14 Mart 2025

Cümə, 21:45

TRACECA QATARI HƏLƏ GETMƏYİB: MİNİK DAVAM EDİR

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə yeni ölkələr qoşula bilər

Müəllif:

15.12.2008

Dekabrın əvvəlində Bakıda "Avropa-Qafqaz- Asiya" nəqliyyat dəhlizi (Transport Corridor Europe Cau-casus Asia, TRACECA) üzrə yubiley konfransı keçirilib və tədbir dəhlizin yaradılmasının 10 illiyinə həsr edilib. Bu cür irimiqyaslı hadisənin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil. Məhz 1998-ci ildə  "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizinin inkişafı üzrə əsas çoxtərəfli saziş Bakıda bağlanılıb. Saziş uğurlu olub və bu nəqliyyat magistralı çoxsaylı yükgöndərənlər və yük qəbul edənlər üçün əlverişli daşıma yoluna çevrilib. 

TRACECA inkişaf proqramının üzvü olan dövlətlərin tədbirə qatılmış nəqliyyat nazirləri Bakıda iki sənədə qol çəkiblər - bunlar beynəlxalq konfransın birgə bəyanatı və nəqliyyat dəhlizinin genişləndirilməsi barədə qərardır. Bu sənədlərdə TRACECA-nın inkişaf strategiyası, TRACECA-nın Avropanın bütün istiqamətlərini əhatə edən Transavropa nəqliyyat qovşağına qoşulma perspektivləri əhatə edilib. 

Statistik göstəricilərə görə, orta hesabla hər il TRACECA üzrə bütün nəqliyyat növləri ilə və müxtəlif istiqamətlərə 45-46 mln tona yaxın yük daşınır. Bununla yanaşı, Avropa komissiyası tərəfindən hər il 13-15 mln avro məbləğində  4-5 layihəyə təşəbbüs göstərilir. Bunlar əsasən texniki xarakterli olur və sərmayə yönümü daşımırlar. O cümlədən dəhliz üzrə Mərkəzi Asiyadan Avropaya hər il 10-12 mln ton neft və neft məhsulları daşınır. Ancaq bəllidir ki, mükəmməlliyin sonu yoxdur və TRACECA-nın inkişafı üçün hələ çox iş görülməlidir. 

 

10 ilə 1 milyard

Ondan başlayaq ki,  keçən müddət ərzində böyük işlər görülüb. Nəqliyyat dəhlizinin 2015-ci ilə kimi inkişaf strategiyası və onun həyata keçirilmə planı qəbul edilib, 70-dən çox layihə maliyyələşdirilib, sərmayələrin cəlb edilməsi üçün şərait yaradılıb. "Bütövlükdə, beynəlxalq maliyyə qurumlarının TRACECA nəqliyyat infrastrukturunun inkişafına sərmayələri 1 mlrd avronu keçib. TRACECA indi yeni inkişaf mərhələsindədir və bu, Avropa Birliyinə yeni üzvlərin qoşulması ilə bağlıdır", -  deyə Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Serik Ahmetov bildirib.

Bununla yanaşı, Qazaxıstan nümayəndəsi qeyd edib ki, dünyada baş verən iqtisadi prosesləri diqqətlə izlədikdə "Avropa - Qafqaz - Asiya" nəqliyyat dəhlizinin önəminin gündən-günə artdığını görmək olar. "Əgər biz yük daşınmasını artırmağı və yüklərin daşınması üçün yeni yollar tapmağı bacarsaq, onda TRACECA layihəsi Qərblə Şərq arasında ən vacib körpüyə çevrilə bilər. Özü də ki bugünkü maliyyə böhranı şəraitində TRACECA üzrə yük daşınmasının artırılması layihə iştirakçısı olan hər bir ölkə üçün vacibdir", - deyə S.Ahmetov vurğulayıb. 

Öz növbəsində Azərbaycan baş nazirinin müavini Abid Şərifov bildirib ki, 15 il ərzində TRACECA çərçivəsində Avropa Komissiyası tərəfindən ümumi dəyəri  157 mln avro olan 15 investisiya və 61 texniki xarakterli layihə maliyyələşdirilib. "Dəhlizin inkişafı üzrə görülən işlər nəticəsində yük dövriyyəsi 1993-1997-ci illərdəki 3 milyon ton səviyyəsindən 1998-ci ildə 9 milyon tona, 2007-ci ildə isə 53 milyon tona çatdırılıb. Bütövlükdə, 1998-ci ildən bu yana bu nəqliyyat dəhlizi ilə 150 mln. ton yük daşınıb və yük daşımalarının artırılması üzrə potensial hələ var", - deyə A.Şərifov vurğulayıb. 

Beləliklə, cəmi 10 il ərzində TRACECA üzrə daşımalar ən azı 6 dəfə artıb, onun ayrı-ayrı sahələrində isə daşımalar 10 dəfəyə qədər yüksəlib. Daşınan yüklərin çeşidinin əsasında neft və neft məhsulları (70%) durur, həmçinin filizlər, metal, tikinti materialları, kimya məhsulları, xalq istehlak, malları və s. də var. 

Bununla belə, TRACECA-nın baş katibi  Rustan Cenalinov bildirib ki, 2009-2015-ci illərdə bu nəqliyyat dəhlizinin inkişafına $626 mln xərclənəcək ki,  "bu da daşınan neft məhsullarının, o cümlədən başqa məhsulların həcminin artmasına imkan yaradacaq". 

Təbii ki, bu dəhliz ilə yük daşımalarının həcminin artırılması üçün yalnız investisiya yatırımları yetərli deyil. Bunda böyük rolu TRACECA-ya yeni ölkələrin qoşulması oynaya bilər. Qeyd edək ki, keçən 10 il ərzində Türkmənistanı TRACECA sazişinə cəlb etmək mümkün olmayıb. Bu, Bakıda keçirilmiş konfransda da vurğulanıb və A.Şərifov yenidən Aşqabatı sazişə qoşulmağa çağırıb. 

Bununla belə, məsələdə irəliləmələr var. Azərbaycanın TRACE-CA üzrə milli katibi Akif Mustafayev "Region plus"a bildirib ki, "Avropa - Qafqaz - Asiya" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə çoxtərəfli sazişin əsas üzv dövlətləri sırasına Əfqanıstan və İran da daxil ola bilər. Bu iki dövlət artıq TRACECA-da iştirak üçün hökumətlərarası razılaşmadan keçiblər. Üzvlüyün, sadəcə, ölkə parlamentlərində təsdiqi qalıb. Bundan başqa, A.Mustafayevin sözlərinə görə, saziş üzvləri sırasına daha 5 dövlət də qatılmağa hazırdır. Həmçinin, Rusiya iş adamlarının bu dəhlizin inkişafında maraqlı olması da müsbət qarşılanır. 

Ancaq problemlər bununla bitmir. Hazırda TRACECA üzrə konteyner daşımaları cəmi 10% təşkil edir, halbuki Avropa Birliyi ölkələri üzrə bu, ümumi yük dövriyyəsinin 50-60%-nə bərabərdir. Bundan başqa, dünya üzrə konteyner daşımalarının ildə təxminən 10-15% faiz səviyyəsində intensiv artımı müşahidə edilir. Ancaq bu, əsasən dəniz nəqliyyatında, başqa sözlə, Amerika, Asiya-Sakit okean regionu və Avropa arasında baş verir.  Bu zaman konteyner axını yetərincə balanslaşdırılmayıb, konteynerlərdə əsasən idxal yükləri daşınır, əks istiqamətlərdə onlar əsasən boş qayıdırlar. Buna görə də onların əks-yüklənmə ilə təmin edilməsi gündəmdə durur.

R.Cenalinovun sözlərinə görə, bununla bağlı olaraq, iştirakçı ölkələrin ekspertləri ixrac yüklərinin cəlb edilməsi sxemi, boş reyslərin sayının minimuma endirilməsi üzərində işləyirlər. 

"Bu məsələ ilə bağlı daimi işləmək və tarif siyasətini təkmilləşdirmək lazımdır. TRACECA katibliyi tərəfindən müvafiq analiz aparılıb və iştirakçı ölkələrə rəqabət qabiliyyətli tarif dərəcələri təqdim edilib", - deyə R.Cenalinov vurğulayıb. 

Göründüyü kimi, dəhlizin inkişafı üçün daha bir önəmli məqam beynəlxalq yüklərin daşınması üçün vahid tariflərin tətbiqidir. Vahid tariflərin yük dövriyyəsinin artırılması üçün yeganə yol olmasına baxmayaraq, təəssüf ki, keçən müddət ərzində ölkələr bu məsələ ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. 

Bundan başqa, TRACECA ölkələrinin sərhəd nəzarət-buraxılış məntəqələrində işlərin əlaqələndirilməsi və ahəngdarlığının təmini məqsədi ilə  "vahid pəncərə" prinsipilə işləyən regional məlumat mübadiləsi sistemi tətbiq edilməlidir. Həmçinin nəqliyyat  kompleksinin informasiya-naviqasiya təminatı da önəmli məsələdir. 

Və bütün sadalanan məsələlər elə həll edilməlidir ki, iş sadəcə rəqabətə dözməklə bitməsin, həm də "yaşıl nəqliyyat dəhlizi" prinsipini əsas tutaraq, dəhlizi nəqliyyat infrastrukturunun potensial istifadəçiləri üçün daha cəlbedici etmək mümkün olsun. Bu isə yalnız iştirakçı  ölkələrin əməkdaşlığı halında mümkündür. 

 

Üstəgəl, "Bakı - Tbilisi - Qars"

Bununla yanaşı, hazırda  Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolu xəttinin tikintisi aparılır, bu da öz növbəsində Avropa - Qafqaz - Asiya dəhlizinin inkişafı sayılır. Və bu da təsadüfi deyil, çünki perspektivdə Qars - Bakı xətti Avropa və Asiya dəmir yolu xətləri ilə, o cümlədən Qara dəniz və Aralıq dənizi limanlarına çıxışı olan xətlər ilə birləşməlidir. Ona görə də Azərbaycan, Gürcüstan və Türkiyə açılan perspektivlərə Xəzərarxası ölkələri də cəlb etməyə çalışır ki, Rusiyanın "Avropaya pəncərə" sayılan yük axını marşrutuna alternativ olan Bakı yolundan maksimum istifadə edə bilsinlər. 

Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binali Yıldırımın sözlərinə görə, BTQ-nın tikintisi 2011-ci ildə başa çatacaq və hazırda onun gerçəkləşdirilməsinə heç bir maneə yoxdur. "Hazırda Türkiyədə Mərmərə dənizinin altından dəmir yolu tunelinin çəkilişi gerçəkləşdirilir. Onun istismara verilməsi BTQ-nın başa çatdırılması ilə eyni vaxta düşəcək. Bu da Asiya və Avropa dəmir yollarını birləşdirməyə imkan yaradacaq", - deyə türkiyəli nazir Bakıda keçirilmiş konfransda bildirib. 

Hazırda Dostık - Almatı - Aktau - Bakı - Poti  dəmir yolu marşrutu ilə mütəmadi konteyner daşımaların da bərpa olunması fəal müzakirə olunur (Dostık -  Qazaxıstanın Çinlə  sərhəddə yerləşən stansiyasıdır). AB təşəbbüsü ilə TRACECA proqramı çərçivəsində bu cür daşımalar hələ 1996-cı ildə təşkil olunmuşdu, sonra onlar dayandırıldı. Hazırda Azərbaycan yalnız Qars və Poti istiqamətdə  yüklərin daşınması barədə düşünür. 

2005-ci ildə Qazaxıstan - Çin sərhədindən Potiyə qədər nümayiş üçün konteyner qatarı buraxıldı və üç ölkə - Azərbaycan, Qazaxıstan və Gürcüstan yükdaşıma tariflərini unifikasiya etdilər. Qazaxıstan tərəfinin fikrincə, bu cür xidmət növü xüsusilə də Çindən gələn konteyener yüklərinin həcmi yetərincə olarsa, işləyə bilər. Hazırda Gürcüstan tərəfi konteyner qatarlarının buraxılışını mütəmadi etməyi təklif edir. 

Ekspertlər düşünürlər ki, Dostık - Almatı - Aktau - Baku - Poti  marşrutunun işləməsi "TRACECA dəhlizinin rəqabət qabiliyyətinin gələcək artımına və mütəmadi dəmir yolu - bərə yükdaşımalarına imkan verəcək". Doğrudan da TRACECA çərçivəsində Azərbaycan ərazisindən yükdaşımaları artır, ancaq bu, cüzidir. Buna görə də Qazaxıstan - Azərbaycan - Gürcüstan marşrutuna ən azı Çindən gələn 20-50 min konteyner cəlb edilməlidir. Qeyd edək ki, bu çox aşağı tariflərlə olmalıdır. Həm də Qazaxıstan, Azərbaycan  və Gürcüstandan keçən marşrut Avropaya nisbətən qısa marşrutdur. 

R.Cenalinovun sözlərinə görə, perspektivdə TRACECA üzrə daşınmalara Çin - Avropa, Asiya-Sakit okean regionu ölkələrinin konteyner yükləri də cəlb ediləcək. "Həm bunu nəzərə alsaq, həm də saziş ölkələri arasında ticarət dövriyyəsinin illik artımının 20 faiz,  TRACECA və Avropa Birliyi ölkələri arasında ticarət dövriyyəsinin illik artımının 15 faiz olduğu nəzərə alınarsa, inamla bildirmək olar ki, bu beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının həcmi daha da artacaq",- deyə  R.Cenalinov vurğulayır. 

Bundan başqa, konteyner axınının artımına şəraitin yaradılması üçün  TRACECA dəhlizinin marşrutunun Klaypeda - İliçevsk arasında hərəkət edən "Vikinq" kombinə edilmiş  kontreyler-konteyner qatarına qədər uzadılması düşünülür. Bu, Baltik regionunun dəniz konteyner xətlərinin şəbəkəsi ilə Qara dəniz, Aralıq dənizi və Xəzərin analoji sistemləri ilə əlaqəyə nümunədir, həmçinin Avropa ətrafında konteynerlərin uzun və baha başa gələn daşınmasından yaxa qurtarmağa imkan verir. 


MƏSLƏHƏT GÖR:

454