14 Mart 2025

Cümə, 20:57

YAXŞI NƏDİR, PİS NƏDİR?

Bütün "qeyri-Ruslar"a nifrət püskürməklə, "Ruslara laqeyd olmamaq" tamamilə fərqli şeylərdir

Müəllif:

01.01.2009

Moskvanın qərbində yerləşən Mojaysk rayon idarəsinin yaxınlığındakı zibil qutusundan dekabrın 5-də Moskvaətrafı Jabkino kəndində qətlə yetirilmiş 20 yaşlı Tacikistan vətəndaşı Salohiddin Əzizovun bədənindən ayrılmış başı tapılıb.

 

Xəbərdarlıq

Tərəvəz bazasında fəhlə işləyən Əzizov və onun 22 yaşlı yerlisi Camşat Əliyevi əvvəlcə travmatik tapança ilə güllələyiblər. Əliyev yaralansa da, qaça bilib. Əzizov isə yıxıldığı üçün onu asanlıqla yaxalayıblar: taciki bıçaqla doğrayıblar, başını bədənindən ayırıblar və cəsədini yarğandan aşağı atıblar. Daha sonra isə hadisəni törədən və əvvəllər adı məlum olmayan "Rus millətçilərinin hərbi təşkilatı"nın üzvləri hüquq müdafiə təşkilatlarına bu haqda məlumat veriblər, hətta öldürülmüş tacikin başının harada olduğunu da deyiblər. Millətçilər qətlə yetirdikləri bu gənci "Mərkəzi Asiyadan olan işğalçı", özlərini isə "öz doğma şəhərlərində özgə xalqın nümayəndələrindən bezmiş rus millətinə laqeyd olmayan şəxslər" kimi qələmə veriblər.

Bundan başqa, Moskva rəhbərliyi xəbərdarlıq da alıb - əgər onlar "Rusiyaya yad xalqların nümayəndələrini yerləşdirməkdə davam etsələr", "qaraları qovmağa başlamasalar", "əsl ruslar" məmurların özlərini "məhv etməyə başlayacaqlar", "ona görə ki, hakimiyyət səlahiyyətləri olan satqınlardan və rus mənşəyini satanlardan pis düşmən yoxdur". Millətçilərin xəbərdarlığında daha sonra deyilir: "Məmurlar, biz onların cinayətlərinə görə sizdən qisas almağa başlayacağıq! Bu zaman artıq sizin başlarınız uçmağa başlayacaq". 

Etiraf etmək lazımdır ki, bu hədələrlə səslənən fikirlər son vaxtlar müxtəlif terrorçu təşkilatların səsləndirdikləri ultimatumların ritorikası və stilinə çox bənzəyir.

Çox güman ki, millətçilər tərəfindən məhz Mojaysk rayon rəhbərliyinin hədəf seçilməsi təsadüf deyil. Çünki 2008-ci il oktyabrın 1-də məktəbli qız Anna Beşnova məhz bu rayon ərazisində zorlanaraq qətlə yetirilib, hadisədə günahkar bilinərək həbs olunan isə Tacikistan vətəndaşı Fərhad Tursunovdur.

15 yaşlı Anna yaşayış evinin pəncərəsinin altında, doğma 714 saylı məktəbinin cəmi 30 metrliyində öldürülüb. Məhkəmə tibbi ekspertizasının qənaətinə görə, qızın qara ciyərini zədələyən cani onu zorladıqdan sonra boğaraq qətlə yetirib. Həmin vaxt qonşu mənzildə olan 18 yaşlı gənc və onun bacısı vəhşiliyin şahidi olsalar da, Annaya heç cür kömək edə bilməyiblər: gənclər belə düşünüblər ki, məktəbli və qatil sadəcə sərxoşlardır və sekslə məşğul olurlar. Şahidin bildirdiyinə görə, cani təxminən 30 yaşında, qeyri-slavyan görünüşlü, əsasən, süpürgəçilərin geyindiyi xüsusi geyimli şəxs olub.

