq daha yaxşı olar. Ümumilikdə götürdükdə isə, fikrimcə, 8 iştirakçının iştirakı ilə keçirilən turnir də kifayət qədər maraqlıdır və Meksikada keçirilmiş yarış bunu göstərdi. Mənə belə gəlir ki, istənilən halda, hər şey tac uğrunda keçirilən yarışda həll olunmalıdır. Açığını desəm, mənim üçün fərqi yoxdur: hansı mərhələ, dövrə olur-olsun, vacib olanı qələbə qazanmaqdır".
MƏSLƏHƏT GÖR: