
AVROPANIN ƏN YAXŞISI
Olimpiya çempionu Elnur Məmmədli titullarının sayına görə 1992-cü il olimpiadasının qalibi Nazim Hüseynovla müqayisə edilir
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli (73 kq) ilin sonuna yaxın daha bir mükafata sahib çıxıb. Avropa Cüdo İttifaqının (EJU) Afinada keçirilən Konqresində E.Məmmədli başa çatmaqda olan ilin ən yaxşı idmançısı adına layiq görülüb.
Elnurun Pekindəki təntənəli qələbəsinə, rəqiblərini asanlıqla məğlub etməsinə heç kəs biganə qala bilməyib, odur ki, bu fəxri adın məhz azərbaycanlı atletə verilməsi tamamilə məntiqidir.
Titul kolleksiyaçısı
Olimpiadanın başa çatmasından 3 ay keçməsinə baxmayaraq, E.Məmmədlinin Pekindəki çıxışı əvvəlkitək cüdo dünyasında ən çox müzakirə olunan mövzulardandır. İdmançının yarışdakı bütün qarşılaşmalarında qələbəni vaxtından əvvəl qazandığını, finalda isə koreyalı dünya çempionu Vonqu cəmi 13 saniyəyə məğlub etdiyini nəzərə alsaq, bu, tamamilə təbiidir. Odur ki, Elnurun Pekində qazandığı qələbələr artıq indidən bu növün klassikasına çevrilib və bu qələbələri kitaba salmağın vaxtıdır.
Yeri gəlmişkən, cüdoçunun özü əldə etdiyi nailiyyətlərlə kifayətlənmək fikrində deyil və bundan sonra ən azı 3 olimpiadada iştirak etmək niyyətindədir.
Xatırladaq ki, Elnur ilk olimpiya medalını 20 yaşında qazanıb. İndi isə o, "titulu qorumaq onu qazanmaqdan çətindir" fikrini öz təcrübəsində sınaqdan keçirəcək.
Londonda keçiriləcək növbəti Olimpiadaya 4 ildən az vaxt qalıb və bu müddət hiss olunmadan ötüb-keçəcək. O zamanadək E.Məmmədlinin çəki dərəcəsinin dəyişməsi və onun 81 kq-da çıxış etməsi tamamilə mümkündür. Çünki hər yeni yarışdan sonra idmançının 73 kq çəki dərəcəsində qalmaq üçün çəki atması çətinləşir.
Yeri gəlmişkən, qeyd edək ki, Elnurun mayda Moskvada çıxış etdiyi Dünya superkubokunda atletimiz məhz 81 kq çəki dərəcəsində elan edilib və bu yarış Məmmədli üçün uğurlu alınıb: o, 3-cü yeri tutub.
Lakin bütün bunlar gələcəyin işidir və hazırda cüdoçu müəyyən fasilədən sonra məşqlərini bərpa edərək, növbəti mövsümün hazırlıqlarına başlayıb. E.Məmmədli məşqlərlə yanaşı, master-klass keçirmək üçün də vaxt tapır.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Səbail rayonundakı 6 saylı orta məktəbdə E.Məmmədli nümunəvi çıxışlar göstərib, toplaşanlara ona Pekində qələbə gətirmiş fəndləri nümayiş etdirib. Bu nömrələr məktəb şagirdləri tərəfindən böyük marağa səbəb olub və sonda onlar qəhrəmanlarından avtoqraf almaq üçün ona əməlli-başlı "hücum" çəkiblər.
Bir sözlə, Elnur artıq milli qəhrəman sayılır və bu ona daha yüksək hədəflərə nail olmaq üçün əlavə impuls verməlidir. "Əldə etdiyim zəfərlər artıq tarixin bir hissəsinə çevrilib. Pekin Olimpiadası haqda da belə demək mümkündür. Axı hər yeni mövsümə sıfırdan başlanılmalıdır. İdmanda keçmiş xidmətlərlə yaşamaq olmaz. Hər zaman ən yaxşı olduğunu sübut etməlisən. Odur ki, hər növbəti turnir mənim üçün yeni sınaq olur", - deyə E.Məmmədli bildirib.
Maraqlıdır ki, 20 yaşlı E.Məmmədli Azərbaycana cüdo üzrə ilk olimpiya çempionluğunu qazandırmış və kifayət qədər titullara malik Nazim Hüseynovla müqayisə olunur. Barselonada keçirilmiş 1992-ci il Olimpiadasında qızıl medal qazanmış Nazimin bundan başqa 2 Avropa çempionluğu, Dünya birinciliyinin "gümüş"ü və Avropanın ən yaxşı cüdoçusu titulları var.
Elnurun isə öz oriyentirləri haqda danışmaq olar. Axı o hələ ki Dünya birincisi olmayıb, ikiqat Olimpiya çempionu adının qazınılması isə çox arzuediləndir. Lakin bütün bunları həyata keçirmək son dərəcə çətin olacaq.
IJF-dən yeniliklər
Gələn ildən etibarən, böyük yarışlar bu yaxınlarda Beynəlxalq Cüdo Federasiyasının (IJF) Konqresində qəbul olunmuş yeni qaydalar əsasında keçiriləcək. Yeni qaydalara əsasən, məsələn, yarışdan "koka" qiymətləndirməsi çıxarılıb və bundan sonra minimal fəndə görə "yuko" xalı veriləcək. Bundan başqa, ilk "şido"ya (xəbərdarlıq) görə üstünlük ləğv edilib - artıq birinci qayda pozuntusuna görə xəbərdarlıq rəqibə xal qazandırmayacaq. O, sadəcə fəal döyüşmək və qaydaları pozmamaq üçün şifahi "çağırış" olacaq. Bundan sonra 5 dəqiqə əvəzinə, cəmi 3 dəqiqə davam edəcək "golden score" (əlavə vaxt) zamanı da birinci şido prinsipial əhəmiyyət daşımayacaq.
Qeyd edək ki, artıq yeni reqlament Tailandda gənclər arasında keçirilən dünya birinciliyində sınaqdan keçirilib və azərbaycanlı atletlərin yeniliklərə tez uyğunlaşdıqlarını söyləmək mümkündür. Hər halda, Ramin Qurbanov (81 kq) və Sərxan Əhmədov (66 kq) bürünc medallar əldə ediblər.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, onlar daha yüksək mükafatlara ümid edə bilərdilər. "Gələn ildən yeniliklərin bütün rəsmi yarışlarda tam şəkildə qüvvəyə minəcəyini gözləmək olar. Burada xüsusi nüanslar var. Məsələn, elə ilk döyüşdə ortabab cüdoçu favoritlərdən birinə məğlub olurdusa, rəqibin ən azı yarımfinaladək irəliləyəcəyi təqdirdə məğlub idmançının "bürünc" əldə etmək imkanı qalırdı. İndi isə belə imkan olmayacaq. Hər hansı cüdoçu yalnız dörddə bir finalda məğlub olacağı təqdirdə sonradan təsəlli döyüşünə çıxmaq şançı qazana bilər", - deyə Azərbaycan millisinin baş məşqçisi Ağayar Axundzadə bildirib.
Bundan başqa, təqvim də kifayət qədər dolğun olacaq. Belə ki, IJF gələn ildən etibarən, oraya Böyük dəbilqə və Qran-pri kommersiya yarışlarını da əlavə edib. Təbii ki, bu yarışlara ən yaxşı cüdoçular dəvət alacaq və onların arasında olimpiya çempionu statuslu Elnur Məmmədli də olacaq.
Odur ki, qeyd olunan yarışlarda çıxış etmək idmançının bir daha səviyyəsini nümayiş etdirmək imkanı ilə yanaşı, həm də yaxşı qazanc mənbəyi olacaq.
Elnur üçün bu yarışların asan keçməyəcəyi bəllidir. Axı hər bir idmançı onunla döyüşə xüsusi hazırlaşacaq.
Bununla yanaşı, turnirlərin sayının artırılması cüdonun dünyada daha da inkişaf etdirilməsinə hesablanıb və IJF prezidenti Marius Vizer də məhz buna çalışır. İdeya belədir ki, cüdo daha baxımlı, reytinq və seçim baxımdan daha aydın sistemə malik idman növünə çevrilməlidir. Bütün bunların həyata keçirilməsinə indi başlanması isə onunla əlaqədardır ki, Pekin Olimpiadasına qədər bu dəyişiklikləri etmək mümkün deyildi.
İrəli, gələcəyə doğru
Azərbaycanın, demək olar ki, bütün aparıcı cüdoçuları məzuniyyətlərini başa vuraraq, məşqlərə başlayıblar. Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev də karyerası ilə bağlı yekun qərar qəbul edib: 34 yaşlı idmançı çıxışını davam etdirmək fikrindədir. "Mən bundan sonra da yüksək səviyyədə çıxış etmək gücündəyəm. Hazırda formamı saxlayır və yeni mövsümə hazırlaşıram", - deyə M.Mirəliyev bildirib.
100 kq çəki dərəcəsində çıxış edən Mirəliyev üçün obyektiv olaraq, Azərbaycanda rəqib olmasa da, digər çəki dərəcələrində vəziyyət fərqlidir. Ramin Qurbanov (81 kq) və Sərxan Əhmədovun (66 kq) "bürünc" qazandıqları gənclər arasında Dünya birinciliyini düşünmək üçün ciddi əsaslar var. Onların bunadək Avropa birinciliyində də üçüncü yeri tutduqlarını nəzərə alsaq, hər iki idmançı artıq milli komandaya dəvət üçün yetişiblər. Bu fikirləri, xüsusilə, Sərxana aid etmək olar. 66 kq çəki dərəcəsində ölkədə sadəcə Ümumdünya Universiadasının qalibi Ramil Qasımov çıxış edir ki, onun Pekində göstərdiyi nəticəni uğurlu saymaq olmaz. Əlbəttə ki, S.Əhmədovla rəqabət Ramilin ancaq xeyrinə olacaq.
R.Qurbanovun durumu isə bir qədər çətindir - deyəsən, artıq olimpiya çempionu Elnur Məmmədli 81 kq-dək olan çəki dərəcəsini bəyənib. Bununla yanaşı, millidə lazımi anda lideri əvəzləmək və bacarığını nümayiş etdirmək üçün "2-ci" olmaq da vacibdir. Xüsusilə, üçqat olimpiya iştirakçısı Mehman Əzizovun məşqləri davam etdirməsinə baxmayaraq, karyerasını bitirmək üzrə olduğunu nəzərə alsaq, bu, daha vacibdir. M.Əzizov hazırda daha çox tədris işləri ilə məşğuldur - cüdoçu 277 saylı İdman Təmayüllü Məktəbdə şagirdlərə cüdo öyrədir. "Yox, nə danışırsınız? Cüdo olmasa, mənim ürəyim partlayar. Mən onsuz yaşaya bilmərəm", - deyə M.Əzizov qeyd edib.
Bütün bunlarla yanaşı, məşqçilər heyətinin Olimpiadanın seçmə mərhələsində iştirak edəcək idmançıları müəyyənləşdirmək üçün 2 il vaxtı var. Bunun üçün isə artıq indidən gəncləri sınaqdan keçirmək lazımdır ki, onların arasından daha istedadlılarını seçmək mümkün olsun. Odur ki, artıq növbəti ildə çox suala aydınlıq gələ, yenilənmiş millinin potensial heyəti aydınlaşa bilər. Yeni millidə bir sıra çəki dərəcələrində güclənməyə ehtiyac var.
Qadın cüdosundan isə hələ danışmırıq. Burada yeganə rəqabətədavamlı idmançı üçqat Avropa medalçısı Kifayət Qasımovadır (57 kq).
MƏSLƏHƏT GÖR: