
QAYALARDAN QALXAN ALOVLAR ŞƏHƏRİ
Bakının qeyri-adi tarixi göstərir ki, Abşeron yarımadasının bu incisi əbədi yaşayıb çiçəklənəcək
Müəllif: Arif HÜSEYNOV Bakı
Bakı çox qədim şəhərdir. Onun "əbədi odları" barədə ilk yazılı məlumatı verənlərdən biri 5-ci əsr Bizans alimi Panionlu Priisk olmuşdur. O, Qafqaz Albaniyasının şəhərlərinin təsviri zamanı "sualtı qayalardan qalxan alovun olduğu məkanı da xatırlatmışdır. Arxeoloji və numizmatik tapıntılar Bakının tarixini eramızdan əvvəl 5-ci əsrdən hesablamağa əsas verir. Yazılı məxəzlərdə Bakı haqqında ilk məlumat 930-cu ilə aid edilir. Bəzi tarixçilər Bakının əsasının eramızdan əvvəl 522-486-cı illərdə yaşamış Əhəmənilər dövlətinin padşahı Birinci Dara tərəfindən qoyulduğunu bildirirlər.
Bakının "gözü"
Ərəb tarixçisi əl-Bələzuri də 754-cü ildə Şirvanın nefti və duzu barədə məlumat vermişdir. Regionda 9-cu əsrdən başlayaraq islamın yayılması ilə əlaqədar olaraq ərəb coğrafiyaçıları və tarixçiləri yazılı məxəzlərində Bakını böyük olmayan, lakin inkişaf etmiş feodal şəhər kimi təsvir etmişlər. Bakı ağ və tünd boz rəngli neft mənbələrinin olduğu yer kimi təqdim olunmuşdur. Neft almaq üçün Bakıya dünyanın bir çox dövlətlərindən - Rusiyadan, Xəzər Xaqanlığından, Bizansdan, Çindən, İraqdan, Suriyadan, Keniyadan, Venesiyadan, İrandan, Hindistandan tacirlər axışırdılar. Bakı Şirvanşahlar dövlətinin əsas şəhərinə çevrilmişdi. 11-ci əsrin əvvəllərində Bakı qala divarlarının əhatəsinə alınmışdı. Qala divarlarının bərpası zamanı tapılmış daş kitabədə divarların Şirvanşah 2-ci Mənuçöhr (1120-1160) tərəfindən çəkildiyi bildirilir. İkinci Mənuçöhrün oğlu Birinci Ahsitanın hakimiyyəti dövründə Bakı portunda güclü donanma yaradılmışdı. Həmin donanma 1175-ci ildə Bakının ətrafına 73 gəmi ilə hücum edən rusları məğlubiyyətə uğratmışdı. 1191-ci ildə Birinci Ahistan öz iqamətgahını Şamaxıdan Bakıya köçürəndən sonra, Bakı Şirvanşahların əsas şəhərinə çevrilmişdi. Abşeronda böyük tikinti işləri aparılmışdı. Çox sayda qəsrlər, minarələr, mədrəsələr, karvansaralar, hamamlar, ovdanlar, məscidlər və yaşayış binaları tikilmişdi. Bakının qala divarları daha da möhkəmləndirilmişdi. Bakının dəniz tərəfdən mühafizəsi üçün 1232-35-ci illərdə Bakı buxtasında qala inşa olunmuşdu. O, hazırda dənizin sularında qərq olmuş Səbayel qəsri idi. 1230-cu ildə monqollar Bakını uzunmüddətli mühasirədə saxlayandan sonra, şəhərə girib onu talan etmiş və dağıtmışdılar. Bu, müqavimət göstərən Bakıya tutulmuş divan idi. Bakı 15-ci əsrdə tatar-monqolların əsarətindən azad olandan sonra, yenə də Şirvan dövlətinin tərkibinə daxil edilmiş, daha sonralar isə İran, Türkiyə və yenə də İran tərəfindən zəbt olunmuşdu. İşğalçılar gedəndən sonra yerli hakimlər şəhər həyatını canlandırmaq üçün tədbirlər görməyə başlamışdılar. Ticarəti canlandırmaq və iqtisadiyyatı dirçəltmək üçün bəzi vergilər ləğv edilmişdi. 14-cü əsrin başlanğıcında ticarət, o cümlədən dəniz ticarəti canlanmışdı. Bakı portuna Genuya və Venesiyadan italyan tacirlərinin gəmiləri yan alırdı.
Bakı Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri ilə ticarət əlaqələri yaratmışdı. Bakıdan neft, qiymətli xalılar və digər əntiq şeylər ixrac olunurdu. Bakı tacirləri Həştərxanda, Orta Asiyada da mal satmaqla məşğul idilər. 14-cü əsrin ikinci yarısında Bakının iqtisadi və siyasi durumu xeyli yüksəldiyindən, Xəzər dənizini çox vaxt Bakı dənizi adlandırırdılar. Bakı qalasında qorunub-saxlanmış memarlıq abidələrindən Buxara karvansarası (14-cü əsr), Multanı karvansarası (15-ci əsr) Bakının Orta Asiya və Hindistanla geniş əlaqələrindən xəbər verir.
15-ci əsrdə Bakının iqtisadi və siyasi qüdrətinin artması səbəbindən Birinci Xəlilullah öz iqamətgahını Şamaxıdan Bakıya köçürmüşdü. Bununla əlaqədar olaraq Bakıda böyük tikinti işlərinə başlanmışdı. Azərbaycan memarlığının Şirvan - Abşeron qolunun möhtəşəm abidəsi olan Şirvanşahlar sarayı həmin dövrdə ərsəyə gətirilmişdi. Ticarət, incəsənət, sənətkarlıq geniş vüsət almışdı. Moskva knyazlığı ilə diplomatik əlaqələr yaradılmışdı. İçərişəhərdə saray kompleksindən savayı, 10-cu-11-ci əsrlərin evləri yerləşən dar küçələri, Sınıqqala minarəsi (11-ci əsr), Cümə məscidinin minarəsi və 14-cü əsr katakombaları qalmaqdadır.
İçərişəhərin bəzəyi Qız qalasıdır. Onun 12-ci əsrdə inşa olunduğunu söyləyirlər. Arxeoloqlar isə Qız qalasının eramızdan əvvəl 7-ci-6-cı əsrin yadigarı olduğunu yazırlar. Qız qalasının hansı məqsədlə tikildiyi də qaranlıq qalır. Deyilənlərə görə, Qız qalası hərbi istehkam rolunu oynamışdır. Qədim zamanlarda düşmənlərin hücumu barədə xəbər Azərbaycanın müxtəlif yerlərində ucaldılmış qüllələrdə tonqal qalamaqla çatdırılırdı. Qız qalası da bəlkə həmin məqsədə xidmət etmişdir. Qalanın Qız qalası adlandırılması onun düşmənlər tərəfindən alına bilməməsinə işarədir. Onun bir adının Göz qalası olması da məlumdur. Bu qalada keşik çəkən döyüşçülər dəniz tərəfdən hər vaxt gözlənilə bilən hücum əməliyyatları barədə birinci olaraq məlumat verirdilər. Qız qalasının atəşpərəstlik dövründə dini mərasimlərin icra olunduğu yer olması barədə də rəvayətlər mövcuddur. Ötən əsrin 50-ci illərinədək Qız qalasının ilkin daxili quruluşuna təcavüz edilməmişdi. Qalaya daxil olanlar özlərini quyunun dibindəki kimi hiss edirdilər. Ona görə ki, sonradan düzəldilən yaruslar əvvəllərdə yox idi. Qalaya baxmağa gələnlər onun ən yuxarı qatına daş divarlardakı pillələrlə qalxırdılar. O dövrün bəzi tarixçiləri deyirdilər ki, Qız qalası dini məbəd olduğu üçün dünyasını dəyişənləri əvvəlcə qalanın giriş qapısının yanında qoyur və üç gün saxlayırdılar. Onlara elə gəlirdi ki, ölən insanın ruhu bədəndə üçgün qalandan sonra göylərə qalxır. Üç gündən sonra cəsədi qalanın zirvə yerindəki çıxıntı üzərinə qaldırır və qoyub gedirdilər. Vəhşi yırtıcı quşlar cəsədi dimdikləyib yeyəndən sonra gəlib qalan sümükləri qalanın içindəki qazılmış 20 metr dərinlikdə quyuya atırdılar. Ancaq varlı-hallı adamlara belə mərasimlər keçirilirdi. Kasıb-kusubu harada gəldi dəfn edirdilər. Sonralar Qız qalasının içərisində səkkiz yarusun yaradılması və heç bir dəxli olmayan yaraq-əsləhə ilə "bəzədilməsi" abidə qədimliyinə elmilikdən uzaq təcavüz kimi qiymətləndirilə bilər. Qız qalası haqqında turistlərə söylənilən qondarma rəvayət isə azərbaycanlıların mərdliyinə, kişiliyinə yönəldilmiş böhtandan savayı bir şey deyildir. Qız qalası Azərbaycan memarlığının nadir əsəridir. Şərqin heç bir regionunda belə bir nadir abidə yoxdur.
İçərişəhəri əcdadlarımız şəhərsalmanın elmi üsullarını yaxşı bilərəkdən salmışlar. Şəhər yaşıllıqdan tam məhrum olduğu üçün küçələr elə dolanbac salınmışdı ki, yayda sərin meh əsməsi, qışda isə soyuq küləklərin içəriyə soxula bilməməsi üçün şərait yaranmışdı. Küçələrə daş döşənməsi sayəsində qar, yağış suyu gölməçə yaratmadan axıb-gedirdi.
1501-ci ildə Səfəvilər hökmdarı İsmayıl Xətai Şirvanşahlara qalib gələrək hakimiyyətə yiyələndi. Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili ranqına qaldırılmışdı. Bədii və elmi əsərlər Azərbaycan dilində yazılırdı. O, orduda və diplomatiyada hakim dilə çevrilmişdi. Şah İsmayılın Şirvanşahlar dövlətinə güclü zərbə endirməsinə baxmayaraq, bu dövlət 1538-ci ilədək öz mövcudluğunu itirməmişdi. Həmin ildə Səfəvilər hökmdarı şah Təhmasib Şirvanşahların hakimiyyətinə son qoymuş, bütün Şirvanı, o cümlədən Bakını Səfəvilər dövlətinin tərkibinə qatmışdı.
Bakı uğrunda savaş
16-cı əsrin ikinci yarısı və 17-ci əsrin başlanğıcı Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında müharibələr dövrü idi. Həmin dövrdə Bakı əldən-ələ keçirdi. 1578-ci ildə Bakını Osmanlı ordusu tutmuşdu. 1580-ci ildə Səfəvilər Osmanlı ordusuna qalib gəlmiş və 1684-cü ildə osmanlılar Bakını yenə də ələ keçirmişdilər. Bakı 1607-ci ildə yenidən Səfəvilərin hakimiyyətinə keçmişdi. 1612-ci ildə İstanbulda bağlanmış müqaviləyə əsasən, bütün Azərbaycan və qonşu vilayətlər Səfəvilərə keçmişdi. Səfəvilər dövründə Bakıda mis sikkələr kəsilirdi, xalçaçılıq inkişaf etmişdi, neft və duz hasilatı və ticarəti tərəqqidə idi. 17-18-ci əsrlərdə memarlıq və daş üzərində naxışvurma çox inkişaf etmişdi. Həmin dövrdə Bakı ikinci sıra qala divarları ilə əhatəyə alınmışdı.
17-ci əsrdə Don və Volqa qazağları quldur Stepan Razinin başçılığı ilə Bakı sahillərinə hücum etmiş və Maştağa kəndini viran qoymuşdular. Azğın ataman Sabunçu kəndi yaxınlığındakı kahada yaşayır və soyğunçuluqlara da oradan rəhbərlik edirdi.
18-ci əsrdən başlayaraq Bakının zəngin təbii ehtiyatlarına yiyələnmək istəyi rus çarı Birinci Pyotra dinclik vermirdi. Şəhərin strateji əhəmiyyəti də böyük maraq doğururdu. Birinci Pyotr Xəzərin qərb və cənub sahillərini ələ keçirib, türkləri və iranlıları oradan qovmaq arzusunda idi. Bu məqsədlə xüsusi hərbi dəniz ekspedisiyası yaratmışdı. 1723-cü ilin iyun ayının sonunda general - mayor Matuşkinin rəhbərliyi altında Həştərxandan yeddi gəmidən ibarət eskadra Bakını almaq üçün yola düşmüşdü. Uzun müddət mühasirədə qalan və aramsız topa tutulan şəhər ruslara təslim oldu. Rusların regionda mövqelərin möhkəmlənməsini arzulayan Birinci Pyotr Bakını xristianlarla, əsasən də ermənilərlə məskunlaşdırmaq siyasəti yürüdürdü. Rus çarı ölümünə bir neçə gün qalmış 4 erməni deputatını qəbul etmişdi. Erməni deputatlar çardan xahiş etmişdilər ki, ermənilərə Xəzəryanı əyalətlərdə məskunlaşmağa icazə verilsin. Birinci Pyotrun erməni patriarxı İsaya təqdim etdiyi fərmanda göstərmişdi ki, ermənilər Gilanda, Mazandaranda və Bakıda məskunlaşa bilərlər. Çar General Matyuşkinə və briqadir Levaşova bir vəzifə olaraq bərk-bərk tapşırmışdı ki, ermənilərin həmin yerlərdə, o cümlədən Dərbənddə məskunlaşmasına hər cür yardım göstərsinlər, azərbaycanlıları isə imkan olan kimi öz yerlərindən qovsunlar. Ermənilər həmin vaxtdan Bakıda məskunlaşmağa başlamışdılar. 1724-cü ildə Bakıya gəmi tərsanələrində işləmək üçün 5 min nəfər Qazan tatarı, çeremis (marilərə o vaxtlar çeremislər deyirdilər), çuvaş göndərilmişdi. Birinci Pyotr öləndən sonra ruslar Xəzəryanı əraziləri əllərində saxlamaq üçün külli miqdarda xərc tələb olunduğunu əsas tutaraq öz qoşunlarını Bakıdan çıxardılar.
Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Bakı xanı Mirzə Məhəmməd xanın 20 illik hakimiyyəti dövründə ölkənin iqtisadiyyatı dirçəlmiş, ticarət tərəqqiyyə başlamışdı. Həm də admiral olan Mirzə Məhəmməd xan mal daşınması və hərbi məqsədlər üçün gəmiqayırma işinə şəxsən rəhbrlik etmişdi. Məlik Məhəmməd xanın ölümündən sonra Bakı taxtına oğlu İkinci Mirzə Məhəmməd xan çıxmışdı. İkinci Mİrzə Məhəmməd xan Azərbaycanın məşhur tarixçisi, şairi, maarifçisi Abasqulu ağa Bakıxanovun atası idi.
Rusiya Bakıdan əl çəkmək istəmirdi. 1796-cı ildə İkinci Yekaterinanın əmri ilə başlanan hərbi yürüş nəticəsində Bakı alındı və general Sisianov şəhərə komendant təyin edildi. İkinci Yekaterinanın ölümündən sonra oğlu Birinci Pavel rus qoşunlarının Rusiyaya qaytarılması barədə əmr verdi. Birinci Pavel öldürüləndən sonra taxt-taca yiyələnmiş oğlu Birinci Aleksandr Xəzəryanı əyalətlərin, xüsusilə də Bakının alınmasını qarşıya məqsəd qoymuşdu. Qafqazda ordunun baş komandanı knyaz Sisianov təyin olunmuşdu. Təslim olmaq istəməyən şəhər dəniz donanması tərəfindən atəşə tutulmuşdu. Bundan sonra Bakı hakimi Hüseynqulu xan şəhəri təslim etməyə razılıq vermişdi. 8 fevral 1806-cı ildə Hüseynqulu xan öz əyanları ilə şəhər qapılarından çıxıb qala açarlarını Sisianova vermək üçün ona yaxınlaşmışdı. Sisianov açarları almaq istəyərkən xanın əyanları tərəfindən açılan atəş ilə o və yanında dayanmış knyaz Elizbar Eristov qətlə yetirilmişdi. Sisianovun başını kəsib Fətəli şaha təqdim olunmaq üçün İrana göndərmişdilər. Çağırılmamış qonağın cəsədini şəhərin Şamaxı qapılarının yanında quyulamışdılar. Bundan xəbər tutan rus ordusu qaçmağa üz tutmuşdu. 3 oktyabr 1806-cı ildə general Bulqakovun ordusu heç bir müqavimətə rast gəlmədən Bakıya girmişdi. Beləliklə də Bakı Rusiyaya birləşdirilmişdi. Hüseynqulu xan isə İrana mühacirətə getmişdi. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqaviləsinə görə, Bakı xanlığının Rusiya imperiyasının tərkibinə qatılması hüquqi rəsmiləşdirildi.
Bütün yollar Bakıya aparır
Həmin vaxtlar qala divarları ilə əhatə olunmuş İçərişəhərdə 300 ev və 3000 əhali var idi. Şəhərin böyüməsində neftçıxarma önəmli rol oynadı. Bakının neft mədənlərinin intensiv istismarına başlanıldı. 1848-ci ildə Bakıda (Bibiheybət yatağında) dünyada sənaye üsulu ilə ilk dərin neft quyusu qazıldı. 1880-1885-ci illərdə neftin daşınması üçün ilk tankerlər istifadəyə verildi. Bakıda iyirminci yüzillik ərəfəsində dünya neft ehtiyatının təqribən yarısı qədər qara qızıl çıxarılmışdı. Şəhərimizdə sement zavodu, mexaniki zavod, pivə zavodu, elektrik stansiyaları, toxuculuq və tütün fabrikləri, buxar dəyirmanları, banklar işə salınmışdı. 1883-cü ildə Bakı-Tiflis dəmir yolu işə salınmışdı. 1882-ci ildə şəhər at konkası istifadəyə verilmişdi. 1900-cü ildə Bakı - Petrovsk (indiki Mahaçqala) dəmiryolu çəkilmişdi. 1886-cı ildə ilk telefon stansiyası tikilmişdi. 1917-ci ildə Bakıya indiyədək fəaliyyətdə olan Şollar suyu boru kəməri ilə su verilməyə başlanmışdı. Xarici ölkələrdən iş dalınca Bakıya gələnlərin sayı durmadan artırdı. 1883-cü ildə Bakıda 45 min adam yaşayırdı. 1913-cü ildə əhalinin sayı 200 min nəfərə çatmışdı. 19-cu əsrin sonunda Bakı Rusiyanın ən iri sənaye və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi.
Rusiyada Müvəqqəti hökumət yıxıldıqdan və hakimiyyətə bolşeviklər gələndən sonra, 1917-ci ilin 2 noyabrında Bakıda Xalq Komissarları Soveti adında cinayətkar qurumun konfransında sovet hakimiyyətinin qurulduğu elan edildi. 1918-ci ilin mart ayında Bakı Soveti şəhərdə azərbaycanlı məhəllələrində silahsız adamlara qarşı qırğın əməliyyatı aparılması nəticəsində 10 mindən artıq əhali qətlə yetirildi. Bolşevik və erməni bandaları müsavatçılara qarşı mübarizə pərdəsi altında dinc azərbaycanlıları qırmağa başladılar. Quldur dəstələrinə qaniçən S. Şaumyan başçılıq edirdi. Şəhərin azərbaycanlılar yaşayan məhəllələri havadan və dənizdən atəşə tutulmuşdu. Gəmilərdən atılan şrapnellər Qız qalasının divarlarını da zədələmişdi. İndiki zamanda da Qız qalasının aldığı yaralar dəniz tərəfdən aydın görünür. Hətta sonradan daşla hörülmüş şrapnel yerləri Qız qalasının tutqun daş fonunda aydın görünür. Sonralar bolşevik və daşnak quldur dəstələri Azərbaycan bölgələrində qırğınlar törətmişdilər. Bu yaxınlarda Quba şəhərində aşkar edilmiş məzarlıq ermənilərin azərbaycanlılara qarşı soyqırımı vəhşiliklərinin bariz sübutudur.
1918-ci ilin may ayının 28-də Müsavat partiyası başda olmaqla Azərbaycan Demokratik Cümhuriyyəti - müsəlman Şərqində ilk respublika yarandı. Bakı şəhəri Bakı Kommunasının, sonra isə Sentrokaspi Diktaturasının əlində olduğu üçün milli hökumət öz iclaslarını əvvəlcə Tiflisdə, sonralar isə Gəncədə keçirirdi. Gənc Azərbaycan Cümhuriyyətini darda qoymayan 15 minlik Qafqaz İslam Ordusu başda Nuru paşa olmaqla Bakıya girdi. Erməni və Kommuna ordusuna qarşı türklərlə yanaşı, general Şıxlinskinin yenicə təşkil etdiyi Azərbaycan hərbi hissələri də döyüşürdü. 1918-ci il noyabr ayının 18-də F.Xoyski başda olmaqla milli hökumət Bakıya gəldi. Onun hakimiyyət dövrü təqribən iki il çəkdi. Rusiyanın 11-ci ordusunun hissələri dövlətimizin sərhədlərini keçib aprelin 28-də Bakıya daxil oldu və Bakıda fəhlə-kəndli sosialist inqilabının qalibiyyəti elan edildi.
Lakin bir kərə enən bayraq bir daha qalxdı və 1991-ci ildə bütün Azərbaycan kimi, Bakı da öz müstəqilliynə qovuşdu.
"Bakı" adının mənşəyi və şəhərin dəqiq yaşı barədə mübahisələr indi də davam edir. İngilis arxeoloqu Vilyam Petri güman edir ki, eramızdan əvvəlki ikinci minillikdə Misrin Ölülər Kitabında yazılmış "Baxou doğan günəş dağı" sözü Bakıya aiddir. Bəzi alimlər Bakı adını qədim əlyazmalarında xatırladılan Qaytara, Albana, Baruka adları ilə əlaqələndirirlər. Eramızın 5-7-ci əsr məxəzlərində Bakı adı Baqavan, Atəşi Baquvan kimi xatırladılır. 9-cu əsrdən başlayaraq ərəb məxəzlərində ilk dəfə olaraq "Baku", "Bakux", "Bakuya", "Bakuye" sözlərinə təsadüf edilir. 18-ci əsrdən başlayaraq Bakının adı fars mənbələrində "Badkubə", yəni "Küləklər şəhəri" kimi çəkilir. Bu sahədə səriştəli alim sayılan professor Sara xanım Aşurbəyli "Bakı" adının bir sıra qədim dillərdə "Günəş" və "Od" mənasında işlədilən "Baqa" sözündən götürüldüyünə əminlik ifadə edir. Türkiyənin "İslam ensiklopediyası"nda Baku, yəni Bakı adının "Baş şəhər" mənası verən "Bey Köy" sözündən götürüldüyü göstərilir. Tarixçi Əli Hüseynzadənin fikrincə, Bakı adı Mahmud Qaşqarinin 11-ci əsrdə işıq üzü görmüş məşhur türk lüğətində "təpə" mənasında işlədilir. Bəzi alimlər isə Bakı adının eramızdan əvvəlki 12-5-ci əsrlərdə Abşeronda məskunlaşmış "bakan", yaxud "baqi" adlı qədim qəbilələrin adı ilə əlaqələndirirlər.
Bakı çox əzəmətli və gözəl şəhərdir. Qədim və həmişəcavan şəhərimizin memarlıq tarixində yeni səhifə açılmışdır. Böyük öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Bakıda imzalanmış "Əsrin müqaviləsi" adlanan neft kontraktı müasir inkişaf mərhələsinə qalxmaq imkanı yaratmışdır. Ölkədəki əlverişli investisiya iqlimi şəhərimizdə müasir binaların, yol və körpülərin tikintisinə geniş imkanlar açmışdır. Hazırda şəhər memarlığı yeni inkişaf günlərini yaşayır. Bakıda yüksək komfortabelli yaşayış binaları, dünya standartlarına cavab verən otel kompleksləri, biznes mərkəzləri, iri supermarketlər, bank binaları göz oxşayır. Biz hamımız gündən-günə cavanlaşan və gözəlləşən qədim Bakımızı sonsuz məhəbbətlə sevirik. Çünki bizim şəhərdə yaşamaq, yaratmaq çox xoşdur!
MƏSLƏHƏT GÖR: