
SEÇİLMİŞLƏR SIRASINDA
Azərbaycan ilk dəfədir, OPEK-in iclasına qatılıb
Müəllif: Alyona MOROZ Bakı
Dekabrda Neft İxracatçısı Ölkələri Təşkilatı OPEK-in Əlcəzairin Oran şəhərində keçirilmiş fövqəladə iclasında qurumun təmsilçiləri neft hasilatının azaldılması imkanlarından danışıblar. İclas çağırılmasının səbəbləri aydındır - dünya üzrə neft qiymətləri barrelə görə 40 dollardan aşağı səviyyəyə düşüb. Buna görə də neft istehsal edən ölkələr inkişaf etmiş ölkələr kimi öz iqtisadiyyatlarını dəstəkləmək üçün tədbirlər görməlidirlər. Neftin barrelinin 147 dollara bərabər qiymətinin rekord səviyyəsi qeydə alınmış iyul 2008-ci il tarixindən bu yana neft dörd dəfə ucuzlaşıb. Dekabrın ortalarında yanvar fyuçersləri üçün "Light Sweet Crude Oil" markalı yüngül Amerika neftinin qiyməti 2004-cü ilin aprel ayından bu yana ilk dəfə barrel üzrə 34 dollardan aşağı düşdü.
Bütün bunları nəzərə alan OPEK dekabrın 17-də Əlcəzairdə keçirilmiş növbədənkənar iclasda neft hasilatı kvotasını sutkada 2,2 milyon barrel azaltmaq barədə qərar qəbul edib. Qurumun bəyanatında bildirilir ki, real hasilat səviyyəsi 29,045 miylon barrel təşkil edən sentyabr ayına nisbətən 1 yanvar 2009-cu il tarixə neft hasilatı sutkada 4,2 milyon barrel azalacaq. Beləliklə, yeni ilin birinci günündən kartelə daxil olan ölkələrin hasilatının toplam məbləği sutkada 24,8 milyon barrel təşkil edirdi. Bundan başqa, kartelin sədri Şakib Xəlil bildirib ki, neftin qiyməti sabitləşmədikcə OPEK "qara qızıl" hasilatı kvotasını azaltmaqda davam edəcək...
Azərbaycan üçün iclasın daha bir önəmli əhəmiyyəti var ki, bizim ölkə də neftin qiymətinin qalxmasında maraqlı olan tərəflərdəndir. Məsələ bundadır ki, əvvəllər OPEK-in iclaslarına yalnız kartel üzvü olan ölkələr qatılırdısa, indi dekabr iclasını neft hasil edən ölkələrin daha çoxunun iştirakı ilə keçirmək qərara alınmışdı. Buna görə də neft hasilatının azaldılması kvotaları müəyyən edilən və neft bazarının inkişaf perspektivləri müzakirə edilən Oran şəhərinə quruma daxil olmayan ölkələr - Rusiya, Oman, Suriya və Azərbaycan da dəvət edilmişdi.
Bir çox ekspertlərin fikrincə, Azərbaycanın OPEK iclasında iştirakı dünya birliyinin bizim dünya bazarına enerjidaşıyıcıları ixrac edən ölkəmizə marağının artmasının sübutudur. Bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum kimi iri layihələrin iştirakçısıdır. Həmçinin dünya bazarına karbohidrogenlərin nəqli üçün nəzərdə tutulan "Nabucco", Odessa - Brodı - Plotsk - Qdansk, Burqas - Aleksandropolis kimi layihələrə maraq göstərir.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, 2008-ci ilin yekununa ölkədə 52 mln ton neft və 27 mlrd kubmetr qaz çıxarılacaq və yaxın 4 ildə Azərbaycan 208,2 mln ton neft ixrac etmək istəyir. "BTC ilə sutkada 850 min barrel neft nəql edilir və bu ilin sonuna ixracat sutkada 1 mln barrelə çatdırılacaq",- deyə N.Əliyev vurğulayıb.
Hökumətin proqnozlarına görə, 2009-cu ildə Azərbaycanda 61,8 milyon ton səviyəsində neft hasilatı gözlənilir. O cümlədən ARDNŞ səviyyəsində neft hasilatı 8,65 mln tona yaxın olacaq. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yatağının istismarı üzrə xarici podratçıların konsorsiumu kimi yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 53,15 mln tondan çox neft hasil edəcək.
ABŞ Energetika Nazirliyinin hesablamalarına görə, 2009-cu ildə Meksikada, Şimal dənizində və Rusiyada hasilatın azalmasına baxmayaraq, OPEK üzvü olmayan digər ölkələrdə neft hasilatı sutkada 410 min barrel artacaq. Vaşinqton bu artımın "əsas qaynaqları" sırasında Azərbaycan, Braziliya və ABŞ-ın adını çəkir.
OPEK-in rəsmi saytında yerləşdirdiyi məruzəsində isə bildirilir ki, Azərbaycandan dünya bazarlarına neft nəqli 2009-cu ildə sutkada 130 min barrel artacaq və 1,17 min barrelə çatacaq.
Başqa sözlə, Azərbaycan neft hasilatını sürətlə artırır. Amma iş elə gətirib ki, bizim ölkə özündən asılı olmayaraq, OPEK-in hasilatı azaltmaq barədə təşəbbüsünü dəstəkləyib. Məsələ bundadır ki, sentyabrın 17-dən dekabrın 19-na kimi dünyanın ən iri hasilat platforması olan "Mərkəzi Azəri"də qaz sızması üzündən neft çıxarılması dayandırılmışdı. Bunun nəticəsində neft hasilatı sutkada 300 min barrel azalmışdı və yaxın aylarda bu həcmin artırılması gözlənilmir.
Eyni zamanda, BTC-yə daxil olacaq neftin həcmi 568 min barrelə qədər azalacaq. "Platts"ın məlumatına görə, tranzit problemləri üzündən respublika neft hasilatını dekabrdakı 781 min barrel səviyyəsindən yanvarda 568 min barrel səviyyəsinə endirəcək. Beləliklə, gələn ay Ceyhanda tankerlərə planlaşdırıldığından 213 min ton az neft yüklənəcək. "VTS So." bəyan edir ki, "azalma texniki yox, tranzit problemləri ilə bağlıdır". Yanvarda Ceyhan limanında yeddi "SuezMax" və bir "VLCC" tankerinin yüklənməsi düşünülür.
"Platts" məlumatında həmçinin energetika məsələləri üzrə ekspertlərin fikirlərindən nümunələr gətirilərək göstərilir ki, dünya bazarında neftin qiymətinin düşməsi hasilat ölkələrini neftin satış həcmlərini aşağı salmağa məcbur edir. "Beləliklə, onlar bu yolla yenidən neftin qiymətini qaldırmağı planlaşdırırlar. Ancaq indiki bazar şəraitində neftin iqtisadi qiyməti 20-30 dollardan çox deyil. Buna görə də ixracat ölkələri barreli 147 dollara satdıqları dönəmləri unutmalı və 30 dollara bərabər olan orta qiymətlə barışmalıdırlar".
Bununla yanaşı, ABƏŞ "Mərkəzi Azəri" platformasında istismarın bərpası çərçivəsində işlərin təhlükəsizliyini artırmaq baxımından bir sıra tədbirlər görüb. Belə ki, məhdud neft və qaz hasilatı prosesinin başlanğıcında platformada xüsusi qorunma qurğusu və istismar proseslərinin təhlükəsizlik şəraitinin monitorinqi üçün avadanlıq quraşdırılıb. Hazırda platformada hasilat həcmlərinin artırılması - 3 və ya 5 quyunun istifadəsinə başlanılması və sonra bütün platformanın işə salınması üzrə işlər görülür. Bu zaman həmçinin gələn ilə "Mərkəzi Azəri" platformasının layihə gücünə - ildə 400 min barrel neft hasilatı səviyyəsinə çıxarılması da planlaşdırılır.
Yada salaq ki, daha öncə "BP-Azerbaijan" şirkətinin təmsilçiləri bildirmişdilər ki, artıq dekabrın üçüncü ongünlüyündə BTC ilə neft nəqlinin həcmi sutkada 850 min barreldən 1,2 milyon barrelə çatdırılacaq. Bəyan edilən həcmlərə çatılmayıb. Amma buna baxmayaraq, artıq Azərbaycan ildə 60 milyon ton neft ixrac etmək imkanındadır. Yəni hər nə olur-olsun, ölkə dünya bazarlarını neftlə təchiz etməkdə böyük rol oynayacaq.
Azərbaycanın OPEK-in iclasında iştirakına gəldikdə isə sənaye və energetika naziri Natiq Əliyev gələcəkdə Azərbaycanın bu təşkilata qoşulması imkanını istisna etməyib. Onun sözlərinə görə, Azərbaycanın OPEK-ə qoşulma məsələsi qiymətlərin bazardakı vəziyyətindən asılı olacaq. Natiq Əliyevin fikirincə, qiymətlərin indiki səviyyəsi ədalətli deyil və OPEK-in qərarı onların uzunmüddətli perspektivdə proqnozlaşdırıla bilən olmasına xidmət edir.
"Azərbaycanın OPEK ölkələrinin son iclasına qatılması müsbət amildir. Biz hətta müşahidəçi qismində çıxış etsək də, bu, ölkənin dünya neft bazarında ciddi oyunçulardan biri kimi qəbul, edilməsi, neft hasil edən ölkələr arasında özünü təsdiq etməsidir. Özü də bu, Azərbaycan üçün hər hansı bir hüquqi öhdəlik müəyyən etmir. Sadəcə, bizim ölkə OPEK-in neft hasilatının azaldılması kvotalarına öz təsirini göstərə bilər. Hasilatın azaldılması isə OPEK-də deyildiyi kimi, dünya bazarında "qara qızıl" üçün "ədalətli" qiymətlərin formalaşmasına səbəb ola bilər",- deyə neft sahəsində ekspertləridən biri "Region plus"a bildirib.
Bu zaman qeyd edilib ki, Azərbaycanın OPEK-ə daxil olması xeyli çətin məsələdir. "Əsas neft hasilatı "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun istismarçısı olan ABƏŞ-in payına düşür. Sual yaranır ki, hökumət öz hərəkətlərini hasilat və ixracat bəndləri dəqiq göstərilən PSA tipli müqavilələrlə necə uzlaşdıracaq? Praktikada bu sxemin tətbiqi inandırıcı gəlmir. Axı sazişlərə görə, dəyişiklik mümkündür, ancaq buna bütün səhmdarların tam razılığı olmalıdır. Əks halda, məsələlər Beynəlxalq İqtisad Məhkəməsində həll olunur".
MƏSLƏHƏT GÖR: