
HƏR CÜR SÜRPRİZ OLA BİLƏR
Amerikalı ekspert: "Proqnozlar gerçəkləşməyə də bilər və neft yenidən bahalaşa bilər"
Müəllif: Almaz NƏSİB, Bakı
Beynəlxalq maliyyə böhranı çoxsaylı sualların yaranmasına səbəb olub və beynəlxalq qurumlar, iri araşdırma mərkəzləri bu suallara cavab tapmağa çalışırlar. Onlar yaranmış durum barədə çox sayda səbəblər və qurtulma yolları göstərirlər. Bir sıra Qərb ekspertlərinin fikrincə, əgər iri şirkətlər korporativ sosial məsuliyyət (KSM) normativlərinə yetərincə riayət ediblərsə, müflisləşmədən və ixtisarlardan qurtula bilərlər.
ABŞ Ticarət Palatasının KSM üzrə baş məsləhətçisi, Britaniyanın Midlseks Universitetinin biznes məktəbinin professoru Maykl Hopkins də bu fikirdədir. Hopkins dünyadakı və Azərbaycandakı bugünkü iqtisadi durumla bağlı fikirlərini jurnalımıza verdiyi eksklüziv müsahibəsində bizimlə bölüşüb.
- Cənab Hopkins, ilk öncə bilmək istərdik ki, KSM nədir və ona riayət edilməməsi biznesin durumuna necə təsir göstərə bilər?
- Korportaiv sosial məsuliyyət şirkətin öz əməkdaşlarına, menecmentə, tərəfdaşlara, təchizatçılara və tədarükçülərə qarşı sosial cəhətdən doğru münasibətidir. Yəni onların ödənişləri vaxtında edilməlidir. Dünyanın "Shevron", "Exxon", "Coca-cola" kimi nəhəng şirkətləri KSM-ə birmənalı olaraq əməl edirlər. Bu şirkətlərdə, hətta KSM adlı şöbələr də fəaliyyət göstərir. Başqa sözlə, dünyanın bütün ciddi şirkətləri buna böyük önəm verirlər. Aparılan tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, bu cür layihələrin həyata keçirilməsi şirkətlərə olan etimadı artırır. Məsələn, Amerikada keçirilən sorğu zamanı respondentlərin 86 faizi öz sosial öhdəliklərini yerinə yetirən və xeyriyyəçiliklə məşğul olan şikrətlərin mallarını almağa üstünlük verirlər.
- Yəni KSM-ə riayət etməmək iqtisadi durumu dəyişə bilər?
- Hazırda dünyanı iqtisadi böhran bürüyüb. Və bu iqtisadi böhranın nəyin nəticəsində baş verməsinə nəzər salsaq görərik ki, iri şirkətlər, banklar kreditlərlə bağlı problem yaşayır. Kreditlər çox vaxt onu qaytarmaq iqtidarında olmayan şəxslərə verilib. Əgər KSM prinsiplərinə əməl edilsə idi, bu problem ya olmazdı, ya da çox asanlıqla çözülərdi.
- Azərbaycanda necədir, şirkətlər KSM normalarına əməl edirlərmi?
- Bir fakta diqqət yetirmək istərdim. Hələ Bakı-Tbilisi-Ceyhan işə düşməmişdən əvvəl boru kəmərinin keçəcəyi ərazilərdə yaşayan icmalarla danışıqlar aparan "bp-Azerbaijan" şirkəti onlarla münasibət quraraq bu layihənin əhəmiyyəti barədə insanları məlumatlandırmışdı. Hətta həmin icmalara 100 milyon dollara yaxın kompensasiya ödənilmişdi. Bu özüelə KSM-in tətbiqi deməkdir. Belə olan halda insanların və həmin şirkətin tərəfdaşlarının bu şirkətə inamı, etimadı da artır. Bütövlükdə, Azərbaycanda fəaliyyət göstərən şirkətlər, xüsusilə də yerli biznes qurumları öz gələcəkləri barədə düşünməlidirlər. Məşhur amerikalı investor Uorren Baffet demişkən, "Hörməti, nüfuzu qazanmaq üçün onilliklər lazım ola bilər, onu itirmək üçünsə bir gün bəsdir".
- Bir çox ekspertlər hesab edir ki, dünya iqtisadi böhranı Azərbaycana ciddi təsir göstərməyib. Siz bununla razısınız?
- Biz özümüz 1 barrel neftin qiymətini 40-50 dollar civarında proqnozlaşdırmışdıq. Amma gördüyünüz kimi, ilk vaxtlar neft 150 dollara, hətta bir qədər də baha satılırdı. Azərbaycan hökuməti isə 1 barrel neftin qiymətini 70 dollar götürmüşdü və bu, Azərbaycanın dövlət büdcəsinə yüksək təsir etdi. Amma son vaxtlar qiymətlər düşməyə başladı və son məlumatlara görə, indi neftin 1 barreli 40 dollara qədər düşüb. Ola bilsin ki, bundan da aşağı olsun. Yəni bundan görünür ki, iqtisadi böhran Azərbaycandan yan keçməyib.
Amma qonşuları ilə müqayisədə Azərbaycanda elə də iqtisadi böhran hiss edilmir. Məncə, Azərbaycan son iki ildə neftdən gələn gəlirləri daha yaxşı istifadə etsəydi, dünyada yaşanan maliyyə böhranı bu ölkəyə ümumiyyətlə təsir etməzdi.
Bu da həqiqətdir ki, Azərbaycanın əsas gəlirləri neftdən asılıdır və bizim proqnozlarımıza görə, yaxın altı ay ərzində neftin bir barreli 40 dollar civarında qalacaq və köklü dəyişikliklər olmayacaq. Düzdür, mənim proqnozlarım çin çıxmaya bilər və neft yenidən bahalaşa bilər. Yəni hər cür sürprizlər ola bilər.
- Bir qədər əvvəl siz Bakıda gerçəkləşdirilən "Qara qızıl"ı insan qızılına çevirək" layihəsinə qatılmışdınız. Sizcə, Azərbaycan "qara qızıl"ı insan qızılına çevirə bilirmi?
- "Qara qızıl"ı insan qızılına çevirək" layihəsinin məqsədi neft gəlirlərinin iqtisadiyyatın neftdənkənar sahələrin inkişafına yönəldilməsinin ən optimal yolların aranması idi. Azərbaycan hökuməti artıq bu istiqamətdə fəaliyyətə başlayıb. Nəticələr barədə danışmaq hələ tezdir. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan hökuməti mühüm nailiyyətlər əldə edəcək.
- Bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafını necə dəyərləndirirsiniz?
- MDB ölkələri ilə müqayisədə Azərbaycan çox irəlidədir. Çünki hazırkı maliyyə böhranı digər MDB ölkələrinə daha çox təsir göstərib. Ən pis vəziyyət isə Rusiyadadır. Bu yaxınlarda Rusiya kanallarının birində əhalinin suallarını cavablandıran baş nazir Vladimir Putinə verilən kəskin sualları yəqin ki, eşitdiniz. Bunun özü də Rusiya əhalisinin hansı vəziyyətdə olduğunun bariz nümunəsidir. Rusiyanın bu durumu göstərir ki, Putinin siyasəti neft gəlirlərinin düzgün xərclənməməsinə səbəb olub.
- Qlobal maliyyə böhranı nə ilə sonuclana bilər?
- Biz bu barədə öz təkliflərimizi artıq təqdim etmişik. Təəssüf ki, sizin jurnala onları hələ açıqlaya bilmərəm.
- Nə etməli. Nəticələri gözləyək, ümid edək ki, hər şey yaxşı olacaq. Müsahibəyə görə sağ olun.
MƏSLƏHƏT GÖR: