
DAHA İNSANPƏRVƏR OLDUĞUN YER
YUĞ teatrının direktoru Tərlan Rəsulov: "Bizə eynitipli verilişlərdən bezən xeyli gənc gəlir"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
YUĞ teatrını bütün Qafqazda ən qeyri-adi teatr adlandırmaq olar. Burada ənənəvi səhnə yoxdur, aktyorlar isə öz oyunları ilə tamaşaçını köklərinə apararaq, onların qədim yaddaşlarını oyadan müdrik şamanları xatırladırlar. Melpomenanın mistik məbədlərindən birinin səhnəsində və ondan kənarda necə yaşadıqları haqqında "R+"a YUĞ teatrının direktoru Tərlan Rəsulov danışıb.
- Teatrınızın tarixi haqqında bir qədər məlumat verin...
- YUĞ teatrı 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlunun təşəbbüsü ilə Azərbaycan Dram Teatrı yanında yaradılıb. Hər şey tam teatra qədər "böyüyən" və dövlət statusunu qazanan teatr studiyasından başlayıb. Teatrın adı qədim türklərin unudulmuş mərasimlərindən götürülüb. Hökmdarlar, sərkərdələr və ya qəhrəmanlardan kimsə dünyasını dəyişəndə, xüsusi aktyorlar - "yuğçular" dəvət olunardılar. Onlar vəfat edənin həyatından, şücaətindən bəhs edən teatr tamaşaları qurardılar. Yeri gəkmişkən, teatr incəsənəti hamının düşündüyü kimi, Yunanıstanda deyil, Şərqdə yaranıb. Qədim türk xalqlarında cəsarətlə ilk teatr incəsənəti adlandıra biləcəyimiz müxtəlif xalq oyunları, tamaşaları, şamançılıq ayinləri və digər təqlidi-mərasimlər geniş yayılmışdı. Bizim teatrda belə səhnə yoxdur - bütün hadisələr meydanda, azsaylı tamaşaçı yerlərinin olduğu dörd tərəfdə inkişaf edir. Bura həmişə sərin olur, qeyri-adi akustikası var və giriş-çıxışın harada olduğunu dərhal anlamaq çətindir - teatr 150 yaşı olan qədim hamamın içində yerləşir. YUĞ teatrında tamaşalar qurularkən izləyici ilə olduqca yaxın təmasa hesablanır. Biz aktyorlarla tamaşaçılar arasında sərhəd qoymuruq. Bizdə sabit tamaşaçı yeri yoxdur. Stulları hər zaman istəyin kimi qoymaq olar. Məkanımız çevikdir və bu da çoxlu imkanlar verir.
- Unikal metodikası və xüsusi fəlsəfəsinə görə, YUĞ haqqında əfsanələr gəzir, bir qədər sonra, sizin teatrınızın təcrübəsi vəsait kimi öyrəniləcək...
- Heç bir sirr yoxdur. Hər şey Qafqazda özünəməxsus və yeganə yaradıcı konsepsiyasında - "psixosofiya"da ("psixe" - ruh, "sofiya" - müdriklik) ehtiva olunur. Bu konsepsiyanı mərhum baş rejissorumuz və YUĞ teatrının təsisçisi Vaqif İbrahimoğlu hazırlayıb. Psixosofiya insanın prioritetlərinin sferasını, onun daxili aləmi və imkanları haqqında öz təsəvvürlərini öyrənir. YUĞ teatrı tamaşaçı ilə emosional, şüurlu səviyyədə deyil, mənəvi, qeyri-iradi təması nəzərdə tutur. Səhnədə aktyor hərəkəti zamanı, insanda genetik yaddaş yazılmış dərin intuitiv hisslər "oyadan" müəyyən psixi istiqamət, nə isə enerji ötürülməsi baş verir. Bizim aktyorlar öz rollarına fərqli yanaşırlar. Tamaşaya hazırlıq prosesində onlar özünəməxsus psixi inisializasiya - öz rolunu şüurlu dərketmə keçirlər. Özünü anlamaq və özünüifadə vasitəsini müəyyən etmək üçün Yunqun analitik psixologiyasını, Şopenhauerin irrasional təlimini, Vasilyevin riyaziyyatını, Lobaçevskinin həndəsəsinin fərziyyələrini, Delyozun fəlsəfi nəzəriyyələrini və hətta Lüfti Zadənin qeyri-səlis çoxluq nəzəriyyəsinin əsas müddəalarını bilmək lazımdır. Məşhur riyaziyyatçı biləndə ki, Azərbaycan YUĞ teatrında tamaşalara hazırlıq zamanı onun məşhur nəzəriyyəsindən bəhrələnirlər, çox təəccüblənib.
- Publikanın "sevimlisi" hansı tamaşadır?
- Bunu müəyyən etmək çətindir... İzləyicilər bütün tamaşalarımızı hərarətlə qarşılayırlar və bol-bol alqışlayırlar. "Naməlum Axundzadə" - Mirzə Fətəli Axundzadənin üç əsərinin özünəməxsus qarışığıdır. Bundan başqa, yazıçı-publisist Orxan Fikrətoğlunun povesti əsasında qurulmuş "Fəna", Adolfo Bioy Kasaresin "İtki", "Qəbri eşmək üsulu" əsərləri əsasında, Borxesin "Pis qadın" əsərinin motivləri əsasında "Tabu", polşalı rejissor Tomaş Leşinskinin Slavomir Mrojeanın pyesi əsasında qurulmuş "Sərhəddə" və bir çox digər tamaşalar.
- Sizin üçün, yəni YUĞun direktoru və rejissoru üçün teatr nədir? Yəqin ki, təkcə iş deyil...
- Teatr - özəl dünyadır, başqa bir reallıqdır, bəzən ayna, bəzən böyüdücü şüşədir - bizim cəmiyyətdə baş verən prosesləri əks etdirən. Bizə ancaq elə gəlir ki, burada çox şey sanki möcüzədir. Əslində, istənilən premyera, tamaşa, quruluş - yaradıcı fikrin reallaşmasına sərf olunun böyük dərəcədə əsəb, zəhmət və istedaddır. Artıq neçə əsrlərdir tamaşaçının teatra can atdığı "xüsusi möcüzə" sayəsində bu mümkün olur. Biz tamaşanın hazırlanmasına xeyli vaxt sərf edirik. Tamaşanın tərtibatına bir neçə gündən iki həftəyə qədər vaxt lazım olur. Məsələn, Vaqif İbrahimoğlunun sonuncu tamaşalarından biri Frans Kafkanın "Kafkadan salam" novellasının motivləri əsasında tamaşanı, sənətkar cəmi üç günə qoymuşdu. Vaqif müəllim 10 aktyor yığdı və onlara ev tapşırığı vedi - Kafkanı oxumaq və oxuduqları əsasında gəldikləri nəticəni təsvir edən kiçik mətn hazırlamaq. Axı aktyorun öz rolunu peşəkar ifa etməsi bəs deyil, öz missiyasını anlamaq, qəhrəmanın bu və ya digər hərəkətlərinin xarakter və səbəblərini özündən ötürmək daha vacibdir. Bunun ardınca uzun sürən müzakirələr başladı və son nəticədə, bu tamaşa yarandı. Tamaşanın səhnədəki uğuru, onun hazırlığının nə qədər məhsuldar keçməsindən asılıdır. Biz hesab edirik ki, rejissor teatrında, məsələn, Çexovu qoymaq istəyirsə, o, Anton Pavloviçin bütün əsərlərini oxumalıdır, onun bioqrafiyasını bilməlidir. Rejissor Çexovun ona nə qədər yaxın olduğunu və onun da Çexova nə qədər yaxın olduğunu müəyyən etməlidir.
- YUĞ-un kollektivi hansı meyarlar əsasında yığılıb?
- Bütün aktyorlarımız Mədəniyyət və İncəsənət Universitetinin ən yaxşı, perspektivli tələbələridirlər. Onlar Vaqif İbrhaimoğlunun məktəbini keçiblər və burada teatrın yaranmasında çalışırlar. Biz material seçimində və tamaşaya dair qərarın verilməsində onlara tam sərbəstlik vermişik.
- Sizcə, tamaşaçının marağına necə səbəb olmaq mümkündür, onu teatra necə cəlb etmək olar?
- Biz belə məqsəd qoymuruq, çünki bizim üçün kommersiya aspekti mühüm deyil. Bu, ikonanı kilsədə keçirilən hərracda satmaq kimi bir şeydir. Bütün bunlar düzgün deyil və bir növ, insan təbiətinə ziddir. Teatrı inkişaf etdirmək, layiqli yer tutmaq və doğma ölkənin statusunu yüksəltmək üçün artistlərin əməyinin özəl xüsusiyyətlərini və öz peşəsinə sonsuz məhəbbətini anlamaq zəruridir. Bizim tamaşaçımız - xüsusi biridir - onun üçün teatr - azdırılma və əyləncə yox, təcrübə və müştərək yaradıcılıq prosesidir. YUĞa eynitipli mənasız televiziya verilişləri və internetdən bezən xeyli gənclər gəlirlər. Gənclərin təkcə informasiyaya tələbatı yaranmır, həm də ürəklərinin dərinliyində də nəyəsə ehtiyac duyurlar. Məhz teatrın üzərinə yüksək missiya qoyulub - sosiumla təmas yaradılan mənəvi boşluğun doldurulması. Və heç bir incəsənət növü bunu verməyəcək.
- YUĞun sonuncu tamaşası "Döyüş"dən danışın...
- Bu tamaşa "Kitabi-Dədə Qorqud"un qədim eposunun motivləri əsasında qoyulub. Əksər şərqşünasların fikrincə, bu eposun bir çox mifoloji süjetləri, məsələn, Qaragöz süjeti qədim Yunanıstanda analoji süjetin yaranmasına şərait yaradıb. "Kitabi-Dədə Qorqud"da Təpəgöz obrazı, Homerin "Odisseya" poemasından Polifem obrazı ilə müqayisədə daha qədim hesab etmək olar. Dədə Qorqudun özü ilə bağlı olan daha bir versiya mövcuddur. Tamamilə mümkündür ki, o, eposa görə, "uzaq türk elindən gəlib" və "müdrik, şaman, ruh və rəvayətlər bilicisi" olan Odin skandinaviyalı ali ilahənin prototipidir. Bütün bu təsadüfləri və işarələri mən "Döyüş" tamaşasının ssenarisində "kodlaşdırdım". Biz tamaşaya hazırlaşarkən, dünya mifologiyasına həsr edilmiş çoxsaylı ədəbiyyat tədqiq etdik və bir-birimizdən də çox şey öyrəndik. Ümumilikdə, tamaşaya 3-4 ay hazırlaşdıq. Uzun müddət müzakirələr apardıq, mübahisə etdik, mifologiya tarixini, süjet və qəhrəmanların xarakterini müzakirə etdik. Bizim teatrda aktyorlardan səhnədə tamaşanın qəhrəmanlarını təsvir etmək tələb olunmur, özlərinin oynaması tələb edlir. Bu da psixosofiya üsulunun əsas prinsiplərindən biridir. Axı aktyor oyununun əsas prinsipi - sadəcə hisslərinin həqiqətini deyil, fikir və emosiyalarını şüurlu səviyyədə yox, təhtəlşüur səviyyəsində - bizim halda isə - şüursuz şəkildə ötürmək qabiliyyətindən ibarətdir. Aktyor tamaşaçı ilə kontakt qurmaq, eyni zamanda oynadığı personajdan asılı olmayaraq, səhnədə əzəmətli şəxsiyyəti göstərməklə onunla dialoqa girməyi bacarmalıdır. Tamaşaçı tamaşadan heç nə anlamaya da bilər, amma onda yenidən və yenidən narahat edəcək hansısa hissiyyat uzun müddət qalacaq. Aktyorun hiss etdiyi emosiyalar həqiqi olmalıdır. Aktyor maksimal dərəcədə inanaraq, nəsə yaşasa, o, rolunu da maksimal şəkildə düzgün oynaya biləcək.
- Necə düşünürsünüz, teatrın xidmətləri nədən ibarətdir? O, tamaşaçılara nə verir?
- "Teatr tamaşaçının öz-özü ilə qarşılaşdığı yer olmalıdır. İnsanda onun mənəvi başlanğıcını aşkar edərək, biz onun əxlaqi prinsiplərini də yüksəldirik, bu sahədə müvəffəqiyyətə isə ancaq istedad nail olmağa imkan verir". Vaqif İbrahimoğlu sonuncu müsahibələrinin birində YUĞ teatrının əsas vəzifələrindən birini müəyyən etdi. Teatr insanı daha insanpərvər, daha yaxşı, daha pak edir. Təhlil etməyi və düşünməyi öyrədir.
MƏSLƏHƏT GÖR: