14 Mart 2025

Cümə, 20:57

OLİMPİADA ŞÜARI ALTINDA FİNİŞ

Azərbaycanın 2008-ci ildə idmanda əldə etdiyi nailiyyətləri uğurlu saymaq olar

Müəllif:

01.01.2009

2008-ci il başa çatdı və yekun nəticələrə nəzər salmağın əsl vaxtıdır. Bu ildə Azərbaycanın idmanda əldə etdiyi nəticələrdən danışanda, ilk növbədə, 2008-ci ilin Pekin Olimpiadası şüarı altında keçdiyini xatırlamaq lazımdır. Bu turnirdə Azərbaycan idmançıları 1 qızıl, 2 gümüş, 4 bürünc qazandılar. Nəticədə, millimiz ümumi komanda hesabında 39-cu yeri tutdu.

Müqayisə üçün xatırladaq ki, "Atlanta-1996"da Azərbaycan millisi 1 gümüşlə 61-ci, "Sidney- 2000"də 2 qızıl medal və 1 bürünclə 34-cü, "Afina-2004"də isə 1 qızıl, 4 bürünclə 50-ci olmuşdu. Yəni, idmançılarımız Pekində Atlanta və Afinadakından güclü, Sidneydəkindən isə zəif çıxış etdilər. Amma digər tərəfdən, qazanılmış medalların sayına görə, məhz Pekin Olimpiadası Azərbaycanın tarixinə ən yaxşı turnir kimi düşdü - bu göstəriciyə görə, ölkəmiz Çində 27-ci yeri tutdu.

Pekin Olimpiadasında əsas qəhrəmanımız cüdoçu Elnur Məmmədli oldu. 73 kiloqram çəki dərəcəsində yarışan E.Məmmədli bütün rəqiblərini asanlıqla üstələyərək, Azərbaycana XXIX Olimpiya Oyunlarının ilk medalını qazandırdı və o, qızıl oldu. Yeri gəlmişkən, bu, tək bizim üçün yox, həm də bütünlükdə keçmiş SSRİ və müsəlman ölkələri üçün Pekində qazanılmış ilk medal idi.

Azərbaycan millisinin aktivinə iki gümüş medalı isə yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) gətirdilər. Finala çıxışı böyük sürpriz olan Vitali həlledici döyüşdə rəqibinə haqlı olaraq məğlub oldu. Amma Rövşənin qələbə üçün bütün imkanları olsa da, o, bu imkanlardan yararlanmadı.

Bürünc medallar da döyüş növlərində qazanıldı. Cüdoçu Mövlud Mirəliyev (100 kq), boksçu Şahin İmranov (57 kq), həmçinin sərbəst güləşçilər Xetaq Qazyumov (96 kq) və Mariya Stadnik (48 kq) Olimpiada üçüncülüyü ilə kifayətlənməli oldular.

Olimpiada haqda danışarkən gimnastlarımızın uğurlu çıxışını, yüngül atletika təmsilçilərimizin nisbi uğurunu və at idmanında debütü də qeyd etmək lazımdır.

Bədii gimnast Aliyə Qarayeva 6-cı yeri tutdu və bu, Azərbaycan gimnastikası üçün tarixi nəticədir. Özü də 4 ildən sonra Londonda keçiriləcək növbəti Olimpiadada bu nəticənin daha da yaxşılaşdırılması realdır. 

Qrup halında komanda da pis təsir bağışlamadı. Qızlar finaladək irəlilədilər və bunu ciddi nailiyyət hesab etmək olar. Üstəlik, yekunda Azərbaycan millisi Ukrayna kimi güclü komandanı geridə qoyaraq, 7-ci yeri tutdu.

Yüngül atlet Ramil Quliyevin çıxışı da sevindirici oldu. 

Yeri gəlmişkən, azərbaycanlı idmançılar arasında Olimpiadaya ən birinci lisenziyanı əldə edən məhz Ramil olub və sonradan o, Pekinə turist kimi yollanmadığını sübut etdi. 200 metr məsafəyə qaçışda R.Quliyev Azərbaycanın yüngül atletlərinin Olimpiadada çıxışı tarixində ilk dəfə olaraq, ilkin mərhələni adladı. Məsafəni 20,66 saniyəyə qət edən idmançı dörddəbir finala yüksəldi və burada o, daha uğurlu nəticə göstərdi - 20,66 saniyə. Lakin təəssüf ki, bu nəticə mərhələnin 32 iştirakçısı arasında cəmi 24-cü olmaq üçün kifayət etdi. 

Yarımfinala isə cəmi 16 idmançı çıxırdı.

Azərbaycanın at idmanında Olimpiada debütünü də unutmaq olmaz. Atlı Camal Rəhimovun çıxışı o qədər uğurlu alınmasa da (birinci mərhələni uğurla keçən C.Rəhimov ikinci seçmədə atdan yıxılaraq, dizindən zədə aldı və xəstəxanaya aparıldı), güman ki, Camalın hələ Olimpiada yarışlarına qatılmaq və özünü daha yaxşı tərəfdən göstərmək şansı olacaq.

Əgər başa çatan ildə Azərbaycanın qazanılan uğurlara görə idman növlərini sadalasaq, birinci yerə, şübhəsiz ki, cüdo qoyulmalıdır. Biri qızıl olmaqla, iki olimpiya medalı çox şey deməkdir. Bu, cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Ağayar Axundzadənin ünvanına tənqid səsləndirən şəxslərin də susmasına səbəb oldu. Mütəxəssisin istefasını tələb edən əleyhdarlarının səslərini, yəqin ki, yaxın 4 ildə eşitməyəcəyik.

Güləş, xüsusilə də sərbəst güləş üzrə komandanın məşqçiləri üçün isə Olimpiadadan sonra bir sıra iraddolu suallar qalır. Sərbəst güləş üzrə kişilərdən ibarət milli Pekinə tam heyətlə yollanmış və bütün çəki dərəcələrində təmsil olunmuşdu. Yeri gəlmişkən, onlardan 5-i kənar ölkələrdən dəvət edilmiş legionerlər idi. Bir sözlə, bu millidən çoxlu sayda medal gözlənilsə də, komanda yalnız Xetaq Qazyumovun sayəsində qazanılmış 1 bürünclə kifayətlənməli oldu. Lakin millinin baş məşqçisi Maqomedxan Aratsilova bundan sonra da komandanı çalışdırmaq etibar olundu.

Ötən ilin yekunlarına görə, boksçularımıza da xeyli irad var. Milli komandanın baş məşqçisinin dəyişdirilməsi də müsbət nəticə vermədi. Xatırladaq ki, Afinada keçirilmiş Olimpiadada Azərbaycanı 9 boksçu təmsil edirdisə, Pekinə yollanmış "dəri əlcək üstaları"mızın sayı cəmi iki idi. Çox güman ki, yaxın gələcəkdə milli komandanın baş məşqçisi Nəriman Abdullayevi əcnəbi mütəxəssis əvəzləyəcək. Bu postu dünyanın ən güclü boks ölkələri olan Rusiya və ya Kubanı təmsil edən mütəxəssisin tutacağı deyilir.

Başa çatan ildə Azərbaycanın komanda idman növlərində ciddi uğur olmadı. Düzdür, basketbol üzrə milli komanda ardıcıl olaraq, ikinci dəfə İnkişaf Kubokunun (onu "C" divizionu üzrə Avropa çempionatı da adlandırırlar) qalibi oldu, "Xəzər-Lənkəran" futbol klubu Birlik Kubokunda qələbə qazanaraq, kuboku ikinci dəfə Azərbaycana gətirdi. Lakin bu turnirlərin heç birinin ciddi reytinqi yoxdur və bu qələbələri şişirtməyə ehtiyac yoxdur.

Ötən il futbol sahəsində az iş görülməsə də, bu hələ ki nəticələrdə özünü göstərmir. Məşhur almaniyalı mütəxəssis Berti Foqtsın rəhbərlik etdiyi milli komanda ondan gözlənilən nəticələri vermədi. 4 heç-heçə və 5 məğlubiyyətin fonunda qazanılmış 2 qələbə yaxşı nəticə sayıla bilməz. Xüsusilə, nəzərə alsaq ki, 2010-cu ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi artıq 2 məğlubiyyət acısı dadıb, üstəlik, Bakıda üstələməli olduğu Lixtenşteyn yığması ilə heç-heçə oynayıb.

Futbol klublarının Avropa arenalarındakı çıxışları müəyyən qədər yaxşılaşsa da, ciddi nailiyyətlərdən danışmaq olmur. Məsələn, ötən il "Neftçi" klubu İntertoto Klubunda iki mərhələ adladı və bu, ölkənin klub futbolu tarixində ən yüksək göstəricidir. Lakin burada da "əmma" var: Köhnə Dünyada İntertoto Kuboku daim üçüncü dərəcəli turnir hesab edilib və bu, sadəcə UEFA Kuboku üçün seçmə mərhələdir. Bundan başqa, 2009-cu ildən bu turnir, ümumiyyətlə, keçirilməyəcək.

Komanda idman növləri arasında ilin ən güclü komandası adını əminliklə otüstü hokkey millisinə vermək olardı, əgər o, Olimpiadaya düşə bilsəydi. Lakin təəssüf ki, hokkeyçilərimiz Pekinin bir addımlığında dayandılar - bu vəsiqəni qələbəni o qədər də təmiz əldə etməyən İspaniya millisi əlimizdən aldı. Hər halda, artıq İspaniya yığmasının iki üzvünün qanında dopinqin tapılması ilə bağlı tarixcəni xatırlatmağa, yəqin ki, ehtiyac yoxdur...

Bir sözlə, 2008-ci idman ili belə başa çatdı. Əlbəttə, biz bu məqalədə bütün maraqlı məqamlara toxuna bilmədik. Lakin yəqin ki, ən vaciblərini qeyd etdik. Ümid edək ki, 2009-cu il Olimpiada ili olmasa da, bizə çoxlu sayda sevincli anlar və xoş təəssüratlar gətirəcək. 



MƏSLƏHƏT GÖR:

516