14 Mart 2025

Cümə, 21:49

TƏKAMÜLÜN SONU YOXDUR

Azərbaycanda internet tariflərinin aşağı salınması prosesi davam etdirilə bilər

Müəllif:

15.01.2009

Sürətlə inkişaf edən və yüksək texnologiyalar əsri sayılan bugün-ümüzdə insanlığı informasiya kommunikasiya texnologiyaları (İKT) olmadan təsəvvür etmək mümkün deyil və onun da ayrılmaz hissəsi İnternetdir. Ümumdünya şəbəkəsi gündəlik həyatımıza möhkəm daxil olub və ekspertlər ehtimal edirlər ki, 2012-ci ildə İnternet istifadəçilərinin sayı Yerin ümumi əhalisinin 30 faizini ötərək, 1,9 milyard insana çatacaq. Artıq 2014-cü ildə isə bəşəriyyət kütləvi şəkildə İnternetdən asılı olacaq.

Bununla yanaşı, statistika göstərir ki, Azərbaycanda internet xidmətləri bazarının həcmi böyüyür, auditoriyası genişlənir və təklif edilən xidmətlərin çeşidi artır. Bizdə qlobal şəbəkənin istifadəçilərinin sayı 1 milyon insana çatır ki, bu da əhalinin 10-12 faizi deməkdir. Bu isə İnternetin bizdə kütləvi amilə çevrildiyinin sübutudur. Ucuz və keyfiyyətli İnternet xidmətləri məsələsi isə çoxdan gündəmdədir və bu, bir dəfə hətta provayderlər arasında "müharibəyə" səbəb olub.

 

Çoxdan gözlənilən qərar 

Azərbaycanda ucuz İnternet xidmətlərinin olmasına yalnız internet xidmətlərinin istifadəçiləri, internet-provayderlər və müxtəlif birliklər çalışmır. 2008-ci ilin mart ayında Azərbaycan İnternet Forumu da məktubla Rabitə və İnforsmasiya Texnologiyaları Nazirliyinə (RİTN) müraciət edərək, ölkədə internet xidmətlərin qiymətinin aşağı salınmasının vacibliyini vurğulayıb. Forumda hesab edirlər ki, bunun üçün özəl provayderlərdən hər bir abunəçiyə görə tutulan aylıq ödənişi ləğv etmək, onları ATS kanallarından və avadanlığından istifadəyə görə haqdan azad etmək, həmçinin provayderlərin qlobal şəbəkəyə qoşulması qiymətlərinin azaldılması imkanlarını axtarmaqda davam etmək lazımdır.  

Bundan başqa, Forum təklif edib ki, İnternetin keyfiyyətinin yaxşılaşdırılması və populyarlaşdırılması üçün güzəştli qiymətlərlə ADSL modemlərin satışını təşkil etmək lazımdır. Təkliflərdə həmçinin ictimai məlumat mərkəzlərinin formalaşdırılmasına yardım edən proqram və layihələrin dövlət tərəfindən dəstəklənməsinin vacibliyi də vurğulanıb. 

Bununla yanaşı bildirmək gərəkdir ki, RİTN təmsilçilərinin özləri də dəfələrlə bildiriblər ki, telekommunikasiya və rabitə sahəsində bir sıra tarifləri, o cümlədən İnternet tariflərini də maya dəyəri səviyyəsinə qədər aşağı salmaq lazımdır. Bundan başqa, 2008-ci ilin I yarısında Azərbaycanda İnternetin İnkişafı üzrə Əlaqələndirmə Şurası yaradılıb. Onun tərkibinə dövlət qurumlarının, özəl bölmənin və ictimai təşkilatların təmsilçiləri daxil edilib. Əlaqələndirmə Şurasının fəaliyyəti dövründə internet provayderlərin əksəriyyəti İnternet qiymətlərini 3-3,5 faiz azaldıblar. 

2008-ci ilin sonlarında isə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdi ki, Azərbaycanda 30 provayder fəaliyyət göstərir və "onların hamısı çox liberaldır", onlarla "qiymətlərin dəyişdirilməsi üzrə" danışıqlar davam etdirilir.  Eyni zamanda, nazirlik 2008-ci ilin nəticələrini və 2009-cu ildə görüləsi işləri nəzərə alaraq, bir sıra təkliflər hazırlayıb və onları Azərbaycan Tarif Şurasına təqdim edib, o isə öz növbəti iclasında təkliflərə baxıb. 

O cümlədən, İnternet xidmətlərinin göstərilməsi üçün lazım olan rəqəmsal kanalların tariflərinin aşağı salınması haqqında qərar qəbul edilib. Sürəti 2 Mbit/san olan şəhərdaxili rəqəmsal kanalların istifadəyə verilməsi üzrə tariflər büdcə təşkilatları istisna olmaqla, başqa qurumlar üçün 1200 manatdan 600 manata qədər, yəni 50 faiz azaldılıb.  Bu kanallardan aylıq istifadə haqqı isə 320 manatdan 300 manata kimi, yəni 6,3 faiz azaldılıb. Tariflərin azaldılması Bakı istisna olmaqla digər yerlərdə rəqəmsal kanalların qoşulması və istifadəsi üzrə hər tam və natamam  50 kilometr üçün 240 manatdan 200 manata kimi,  2 mbit/san həcmi olanlardan ötrü isə 180 manatdan 150 manata kimi, yəni 16,7 faiz endirilib. 

"Yeni tariflər 15 yanvar 2009-cu il tarixdən qüvvəyə minir. Beləliklə, provayderlərin internet xidmətlərinin maya dəyərinin azaldılması imkanı yaranacaq ki, bu da son istifadəçi üçün internet xidmətlərinin tariflərinin 15-20 faiz azaldılmasına səbəb olacaq",- deyə RİTN-dən bildiriblər. 

Bununla yanaşı, "Region plus"un sorğusu göstərib ki, Azərbaycanda əvvəlki kimi internet xidmətlərinin qiymətinin azaldılması üçün yetərincə imkan var. 

 

Hər şeyi rəqabət həll edəcək 

"Şəksiz, Azərbaycan Tarif Şurasının bu yaxınlarda verdiyi qərar provayderlərin internet xidmətlərinin qiymətinin azalmasına imkan yaradacaq, amma bu, elə də çox olmayacaq",- deyə Azərbaycan İnternet İcmasının və həmçinin "Azərin" provayder şikrətinin sədri  Qalib Qurbanov bildirir.

"Tarif  Şurasının qərarlarına uyğun olaraq, sürəti 2 mbit/san olan şəhərdaxili rəqəmsal kanalların istifadəyə verilməsi üzrə tariflər 50 faiz, bu kanallardan aylıq istifadə haqqı isə 6,3 faiz azaldılıb. Ancaq abunə haqqının 6 faizlik azaldılması elə də bir önəm daşımır, çünki qiymət yenə də əvvəlki kimi qalır",- deyə  Q.Qurbanov vurğulayıb. 

Bununla belə, İnternet İcmasının başçısı hesab edir ki, İnternet qiymətləri il ərzində ucuzlaşdırılacaq və özü də bu,  6,3 faiz yox, ən azı 30 faiz olacaq. 

"Azərbaycanda internet xidmətlərinə istehlakçı tələbatının azalması gözlənilmir. Bu,  geridönməz prosesdir. İnternet bir çox Azərbaycan ailələrinin gündəlik həyatına möhkəm daxil olub. Buna görə də tələbatın və internet xidmətlərdən istifadənin artımı indən belə də müşahidə olunacaq. Biz bu meyli məhz istifadəçi sayının artması ilə bağlayırıq. Uyğun olaraq, maya dəyəri də azalacaq. Burada kütləvi xidmət nəzəriyyəsi özünü göstərir, istifadəçi nə qədər çox olarsa, maya dəyəri o qədər aşığı düşər. Həmçinin provayderlər arasında sərt rəqabət var. Əgər açıq danışmağımı istəyirsinizsə, bu gün internet kanalların faktiki qiymətləri ilə özəl internet şirkətlərinin fəaliyyəti, demək olar ki, mənfəətsizdir",- deyə ekspert vurğulayıb. 

Q. Qurbanov qeyd edib ki, Avropa və ABŞ-a baxanda, Azərbaycanda İnternet qiymətləri 20 dəfə, bəzən hətta 30 dəfə yüksəkdir, Türkiyə və Rusiya qiymətlərindən isə xeyli yuxarıdır.  

"Bu, onunla bağlıdır ki, Avropada, Şimali Amerikada, Türkiyə və Rusiyada istifadəçilər 80%-dən 95%-ə qədər yerli resursları işlədirlər. Bizim istifadəçilər isə 94-96%  beynəlxalq kanalları işlədirlər. Bazarda apardığımız çoxillik analiz bunu göstərir. Sirr deyil ki, yerli resurslarla müqayisədə Azərbaycana Avropadan internet axının cəlb edilməsi həmişə xeyli baha başa gələcək.  İnternet qiymətlərinin yüksək olması onunla bağlıdır ki, Azərbaycan dünya internet mərkəzlərindən uzaqdadır və yetərincə internet kontentlərinə sahib deyil.  Şəksiz, kiçik ölkədə iri daxili İnternet resurslarının olması mümkün deyil. Buna görə də bu gün əsas məqsəd beynəlxalq internet axınlarının və respublikadaxili rabitə kanallarının qiymətini aşağı salmaqdır. Belə olan halda qiymətlərin azalması baş verəcək, ancaq Avropa və Azərbaycan qiymətləri arasında fərq hələ uzun müddət qalacaq",- deyə Q.Qurbanov vurğulayıb. 

Öz növbəsində Azərbaycan İnternet Forumunun prezidenti, İnformasiya Texnologiyaları və Sistemləri Multimedia Mərkəzinin direktoru Osman Gündüz "Region plus"a bildirib ki, "Tarif Şurasının bu yaxınlardakı qərarını Azərbaycanda internet xidmətlərinin inkişafı istiqamətində ciddi addım saymaq olar". 

"Şəksiz ki, Tarif Şurası aylıq tarifləri 6,3%-dən çox salsa idi, provayderlər tərəfindən internet xidmətlərinin ucuzlaşması daha hiss edilən olardı. Ancaq hətta bu cür ucuzlaşma da provayderlərə öz qiymət siyasətlərinə yenidən baxmaq imkanı yaradır",- deyə Gündüz bildirib. 

O vurğulayıb ki, Azərbaycan İnternet Forumu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova müraciətində xahiş etmişdi ki, ikinci səviyyə internet povayderlərin bilərəkdən yüksək qiymətləri saxlamaqla Azərbaycanda internet xidmətlərinin inkişafına mane olması məsələsinə də birdəfəlik nöqtə qoysun. 

"Özü də mənə elə gəlir ki, bir çox provayderlər özləri mövcud İnternet qiymətlərinin saxlanmasında maraqlıdırlar. Bu yaxınlarda Azərbaycanın ilkin provayderi öz tariflərini, demək olar ki, 20-30 dəfə azaldıb. Amma özəl provayderlər bu cür addım atmayıblar",- deyə mərkəzin başçısı bildirib.

Bundan başqa, ekspertin fikrincə, yerli provayderlər həm də işdə trafikin proporsional paylanma standartlarını pozurlar. Süni qaydada istifadəçilərin müəyyən dairəsini artırırlar, müəyyən internet-trafiki daha çox sayda müştəriyə satırlar ki, bundan da keyfiyyət pisləşir. 

 

İstinad nöqtəsi var 

"Bununla yanaşı, bizim tərəfimizdən aparılmış monitorinq təhlillərinə görə, yerli internet-provayderlərin, xüsusilə də dövlət provayderlərinin - "BakInternet" və "AzTelecom"un internet xidmətlərinin qiymətini salmaqda böyük rezervləri var. Avropada ən bahalı İnternet indi Türkiyədədir. Azərbaycanda, Türkiyəyə baxanda, bu cür xidmətlərin dəyəri 20 dəfə yuxarıdır. Əgər Türkiyədə 1 Mbit/saniyə limitsiz (unlimited) İnternet girişi 5 manat, Rusiyada 20-30 dollardırsa, bizdə 250-300 manatdır. Buna görə də yaxın zamanlarda bizim ölkədə internet xidmətlərinin ucuzlaşması gözlənmir, çünki hətta 100 faizlik ucuzlaşma vəziyyəti dəyişməyəcək",- deyə O.Gündüz vurğulayıb.         

Bununla yanaşı, ekspert hesab edir ki, yanvarın ortalarından "İnternetə 1 mbit/san unlimited girişin qiyməti 100 manatdan baha deyil. Və bu, çox böyük müsbətdir, gələcəkdə əsaslanması mümkün istinad nöqtəsidir",- deyə O.Gündüz vurğulayıb.

Azərbaycanın internet-sənayesində müsbət məqam az deyil. RİTN "Aztelekom" İB-nin başçısı Məhəmməd Məmmədovun sözlərinə görə, Azərbaycan MDB-də yeganə ölkədir ki, bütün regionlar İnternetlə təmin edilib. 

"Bakıda genişzolaqlı İnternetin çox sayda istifadəçisi var. Regionlarda isə başlıca olaraq dial-up qoşulmadan istifadə edirlər",- deyə İB başçısı bildirib və qeyd edib ki, son 4 il ərzində ölkədə İnternet qiymətləri 7 dəfə azalıb. 

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, UNESCO-nun araşdırmasına görə, son zamanlarda Azərbaycanda qlobal şəbəkənin istifadəçilərinin sayı Gürcüstanla Ermənistanın birgə göstəricisindən 2 dəfə çoxdur. 

Bundan başqa, Azərbaycanda İnternetə sürətli çıxışın kütləvi olması, yəni 2012-cu ilədək 20-30% faiz səviyyəyə, həm də həmin zaman ümumdünya səviyyəsinə çatması üçün böyük əsaslar var. Yeri gəlmişkən, bu gün yerli provayderlərin texniki imkanları müştərilərə, hətta 8 mbit/saniyə sürətində ADSL xidmət göstərməyə imkan verir. 

Bizdə Dünya Şəbəkəsinin  mobil İnternet, IPTV, "elektron kommersiya" və "elektron bankinq" kimi vacib atributları inkişaf edir və ya etməkdədir. 

 Qlobal miqyasdan danışdıqda, hazırda Azərbaycanda Avropa ilə informasiya uyğunsuzluğunun qarşısının alınması üçün hər şey edilir. Gündəlikdə kosmosa milli rabitə peyki "AzerSat"ın buraxılması durur. Ölkə Transmilli Avrasiya Superinformasiya Magistralının yaradılması layihəsi barədə təşəbbüs qaldırıb. Bu barədə bəyannaməyə 11 noyabr 2008-ci il tarixdə Bakıda MDB, Avropa və Asiyanın 17 ölkəsinin rabitə nazirliklərinin görüşündə qol çəkilib. 

Burada Amerikanın "Booz Allen Hamilton" şirkəti ölkənin regionlarında İnternetə keyfiyyətli və ucuz çıxışı, yüksək texnologiyaların daha da inkişaf etdirilməsini, regional elektron bazarının yaradılmasını təmin etmək üzrə layihənin eskizini təqdim edib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, 2009-cu ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında layihəni müzakirəyə çıxarmaq üçün bütün səylər göstəriləcək. 


MƏSLƏHƏT GÖR:

555