14 Mart 2025

Cümə, 20:54

OYUN BÖHRANI

Azərbaycanda voleybol və basketbolun inkişafında eyni problemlər yaşanır

Müəllif:

01.12.2008

Son illər Azərbaycanda oyun idman növləri çətin dövrünü yaşayır. Demək olar ki, bu növlərin üzləşdiyi problemlər eyni xarakter daşıyır. Söhbət rəqabətədavamlı milli çempionatın olmaması, aparıcı idmançıların xaricə üz tutması və beynəlxalq arenadakı perspektivlərin çox dumanlı görünməsindən gedir. 

Bu problemləri konkretləşdirməyə çalışaq.

 

Ehtiyat oyunçu qıtlığı

Bir vaxtlar ölkədə voleybol üzrə qadınlardan ibarət milli komandanın və "AzerReyl"in uğurları sayəsində əməlli-başlı voleybol bumu yaşanırdı. Milli komandamız Avropa çempionatının final mərhələsində oynayırdı (2005-ci ildə millimiz Avropada 4-cü olmuşdu), dünya çempionatlarına vəsiqə qazanırdı - bir sözlə, hamını sevindirirdi. Eyni sözləri, "AzerReyl" komandası haqda da söyləmək olar - Top-komanda Kubokundakı qələbədən sonra bu klub Çempionlar Liqasının daimi iştirakçısına çevrilmişdi və hətta bir dəfə "Dördlər finalı"na qədər irəliləmişdi...

Ancaq indi bütün bu uğurlar keçmişdə qalıb və bunun bir neçə səbəbi var. Ən əsası isə ehtiyat skamyasının olmamasıdır. Məsələ bundadır ki, uzun illər ərzində həm milli komanda, həm də klub, demək olar ki, eyni heyətlə çıxış edirdi. Liderlərin komandanı tərk etməsindən sonra isə məlum oldu ki, sən demə, onları layiqincə əvəz edəcək idmançılar yoxdur. İnessa Qorxmaz, Yelena Şabovta və Alla Həsənovanın gedişindən sonra komandanın potensialı azaldı və tezliklə bu özünü nəticələrdə də göstərməyə başladı. Düzdür, milli komanda dalbadal üçüncü dəfə   Avropa çempionatının finalına vəsiqə qazanıb. Amma voleybolçularımızın bu çempionatda gözlənilən iştirakına dair proqnozlar olduqca bədbindir. Və artıq qeyd etdiyimiz kimi, bunun əsas səbəbi liderləri əvəz edəcək idmançıların olmamasıdır.

Digər tərəfdən, milli çempionatın səviyyəsinin çox aşağı olması səbəbindən, Faiq Qarayevin rəhbərlik etdiyi məşqçi qərargahı qərara gəldi ki, idmançıların formada qalmasının yeganə yolu onların öz karyeralarını xaricdə davam etdirməsidir. Özü də onların əsas dislokasiya yeri kimi Türkiyə qəbul edilir - libero Valeriya Korotenko və Oksana Parxomenko "Fənərbaxça" ilə, inişilki Çempionlar Liqasının ən yaxşı oyunçusu olmuş Nataliya Məmmədova isə "Türk Telekom"la müqavilə imzalayıblar. Amma bütün bunların nəticəsində "AzərReyl" bu il Çempionlar Liqasında iştirak edə bilmədi. Düzünə qalsa, reytinq də buna imkan vermir. Axı uzun illərboyu Azərbaycanın voleybol reytinqinə xalları yalnız "AzərReyl" qazandırırdı, indi isə nəticə olmadığından, reytinq də aşağı düşüb.

F.Qarayev bu mövsümü ehtiyatda olan rezerv oyunçuların sınaqdan keçirilməsi üçün poliqon kimi qəbul edirdi. Amma eksperiment başlamamış sona yetdi: Avropa Voleybol Konfederasiyası Kuboku uğrunda turnirə qatılan "AzərReyl" elə ilk dövrədəcə Hollandiyanın "Lonqi" klubuna hər iki matçda məğlub oldu. Etiraf etmək lazımdır ki, hər iki oyunda komandamızın qələbə üçün yaxşı şansları var idi, amma onlar qələbəni rəqibə, demək olar ki, "hədiyyə" etdilər. Qubada keçirilən ilk matç zamanı Olimpiya Kompleksini dolduran azarkeşlərin çılğınlığı da "AzərReyl"ə kömək etmədi. Bununla da klub üçün beynəlxalq mövsüm sona çatdı. Bu isə o deməkdir ki, bu mövsümdə gənc voleybolçular artıq zəruri oyun praktikasından məhrum olublar.  Halbuki gənclərimizin məhz beynəlxalq arenadakı qarşılaşmalarda lazım olan praktika və təcrübə qazanacağına ümid edirdik. 

Odur ki, son nəticələri nəzərə alsaq, F.Qarayev budəfəki Avropa Çempionatına da köhnə - sınaqdan çıxmış heyətlə qatılmalı olacaq. Digər tərəfdən, bəlkə bu yolla nəticə əldə etmək mümkün oldu. Ötən mövsüm bir sıra səbəblər üzündən Oksana Parxomenko, Nataliya Məmmədova, Kseniya Kovalenko, Lida Maksimenko və Oksana Məmmədyarovanı "itirmiş" millimiz Avropa çempionatında medallar uğrunda mübarizə aparmağı bacarmadı. İndi, deyəsən, bütün aparıcı oyunçular yaxşı formadadırlar və millimiz itirdiyi mövqeləri qaytarmağa çalışacaq. Hərçənd, güclü Rusiya, İtaliya, Polqa, Hollandiya və Almaniyanın iştirak edəcəyi turnirdə buna nail olmaq çox çətindir.

 

Kurtinaytissiz basketbol

Rimas Kurtinaytisin Azərbaycana gəlişindən sonra inkişaf hiss olunan basketbolda da vəziyyət yaxşı deyil. 1988-ci ilin Olimpiya çempionu Azərbaycanda olduğu dövrdə ölkənin bütün istedadlı basketbolçularını "Qala" klubuna cəlb etdi və bu cür mütəxəssisin rəhbərliyi altında yerli idmançılar çox şey qazandı. Düzdür, onun kluba dəvət etdiyi legionerlərin səviyyəsi yüksək deyildi, amma hər halda, Azərbaycanda basketbolun inkişafı üçün bu da vacib idi. 

Üstəlik, Rimasın özünün dediyi kimi, Azərbaycanın basketbol məktəbi başqalarının 50 ilə əldə etdiyini qısa vaxt ərzində qazanmağa çalışdı. Kurtinaytis özünün Azərbaycandakı əsas nailiyyəti kimi yerli basketbolçuların əvvəllər öhdəsindən gələ bilmədikləri  gərginliyə uyğunlaşmasını göstərir. Söhbət həm fiziki, həm də oyun hazırlığından gedir. Gün ərzində 3 dəfə məşq edən idmançılar oyundan-oyuna inkişaf etməyə başladılar və tezliklə, legionerlərdən də üstün oyun nümayiş etdirdilər. Təsadüfi deyil ki, məşqçilər artıq legionerlərin xidmətindən imtina etmək qərarını verdilər. "Əvvəlcə biz kluba 7 legioner cəlb etmişdik. Və əvvəl onlar yerli basketbolçulardan üstün olsalar da, tezliklə yerlilər onlardan yaxşı təsir bağışlamağa başladılar" - deyə Kurtinaytis xatırlayır.

Nəticədə, 7 legionerdən 4-ü evinə qayıtdı, onların yerinə isə daha yüksək səviyyəli oyunçular cəlb edildi.

Azərbaycanda işlədiyi 3 il ərzində Kurtinaytis Azərbaycan millisini Ümumdünya İslam Oyunlarının qalibi etdi, sonra isə onlarla Challenge Cup  - S divizyonunda keçirilən Avropa Çempionatının seçmə turnirində qələbə qazandı. Daxili çempionata maraq xeyli artdı, baxmayaraq ki, uzun illər "Qala"ya real müqavimət göstərən komanda yox idi.  Bundan başqa, Şimali Amerikanın Milli Basketbol Liqasında olduğu kimi, Bakıda da "All Stars Game" qarşılaşmaları təşkil olunmağa başladı - bu matçlarda yerli oyunçularla legionerlər üz-üzə gəlirdi. Bu cür oyunlar əməlli-başlı şouya çevrilmişdi... 

Amma Kurtinaytis Azərbaycanı tərk edən kimi, basketbolda inkişaf da dayandı. Və artıq bizim bir neçə aparıcı oyunçumuz Gürcüstan çempionatına üz tutaraq, "NTD" klubunda oynamağa üstünlük verib. Özü də etiraf etmək lazımdır ki, bu klub çempionatda məhz Tahir Baxşiyev, Fuad Niftalıyev, Zaur Paşayev və Anar Sarıyevin sayəsində liderliyə yüksəlib. Amma aparıcı basketbolçuların ölkəni tərk etməsindən sonra bizim öz çempionatımızın səviyyəsi aşağı düşdü və indi bu turnir azarkeşlər üçün heç bir maraq kəsb etmir.  Aparıcı oyunçuları əvəz etməli olan gənclərin əsl səviyyəsini isə biz Rumıniyada keçirilən gənclər arasında çempionatda gördük - burada Azərbaycan millisi turnir cədvəlinin son pillələrinin birində qaldı...

Əsas milli komandaya gəldikdə, onlar bu yaxınlarda yenidən S diviziyasının qalibi olublar. Maraqlıdır ki, Kurtinaytisin rəhbərliyi altında bir dəfə bu turnirdə qalib gəlmiş millimiz, daha yüksək divizyonda çıxış etmək əvəzinə, yenidən S turnirində iştirak etməyə üstünlük verdi. Amma budəfəki qələbə bizləri əvvəlkitək sevindirmədi, axı "zəiflər" arasında ikinci dəfə qalib gəlmək elə də böyük nailiyyət sayıla bilməz.

İndi komanda artıq daha yüksək ranqlı turnirlərə qatılmalıdır. Amma beynəlxalq praktikası və təcrübəsi olmayan gənc oyunçularla orada uğur qazanmaq mümkündürmü?..

Düzdür, Azərbaycanda basketbolun öz ənənənəli var. Amma hazırda yaranmış vəziyyət nikbinliyə əsas vermir. Kurtinaytisin gedişindən sonra bu idman növü sanki kölgəyə çəkilib, rəqabətədavamlı rezervin yoxluğu və milli çempionatın səviyyəsinin aşağı düşməsi isə Federasiya rəhbərliyindən təxirəsalınmaz tədbirlər görülməsini tələb edir. Əks halda, ölkədə basketbol birdəfəlik məhv olacaq və artıq bizə Kurtinaytis də kömək edə bilməyəcək...


MƏSLƏHƏT GÖR:

436