
KÖHNƏDƏ YENİLİK AXTARIŞI
Mələkxanım Əyyubova: "Hiss edirsən ki, bu ifanı başqa cür də təqdim eləmək olar"
Müəllif: Turan ŞAKİR Bakı
Onu Azərbaycan muğamının ən fəal xanım təmsilçilərindən adlandırmaq olar. Konsertlər, televiziya çıxışları, qastrol səfərləri, pedaqoji fəaliyyət... Onun yaradıcılıq yolu elə zəngindir ki, bəzən, hətta söhbətə nədən başlayacağını bilmirsən. Buna görə, ilk növbədə, xalq artisti, professor Mələkxanım Əyyubovadan hazırkı işləri barədə ümumi məlumat almaq istədik.
- İllərdir ki, Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Çox istedadlı tələbələrim var. Bundan başqa, istəyirəm, bir neçə muğam dəsgahını yenidən lentə yazdırım. Düzdür, illərəvvəl bunu eləmişəm. Amma illər ötdükcə, insan püxtələşdikcə hiss edirsən ki, bu ifanı başqa cür də təqdim eləmək olar. Ona görə də işim heç vaxt bitmir. Həmişə sənətimlə bağlı yeniliklər axtarışındayam.
- Bir çox müsabiqələrdə münsif kimi iştirak etmisiniz və gəncləri tənqid etmisiniz, iradınızı bildirmisiniz. Özünüz necə, tənqidi qəbul edirsinizmi? Yoxsa, bu sizin üçün kimin tənqid etdiyinə bağlı olan bir məqamdır?
- Bilirsiniz, hərdən gərək insan təvazökarlıqdan uzaq olsun. Şəxsən mən heç vaxt sevməmişəm ki, kimsə mənə nəyisə irad tutsun. Həm sənətdə, həm də ailədə hər şeyin yerində olmasını sevən bir insanam. Mənim muğamın atası kimi gördüyüm böyük ustadımız, xalq artisti Əlibaba Məmmədov bir dəfə efirdə dedi ki, "Rast" muğamını gərək kişi xanəndələr ifa etsin. Elə həmin efirdə Əlibaba müəllimlə söhbət etdim və ustadımıza muğamda, eləcə də, digər sahələrdə kişi qadın söhbətinin çoxdan bağlandığını bildirdim. İndi elə sahələr var ki, qadınlar kişilərdən daha yaxşı iş aparır. Ona görə də əgər, gücümüz bir şeyə çatırsa, niyə bunu etməyək?
Mən 35 ildir, bu sənətdəyəm və bu sənətə də çox asan yolla gəlməmişəm. Qulu Əsgərov kimi sənətkarın tələbəsi olmuşam. İllərdir, nə xalqımdan, nə də dövlətimdən haqqımda tənqidi bir söz eşitmişəm. On altı yaşım olanda, universitetin birinci kursunda "İrs" folklor ansambılında çalışmışam. Həyatımboyu eşitmədiyim musiqiləri, folklor mahnılarını ifa etmişəm. Oxunmuş mahnını oxumağa nə var ki? Kimsə hazır edib, oxuyub, sən də onu təkrar ifa etmisən. Ən çətin məqam, heç vaxt oxunmayan sadəcə dillərdən eşitdiyin musiqiyə can verib oxumaq və onu sevdirməkdir.
- Olubmu ki, şan-söhrətdən bezəsiniz, adi, sakit həyat tərzi sürmək istəyəsiniz?
- Mən çox sərbəst insanam. Şan-şöhrət heç vaxt məni sıxmayıb. Hamı kimi dükana rahat gedirəm, insanlarla görüşürəm. Sadəcə, səmimiyyətimi başa düşməyən insanlarla sadə deyiləm. Həyatda da özünüçəkən insan deyiləm. Bu, Allahın mənə verdiyi istedaddır, hansı ki, xalqın sayəsində də məşhuram. Onların arasında olmaq niyə məni sıxsın ki? Lazım olanda xeyriyyə tədbirlərinə də, əsgərlərin arasında cəbhə bölgələrinə də getmişəm. Özümü vətənpərvər insan sayıram.
- Fəxri adlar, titullar, şöhrət... Kənardan baxanda hər arzusuna çatmış insan kimi görünürsünüz. Amma hər halda arzusu olmayan insan yoxdur...
- Şükürlər olsun, xalqın sevimli xanəndələrindən biriyəm. Dövlətimiz də məni hər zaman yüksək qiymətləndirib. Ana, nənə olaraq da özümü xoşbəxt hiss edirəm. Universitetdə professoram, bununla fəxr edirəm. Sənət baxımından isə arzularım sonsuzdur. Nə vaxta kimi ki, xalq məni səhnədə görmək istəyəcək, o vaxta kimi də arzularım bitib-tükənməyəcək. Nə vaxtsa, hiss eləsəm ki, artıq səhnəyə lazım deyiləm, o zaman vaxtında getmək lazımdır ki, o hörməti, sevgini, istəyi itirməyəsən.
Bəzən elə insanlar olur ki, xalq onu sevmir, səhnədə görmək istəmir, amma davam edirlər. Elə sənətkarlarımız da var ki, yetmiş yaşına gəlib, amma xalq onları buraxmır.
Bir ara deyirdilər ki, yaşı müəyən həddə çatmış insanlar səhnədən getsinlər. Mən bunun əleyhinəyəm. Xalq bir insanı sevirsə, onu əvvəlki kimi dinləyirsə, belə insan səhnədən niyə getməlidir ki? Məsələn, bu yaxınlarda Xalq Artistimiz Zeynəb Xanlarovanın yeni konsertini verdilər. İnanın ki, mən yerimdən qalxmadan, nəfəsimi belə almadan sonadək o konserti dinlədim. Halbuki mən o konsertə təkcə sadəcə tamaşaçı kimi deyil, həm də musiqini bilən bir insan kimi baxdım. Özünüz də bilirsiniz ki, musiqini bilən insanı musiqi ilə təəccübləndirmək, onu saatlarla stula bağlayıb musiqi dinlətmək asan məsələ deyil. Amma bu xanım sənətkarımız bunu bacarır. Amma elələri də var ki, 40 yaşı var, artıq tamaşaçı onu sevmir, ondan yorulub. Mən o sənətkarlardan olmaq istəyərəm ki, bəlli bir yaşda da tamaşaçı məni dinləsin. Dinlənilməkdən əlavə, görüntü məsələsi də var. Burada söhbət tək gözəllikdən getmir, sağlamlıq da vacibdir.
- Bu gün Azərbaycanın milli musiqisinin xaricdə təbliği istiqamətində xeyli addımlar atılır. Siz də bu xeyirxah işdə iştirak edən sənətkarlardan birisiniz. Bu sahədə əldə etdiklərimizi necə qiymətləndirirsiniz?
- Təbii ki, heç nə öz-özünə alınmır. Dövlət başçımız, xüsusilə də Mehriban xanım Əliyeva bu işə xüsusi diqqət ayırır. Onların dəstəyi ilə Azərbaycan musiqisini, mədəniyyətini dünyada təbliğ edirik. Düzdür, əvvəllər də dünyanın müxtəlif ölkələrində çıxış edirdik. Amma bu, Azərbaycanın adı altında olmurdu axı. Sadəcə, SSRİ-nin tərkibindəki bir xalq kimi çıxış edirdik. Şükürlər olsun, bu gün azad şəkildə Azərbaycanımızın adını çəkə bilirik. Hansı ölkənin, necə bir diyarın oğlu, qızı olduğumuzu muğamlarımızla, mahnılarımızla, "Qarabağ şikəstəsi"mizlə rahatca dilimizə gətiririk. Axı musiqi də siyasətin bir parçasıdır.
- Bildiyimiz kimi, Leyli obrazının da ifaçısı olmusunuz. Bəs niyə opera səhnəsində qalıb, onu davam etdirmədiniz?
- Həmişə "Leyli" olmaq üçün gərək operaya bağlı qalasan. Mən öncə də qeyd etdiyim kimi, bir istiqamətdə gedən xanəndə olmamışam. Mən həm bəstəkar, həm xalq mahnıları ifa etmişəm, klip çəkdirmişəm. Universitetdə müəllimlik edəndə, heç bir qadın xanəndəmiz universitetdə müəllimlik etmirdi, amma mən elmi məqalələr yazırdım elə buna görə də ilk qadın professoru adını aldım. Yalnız operaya bağlı qalsaydım, bütün bunları çatdıra bilməzdim.
- Adətən, muğam ustadları bir qədər konservativ olurlar. Əgər sizə replə muğamın sintezi şəklində duet dəvəti gəlsə, qəbul edərsinizmi?
- Əlbəttə, niyə də ki olmasın? Əgər keyfiyyətli musiqi olarsa, təbii ki, qəbul edərəm. Oxucularınıza da, tamaşaçılarımıza da ümumiyyətlə, ən böyük arzum bayağı musiqidən uzaq qalmalarıdır. Qoy, həmişə keyfiyyətli musiqi dinləsinlər. Keyfiyyəti olan musiqi yaxşıya istiqamətləndirir, tərbiyə edir.
MƏSLƏHƏT GÖR: