14 Mart 2025

Cümə, 21:49

AÇIQ SƏMADA GÖY GURULTUSU

Moneyval-in Azərbaycan üzrə açıqlamasından nə gözləyək?

Müəllif:

15.01.2009

Ötən ilin sonunda Azərbaycanın bank bölməsi dünyada baş verən maliyyə həyəcanının fonunda yıxılmadan dayanmağa çalışdığı bir zamanda ona qarşı gözlənilməz, yumşaq deyilərsə, layiq olmadığı münasibətlə üz-üzə qaldı. Avropa Şurasının  Pulların Yuyulması və Terrorun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) maliyyə qurumlarını Azərbaycandan olan şəxslərlə və maliyyə təşkilatları ilə əməliyyatlara xüsusi diqqət yetirməyə çağırıb.

Bu bəyanatın dərcindən sonra Azərbaycan tərəfinin də məsələyə hər hansı bir reaksiyasının olacağını gözləyirdik. Prinsipcə, elə də sadə xəbərdarlıq verilməyib və bank camiəsi üçün xarici borclar alan zaman bu cür tövsiyələr ciddi problemlər yarada bilər. Ancaq Azərbaycanda MONEYVAL-ın çıxışını yetərincə soyuqqanlı, demək olar ki, tam etinasızlıqla qarşıladılar.

Bəlkə də bu məsələ qlobal böhran ətrafındakı ajiotajın fonunda o qədər də gözə çarpmadı, yaxud da yerli kredit qurumları beynəlxalq maliyyə institutlarının müsbət qiymətini və dəstəyini çoxdan qazandıqları üçün özlərinə əminlik nümayiş etdirdilər. Biz də elə bunu araşdırmağa cəhd edəcəyik. 

 

6 saylı tədbir

Beləliklə, sənəd "Azərbaycanla bağlı 6 saylı tədbirlə nəzərdə tutulmuş açıqlama.  MONEYVAL-ın  12 dekabr 2008-ci il tarixli gücləndirilmiş uyğunluq prosedurları" adlanır. Sənəddə deyilir: " 2006-cı ildən MONEYVAL Azərbaycanda pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə rejiminin çatışmazlıqlarından rahatsızdır. 

 Strasburqda 8-12 dekabr arasında öz 28-ci plenar iclasında MONEYVAL bildirib ki, 31 oktyabr 2008-ci il tarixdə pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə barədə qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Bu qanun layihəsi əsas beynəlxalq standartlara yetərincə uyğunsuzdur".

Buna əsaslanaraq, MONEYVAL Azərbaycanı qanunvericilik prosesi başa çatmamış bu qanun layihəsinə xatırladılan standartları nəzərə almaqla yenidən baxmağı və təxirə salmadan lazımi tələblərə cavab verən qanunvericilik kompleksi qəbul etməyi tövsiyə edir. MONEYVAL həmçinin üzv dövlətləri və başqa ölkələri öz maliyyə qurumlarına Azərbaycanda yaşayan və ya yerləşən şəxslərlə və maliyyə qurumları ilə əməliyyatlara xüsusi diqqət yetirilməsi, hər bir müştərinin pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsi riskinin aradan qaldırıması baxımından yoxlanılması barədə xəbərdarlaq etməyə çağırıb. 

Doğrusu, bu qərar bir qədər gözlənilməz olub, çünki Azərbaycanla əməkdaşlığın qısa müddəti ərzində MONEYVAL ölkəyə pulların yuyulması ilə mübarizəyə yönəlmiş addımlara görə müsbət qiymət vermişdi. Azərbaycanın MONEYVAL tərəfindən qiymətləndirilməsinin birinci raundu 2003-cü ilin may ayında keçirilmişdi. Həmin qiymətləndirmə əsasında ölkəmiz əsasən  Çirkli Pulların Yuyulması ilə Mübarizə (FATF) üzrə  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD),  Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə üzrə Maliyyə Tədbirləri Qrupunun yeniləşmiş standartlarına uyğun ölkələr kateqoriyasına aid edilmişdi. 

Respublika Avropa Şurasının pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə barədə qətnamələrinə qoşulub və artıq təcrübədə beynəlxalq qurumların tövsiyələrini gerçəkləşdirir. O cümlədən anonim hesabların açılmasını və anonim qiymətli kağızların qadağan edilməsini nəzərdə tutan Qanun qəbul edilib. Çirkli pulların yuyulması ilə mübarizə isə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının tərkib hissəsidir. 

Pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə barədə qanun layihəsinə gəldikdə isə yerli müəlliflər bildirirlər ki, sənədin işlənməsində onlar başqa ölkələrin təcrübəsini və beynəlxalq prinsipləri öyrəniblər.  Qanun layihəsi maliyyə nəzarəti gerçəkləşdirən qurumun vəzifələrini və öhdəliklərini müəyyən edir, maliyyə kəşfiyyatı qurumunun yaradılmasını, terrorizmin maliyyələşdirilməsi üzrə məlumatların toplanmasını və bu cinayətlərə qarşı mübarizə qurumlarına müvafiq yardımların edilməsini nəzərdə tutur. 

Bundan başqa, daha əvvəl bu qanun layihəsi barədə Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, ABŞ Ədliyyə Departamentinin, BMT-nin narkotiklərlə mübarizə şöbəsinin müsbət rəyi olmuşdu. Onda məsələ nə yerdədir? 

Məsələ bundadır ki, Avropa ekspertlərinin fikrincə, nəzarət mexanizmi olmayan ölkələrdə pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riski böyükdür. Harada belə risklər varsa, orada yüksək gəlirlər əldə etmək şansı aşağı düşür. Ekspertlər hesab edir ki, beynəlxalq standartlara tam uyğun gəlmək üçün qanun layihəsinin bəzi yerlərinə yenidən baxmaq lazımdır. 

O cümlədən bu şübhəli əməliyyatlar üzrə hesabatlara, dövlətlərarası pul dövriyyəsi üzrə hesabatlara, həmçinin hesabat qanunlarının gücləndirilməsi çərçivəsində maliyyə və biznes öhdəliklərinə aiddir. Onlar bu baxımdan çirkli pulların yuyulması ilə bağlı qurumlarla əməkdaşlığı, müsadirə etmələri, pulların nağd şəkildə keçdiyi gömrük qurumları və beynəlxalq əməkdaşlıq qurumları ilə əməkdaşlığı çox vacib sayırlar. 

Qanun layihəsi 20 min manatı ötən əqdlər və əməliyyatlar üzrə monitorinq sisteminin tətbiq edilməsini nəzərdə tutur.   

Kredit qurumları, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, kredit qurumlarının lizinq xidmətləri, poçt şöbələri və başqa qurumlar vasitəsilə köçürmələr, lombardlar, investisiya fondları, qiymətli metal və daşlarla əqdlər, onlardan düzəldilmiş əşyaların alınması, qeyri-hökumət və dini qurumlar, lotereya təşkilatçıları, daşınmaz əmlakın alqı-satqısı üzrə xidmət göstərən şəxslər (rieltorlar), həmçinin vəkillər, auditorlar, əmlak əqdləri, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesabları monitorinq obyekti ola bilər. Monitorinqin keçirilməsi üçün xüsusi dövlət orqanı yaradılacaq. 

Ancaq iqtisadi siyasət üzrə parlament komissiyasının üzvü Vahid Əhmədov hesab edir ki, 20 min manatlıq limit qoyulması hüquqi və fiziki şəxslərin 90 faizindən çoxunun gəlirlərinin mointorinqinə səbəb olacaq ki, bu da Azərbaycan iqtisadiyyatına ciddi zərbə deməkdir. Hazırda Azərbaycanda avtomobil və ya torpaq sahəsi alanda belə bu limiti keçirlər. Buna görə də millət vəkili belə limitin tətbiq edilməsini məqsədəuyğun saymır. 

"Mən hesab edirəm ki, fiziki şəxslər üçün limit 50 min manata, hüquqi şəxslər üçünsə 100 min manata qaldırılmalıdır. Həmçinin vəzifəli şəxslər də maliyyə monitorinqinə cəlb edilməlidir və bu, qanunda öz əksini tapmaladır",- deyə Əhmədov vurğulayıb. 

 

Problem yoxdur

Bununla belə Azərbaycan  ekspertləri  əmindirlər ki, MONEYVAL-ın bəyanatları Azərbaycan bankları üçün heç bir problem yaratmayacaq. Bu barədə mütəxəssislərdən biri bildirib ki, bankların ehtiyacını ödəmək üçün ölkədə daxili resurslar yetərincədir.  Dəfələrlə bildirilib ki, Azərbaycan banklarının toplam borcları 2 mlrd manatı ötmür, halbuki təkcə Milli Bankın valyuta rezervləri artıq 6 mlrd manatı ötüb. "Bizdə sabit iqtisadiyat, dəqiq tədiyə balansı var. Bu bizim banklarla iş görmək istəyən maliyyə qurumları üçün yetərincə layiqli zəmanətdir",- deyə "Region plus"un müsahibi bildirib. 

Avropa dairələri Azərbaycanın bank sahəsində lazımi şəffaflığın olmaması barədə narazılıq bildiriblər. Bankların daha çox tikinti işlərinin, istehlak kreditlərinin və ticarət əməliyyatlarının maliyyələşdirilməsinə diqqət yetirməsindən bəhs edərək, bunların risklərlə bağlı olduğunu vurğulayıblar. Əvvəllər, bəlkə də, bununla razılaşmaq mümkün idi, ancaq indi durum tamam fərqlidir. Bunun sübutu kimi Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi qurumların Azərbaycanın özəl banklarının kapitalında çox həvəslə iştirak etməsini göstərmək olar. Məhz bu faktın özü Azərbaycan banklarının çirkli pulların yuyulması ilə məşğul olmadığının sübutudur, terrorizmin maliyyələşdirilməsindən isə danışmağa dəyməz. 

Hazırda Azərbaycan bankları əsasən beynəlxalq maliyyə qurumları ilə işləyirlər ki, onlar da gerçək durumdan gözəl xəbərdardırlar.  Onlar daimi durumun monitorinqini aparırlar və hətta ən tələbkar maliyyə qurumları qlobal maliyyə böhranı şəraitində Azərbaycan bankları ilə əməkdaşlıq etməyə davam edirlər. "Özəl xarici banklara gəldikdə isə, etiraf edək ki, onlarla əməkdaşlıq səviyyəsi aşağıdır",- deyə ekspert vurğulayıb. 

Bankların özündə MONEYVAL-ın bəyanatı barədə heç bir ajiotaj hiss edilmir. Aparılmış sorğudan bəlli olub ki, bankların əksəriyyətində xəbərdarlığın məğzini anlamırlar. "Bir neçə il qabaq bizim banka Volfsberq prinsiplərini göndərmişdilər, özəl bank bölməsində gəlirlərin yuyulması ilə mübarizə üzrə ümumi direktivlər göndərilmişdi. Sənədə diqqətlə baxdıq və belə nəticəyə gəldik ki, hətta tanış olmadan biz Beynəlxalq Bankda bu direktivlər əsasında işləyirdik",- deyə ölkənin iri maliyyə institutu Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Rauf Ağayev  bildirib. 

Qeyd edək ki, Volfsberq prinsipləri haqqında təşəbbüs dünyanın 11 aparıcı bankları tərəfindən qaldırılıb, 30 oktyabr 2000-ci ildə onlar özəl bank sektorunda gəlirlərin yuyulması ilə mübarizə üzrə ümumi direktivlərə qol çəkiblər. 

Volfsberq prinsiplərinə uyğun olaraq istənilən bankın siyasətinin əsasında duran qaydalara görə, bank yalnız elə müştərilərlə əlaqə qurmalıdır ki, onların gəlir və ya maliyyə qaynaqlarının qanuni mənşəyi gerçək hədlərdə təsdiqlənsin. Bununla yanaşı, Volfsberq prinsiplərinə görə, cinayət yolu ilə əldə edilmiş gəlirlərlə mübarizə üzrə konkret mexanizmlər bankın istəyi ilə seçilə bilər. 

"Bütün bank pul köçürmələri yetərincə sərt monitorinq şəraiti yaratmış beynəlxalq ödəniş sistemlərinin yardımı ilə gerçək-ləşdirilir. Əgər biz hətta istəsək də, bu şərtlərdən kənara çıxa bilmərik. Ölkə daxilində köçürülən istənilən məbləğdən vergi tutulur. Mən hesab etmirəm ki, şərtlər daha da sərtləşəcək. Bu, əhalini qorxudur, halbuki biz indi bütün səylərimizi əhalini bank bölməsinə cəlb etməyə yönəltmişik", - deyə  R.Ağayev bildirib. 


MƏSLƏHƏT GÖR:

532