
HARMONİYA və SEVGİ YUXULARI
Rəssam Emil Əzizin əsərləri məhz bu barədə danışır
Müəllif: Valentina Reznikova Bakı
İnsan həyatı hadisələrlə dolu kaleydoskopa bənzəyir. Sevincli və kədərli hadisələrlə. Zaman sıralamasında onların hamısının öz yeri və adı var: uşaqlıq, gənclik, qocalıq. Yalnız insan yuxularını bu sıralanmadan kənar bir reallıq saymaq olar. Orada həmişə gerçək reallıqda tapa bilmədiyini tapmaq olur. Həyatını təsviri incəsənətə həsr etmiş insanlarda isə, görünür, hər şey bir qədər başqa cür olur. Bəlkə də yalnız onlar zaman strukturunu elə qarışdıra bilərlər ki, keçmişi müasirlikdən, indiki zamanı isə gələcəkdən ayırmaq mümkün olmaz.
İstanbulda yaşayan Azərbaycan rəssamı Emil Əziz də məhz belə əsərlər yaradır. Onun əsərləri rəssamın öz yaradıcılıq təcrübəsi ilə əvvəlki nəsillərin təcrübəsinin vəhdədidir. Çünki onun işləri Deqa, Bəhlulzadə, Mone, Lotrek, Heyndell kimi realizm, impressionizm və konseptual incəsənət ustalarından sitatlarla doludur. Köhnə nəslin təcrübəsi müasirliyin, həyatdakı yerimizin, həyatın məğzi və mənasının dərk edilməsi üçün bir vasitədir. Onun işləri ətrafdakı hər şeydə gözəllik axtarışıdır - çiçəkli çəmən, qürubçağı, şəhər küçəsi, qadın baxışı və s.
Bakı şəhərindəki Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Emil Əzizin "Mənim yuxularım" adlı fərdi sərgisi açılıb.
QADINLAR
"Aydınlıq". O, harmoniya qadın, xəyal qadındır. O, mükəmməlliyin özüdür. Möhtəşəm duruş, yarıyumulu göz qapaqları, saçları bəzəyən gül çələngi. O, bizimlə deyil, öz aləmindədir. Çiynində özünə yer eləmiş göyərçin sanki qızın fikir və hisslərinə qulaq verirmiş kimi, üzünü onun üzünə söykəyib. Onlar rahatlıq və harmoniyanın təcəssümüdür. Əsl sevginin mövcud olduğu dünya məhz belə olmalıdır.
"Çiçəklənmə". Qarabuğdayı qız sanki qızıl gül qönçələrinin al-qırmızı axınını xatırladan gecə libasından çıxmağa çalışır. Qırmızı rəng onun qarabuğdayı dərisini kölgədə qoyaraq, adamın diqqətini gözəlin baxışlarına yönəldir. O, heç nədən çəkinmədən adamın gözünün içinə baxır. Çünki qəfləti yaxalanmayıb. O, bizimlə dialoqdadır. Gənclik, gözəllik və həyat eşqi isə onun tərəfindədir.
"Xalça toxuyan qız". Onun kürəyinin arxasında türk dünyasına aid çoxsaylı ornamentlər yer alıb. Onların hər biri kodlaşdırılmış rəmz, keçmişdən müasir cəmiyyətə göndərilən ismarışdır. O, bizə baxmır. Amma yorulduğu üçün deyil, düşüncələri, fantaziyaları ilə baş-başa qaldığı üçün. Sol əlinin içində çəhrayı yumaq var. Görəsən, bu ipin vasitəsilə əbədiyyata nə mesajı göndərmək istəyir?
"İlham pərisi". Kirpikləri bir qədər aşağı düşüb, baxışı isə öz qəlbinin dərinliyinə yönəlib. XIX əsrin qadınları öz pərəstişkarlarına yaxınlaşmadan belə, onlara ismarışlarını çatdıra bilirdi. Onun sağ əlində tutduğu açıq yelpik dialoqa dəvət deməkdir. Hər halda, bizim üçün bu belədir. Elə müəllifin özü üçün də...
"Gözəllik oğrusu". Rəssam üçün qadın gözəlliyi xüsusi bir mövzudur. O, onların üzlərinə diqqət etməkdən, onların fikirlərini oxumaqdan, qəlbinə girməkdən, cizgilərinin incəliyini duymaqdan həzz alır. Onun üçün qadın gözəlliyi yaradıcılığa sövq edən bir faktor, zaman isə onun gözündə oğrudur. Axı gəncliyin bütün gözəlliyini məhz zaman yuyub-aparır. Ona görə qadın gözəllyi gec açılıb, tez solan çiçək kimidir. Bəs nə qalır bu gözəllikdən? Həmin gözəlliyin keçmişə çevrilən əksi...
"Əlcəklər". Qadınların heç biri bizə tam açıq baxışla baxmır. Biri bizə arxasını çevirib, digəri üzünü döndərib, bir başqası gözlərini şlyapasının arxasında gizlədib, o birisi isə sadəcə, gözünü yumub. Bu zaman uzun əlcəklərin içində gizlənən qadın əlləri tamaşaçıya təsir göstərən əsas elementə çevrilir. Bu, sadəcə əllər deyil, onlar çox şeyi ifadə edir. Bu, qadının xasiyyəti, onun hazırkı ruh halı, situasiyaya yanaşmasıdır.
ŞƏHƏR
"Taksim caddəsi". Həzin, xırda yağış yağır. Payızdır. İnsanlar çətirlərlə gəzməkdən zövq alır. Onlar özlərini rahat hiss edir və küçəni tərk etməyə tələsmirlər. Burada həyat tələsmədən axır. Kimisi dayanıb söhbət edir, kimi tələsmədən mənzilbaşına gedir. Turist və yerli sakinlər çoxsaylı kafe və mağazalarda gəzişirlər. Bura sakit və şəndir. Çünki yağış kədər və bədbinliyin bütün izlərini yuyub aparır.
"İstiqlalın ruhu". Yaş asfalt küçənin gecə işıqlandırılması, heç yerə tələsməyən insanlar. "Bəs İstiqlalın ruhu haradadır?" - soruşsanız, əsər sizə "Hər yanda!" - deyə cavab verər. Bu ruh küçə fənərlərinin işığında, firuzəyi rəngə boyanmış səmada, yolda parıldayan yağış damcılarında, rahat tramvayın pəncərələrində dolaşır. Heç yerə tələsməyən bu insanlar da həmin ruhun daşıyıcılarıdır. O, bütün bu məkandadır. O, təbiət və insanı birləşdirən, doğmalaşdıran bir hiss, həyatın harmoniyasıdır.
"Sarayburnu vapuru". Bu, turistlərin, biznesin, çoxsaylı əfsanələrin dolaşdığı İstanbulun gündəlik həyatının bir fraqmentidir. Bosforda var-gəl edən böyük və kiçik gəmilər - adi mənzərədir. Sanki burada qeyri-adi heç nə yoxdur. Elə isə o, rəssamı nə ilə özünə cəlb edib? Öz reallığı və tanınan detalları ilə. Hansısa bir vaxta donub-qalmış həyatıyla. Amma çox keçmədən şəhər oyanacaq və gündəlik qayğılar içində qaynamağa başlayacaq.
"Caddə...". Bu isə İstanbulun başqa bir küçəsidir. O, haradasa köhnə Tiflisin küçələrini xatırladır. Hətta günəş şüaları və kölgələr də bənzərdir. Görünür, şəhərlərin bütün sakit yerləri bir-birinə bənzəyir. Özü də tək memarlıq baxımdan deyil. Onların arasında gözlə görünməyən bir doğmalıq, mühit, əhval-ruhiyyə var. İndiki halda bu, rəssamın ruh halının əksidir. Dünyaya isti və işıqlı münasibətlə baxan bir adamın ruh halı.
Emil Əzizin "yuxular"ı harmoniya və sevgi barədə yuxulardır. Sənətə, qadına, gözəlliyə, bir sözlə, həyatın özünə olan sevgi barədə...
MƏSLƏHƏT GÖR: