15 Mart 2025

Şənbə, 04:13

EYNİ SEXİN İŞÇİLƏRİ

Müxtəlif xalqların və ölkələrin öz yeni il və milad personajları var

Müəllif:

01.01.2009

Yeni il insanlığın ən işiqlı bayramıdır. Sehrlərlədolu işıqlı və xoş nağıllarda həmişə xeyirxah elflər, pərilər, babalar və nənələr olur. Əgər insanların həyatında onlara xeyirxahlıq, harada cəza və harada rəhm lazım gəldiyini öyrədən bu nağıllar və personajlar olmasa idi, qorxulu vəziyyət yaranardı. 

Etiraf edək ki, biz - böyüklərin dünyasında Yeni il gerçəkliyinə inanmaq istədiyimiz bir nağıl kimi keçir və həmişə bu bayramdan qeyri-adi möcüzələr gözləyirik. Və Yeni il ərəfəsində bu inamın uşaqlarda daha çox saxlanmasını istəyirik, bu, hər şeyi eşidən və hər şeydən xəbəri olan bir ixtiyara inam kimidir. Elə bir ixtiyar ki, məkan və zamandan asılı deyil, hər şeyə qadirdir. Və Şaxta baba haqqında çağdaş təsəvvürlər müxtəlif zamanların və xalqların əfsanə və inanclarının çuğlaşmasıdır. 

Azərbaycanda Şaxta baba elə Rusiyanın Ded Morozu kimi geyinir və onu Rusiyadakı kimi Qar qız müşayiət edir. Azərbaycan bu yeni il qocasının obrazını, təbii ki, kənardan götürüb, çünki bizdə bu cür baba olmayıb. Azərbaycan bir cənub ölkəsidir və adətə görə, burada yeni ili yazda - Novruz Bayramı günlərində qarşılayırlar. Bəllidir ki, bu bayramın öz elfləri - Keçəl və Kosası var. Qar qızın yerinə isə Bahar qızı gəlir. 

Hər bir ölkədə yeni il qocasını öz dillərində çağırırlar, amma istənilən halda adlarının fərqli olmasına baxmayaraq, onların hamısı möcuzə bəxş etmək qabiliyyətinə malikdir. 

Rusiyada  Ded Moroz, Ded Treskun, Morozko və Karaçun eyni adamdır. Görkəmi bir qədər sərtdir. Kürkü yerə qədər uzanır və şiş papaq geyir, əlində buz əsası və hədiyyələr kisəsi var. Slavyan mifologiyasında rus əfsanələrinin personajıdır - qış şaxtalarını, suyu donduran dəmirçini əks etdirir. İlk öncə zalım və bəd büdpərəst tanrısı, Şimalın Böyük Müdriki, insanları donduran  buz soyuğunun və çovğunun sahibi olub. Bu, Nekrasovun "Qırmızı burun şaxta" poemasında öz əksini tapıb. Orada şaxta meşədə dul kəndli qadını öldürür və onun körpə uşaqlarını yetim qoyur. 

Rusiyada ilk dəfə Ded Moroz 1910-cu ilin Milad bayramında peyda olub, ancaq geniş yayılmayıb. Sovet dönəmində ona yeni imic verildi: o, uşaqların yanına gəlirdi və hədiyyə paylayırdı. Bu obraz sovet kinematoqrafları tərəfindən 1930-cu illərdə yaradıldı. 1935-ci ilin dekabr ayında Stalinin silahdaşı, SSRİ MİK Rəyasət Heyətinin üzvü Pavel Postışev "Pravda" qəzetində məqalə yazaraq, uşaqlar üçün Yeni il şənlikləri təşkil etməyi təklif etdi. Və Xarkovda uşaqlar üçün Yeni il səhərciyi təşkil edildi. 

Yazıçı Viktor Yerofeyev 50-ci illərdəki uşaq təəssüratlarını təsvir edərkən kinayə ilə yazırdı ki, Stalin dinə qarşı mübarizəni axıradək aparmayıb, çünki Ded Morozu, yəni "uşaq tanrısını" məhv etməyib. Rusiyanın Ded Morozu bayrama öz qız nəvəsi - Snequroçka ilə gəlir. Onun məcmu obrazı Müqəddəs Nikolayın dini salnaməsinin motivləri əsasında, həmçinin qədim slavyan tanrıları Pozvizd, Zimnik və Koroçunun təsvirləri əsasında yaranıb. 

Bütpərəst ilahilərin özünəməxsus xüsusiyyətləri Ded Morozun ilkin davranışlarında öz əksini tapmışdı,  əvvəlcə o, qurban yığırdı - uşaqları oğurlayırdı və onları kisəyə qoyaraq aparırdı. Ancaq çox vaxt olduğu kimi bu dəfə də hər şey tərsinə dəyişdi, pravoslav ənənələrinin təsiri alıtında Ded Moroz xeyirxahlaşdı və uşaqlara özü hədiyyə paylamağa başladı. 

Bu obraz SSRİ-də əsaslı şəkildə oturuşdu: Ded Moroz, yəni Şaxta baba ateist ideologiyasında inqilabdan əvvəlki Rusiyaya xas olan xirstian Milad bayramının yerini tutmuş Yeni il bayramının rəmzinə çevrildi. Rusiyada hər avqustun son bazar günü Ded Morozların peşə bayramıdır. Rusiyanın Ded Morozu Böyük Ustyuqda yaşayır. Snequroçkaya, yəni Qar qıza gəldikdə isə o, Rusiya mədəniyyətinə xas obrazdır. Qərbin yeni il və milad mifologiyasında qadın personajlar yoxdur. 

Avstraliya, ABŞ - Santa Klaus. Ağ saçları, səliqəli saqqalı var. Qırmızı gödəkcə, şalvar və gecə papağı geyinir.  Yekə qarnına tünd rəngli dəri kəmər bağlayır. Əslində, bu, həyatsevər elfdir. Adətən gözlük taxır, qəlyan çəkir. Son illərdə, demək olar ki, bütün inkişaf etmiş ölkələrdə gerçəkləşdirilən tütün əleyhinə təbliğata görə obrazın bu elementini yada salmaq istəmirlər. 

Marallar qoşqusunda gəlir və buxarı yanına qoyulmuş başmaqlara və corablara hədiyyə atır. Mətbuatda "Santa Klaus" ilk dəfə 1773-cü ildə peyda olub. Klaus (Nikolaus) adı Mira şəhərindən olan müqəddəs Nikolay ilə bağlıdır (rus ənənəsinə görə, Nikolay möcüzəkardır). O, III yüzilliyin birinci yarısında Kiçik Asiyanın Mira şəhərində, yəni indiki Türkiyənin Demra şəhərində yepiskop olub. 

Nikolayın adı ilə çox əfsanələr bağlıdır. Həmin əfsanələrin sırasında Roma üçün nəzərdə tutulan taxılın Miraya göndərilməsi, Mira uşaqlarının dəniz quldurlarından qurtarılması var. XVII yüzillikdən Nikolay uşaqların himayəçisi sayılır. Onun günündə - 6 dekabrda uşaqlara hədiyyələr paylayırlar. Uşaqlar öz ayaqqabılarını qapı yanında yerləşdirirlər ki, o, hədiyyələrini qoya bilsin.

Ancaq bu hədiyyələri yalnız sözəbaxan uşaqlar ala bilir. Sözəbaxmayan dəcəllər isə əksinə, çubuq cəzası alırlar. Bu obrazın ilk ədəbi təsviri 1821-ci ildə "Santeclaus" şeirini dərc etdirmiş Uilyam Cilliyə məxsusdur. Bir ildən sonra Santa Klausun səfəri barədə bütöv mənzum hesabat dərc olunub, onun müəllifi peşəkar diş həkimi Kliment Klark Mur olub. 

Santa Klausun indi mövcud olan rəsmi amerikalı rəssam Handon Sandblomun fırçasından çıxıb, 1931-ci ildə o, koka-kola üçün rəsmlər seriyası çəkib. Avstraliya Şaxta babası da belədir, ancaq o, çimərlik paltarında və motorlu idman qayığı skuterdə hərəkət edir, çünki kenqurular ölkəsində yanvarın birində hava çox isti olur. 

Belçika, Polşa - Müqəddəs Nikolay ("Swiety Mikolaj"). Əfsanəyə görə, o, öz evinə pənah gətirmişlərin başmağına qızıl alma qoyurmuş.  Bu, çoxdan olub və buna görə Müqəddəs Nikolay ən qədim Şaxta baba sayılır. Atla gəzir, başına mitra, yəni keşiş papağı qoyur və ağ yepiskop mantiyasına bürünür. Onu həmişə həbəşistanlı qulluqçusu Qara Pyotr müşayiət edir. Pyotrun çiynində sözəbaxan uşaqlar üçün hədiyyə kisəsi, əllərində isə dəcəllər üçün çubuq var. 

Yunanıstan, Kipr - "Aqios Vasilis" (Müqəddəs Vasili). Yeni il personajı üçün ən qəribə addır. Bununla belə Kiprdə uşaqlar öz sehrbazlarına məktub yazırlar: "Müqəddəs Vasili, gəl, uğur gətir, diləklərimi gerçəkləşdir".

İtaliya - Babo Natale ("Babbo Natale"). Öz xizəyini evin damında qoyur, bacadan sobanın borusu ilə evə girir, bir az süd və "möhkəmlənmək üçün" şirniyyat qoyur.  Bununla yanaşı, sözəbaxan uşaqların yanına xeyirxah pəri Befana (La Befana) da gəlir və uşaqlara hədiyyə paylayır. Dəcəlləri isə zalım sehrkar Befana küncə qoyur. 

Niderlandlar - Sinter Klaas, Sanderklass, Sayte-Kaasa ("Kerstman"). Qaradərili xidmətçilərin müşayiətində gəmi ilə gəlir. Hədiyyələr paylayır. 

Saxa (Yakutiya) - Dıl baba ("Ehee Dıl"). Bu yeni il personajı göründüyü kimi, başqa yeni il həmkarlarından daha yaxşı vəziyyətdədir. Özünüz baxın: onun xanımı Kıhın Xotun qış çağlarının yiyəsi, üç qızı - Saasçaana, Sayıına və Kuhuuney öz aralarında yaz, yay və payız işlərini bölüşdürürlər. Ehee Dılın özünün nə iş gördüyü isə aydın deyil. Amma dəqiq məlumdur ki, onun böyük nəvəsi olan qız Xaarçaana qarın himayəçisidir və kiçik nəvəsi olan oğlanın adı isə Tıalçaandır. Dıl babanın var-dövlətdən bir buğası var. Hər payız buğa buzlu okeandan çıxır və qışın ortasına qədər buynuzunu böyüdür. Buğanın buynuzu qalxdıqca temperatur düşür. Yanvarın ortalarından başlayaraq buğanın buynuzu yavaş-yavaş ovxalanmağa başlayır, martda isə özü parlaq günəşin şüaları altında ölür. Ehee Dıl ən "Soyuq Qurşaq"da - Oymyakon və Tomtor qəsəbələri tərəfdə yaşayır. Orada qış vaxtları temperatur Selsi ilə -71,2 dərəcəyə qədər düşür. 

Türkiyə - Müqəddəs Nikolay, Merliki yepiskopu ("Noel Baba"). Bütün yeni il personajlarının əcdadlarından biridir. Oğurlanmış və itkin düşmüş uşaqların himayəçisidir. Bizim eranın 300-cü ilində yaşayıb. 

Özbəkistan - Korbobo "Qorbobo" və Korqız (Qar qız). Özbək qışlaqlarında yeni il gecəsi eşşəyin üstündə zolaqlı xalatda "Qar baba" gedir. Bu elə Korbobodur.

Finlandiya - Youlupukki ("Joulupukki"). Ona bu ad təsadüfən verilməyib. "Youlu" milad, "pukki" isə keçi deməkdir. Çox illər öncə Şaxta baba keçi dərisindən paltar geyirdi və hədiyyələri keçi üzərində paylayırdı. Ağ saçları, səliqəli saqqalı və bığları vardı. Qırmızı gödəkcə, şalvar geyir və gecə papağı qoyur.  Tünd dəri kəmər taxır. Gözlük mütləq taxmalıdır. Korvantunturi dağında ("qulaq-dağ") az qala zirvədə yerləşən daxmada yaşayır. Arvadı Muori (Mariya) və cırtdan adamlar da onunla yaşayır. Qədim zamanlarda evləri gəzərək sözəbaxan uşaqlara pay verir, dəcəlləri isə cəzalandırırdı. Daha sonra tərbiyəçi obrazı sıradan çıxıb. Çağdaş görkəmi və əfsanəsi daha çox Amerika Santa Klausundan götürülüb. Finlandiyada və bir sıra Skandinaviya ölkələrində populyardır. Layihəsinə 1950-ci ildə xanım Eleonora Ruzveltin gəlişi ilə təşəbbüs göstərilib. Layihə rəsmən 1985-ci ildə asılıb. Santa-parka və  Youlupukki kəndinə hər ilə 250 min turist gəlir. 

Fransa - Yanvar baba, Per Noel ("Le Pere Noel"). Fransanın Yanvar babası  əsa ilə gəzir və iri şlyapa geyinir.

Çexiya, Slovakiya - Ded Mikulaş. Dekabrın 5-dən 6-na keçən gecə Müqəddəs Nikolay günü ərəfəsində gəlir. Xarici görünüşü rus Ded Morozuna oxşayır: onun da uzun kürkü, papağı var, əsası yuxarıdan spiralvari burulub. Ancaq o, hədiyyələri kisədə deyil,  çiyin qutusunda gətirir. Onu Snequroçka yox, ağ geyimli mələk və tüklü şeytan müşayiət edir. Mikulaş yaxşı uşaqlara apelsin, alma və şirniyyat verməyə həmişə hazırdır. Əgər yeni il xuliqanının çəkməsinin içindən kartof və ya kömür parçası çıxarsa, bu, yüz faiz Mikulaşdır, onun işidir. Mikulaşın daha bir yeni il personajı Yojişek ilə necə yola getməsi aydın deyil. 

Yojişek ("Jezisek") - Çexiya, Slovakiya. Yəqin ki, bu dünya üzrə ən ciddi yeni il personajıdır. Hədiyyələri uşaqların evlərinə atan Yojişek onu heç kimin görməməsi üçün çox diqqətlidir. Məhz buna görə də həmin xeyirxahın xarici görünüşü barədə heç nə bəlli deyil. Ancaq yeni il yolkasında zınqırov səslənərsə, minlərlə çex və slovak uşaq onlara çatan hədiyyələrə baxar və soruşar: "Bunu kim gətirdi?" "Əlbəttə ki, Yojişek!"- deyə  xoşbəxt valideynlər cavab verərlər. 

İsveç - Krise Krinql, Yulnissan, Yul Tomten ("Jultomten"). Mənzərəli göllərlə və dərələrlə əhatə olunmuş qoruq meşədə yaşayır. Yeni il möcuzələrini həyata keçirməkdə ona qar adam Dasti, göl siçanları, şahzadə oğlanla şahzadə qız, əcinnələr, Qar Kralı və Kraliçası və əlbəttə ki, hər yerə burun soxan elflər yardım edir. Elflər xüsusilə çox çətinlik çəkirlər. Onlar yolka bəzəkləri və hədiyyələr üçün öz kiçik mədənlərində daim qızıl çıxarırlar. Kim Tomtenə qonaq gedir, həmişə onlara xəbərdarlıq edir: "Ayağınızın altına baxın! Cığırlarda həmişə kiçik trollar yatırlar. Onları ayaqlamayın!."

Bütün Şaxta babalar hədiyyə gətirir, ancaq hər biri bunu öz bildiyi kimi edir: 

Rus Ded Morozu yolkanın altına qoyur. İngilis və irlandlar hədiyyəni corabda, meksikalılar ayaqqabıda tapırlar. Fransada Yeni il hədiyyələri tüstü borusuna, İspaniyada balkonlara tökülür. İsveçdə Şaxta baba hədiyyələri sobanın yanına, Almaniyada pəncərənin qabağına qoyur. 

Şaxta babaların hamısı qeyri-adidir. Fərqli görünürlər, biri rəhmlidir, o birisi cəzalandıra da bilər. Hər birinin Yeni il bayram edilən evə daxil olmaq üsulu da fərdidir. Ancaq necə olur-olsun, Şaxta baba Yeni il bayramını təbrik etmək və hədiyyə gətirmək üçündür! 


MƏSLƏHƏT GÖR:

552