24 Noyabr 2024

Bazar, 20:39

ÖKÜZLƏ DİL TAPA BİLƏCƏYİKMİ?

Müəllif:

01.01.2009

2008-ci ildə yaşadığımız Siçan ili, görünür, çox xəsis oldu - hər halda, bütün astroloqların görünməmiş məhsuldarlıq haqda verdikləri çoxsaylı proqnozlar alt-üst oldu. 

Bir il əvvəl səslənən fərziyyə və proqnozlarda 2008-ci ildə bəşəriyyətin üzləşdiyi iqtisadi böhran haqda heç nə deyilmirdi. Amma ən pisi odur ki, bu böhran ötən ildə qalmadı və bizimlə birlikdə yeni ilə adladı. Bu isə o deməkdir ki, qarşıladığımız Öküz ilini də maliyyə böhranı içində keçirməli olacağıq. 

Nə etməli? Kimi günahlandırmalı? Yəni, doğrudanmı bütün günahlar Öküzdədir? 

Yəqin ki, yox. Axı Şərq təqviminə görə, Sarı Öküz ili hələ yalnız yanvarın 26-dan başlayacaq. 

Ötən ili dolğun və məzmunlu adlandırmaq olarmı? Birmənalı olaraq, bəli. Və sualı belə cavablandırmaq üçün qeyri-adi analitik düşüncə və ya vergiyə malik olmağa ehtiyac da yoxdur, sadəcə, 2008-ci ildə baş verən hadisələri sadalamaq kifayətdir: futbol üzrə Avropa çempionatının nəticələri, Pekin Olimpiadası, kollayderin işə salınması, Rusiyadakı prezident seçkiləri, Gürcüstandakı 5 günlük müharibə, Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması, Somali piratlarının görünməmiş aktivliyi, beynəlxalq maliyyə böhranı, ABŞ-da keçirilmiş prezident seçkiləri, Çində baş vermiş dəşhətli zəlzələ, Mumbayini sarsıtmış terror aktı və Hindistan-Pakistan müharibəsi təhlükəsinin artması...

İl ərzində baş verən bütün hadisələri yada salmaq və bir məqalədə şərh etmək elə də asan deyil. Və bəlkə də 2008-ci ildə yaşadıqlarımızı yavaş-yavaş unudub tarixin bir səhifəsini də çevirmək olardı, əgər bir "əmma" olmasaydı.

Məsələ bundadır ki, 2008-ci ilin əks-sədası hələ uzun müddət planeti silkələməkdə davam edəcək. 

Rusiya əvvəlkitək hamıya sübut etmək istəyəcək ki, artıq dirçəlib və ayağa qalxıb, odur ki, Qafqazda həlledici qüvvə olaraq qalır. 

Təbii ki, ABŞ da hamıya sübut etmək istəyəcək ki, bu belə deyil. 

Şərqə və Qərbə parçalanmış köhnə Avropa isə, yəqin ki, Rusiyanın inşa etmək istədiyi enerji divarının bu üzündə qalmaq istəməyəcək.

Ötən ilə nəzər salanda tam əminliklə söyləmək olar ki, dünya orkestrinin əsas solistlərində, biri də Azərbaycandır. 2008-ci ildə azad və demokratik prezident seçkiləri keçirmiş, Gürcüstandakı 5 günlük müharibə fonunda çox vacib olan balanslaşdırılmış siyasət yürütmüş və nəhayət, perspektivli enerji və nəqliyyat layihələrini reallaşdırmaqda davam edən Bakı 2008-ci ildə özünün regional liderliyə iddiasını bir daha təsdiqləyib. 

Və 2009-cu ilə keçən Azərbaycanın bütün sahələrdə əldə etdiklərində "pozitiv fakt"ların zənginliyi çox şeydən xəbər verir.

İstənilən halda, Öküz ilinə artıq start verilib. 