Bu şahid ifadəsindən sonra millətçilərlə mərhum məktəblinin qohumları şəxsən cinayətkarı taparaq, cəzalandıracaqlarını bəyan ediblər. Rayon ərazisindəki dirəklərdə müvafiq şüarlar və çağırışlar yazılan vərəqlər asılıb, evlərin divarlarında irqçi şüarlar yazılıb. Millətçi təşkilatlar, həmçinin Qeyri-Leqal İmmiqrasiyaya Qarşı Hərəkat (QİQH) rayon idarəsinin qarşısında mitinqlərə başlayıb. Bununla yanaşı, bir neçə qastarbayterə hücum olub, bir qədər sonra isə Anna Beşnovanın qətlə yetirildiyi ərazinin yaxınlığında, məktəb stadionunun ərazisində 24 yaşlı tacikistanlı İsrail Tovarovun cəsədi tapılıb. O, 40-dək bıçaq zərbəsi ilə qətlə yetirilib. 

Bütün bunlardan sonra rayon ərazisində məskunlaşmış və əsasən, süpürgəçiliklə çörəkpulu qazanan Mərkəzi Asiya vətəndaşları buradan kütləvi şəkildə qaçmağa başlayıblar.

 

Kədərli siyahı

Moskvada milli zəmində qətllər əvvəllər də olub, amma bu hadisədən sonra belə cinayətlərin sayı daha da artıb. Yalnız iki istirahət günü - dekabrın 13-ü və 14-ü Moskvada bir neçə əcnəbi vətəndaş öldürülüb. Dekabrın 13-nə keçən gecə Moskvanın cənub-qərbində daha bir tacikistanlının cəsədi tapılıb. Bir gün sonra isə Tacikistan vətəndaşı olan daha bir nəfər, 22 yaşlı gənc çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Təxminən elə bu günlərdə Rusiya paytaxtının qərbində yaşayış evinin mənzillərinin birində başından yara almış 1964-cü il təvəllüdlü Ukrayna vətəndaşının cəsədi aşkar edilib. 

Dekabrın 14-ü axşam isə Moskvanın Cənub-Qərb dairəsində 18 yaşlı Qazaxıstan vətəndaşı, 2008-ci ildə Qazaxıstanın ən yaxşı məzunlarından olmuş, Rusiyanın Qubkin adına Dövlət Neft və Qaz Universitetinin tələbəsi, "LUKoyl" şirkətinin təqaüdçüsü Yerlan Aytımov bıçaqlanaraq qətlə yetirilib. 

Nəhayət, elə həmin gün Qovorov küçəsi 14 saylı mənzildə Moskvada qeydiyyatsız yaşayan, ürək nahiyəsindən aldığı bıçaq zərbəsi nəticəsində vəfat etmiş 20 yaşlı Azərbaycan vətəndaşının meyiti tapılıb. 

Əgər cəsədi mənzilində aşkarlanmış Ukrayna vətəndaşının qətli məişət xarakterli hadisədirsə, digər cinayətlərin hər biri, şübhəsiz ki, milli zəmində törədilib. 

Bu siyahını uzun-uzadı davam etdirmək də mümkündür.

Yalnız 2008-ci ildə Moskva vilayətində bir neçə Azərbaycan vətəndaşı qətlə yetirilib. 

Fevralın 11-də Rusiya paytaxtının cənubunda, Orexov bulvarında 3 naməlum şəxs bir nəfər azərbaycanlını öldürüb. Hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb və orada cinayətkarların hər üçünün qara geyimdə olduqları görünür.

Martın 18-də Moskvada Azərbaycan vətəndaşı Nizami Qarayevin cəsədi tapılıb. O, yaxınlıqdakı ticarət dükanında tərəvəz satırdı. Naməlum şəxslər Qarayevə bir neçə bıçaq zərbəsi endiriblər.

