24 Noyabr 2024

Bazar, 16:28

SƏMAALTI DÖVLƏTİN EKSPANSİYASI

Yeni İpək Yolu layihəsi kifayət qədər real, məntiqi baxımdan düzgün təsir bağışlayır

Müəllif:

14.04.2015

Rusiya və Çin prezidentləri mayın 9-da Qızıl meydanda addımlayan Rusiya və Çin ordusunun bölüklərini seyr edirlər. Qərb liderləri isə Rusiya rəhbərliyilə aralarındakı fikir ayrılıqları üzündən orada yoxdurlar.

Bu proqnozu "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodr Lukyanov Almaniyanın "Die Welt" qəzetində dərc olunmuş məqaləsində qeyd edib. Rusiyalı jurnalist uzaq 2025-ci ildə baş verəcək hadisələri də xəyal etməyə çalışıb: "XXI əsrin əvvəlində Rusiyanın Avropadan üz döndərərək Asiyaya tərəf istiqamət alması rusları çox narahat edirdi. Onlar Asiyanı təhlükəli, müəmmalı sayır, sarı təhlükə qarşısında Qərbdən olan ənənəvi tərəfdaşlarının yoxluğundan, tək qalacaqlarından qorxurdular. Lakin 2025-ci ilə ictimai rəy dəyişdi: Çinin ekspansiyası qarşısındakı qorxu yerini praqmatik düşüncələrə verdi. Rusiya iqtisadiyyatı tədricən Qərbdən Şərqə doğru yerdəyişməyə başladı. Çin isə Rusiya ilə siyasi və ideya baxımından ona yad olan Avropanın arasını daha vurmaq haqda düşünmür".

Sonra müəllif bu iki ölkədəki hakimiyyət formaları, varislər haqda fantaziyalar qurur. Amma mənə elə gəlir ki, məqalənin əsas mahiyyəti məhz Çinin Rusiya-Avropa münasibətlərinə sakit yanaşmasıdır.

Hər iki ölkə regional çərçivəyə sığmayan liderliyə açıq şəkildə can atır. Həm Çin, həm də Rusiya qlobal inteqrasiya layihələrinin təşəbbüskarıdır. Amma onlar bu prosesləri fərqli şəkildə dərk edirlər.

2011-ci ildə Avrasiya İttifaqı ideyasının necə ortaya çıxdığını xatırlayaq. Üçüncü dəfə prezident seçilmək fikrinə düşmüş Vladimir Putin onu "bu gün doğulan gələcək", Avropa İttifaqı ilə müqayisə oluna biləcək "siyasi-iqtisadi blok" adlandırmışdı! Üstəlik, yeni ittifaq yalnız MDB ölkələrilə məhdudlaşmamalı idi. Sonradan oraya Çin, Hindistan, İran və digər Asiya, hətta Avropa ölkələri də inteqrasiya etməli, sonda bu, ideya müəlliflərinin fikrincə, Rusiyanın böyük fövqəldövlət statusunu möhkəmləndirməli idi. Bu bəyanatların ardınca Rusiyada həmin ideyanın təbliği istiqamətində geniş işlərə başlanıldı. Hətta ən ali qanunverici və icraedici orqanların yaradılması, vahid valyutanın formalaşdırılması və s. kimi ideyalar da səsləndirilməkdə idi. Amma iki il keçmədi ki, iki yaxın müttəfiq - Astana və Minsk birliyin siyasiləşdirilməsinə qəti etiraz etdilər və danışıqlar tədricən Avrasiya İqtisadi İttifaqı istiqamətində getməyə başladı.

2015-ci ilin yanvarında Aİİ-nin yaradılmasına dair müqavilə qüvvəyə mindi. Lakin bir sıra həll edilməmiş, hətta münaqişəli məsələlər prosesin formal tərəfinin çərçivəsindən kənarda qaldı.

Bəs, Çin özünü necə aparır? Tamamilə fərqli! Onun xarici siyasəti yalnız yerli istehsalçıların müdafiəsinə yönəlib. Yeni ipək yolu ideyası məhz bunun üçün daxili iqtisadi tələblərin meydana çıxdığı anda peyda olub. Bundan başqa, ideya ölkə daxilində nəqliyyat infrastrukturunun ideal şəkildə qurulmasından, bütün istiqamətlərdə iqtisadi ekspansiyaya hazır vəziyyətə gətirilməsindən sonra ortaya çıxıb. Çini artıq dünya bazarındakı hazırki nəqliyyat yolları qane etmir. Səbəb onların bahalı, etibarsız olması, həmçinin yüklərin ünvana gec çatdırılmasıdır.

Yeni ipək yolu ideyası dünya ictimaiyyətinə Aİİ konsepsiyasından 2 il əvvəl təqdim olunub. Amma o, nəhəngliyinə rəğmən (layihə onlarla ölkəni, dünyanın 3 milyard əhalisini əhatə edir və ideyanın gerçəkləşməsi üçün 100 milyardlarla investisiya lazımdır), artıq kifayət qədər real, məntiqi baxımdan düzgün təsir bağışlayır. Burada heç bir siyasətdən söhbət getmir. Məsələ sırf iqtisadidir. İştirakçı dövlətlərin suverenliyinə də heç bir qəsd yoxdur.

Onun yekun hədəfi, istifadə müddəti yoxdur və o, nəinki hazırda mövcud olan iqtisadi birliklərlə heç bir qarşıdurma yaratmır, əksinə, həmin birliklərin də prosesə cəlbində maraqlıdır. İpək yolu sərt qanunlara malik, iştirakçıların üzərinə məsələn, azad ticarət zonasında olduğu kimi öhdəliklər qoyan hər hansı nəhəng strukturun yaradılmasını nəzərdə tutmur. Əslində bu, bir çox istiqamətlər üzrə qlobal intensiv iqtisadi yaxınlaşmadır: nəqliyyat tikintisi, ticarət, ticarətin liberallaşdırılması, milli valyutalarla hesablaşmalar, boru xətlərinin çəkilməsi, telekommunikasiyaların inkişafı.

Bəs, Rusiya nədən bu layihədə iştirakının vacibliyini dərhal anlamadı? Bunun bir neçə izahı var. Kremlin Qərblə "söyüşdükdən" sonra Asiyaya tərəf məcburi şəkildə istiqamət aldığını düşünənlər kökündən yanılırlar. Ötən əsrin 90-cı illərinin sonlarından Rusiya Avrasiyada nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan beynəlxalq layihələrin fəal iştirakçısıdır. Məsələn, 2000-ci ildə o, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib. 2006-cı ildə isə Rusiya "Avrasiya nəqliyyat layihəsi" təşəbbüsünü irəli sürüb.

Rusiyanın Çinin təşəbbüsünə son vaxtlara qədər şübhə ilə yanaşmasının kökündə onun çox abstrakt təsvir olunması dayanır. Moskva Karnegi Mərkəzinin "Rusiya ASR-də" proqramının rəhbəri Aleksandr Qabuyevin tamamilə doğru qeyd etdiyi kimi, "Çinin bütün konsepsiyaları kimi, bu layihə də tam aydın hazırlanmayıb və burada da məqsəd Pekinin sonradan sərbəst interpretasiya etmək imkanı qazanmasıdır. Çinlilərin ruh yüksəkliyi artdıqca, Rusiya hökumətinin narahatlığı da çoxalıb": "Yoxsa çinlilər Mərkəzi Asiyada möhkəmlənmək istəyirlər? Bəlkə, onların fikri Transsib və Baykal-Amur Magistralına rəqib yaratmaqdır?". Heç kəs Pekinin nə etdiyini və niyə etdiyini anlamadığı üçün, bu cür narahatlıqlar da artırdı".

Aydın olmayan isə təhlükəlidir. Üstəlik, 1993-cü ildə ABŞ və Avropa tərəfindən irəli sürülmüş TRASEKA ("Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizi) layihəsi təşəbbüsünün yaratdığı ehtiraslar hələ də sönməyib. Məlum olduğu kimi, bu layihədə Rusiyanın iştirakı nəzərdə tutulmurdu.

Çinin Mərkəzi Asiya ölkələrilə fəal əməkdaşlığı hələ də Rusiyada müəyyən qədər qıcıq yaradır. Çinin yeni ideyasına isə onun regionda möhkəmlənməsi üçün atdığı növbəti addım kimi baxmaq olar. Üstəlik, TRASEKA layihəsində də əsas iştirakçılar məhz həmin dövlətlər idi.

Formal olaraq, Moskva Pekinin ideyasını hələ bir il əvvəl - 2014-cü ilin mayında dəstəkləmişdi. Həmin vaxt tərəflər Şanxayda hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi haqqında birgə bəyanat imzalamışdılar. Sənəddə deyilirdi: "Rusiya Çinin İpək yolu iqtisadi zolağının yaradılması ilə bağlı təşəbbüsünü vacib sayır və Pekinin onun hazırlanması və reallaşdırılmasında Rusiyanın maraqlarını nəzərə almağa hazır olmasını yüksək qiymətləndirir".

Rusiya rəhbərliyinin Çinin təşəbbüsünə yanaşmasını kökündən dəyişdiyini göstərən daha bir məqam kimi martın sonunda verilən bəyanatı göstərmək olar. Moskvanın bəyanatında deyilir: "Rusiya İpək yolu iqtisadi zolağının Avrasiya İttifaqı ilə birlikdə bu ölkələrdə yaşayan xalqların çiçəklənməsinə əlavə imkanlar yaratması üçün nəinki layihəyə qoşulmağa, hətta onun reallaşdırılmasında hərtərəfli əməkdaşlığa da hazırdır".

Aİİ Rusiyanın əlində ciddi kozırdır. Çünki indi yüklər Çindən Avropa sərhədlərinə gedib çıxmaq üçün cəmi 2 gömrük sərhədindən keçməlidir. Bundan başqa, digər məsələlərin də ayrı-ayrı ölkələrlə deyil, bir mərkəzlə həll olunması daha asandır.

"Bundan başqa, Yeni ipək yolu ideyası Avrasiya məkanının inteqrasiyası ideyası ilə məntiqi baxımdan da uzlaşır. O, yeni logistika mərkəzi, yük axını, nəqliyyat sistemi, sürətləndirilmiş gömrük proseduru və s. hesabına bu məkanın vahid mərkəzə çevrilməsinə kömək edəcək", - deyə ekspert Qriqori Trofimçuk "R+"a açıqlamasında bildirib: "Moskva-Kazan yüksəksürətli dəmir yolu magistralının tikintisi layihəsini bu prosesin başlanğıcı saymaq olar. Onun sonradan Pekinədək uzadılması nəzərdə tutulur".

Çin artıq Pekinlə Moskvanı birləşdirəcək yüksəksürətli dəmir yolu tikmək niyyətini açıqlayıb. 7 min kilometr uzunluğu olacaq yeni dəmir yolu vasitəsilə mənzil başına 2 günə çatmaq mümkün olacaq. Hazırda bu müddət 6 gündür.

Rusiya dəmir yolları ilə tranzit yük daşımalarının müddətini, az qala, 3 dəfə azaldacaq. Plana görə, 8,4 min km. uzunluğunda olan əsas nəqliyyat yolu İpək yolunun İqtisadi dəhlizi çərçivəsində Moskvadan keçərək Rotterdamda bitəcək. 

Hazırda Çinin 3 əsas nəqlyyat marşrutu var və onların hamısı xaricdən keçir. Birincisi - Transsibir dəmir yolu - RF sərhədindən Rotterdama (13 min. km). İkincisi - Lyanyunçan limanından Rotterdama qədər olan dəniz yolu (10,9 min. km). Üçüncü marşrut da dəniz yoludur - Şanxay-Rotterdam (15 min. km). Özü də yüklərin çox hissəsi yolboyu piratların aktiv olduğu iki bölgədən, artıq gəmilərin çoxluğuna tab gətirməyən Süveyş kanalı və "dar" Aralıq dənizindən keçməklə 45-50 gün müddətinə üçüncü marşrutla daşınır. Odur ki, yerüstü nəqliyyat qurşağına dair bir neçə ideya ətrafında düşünən Çin yeni Dəniz İpək Yolunun yaradılması təşəbbüsünü irəli sürüb.

Bununla bağlı, Rusiyadan dolanıb keçən Şimal dəniz yolu aktuallıq qazanır. Bu yol Şimal Buzlu okeanın dənizlərindən və qismən Sakit okeandan keçir. Vaxtilə burada 5 metr qalınlığında buzlar var idi, qlobal istiləşmə bu yolu ənənəvi okean marşrutları üçün cəlbedici alternativə çevirir. Şimal dəniz yolu Süveyş kanalı marşrutundan 2440 dəniz mili qısadır və reyslərin müddəti 10 sutkadır. 

İpək yolunun iqtisadi çevrəsinin yaradılması strategiyası iki ölkənin nəhəng sərmayə layihələrinin inteqrasiyasını da nəzərdə tutur. Q. Trofimçuk hesab edir ki, "yeni İpək yolu Avrasiya İqtisadi İttifaqının Çinlə əlaqəsinə dair çətinliyi də aradan qaldırır, çünki Çin bu ittifaqa üzv deyil. Odur ki, bu gün Çinin və Rusiyanın bu konsepsiyaya yanaşması, müəyyən mənada, üst-üstə düşür. Əgər yaranmış əlverişli vəziyyətdən istifadə olunmasa, Mərkəzi Asiyada hər hansı hipotetik "partlayış" bütün planları poza bilər".

İndi isə bir suala cavab verin: Çin bu gün və ya 10 il sonra Rusiyanı Avropa və digərlərilə küsdürməkdə maraqlı ola bilərmi? Nəyə görə? Axı, hamının bir-birilə dostluq etməsi və ticarət əlaqələri qurması iqtisadi cəhətdən daha əlverişlidir. Ola bilsin sizə elə gəlir ki, Çinin iqtisadi ekspansiyasının arxasında dünyanı idarə etmək istəyi dayanır. Bəlkə də, belədir. Amma unutmayın ki, işğalçı qurbanı ələ keçirməzdən əvvəl onun güclənməsi üçün şərait yaratmır, əksinə, onu zəiflətməyə çalışır.

Mayın 9-da Moskvada parad keçiriləcək. 10 il sonrakı parad yox, artıq gələn ay keçiriləcək parad. Qələbənin 70 illiyidir. Qonaqların sayı o qədər də çox olmayacaq, amma Vladimir Putinin ən çox gözlədiyi Çin Xalq Respublikasının rəhbəri Si Cinpindir, çünki iki ölkə arasında heç vaxt bu səviyyədə olmamış möhkəm münasibətlərin rəsmiləşdirilməsi vaxtıdır. 10 ildən sonra Qızıl meydandakı paradı eyni liderlərin qəbul edib-etməyəcəyi o qədər də vacib deyil. Ən vacibi odur ki, münasibətlər getdikcə "praqmatik müstəviyə" keçir və biz hamımız bundan yalnız udacağıq.



MƏSLƏHƏT GÖR:

681