Şərq təqvimi üzrə 12 illik silsilənin ikinci ili olan Öküz ilində 6 güntutulması olacaq. Bundan çox güntutulması yalnız 1917-ci ildə olmuşdu - 7 dəfə.

Şərqdə öküz çox hörmət bəslənən heyvan sayılır. 

O, güc, hakimiyyət, kişi məhsuldarlığı, ilahilik, şahanəlik, təbii qüdrət rəmzidir. 

Yaxın Şərqdə mövcud olmuş çoxsaylı allahların təcəssümü kimi, öküz müqəddəs heyvan sayılıb. 

Mərasim və ayinlərdə Öküz həm ayı, həm də günəşi, həm torpağı, həm də səmanı, həm yağışı, həm də quraqlığı, matriarxatı və patriarxatı, ölüm və dirçəlişi özündə əks etdirib.  

İranın zərdüştlükdən əvvəlki dinində ölüm və dirçəliş simvolu kimi məhz Öküz qəbul edilirdi. 

Xristianlıqda da Öküz qüdrət göstəricisidir və xristianların din şəhidi olan müqəddəs Evstafiyin emblemi sayılır. 

Bir çox mədəniyyətlərdə belə bir inanc var ki, zəlzələlər Öküzün öz buynuzu ilə yeri əsdirməsinin nəticəsidir. 

Astroloqlara inansaq, Öküz ili insanlara onların ilahi missiyalarını xatırlatmaq, onlara öz səhvlərini anlatmaq, yer kürəsində yaşayan hər bir kəsin öz mövcudluğuna görə sevinməli olduğunu başa salmaq üçün gəlir. 

Öküz ili bəşəriyyətin sakit və rahat şəkildə yaşayışını təmin edəcək adi və sakit dövr olmayacaq. Əksinə, bu il bəzi qlobal və ola bilsin ki, fəlakətli hadisələr bəşəriyyəti sarsıda bilər. 

Siyasi tendensiyalara gəldikdə isə, 2009-cu ilin ulduz falı bəşəriyyətə bir neçə sürpriz vəd edir. 2008-ci ildə bir sıra önəmli ölkələrdə yeni rəhbərlərin seçilməsi ilə yaranan ümidlərə rəğmən, yer kürəsi uğrunda rəqabət, təbii ki, davam edir. Xeyirxah niyyətlər haqda səslənən saysız-hesabsız fikirlərə baxmayaraq, geosiyasi maraqlar hələ də münasibətlərin əsasını təşkil edir. 

Odur ki, neft, maliyyə böhranı, yeni dünya düzümünün formalaşması və digər problemlər 2009-cu ildə də siyasi mübahisələrin əsas mövzuları kimi qalacaq.

Bir-birini əvəz edən bu iki ili ümumiləşdirən məqam yalnız iqtisadi böhran deyil. Unutmayaq ki, həm bizləri o qədər də sevindirməyən Siçanın, həm də bizə nələri gətirəcəyi hələ bilinməyən Öküzün rəngi eynidir - Sarı! 

Deməli, bizlərə yalnız ümid etmək qalır ki, var-dövlət simvolu olan bu rəng maliyyə baxımdan uğur gətirəcək, Öküz isə bir qədər rəhmli olacaq.

Əlbəttə ki, bütün bunlar bir zarafatdır. Məsələyə ciddi yanaşmaq isə...

Yeni ilin ilk dəqiqələrindən -  2009-cu ilə keçdiyimizi dərk etdiyimiz andan başlayaraq hamımız bir daha anlayacağıq ki, nəsə qeyri-adi heç nə baş verməyib. Və biz əvvəlkitək adi, gündəlik problemlərimizlə üz-üzəyik.

Odur ki, inanclara çox da aludə olmayın və ürəyiniz necə istəyirsə, elə də yaşayın! Yeni iliniz mübarək, dostlar! 


MƏSLƏHƏT GÖR:

329