Sentyabrın 16-da Zelenoqradda qarın və döş nahiyəsindən çoxsaylı bıçaq zərbələri alan 47 yaşlı azərbaycanlı dünyasını dəyişib. Ona 2 nəfər naməlum şəxs hücum edib.

Nəhayət, dekabrın 2-də Moskvanın cənub-şərqində 25 yaşlı daha bir azərbaycanlı qətlə yetirilib. Şahidlərin sözlərinə görə, naməlum şəxs onu bıçaqla vurub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qarın və döş nahiyəsindən çoxsaylı bıçaq yaraları almış 25 yaşlı kişi cəsədi aşkar ediblər.

Bu dəhşətli statistika insanı diksindirir: yalnız 2008-ci ilin ilk 5 ayında Moskva vilayətində millətçilər tərəfindən 35 nəfər qətlə yetirilib, ümumilikdə zərər çəkənlərin sayı isə 80-dən artıqdır. Sankt-Peterburqda 16 ölü və 19 zərərçəkmiş, Sverdlovsk vilayətində 3 ölü və 4 zərərçəkmiş, Ulyanovskda 2 ölü, Voronejdə 1 ölü və 11 zərərçəkmiş. 2008-ci ildə bütünlükdə Rusiya ərazisində ksenofobiya zəminində törədilmiş cinayətlərin sayı artıb və 2007-ci ildəki rəqəmləri xeyli üstələyib.

 

RINOkimilər

Bununla yanaşı, maraqlı cəhət odur ki, yerli mətbuat daim Rusiyanın hüquq-mühafizə orqanlarının Moskva və digər şəhərlərdə millətçi qrupların zərərsizləşdirilməsi sahəsindəki uğurlarından dəm vurur. Əlbəttə ki, belə hallar da var. Məsələn, dekabrın 5-də Moskvanın məşhur skinhed bandasına hökm oxunub. Yeri gəlmişkən, bu dəstənin rəhbərlərindən biri ikona çəkən tələbə Artur Rıno imiş. Qətllərə hələ həddi-büluğa çatmadıqları dönəmdə başlamış banda üzvləri indiyədək 20 nəfəri qətlə yetiriblər. Məhkəmə dəstə üzvlərini günahkar bilərək, 6 ildən 20 ilədək həbs cəzasına məhkum edib. Onlar isə törətdikləri əməldən peşman olmadıqlarını, əksinə, bundan qürur duyduqlarını bildiriblər. 

İstənilən halda, Rınonun bandasının cəzalandırılmasının milli zəmində qətllərin daha da artdığı Rusiya paytaxtındakı situasiyaya hər hansı təsir göstərdiyini söyləmək olmaz. Aşkar görünən odur ki, Moskva milisi skinhedlər tərəfindən törədilən cinayətlərin milli zəmində baş verdiyini etiraf etməyi o qədər də sevmir. Hər şeyi "məişət qalmaqalı", "qadın və ya pul üstündə dava" və "adi dələduzluq"un boynuna atmaq daha asandır. Nəzərə alsaq ki, bu problem artıq uzun illərdir mövcuddur və zaman keçdikdə daha da dərinləşir, qeyd olunan etirafın edilməsi yerli hakimiyyətin situasiyanın öhdəsindən gələ bilmədiyini boynuna alması olardı. 

Üstəlik, hazırda radikal millətçilər tamamilə yeni gediş ediblər: millətçilər, faktik olaraq, hakimiyyəti hədələyirlər. O hakimiyyəti ki onlarla bacara bilmir. Və ya bəlkə, bacarmaq istəmir (yeri gəlmişkən, elektron KİV-də bu versiyaya da yer verilir)? 

Bəlkə, Moskvada daim ksenofobiya əhvalının qorunub-saxlanması kimlər üçünsə sərfəlidir?

Artıq qeyd etdiyimiz kimi, indiyədək ölkənin xüsusi orqanları Tacikistan vətəndaşının başını kəsərək zibil qutusuna atmış "Rus millətçilərinin hərbi  təşkilatı" haqda heç nə eşitməmişdi. Heç ölkənin daha məşhur millətçi hərəkatları, məsələn, Qeyri-Leqal İmmiqrasiyaya Qarşı Hərəkat da yeni "həmkarları" haqda heç nə eşitməyib. Hətta belə bir təşkilatın, ümumiyyətlə, mövcud olmadığı da istisna deyil. Ola bilsin ki, sözügedən qətl "cəmiyyətdə millətçilik əhvalının yüksəldilməsi məqsədi ilə millətçi cərəyana aid olan leqal siyasi hərəkatlar"dan biri tərəfindən törədilib.

Qeyri-Leqal İmmiqrasiyaya Qarşı Hərəkatın lideri Aleksandr Belov isə "rus marşı" öncəsi baş verən hadisələr arasında ciddi bağlılıq görür. "Mənə hücum olur, bir saat sonra yol qəzasında təşkilatımızın təhlükəsizlik xidmətinin rəisi həlak olur, yarım saat sonra qardaşıma hücum edilir və nəhayət, başı kəsilmiş cəsəd tapılır. Bütün bunlar çox qəribədir", - deyə Qeyri-Leqal İmmiqrasiyaya Qarşı Hərəkatın lideri, 15 nəfər tərəfindən hücuma məruz qaldığını iddia edən Belov bildirib.

 

Niyə?

Bütün bunlarla paralel olaraq, bir çox məmurlar hazırda yaşanan iqtisadi və maliyyə böhranı ilə əlaqədar əcnəbi işçi qüvvəsi problemindən danışır. Rusiya KİV fəal şəkildə belə fikrə yer ayırır ki, yaşamaq üçün qazanc mənbələrini itirmiş qastarbayterlər rusları qarət edir və öldürür. Məlumata görə, bu ilin 11 ayı ərzində Moskva vilayətində qastarbayterlər təxminən 8 min cinayət törədiblər. Daxili İşlər Nazirliyi xəbər verir ki, onlar ölkə ərazisində 200-dən çox insanı qətlə yetirib, 66 zorlama faktı qeydə alınıb. 

Məlumat üçün bildirək ki, ümumi cinayətlərin təxminən 40%-ni  Özbəkistandan olan şəxslər törədib. Onlardan yalnız bir hissəsinə nəzər salaq.

Oktyabrda Moskva ətrafında yerləşən Ruzsk rayonunda tikə-tikə edilmiş 19 yaşlı hamilə qadının cəsədi tapılıb. İstintaq müəyyənləşdirib ki, mərhumu iki özbəkistanlı avtomobillə şəhər kənarına aparıb və qəddarcasına boğaraq öldürüblər. 

Moskvaətrafı kottec qəsəbəsində isə özbək fəhlə gördüyü tikinti işləri ilə əlaqədar pul ödəməkdən imtina etmiş tikilinin sahibi və onun xanımına bıçaqla hücum çəkib.

Faktları inkar etmək mümkün deyil. Lakin guya "əslən rusiyalı olanlar"ın törətdikləri cinayətlərin sayı azdırmı? Özü də bu rusiyalıların heç də hamısı "slavyan görünüşlü" olmur. 

Və ya hansısa "İvan Sidorov"un cinayət törətdiyi zaman xəbərlərdə onun rus olduğu xüsusi qeyd edilirmi? 

"Sorğular zamanı moskvalılar deyir: gəlmələrin çoxlu sayda cinayətlər törətməsi xoşumuza gəlmir. Bu, bir tərəfdən doğrudur: cinayətkarlar arasında həqiqətən də gəlmələr çoxluq təşkil edir. Lakin bununla yanaşı, heç kim demir ki, bunlar əsasən, yaxın vilayətlər - Tula, Ryazan, Kaluqa, Lipetskdən gələnlərdir. Bu insanlar arasında əslən  rusiyalı olmayanlar cəmi 3-5% təşkil edir",- deyə Millətlərarası Əməkdaşlıq Mərkəzinin direktor müavini Viktoriya Şuhat bildirir.

Həqiqətən də, cinayətkarları millətlərə bölürüksə (məşhur "Qafqaz millətinin nümayəndəsi" və s.), onda onları nədən xarici görünüşləri ilə bağlı digər əlamətlərə əsasən də bölməyək? Məsələn, cinayətkarlardan hansılarsa sarıbəniz və keçəldirsə, hərəkat yaradaraq bütün sarıbənizlər və keçəllərdən qisas almaq olar.

Digər tərəfdən, MDB ölkələrindən Moskvaya gəlmiş bir sıra şəxslərin, həqiqətən də, Rusiya paytaxtının sakinlərinə yad olan qayda-qanunlarla yaşadıqları, moskvalıların qəbul etmədiyi həyat tərzi keçirdiyini etiraf etmək lazımdır. Belə bir məsəl var: "Yad monastıra öz qaydalarınla girmə". Amma  əksər qastarbayterlər bu deyimi bilmir və bilmək də istəmir. Mübahisədə əsas arqumentin saçın rəngi və gözlərin forması olan zaman təhlükəli situasiya yaradan amil məhz budur.

İstər-istəməz belə bir sual da yaranır ki, "Rus millətçilərinin hərbi təşkilatı"nın əsasını kimlər təşkil edir? Razılaşın ki, təhsillə və ya maraqlı işlə məşğul olan şəxslər, çoxistiqamətli maraq dairələri və əyləncəyə malik gənc və yeniyetmələr, çətin ki, başını keçəl qırxdırsın, ayağına çəkmələr geyib, əlinə ağac götürərək insanları döyməyə getsin. 

Millətçilər hansı məktəblərdə oxuyublar və ya oxuyurlar, onların valideynləri kimlərdir? Niyə onlara heç kəs izah etməyib ki, "ruslara etinasız olmamaq" bütün "qeyri-ruslar"a nifrət püskürmək yox, tamamilə başqa şeydir? Niyə onlara Rusiyaya məhəbbətin nümayişi və onun qorunması üçün daha effektiv vasitələrin, məsələn, yaxşı həkim, müəllim, idmançı olmaq kimi yolların mövcudluğu başa salınmayıb?

Nəhayət, nəhəng bir dövlətin hakimiyyəti, daim dünyada Rusiyanın xüsusi yeri olduğu haqda danışan, onun yüksəlişindən bəhs edən şəxslər hansısa gənclərdən ibarət qruplarla bacara bilmir?

Dekabrın əvvəllərində Rusiyanın baş naziri Vladimir Putin hökumətə təcili olaraq, ölkəyə əcnəbi işçi qüvvəsinin cəlbində kvotanın kəskin azaldılması (ən azı 50%) ilə bağlı qərar layihəsinin hazırlanmasını tapşırıb. "Əmək bazarında Rusiya vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün biz kvotanın azaldılmasına getmək məcburiyyətindəyik. Bu qərar müvəqqəti xarakter daşıyır və uzaq perspektivdə Rusiya ölkəyə zəhmətkeş miqrantların axınında maraqlıdır. Lakin bu gün onlara əvvəllər olduğu qədər çox iş yeri verə bilmirik",- deyə Putin qeyd edib.

Hökumət başçısının qərarı ilə razılaşmamaq mümkün deyil. Bəlkə də əcnəbi işçi qüvvəsinin Rusiya ərazisinə axınını sahmana salmaq yeganə düzgün addımdır. Əlbəttə ki, hər şey qanunlara tam əməl olunması yolu ilə həyata keçirilərsə.

 

Gözdən pərdə asma

Rusiyada qastarbayterlərdən danışılan zaman daim onların külli miqdarda pul kütləsini öz vətənlərinə göndərdikləri, Rusiyadan əldə etdiyi qazancla öz ailələrini saxladıqları önə çəkilir. Bu həqiqətdir. Lakin bir həqiqət də var ki, Rusiya məmurları, hüquq-mühafizə orqanları və biznesi üçün qastarbayterlər həm də yaxşı gəlir mənbəyidirlər. Situasiyanı aydınlaşdırmaq üçün jurnalist tədqiqatına ehtiyac yoxdur. Rusiya biznesmenləri əksər hallarda MDB dövlətlərindən olan miqrantları qul kimi saxlayır, miqrantların gördükləri işə görə onlara ruslara ödəyəcəklərindən çox az məbləğdə pul ödəyirlər. Üstəlik, moskvalılar heç də qəpik-quruş müqabilində səhər sübhdən həyətdə qar təmizləmək kimi "gözəl" işlə məşğul olmaq istəyində deyillər//...

Lazımi sənədlərə malik olmayan qastarbayterlərdən yol verilən pozuntuya görə hər an fərdi qaydada "cərimə" almaq olar. İndiyədək bir dəfə də olsun Rusiya ərazisində əmək miqrantlarının həyat səviyyəsini normallaşdırmağa cəhd, onların özlərini müdafiə olunmuş hesab etmələri üçün Həmkarlar İttifaqları Təşkilatları yaratmağa səy olubmu ki, bu miqrantlar, məsələn, hansısa elitar qəsəbədə ev tikdikləri üçün haqlarını ala bilmədikdə oraya müraciət etsinlər?  

Beləliklə, söhbət heç də məlum olduğu kimi, kiçik məmurlar səviyyəsində asanlıqla satılıb-alına bilən kvotadan getmir...

Rusiyanın bir sıra məmurlarının federasiyanın bəzi subyektlərində qastarbayterlər üzündən yerli əhalinin artıq azlıqda qalması haqda fikirləri isə tamamilə əsassızdır. Rusiyada qastarbayter olmaq üçün (hətta işləmək icazəsi olmadan) xüsusi maneələri dəf etməyə ehtiyac yoxdur - üç ayda bir dəfə ölkə ərazisini tərk edərək, sənədləri yeniləmək kifayətdir. Bunun üçün bir çox miqrantlar gecə ilə Ukrayna ərazisinə keçməklə Rusiya hakimiyyətini sakitləşdirmək üçün qatara minərək guya qanunlara əməl edirlər. Daha bacarıqlıları isə yalnız pasportlarını ölkədən kənara göndərirlər, özləri isə həmin dövrdə ruslar üçün ya ev tikir, ya da meyvə satırlar. 

Çoxları illərlə məhz belə yaşayır.

Rusiya vətəndaşlığını almaq üçün ruslar 5 il gözləməli və ya xeyli sayda bürokratik əngəlləri aşmalıdırlar. Odur ki, Rusiyada "Qafqaz millətindən olan" qastarbayter kimi qanunsuz yaşamaq, "slavyan görkəmli" və qanuna əməl edən vətəndaşla müqayisədə daha asandır.

Beləliklə, millətlər haqda söz-söhbət sadəcə gözdən pərdə asmaqdır. Bu problemlərdə qətiyyən milli mənsubiyyət məsələsi yoxdur - yalnız mənzil-kommunal təsərrüfatından tutmuş Federal Miqrasiya Xidmətinədək vacib sistem və ksenofobiya əhvalını yüksəltməkdə maraqlı olan qüvvələr var. Vəssalam.

Və nə qədər ki problem həllini tapmayacaq, vaxtilə nasizim üzərində qələbə qazanmış Rusiya haqda hazırda nasizmin baş qaldırdığı dövlət kimi danışmaqda davam edəcəklər... 



MƏSLƏHƏT GÖR:

469