14 Mart 2025

Cümə, 20:57

SABİT QEYRİ-SABİTLİK

İstehlak cəmiyyəti və dünya maliyyə böhranı

Müəllif:

01.01.2009

Tarix göstərir ki, iqtisadiyyatın inkişafı düzxətli-bərabər deyil, dövri xarakterlidir. İqtisadiyyat periodik olaraq geriləmə, depressiya, canlanma və artım yaşayır. Hər bir dövrü əlli beş il, on il və iki il dörd aya bərabər periodlara bölünür. Uyğun olaraq, iqtisadi artımda müəyyən ardıcıllıq var. Dövrün aşağı fazasında - böhranda olan iqtisadiyyata məhsul istehsalının artıqlığı, qiymətlərin və gəlirlərin düşməsi, sahibkarların kütləvi müflisləşməsi, sərmayələrin azalması, istehsal həcmlərinin və ehtiyatın azalması,  əməyə ehtiyacın azalması, əhalinin böyük hissəsinin işsizliyi, səhmlərin məzənnəsinin düşməsi xasdır. 

İlk iqtisadi böhran 1825-ci ildə İngiltərədə, ikinci isə 1836-cı ildə İngiltərə və ABŞ-da baş verib. Daha çox maliyyə sahəsinə toxunmuş son iri böhran 1997-1998-ci illərdə baş verib. Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdəki böhranlar iri istehsalatın böhranı idi. Onlardan sonra bazarın dəyişən konyukturasına asan uyğunlaşması baxımından, kiçik və orta biznesin daha dözümlü olduğu ortaya çıxıdı.  Qloballaşma ilə böhranlar bütün dünya iqtisadiyyatını əhatə etməyə başladı. Yəni böhranlar dünya səviyyəli (maliyyə, energetika və s.)  oldular. 

Qloballaşma dünya iqtisadiyyatının quruluşunu dəyişdirdi və maliyyə bazarlarının (valyuta, fond, kredit bazarlarının) gur inkişafına səbəb oldu. Əgər bir neçə onillik qabaq maliyyə bazarlarının əsas məqsədi iqtisadiyyatın real sektorunun işləməsini təmin etmək idisə, ancaq son illər dünya maliyyə bazarı müstəqillik nümayiş etdirirdi. Nəticədə biz bu gün bu bazarın həcminin dəfələrlə artdığını görürük. Bu, iqtisadi münasibətlərin liberallaşması ilə bağlı spekulyativ əməliyyatların geniş çeşidi nəticəsində baş verib. İstehsalatı fyuçers və opsion kimi müxtəlif törəmə maliyyə alətləri ilə spekulyativ əməliyyatlar, həmçinin dünya valyutalarının məzənnə fərqləri oynamaq əvəz edib. Maliyyə alətləri ilə spekulyativ əməliyyatlar ən yüksək gəlirli biznes növü kimi seçilirdilər. Hazırda beynəlxalq valyuta bazarında əməliyyatların yalnız 10%-i xarici ticarətə xidmət edir.

Beynəlxalq maliyyə bazarının nəhəng miqyası və dövriyyəsi, doğrudan da, dünya iqtisadiyyatı üçün ciddi təhlükə doğurur. Dünya üzrə sərbəst dolaşan spekulyativ kapitalın iri kütlələri rahatlıqla istənilən dövlətin iqtisadiyyatını canlandıra və ya dağıda bilər. Yeni tarixdə belə misallar az deyil. Buna C.Sorosun spekulyativ əməliyyatları ilə Britaniya milli valyutasının iflasını və son Asiya böhranını göstərmək olar. Dünya iqtisadiyyatında son 25 ildə resursların istehsal sektorundan maliyyə sektoruna, başqa sözlə, real sektordan fiktiv sektora keçməsinin davam etməsi çoxsaylı sahə və lokal böhranlara səbəb olub. 

Əfsus ki, gec və ya tez biz bu cür paylanmanın mütləq sərhədinə gəlib çatırıq və real sektorda vəsaitləri azaltmaqla spekulyativ iqtisadiyyatı subsidiyalaşdırmaq mümkün olmur. 

Hazırda milli iqtisadiyyatlara tökülən pul kütləsi onunla bağlıdır ki, dünya iqtisadiyyatında rasional və gəlirli şəkildə vəsait istifadə etməyə sahə az qalıb. Neftlə spekulyativ oyunlar artıq ən cəlbedici biznes növlərindən birinə çevrilir. Həmçinin ərzaq qiymətləri ilə oyunlar da belədir. Bu cür oyunların fəlakətlərə yol açdığı dünyanın "güc sahiblərini" elə də narahat etmir. 

BMT-nin məlumatına görə, dünyanın üç varlı adamının malik olduğu kapital 48 yoxsul ölkəsinin toplam ümumi daxili məhsuluna (ÜDM) bərabərdir. 360 milyarder ailəsi  Asiya, Afrika  və  Latın Amerikasında yaşayan 2,3 milyard adamın malik olduğu vəsaitə malikdir. Məhz bu ailələr dünya iqtisadiyyatına nəzarət edirlər. Başqa sözlə, anonim dünya hakimiyyətini gerçəkləşdirirlər. 

İndiki dünya maliyyə böhranı belə şəraitdə baş verib. Öz ölçüsünə görə Amerikanın dördüncü investisiya bankı olan "Lehman Brothers"in iflası və kapitallamasına görə üçüncü investisiya nəhəngi olan "Merrill Lynch & Co."nun satılması sərmayəçilərin indiki böhranı yüngül adlatmağın mümkün olacağı barədə düşüncələrini alt-üst etdi və 2008-ci ilin sonuna beynəlxalq maliyyə sistemində vəziyyətin düzələcəyi barədə ümidləri də sıfıra endirdi. 

Yuxarıda qeyd edildiyi kimi, çağdaş iqtisadi böhranın öz səbəbləri və öz xüsusiyyətləri var. Bizim fikrimizcə, hazırda dünya iqtisadiyyatında yaranmış vəziyyətin səbəblərindən biri qızğın, irrasional və məsuliyyətsiz azartlı, heç nə ilə əsaslandırılmayan qlobal istehlakdır, Qərb həyat tərzi tərəfindən yetişdirilən "istehlak cəmiyyəti" fenomenidir. 

İstehlak cəmiyyəti çağdaş toplumun xüsusiyyətlərindən biridir. Bu, gəlirlərin artması, istehlakın strukturunun xeyli dəyişməsi, iş vaxtının azalması və sərbəst vaxtın artması ilə bağlıdır. Sinfi strukturun pozulması və sosial diferensiyasiyanın çoxmilli xarakteri ona səbəb olur ki, bərabərliyin formalaşması daha çox əmək sahəsindən istirahət və istehlak sahələrinə yönəlir. İstehlakın fərdiləşməsi fərdi stil və imic formalaşdırır. 

İqtisadiyyata gəldikdə isə, bu cür dəyişikliklərlə bağlı onu çox vaxt istehsalçı deyil, "istehlakçı iqtisadiyyatı" adlandırırlar. Burada təklif tələbi yox, tam tərsinə-tələb təklifi formalaşdırır. Bazar seqmentləşdirilib, fərdi istehlak isə yalnız istehlakçının sosial xüsusiyyətini əks etdirməklə qalmır, həm də onun sosial statusunun, onun fərdi həyat tərzinin  nümayişidir. Qərbdə əmək fəaliyyətinə başlayan üç işçidən ikisi xidmət sektorunda iş tutur. Əmək məhsuldarlığının artması hesabına maddi istehsalda məşğul olmayanların sayı artır.

Qərbdə formalaşmış istehlak cəmiyyəti uyğun qiymətlər və dəyərlər sistemi ilə səciyyələnir. "Ye, iç, geyin, dinlə"- indi hər yerdə eşitdiyimiz reklamlar belə səslənir. Reklam təklif edir: "Al məni - xoşbəxt ol". Reklam aqressiv və sırtıq şəkildə insanların psixikasına təsir göstərir: istehlak krediti təklif edir, endirimlər edir, şou-rumlar göstərir və s. Reklam mütəxəssisləri yeni reklam texnologiyaları tətbiq etməklə insanın şüuraltına təsir edirlər: "25 kadr", reklam vaxtı səsin gücləndirilməsi, filmin və ya idman yarışının ən maraqlı yerində reklamın göstərilməsi. 

Şoppinq çağdaş dünyanın xəstəliyinə çevrilib - hətta Milad bayramı kimi bayramlar belə başdan- ayağa şoppinqə çevrilib. Bu şoppinqdə insanlar öz hisslərini, qoxularını və sosial həyəcanlarını boğurlar. Bu cəmiyyətdə sadə insana yer yoxdur. Həmin cəmiyyətdə mütləq qəhrəman və varlı, gözəl və uğurlu olmalısan, əgər işlər elə getməsə də, ətrafdakıların gözündə elə görünməlisən. Özü də heç bir dəxli yoxdur ki, sən tələbəsən, fermer, ofisiant və ya dizaynersən. 

Qərb həyat standartlarına görə, sən istehlak etməlisən və sənin istehlakın dərin həzz və qürur gətirməlidir. Çünki bizim ətrafımızı tamamilə başqa ölçülərlə yaşayan uğur qazanmış insanlar əhatə edir. Onlar okeanlarda istirahət edir,  "Rols Roys"larda gəzir, qollarına "roleks"lər taxırlar və reklam bu cür həyati dəyərləri bütün insanlığa sırıyır.

Reklam "Gözəlliyə toxun" adı altında qeyri-adi attraksion təklif edir. Yəni sən yalnız elitanın imkanı çatan əşyaları əldə edə bilərsən. "Donna Karan" köynəkləri, "Ermenejildo Zenya" paltosu, "Brionia" corabları,  "Luis Vyutton" çantası və ilaxır; hər şey mütləq adlı olmalıdır. Əgər sən özünə belə xərcləri rəva görmürsənsə,  "Sisley", "Benneton" və ya "Lakosta" kimi daha demokratik brendlərlə kifayətlənə bilərəsən, vəssalam. 

İstehlak prosesi bizə görünməmiş həzz verməlidir və bu cür xərclərin artıq həzz vermədiyi yuxarı sinif insanlara yaxınlaşdırmalıdır, axı onlar butiklərdən əşyaları biz supermarketdən ərzaq aldığımız kimi ala bilirlər. O zaman isə az qala mənzil qiymətinə satılan saatlar və ya qəsrlər, yaxtalar, adalarda yerləşən villalar işə düşür. İstehlak cəmiyyətində hər bir fərd bütün düynaya sübut etməlidir ki, nəyə qadirdir, əgər işi və nailiyyətləri buna yetmirsə, onda adlı brend əşyalara malik olması ilə öyünməlidir...

Gəlin, indi iqtisadi quruluşun heç zaman tükənmədiyi və qalan hər bir şeydə əks olunduğu istehlak bazarının sonrakı hadisələrinə baxaq. Burada tələbat hər gün artır, çünki istehlakçıya təlqin edirlər ki, ona getdikcə daha çox əmtəə lazımdır. Artan tələbatı ödəniş qabiliyyətli səviyyədə saxlamaq üçünsə istehlak krediti peyda olur. 

İndi kreditlə hər şeyi almaq olar. Həm də istehlak krediti spesifik formada pul kütləsi tələb edir... İstənilən kredit - fiktiv pullardır. Əgər istehlakçını kreditləşdirmək gərəkdirsə, onda kredit resurslarına tələbat artır və maliyyə bazarlarına əlavə olaraq fiktiv pullar daxil olur. İstehsalçı hələ satıcıdan öz əmtəəsinə görə pulu tam almadan bankdan kredit götürərək, yeni istehsal siklinə başlayır. İstehlakçı isə məhsulu kreditə götürərək, onun pulunu tam vermədən istifadə etməyə başlayır. 

İstehsalçı bunu niyə edir? Öz istehsalını artırmaq, yəni yeni güclər işə salmaq, yenidənqurma aparmaq, heç kim tərəfindən istehsal və istehlak edilməmiş yeni məhsulları işə salmaq üçün və buna da kredit lazımdır. Əslində bu bir spiraldır və fasiləsiz olaraq fırladılır. 

Bu məsələdə sağlam düşüncədən daha çox uzaqlaşmış Amerika iqtisadiyyatının pay bölgüsünə baxsaq, aşağıdakıların şahid olarıq: iqtisadiyyatın real sektoru ümumi daxili məhsulun (ÜDM) yalnız 15 faizinə sahibdir, 85 faiz isə maliyyə bölməsidir. ABŞ-ın dövlət borcu ildən-ilə artır. İndi o, $9,13 trln təşkil edir.  Tayms-skverdə ABŞ-ın "milli borc sayğacı"nın göstəriciləri belədir. ABŞ-ın dövlət borcu dəqiqədə milyon dollarlarla artır. Analitiklərin hesablamalarına görə, oğul Buşun Ağ evə yerləşdiyi  20 yanvar 2001-ci il tarixindən Barak Obamanın prezident kürsüsünə əyləşəcəyi  20 yanvar 2009-cu il tarixinə kimi bu məbləğ $5,7 trln-dan $ 10 trln-a kimi artacaq. 

Bir çox ekspertlər ABŞ-ın ipoteka kreditləşdirməsi üzündən yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı üçün dövlət borcunu "gecikmiş təsir gücünə malik bomba" adlandırırlar. Dövlət borcuna xidmət Amerika büdcəsinin ən iri bəndlərindən biridir. Yalnız pensiya təminatı, səhiyyə və müdafiə proqramları üzrə xərclərdən geri qalan bu bənd keçən il $430 mlrd təşkil edib. 

İqtisadiyyatda fırlanan fiktiv pulların getdikcə artan həcmləri dəhşət doğurur. Bu zaman nəzərə almaq lazımdır ki, Amerika dollarına etibar bütün dünyada itəcək və ABŞ iqtisadiyyatının heç bir uğuru onu çöküşdən xilas edə bilməyəcək. Dünyanı doldurmuş dollar kütləsi ABŞ iqtisadiyyatının imkanlarından dəfələrlə çoxdur. Əgər bütün dünya dollarları ABŞ-a təhvil verib əvəzində nəsə real bir şey tələb edərsə, ABŞ maliyyə sistemi yetərincə ciddi problemlərlə üz-üzə qalar, böyük ehtimalla iqtisadi kollaps baş verər.

Beləliklə, istehlak iqtisadiyyatı və onun yaşaması bir sıra tədbirlərlə dəstəklənir. İfrat və prestijli istehlak təbliğ edilir, insanlara şişirdilmiş və mənasız istehlak standartları sırınır, qondarma istehlaklar uydurulur, qabaqlar görünməmiş əmtəə və xidmət modifikasiyaları peyda olur. 

İstehlak predmetlərinin qiyməti bilərəkdən şişirdilmiş səviyyədə saxlanılır. Oraya bu əmtəə və xidmətlərin yalnız istehlak deyil, həm də prestij xüsusiyyətləri də daxil edilir, insanlar firmanın markasına, yəni  "leybl"ə, reklamın bu məhsullara sırıdığı imicə, həmçinin reklamın özünə görə pul ödəyirlər. 

Satın alınan malın və ya əşyanın qiymətinin 40 faizindən çoxu marketinq xərcləridir və sonucda bunlara görə istehlakçı pul ödəyir.  Bu zaman prestijli və ifrat istehlak çevrələrinə aid edilən çox sayda bahalı xidmət və əmtəələrin olması, öz arxasınca gündəlik tələbat mallarının qiymətlərini də sürükləyir. 

Yetərincə yüksək keyfiyyətli ucuz malların bazardan çıxarılması prosesi gedir. İstehlakçını daha tez-tez məhsul almağa vadar etmək üçün artıq layihələşdirmə zamanı əmtəələrin istifadə müddəti getdikcə azaldılır. Yeni texnologiyaların tətbiqi bilərəkdən gecikdirilir, prinsipial texnoloji yaxşılaşdırmalar dizayn və komfort yenilikləri ilə əvəzlənir. Məsələn, telefon istehsalçıları modellərə cüzi dəyişiklik etməklə il ərzində öz model sıralarını tam dəyişirlər. Əgər 2003-cü ildə piştaxtalarda üç il qabaq yaradılmış aparatlara rast gəlmək mümkün idisə, indi salonda bir il qabağın telefonlarına belə rast gəlmək mümkün deyil. 

Nəhayət, əmək qabiliyyətli əhalinin böyük hissəsi istehsalat sahəsindən xidmətə və paylama, reklam və tamaşa istehsalı sahələrinə, "özməşğulluq", xırda ticarət və xırda özəl sahibkarlıq sahələrinə sıxışdırılırlar. Bu arxa plan sektorları qeyri-proporsional şəkildə şişirdilir. Bütün bunların hamısı iqtisadi inkişafın irrasional olmasına səbəb olur. 

Biz tez-tez alimlərin və ekspertlərin müxtəlif müzakirələrində yaxın zamanda bizi energetika böhranı gözlədiyini, əlimizdə olan resursların tezliklə tükənəcəyini eşidirik. Bu qayğı ciddidir və tam əsaslıdır, ancaq bununla belə, əlimizdə olanları yırtıcı kimi istifadə edirik. Əgər dəb sənin hələ on il də sürə biləcəyin avtomobili üç ildən sonra dəyişməyi tələb edirsə, deməli, həmin müddətdə sən bir yox, dörd avtomobil almalısan. 

Düşünmək lazım deyil ki, həmin avtomobilin istehsalı üçün istifadə edilən hər şey təkrar istehsala yönəldilir.  İstehsala sərf edilən materialların böyük hissəsi, o cümlədən enerji resursları, yəni metalın əriməsindən tutmuş utilizəyə qədər sərf edilən enerji atmosferə uçaraq dünya məkanının istiləşməsinə səsəb olur. Və lazım olandan dörd dəfə artıq enerji sərf edilir ki, bunu baza tələbatının ödənməsi baxımından heç cür məntiqli saymaq mümkün deyil. Əgər biz resurslarımızın məhdud olduğunu anlayırıqsa, niyə məntiqli və layiqli yaşamağa lazım olandan artıq xərcləməliyik?..

Bir çox alimlər hesab edirlər ki, istehlak iqtisadiyyatı şəraitində doğulmuş və böyümüş insanlara özləri ilə bağlı nələrisə dəyişməyin vacibliyini izah etmək mümkünsüzdür. İstehlak iqtisadiyyatı və onun maraqları baxımından yaradılmış informasiya məkanının quruluşu insanları öz yaşamlarında köklü dəyişikliklər etməyin gərəkliliyi barədə düşünməkdən uzaqlaşdırır. 

Ancaq silahlanma, ölkələrin nəhəng və istehsala yararsız hərbi xərcləri, insanlığın aclıq, yoxsulluq, savadsızlıq, xəstəliklər, təbii fəlakətlər, ekoloji və iqlim kataklizmləri kimi qlobal problemləri ilə yanaşı, dünya iqtisadi böhranları da bəşəriyyət qarşısında yaranmış problemlərin həlli üçün səyləri birləşdirməyi tələb edir. Əks halda təkrarlanan və dərinləşən dünya iqtisadi böhranları bütün insan sivilizasiyası üçün öncədən düşünülməyən nəticələrə gətirə bilər. 

Dünya maliyyə sistemindəki indiki gərginliyi əksər iqtisadçılar ABŞ ipoteka böhranının nəticəsi sayırlar. İpoteka böhranını isə bir sıra şirkətlərin rəhbərliklərinin kollektiv yanlışlıqları ilə bağlayırlar. 

ABŞ Federal Sisteminin keçmiş rəhbəri A.Qripsen indiki çətinlikləri Amerika ipoteka böhranı ilə əlaqələndirmə cəhdlərini doğru saymayıb. "Maliyyə böhranı keçilməli olan hadisədir. Əgər böhran ABŞ-ın ipoteka yatırımlarının düzgün qiymətləndiriliməməsi ilə başlamasa idi, başqa bir sektorda və ya başqa bir bazarda ortaya çıxardı",- deyə o, bəyan edib. 

"Sabit qeyri-sabitlik" çağdaş "istehlak cəmiyyəti"nin səciyyəvi cəhətidir. Bu cəmiyyətin inkişafı getdikcə daha çox titrəyişli, spazmatik və  anlaşılmaz olur. Kapitalizmə xas olan istehsal və dövriyyə anarxiyası yaranır, bu da özünü müxtəlif cür böhranlarda göstərir. Belə olan şəraitdə bəşəriyyət dünya iqtisadiyyatını nəzarətə götürməlidir. Əks halda, bütün insanlığın gələcəyi yoxa çıxacaq. 


MƏSLƏHƏT GÖR:

437