
Yeni dünya xaosu
Müəllif: Redaksiya
Rusiya qazı və Qəzza sektoru, Avropa, İsrail, ABŞ - bu ilin əvvəlindən oynanılmağa başlanan "yanvar pasyans"ının əsas oyunçuları məhz bunlardır.
Halbuki 2008-ci ilin sonunda təhlükəli külək tamam başqa istiqamətdən əsirdi - ötən ilin son aylarında baş verənlərin fonunda "potensial münaqişə" tərəflərinə əsas "namizədlər" Hindistanla Pakistan sayılırdı.
Bu, doğrudan da, gözlənilən münaqişə olardı. Amma bədnam böhran - istər maliyyə, istərsə də Yaxın Şərq problemi olsun - öz işini gördü və dünya xaosuna öz "düzəliş"ini etdi.
Hamı yeni ildə yaxşı şeylərə ümid etsə də, hər şey tam əksinə oldu. Avropa şokda və çaşqınlıq içərisində Rusiya qazına həsrət qalaraq donur, Rusiya Ukraynanı birdəfəlik gözdən salmağa çalışır və bu zaman özünün də nüfuzunu itirdiyinin fərqinə varmır, İsrail isə Fələstini amansızcasına bombardman edir. Hətta HƏMAS-ın dinc sakinlərin arxasında gizlənərək İsrailə zərbələr endirməsi də yəhudi dövlətinin taktika və strategiyasına heç bir təsir göstərmir.
Zərərçəkənlər - Qəzzada bombardman altında həlak olanlar və Avropada qazsız qalıb donanlar isə adi insanlardır...
Qəribə gələni, yalnız həmişə bəxtəvər kimi yanaşdığımız və qibtə etdiyimiz avropalıların da indi pis vəziyyətə düşməsidir. Və bu, insanı həqiqətən qorxudur. Düşünürsən ki, dünya tamamilə çönüb. Artıq hamının vəziyyəti ağırdır və əvvəllər olduğu kimi, problem və çətinliklərdən baş götürüb qaçmağa yer qalmayıb...
Rusiya ilə Ukrayna arasında yaşanan "qaz müharibəsi"nə adam lap mat qalır. Rusiya Avropaya qaz nəqlini yanvarın 13-də bərpa edib, Ukrayna isə ölkədə yanacaq çatışmazlığını əsas gətirərək, onu yenidən kəsib. Kim-kimi ələ salır - Rusiya Ukraynanı, yoxsa Ukrayna Rusiyanı? Bəlkə öz korrupsiya oyunlarını ört-basdır etmək istəyən Ukrayna və Rusiya birləşib, Avropanı məsğərəyə qoyur? Bilmək olmur! Yəni, doğrudanmı Kiyev özü-özünə badalaq gəlir? Axı, artıq Avropa Qərbpərəst Ukraynaya əvvəlkitək inanmır və Kremlin nail olmaq istədiyi də məhz bu idi. Bundan sonra nə olur-olsun - lap avropalılar alternativ enerji resursları axtarmağa başlasınlar, Avropa Komissiyası "Qazprom" və "Nefteqaz"ı məhkəmə ilə hədələsin və s. və i. Əsas odur ki, "məqsəd"ə nail olundu - Moskva Kiyevə, Avropa İttifaqına və ABŞ-a nümayiş etdirdi ki, Ukrayna Rusiyanın təsir dairəsində qalmalı və NATO-ya üzvlüyə cəsarət etməməlidir. İstənilən halda, artıq avropalı analitiklər də buna şübhə etmirlər.
Amma digər tərəfdən, Ukrayna da Moskvaya göstərdi ki, o, istənilən an oyun qaydalarını dəyişə bilər.
Avropa üçün alternativ enerji mənbələrinin axtarılmasına gəlincə, bu, necə deyərlər, "dəvənin quyruğu yerə dəyəndə" baş verəcək. Və ABŞ-ın Avropa İttifaqını Rusiyaya qarşı enerji sahəsində vahid siyasət yürütməməkdə, qaz kəmərləri ilə bağlı vəziyyəti uzatmaqda günahlandırması da heç nəyi dəyişmir. Çünki artıq "qüdrətli" Vaşinqton da dünyanın iqtisadi hegemonu rolunu itirib və artıq ona da inanmırlar.
Ümumiyyətlə, indi heç kimə inanmırlar. Dünyada yaşanan maliyyə böhranı və yeni dünya düzəni vəziyyəti elə hala gətirib ki, artıq bu "dünya düzəni"ndən çox, "dünya xaosu"na bənzəyir.
Yaxın Şərqdəki böhran və İsrailin təcavüzkar siyasəti Köhnə Dünyada "israillilərin qeyri-proporsional güc tətbiqi" kimi qəbul olunsa da, bu məsələdə ABŞ-ın bostanı daşlansa da, hər halda, Avropanı bürümüş antiisrail nümayişlərinə qatılanların əksəriyyəti, əvvəlkitək müsəlman azlığın nümayəndələridir. Yəni, müsəlmanlar Avropadan birmənalı və qəti dəstək ala bilmədilər. "The Guardian" qəzetinin jurnalistinin dediyi kimi, "avropalı hər əsgərinin qeydinə qalan İsraili daha yaxşı anlayır, nəinki kamikadzenin qəhrəmanlığını və ya qadın və uşaqlardan qurulmuş sipəri. Onun üçün dini fanatizm, etnik sürü halında yaşama və ksenofobiya iyrəncdir".
Buna görə də Fələstin-İsrail qarşıdurması açıq qalır - HƏMAS İsrail ərazilərini atəşə tutmaqdan yorulmur, İsrail isə müstəqil dövlət kimi vətəndaşlarını və sərhədlərini müdafiə etməyə bilməz.
Demək, hər şey olduğu kimi qalacaq.
Bütün bu qarışıqlığa Rusiyanın növbəti dəfə Ermənistana təmənnasız silah-sursat verməsi də əlavə olunub. Özü də bu dəfə 800 milyon dollarlıq. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Drobışevski bu informasiyanı təkzib etsə də, Azərbaycana rəsmi cavabın verilməsinədək məsələ açıq qalacaq.
Odur ki, hələlik bu məsələnin üzərindən şərhsiz keçmək daha doğru olardı.
Ermənistan-Azərbaycan münaqişəsinin həllində sülhməramlı kimi çıxış edən Rusiyanın Ermənistana bu ölkənin hərbi büdcəsindən iki dəfə artıq məbləğdə silah-sursat vermək kimi səhv addım atdığına inanmaq istəməzdik. Doğrudur, münaqişə yaranandan bəri bu cür faktlar dəfələrlə qeydə alınıb, lakin bugünkü şərait belə addımın atılması üçün qətiyyən əlverişli deyil.
Birincisi, məhz Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri bir neçə ay əvvəl son 14 ildə ilk dəfə birgə sənədə - Moskva bəyannaməsinə imza atıblar. Bunun ardından, münaqişə tərəflərindən birinin silahlandırılması, yumşaq desək, xoş məramın üzərinə kölgə salardı.
İkincisi, Moskvada anlamalıdırlar ki, əvvəlki illərdə belə addımlarla Azərbaycana müəyyən təzyiq göstərmək mümkün idisə, bu gün vəziyyət tamam dəyişib: Ermənistandan fərqli olaraq, Azərbaycanın hazırkı iqtisadi və hərbi gücü hamı ilə bərabər danışmağa imkan verir.
Digər tərəfdən, Rusiyanın Gürcüstanı birdəfəlik itirməsindən sonra, regionun daha bir ölkəsi ilə münasibətləri pozmaq onun özünün maraqlarına uyğun gəlmir. Xüsusilə də regionda nə iqtisadi, nə də siyasi çəkisinə görə Azərbaycanla müqayisəyə gəlməyən Ermənistanın naminə Bakı ilə tərəfdaş münasibətlərinin pozulmasına dəyərmi?
Amma nə bilmək olar. Moskva ziddiyyətlər və təzadlar şəhəridir. Odur ki, Azərbaycan bu məsələdə son dərəcə diqqətli olmalıdır. Lətifəsi Rusiyadan uzaq, "itlə dostluq elə, ancaq çomağı əldən qoyma". Dünyada yaşanan hazırkı xaosda öz mövqelərini yalnız bu cür qorumaq olar.
MƏSLƏHƏT GÖR: