14 Mart 2025

Cümə, 20:54

MARAQSIZ YIĞMA

Ötən mövsüm futbol üzrə milli komandamız üçün uğurlu sayıla bilməz

Müəllif:

01.12.2008

Futbol üzrə Azərbaycan milli komandası üçün beynəlxalq mövsüm başa çatıb. Bakıda Albaniya yığmasına qarşı keçirilmiş yoldaşlıq görüşü, bu il üçün sonuncu rəsmi matç idi. Amma futbolçularımız bu dəfə də azarkeşləri sevindirə bilməyərək oyunu heç-heçə başa vurdular - 1:1.

Bir tərəfdən, 2010-cu ilin Avropa Çempionatının seçmə mərhələsindəki uğursuzluqlar fonunda, bu nəticəyə də şükür etmək gərəkdir. Amma digər tərəfdən...

 

Oyunsuz futbol

Bu gün milli komandanın qarşısında duran bir nömrəli problem ehtiyat skamyasının kasadlığı və ya yığmaya çağırılmağa namizədlərin sayının azlığı yox, elementar özünəməxsus oyun xəttinin olmamasıdır. İl ərzində milli komanda yalnız iki dəfə bizləri sevindirib - rəqib meydanında Andorra və Bəhreynə qalib gəlməklə. Amma AFFA komandanın baş məşqçisi postuna Berti Foqtsu bu iki qələbə xatirinə dəvət etməyib axı. Görünür, almaniyalı mütəxəssis bu aylar ərzində nəinki qalib gəlməyi bacaran (onsuz da məğlubiyyətlərə çoxdan alışmışıq), heç olmasa,  layiqli oyun nümayiş etdirən komandanı belə yarada bilməyib. Belə təsəvvür yaranır ki, hər matçda Azərbaycan yığması rəqibə öz oyununu diqtə etmir, əksinə, rəqibin oyun manerasına uyğunlaşmağa çalışır. Hətta Lixtenşteyn və Albaniya ilə matçlar da qonaqları tam qane edən məcrada (bəzi istisnalar olmaqla) keçdi. Ən acınacaqlısı isə odur ki, vəziyyətin nəyinsə hesabına düzələcəyinə, oyunda canlanma yaranacağına heç bir ümid yoxdur. Ələlxüsus da nəzərə alsaq ki, bizi hələ qrupumuzun fovaritləri olan Almaniya və Rusiya ilə oyunlar gözləyir.

Çox qəribə mənzərə yaranır: milli komandaya elə futbolçular çağırılır ki, onlar heç öz klublarında əsas heyətə düşə bilmirlər. Söhbət "Neftçi"nin baş məşqçisi  Hans-Yurqen Qedenin əsas heyətdə yer vermədiyi Rəşad Sadıqov və Aleksandr Çertoqanov kimi futbolçulardan gedir. "Neftçi"nin baş məşqçisinin fikrincə, bu futbolçular klubdakı mikroklimati korlayırlar, ona görə də həmin oyunçulara etibar etmir. 

Təbii ki, Qedenin bu addımı B.Foqts üçün başağrısı yaradır, amma millinin baş məşqçisi öz həmyerlisinin qərarına təsir göstərə bilmir. Ələlxüsus da, Qedenin "Neftçi"yə getməsindən sonra: məlumata görə, hazırda bu iki alman məşqçi bir-biri ilə əlaqəni tam kəsib. Halbuki yığmanın baş məşqçisi istənilən halda, klubların məşqçiləri ilə dil tapmağı bacarmalıdır. Amma bacarmır və bu,özünü milli komandanın oyunlarında da göstərir.

Digər tərəfdən, Foqts yığma komandaya bir sıra gənc oyunçuları da cəlb etməyə başlayıb. Məsələn, bu yaxınlarda İtaliyanın "Udineze" klubunun diqqət mərkəzinə düşmüş yarımmüdafiəçi Araz Abdullayevi. Xatırladaq ki, dil problemi ilə bağlı, italyan klubu onun transferini hələlik dayandırıb, amma ola bilər ki, artıq gələn il Araz xarici klubda oynamaq üçün tam hazır olacaq. Xüsusilə də nəzərə alsaq ki, 2009-cu ildə bu futbolçu Madridin "Real" klubunda təcrübə keçməlidir. 

B.Foqtsun millinin qolkiperi mövqeyinə oyunçu seçimində də yenilik var: indiyədək "Xəzər-Lənkəran"ın qapıçısı Kamran Ağayevə etibar edən alman məşqçi, lənkəranlıların çempionatdakı mövqelərini əldən verməsindən dərhal sonra diqqətini Rauf Mehtiyevə yönəldib.

 

Dörddövrəli premyer-liqa

Bu arada isə məlum olub ki, gələn mövsümdən premyer-liqanın reqlamentində ciddi dəyişikliklər gözlənilir. Bu haqda Azərbaycanın Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, gələn mövsümdən ölkə çempionatı indi olduğu kimi 2 dövrədə yox, 4 dövrədə keçiriləcək. Üstəlik, ölkə Kuboku uğrunda da matçları nəzərə alsaq, onda gələn il komandaların oyun təcrübəsində heç bir problem olmayacaq. 

"Problemlər çoxdur, amma ən əsas problem klubların öz stadionlarının olmamasıdır. İndi premyer-liqada çıxış edən klubların çox az qisminin öz stadionu var, birinci diviziyondakı komandalardan isə heç danışmağa dəyməz. Amma maraqlıdır ki, stadion problemi ilə yalnız Baku klubları üzləşir, rayon komandaları isə oynamağa yer tapır. Lakin bütün bu problemlər müvəqqəti xarakter daşıyır; belə ki, gələn ildən hər bir klubun öz stadionu olmalıdır. Məsələn, "Neftçi" ilə "Bakı" yeni ildən öz stadionlarına köçəcək, "Qarabağ" yeni kompleks inşa etdirir. Odur ki, bu sahədə vəziyyət düzələcək. Xüsusi ilə də nəzərə alsaq ki, yeni mövsümdən etibarən öz stadionu olmayan klub premyer-liqaya buraxılmayacaq", - deyə R.Musayev vurğulayıb.

O, çempionatın oyunlarının teleyayımı ilə bağlı problemə də toxunub. Xatırladaq ki, son mövsümdə bu məsələləri klubların özləri tənzimləyirdilər. "Bu çox ağrılı məsələdir və biz onu bir daha müzakirə etmək niyyətindəyik. Məsələ bundadır ki, televiziya yalnız "Xəzər-Lənkəran", "Neftçi" və "Bakı"nın matçlarını yayımlayıb, digər klublar isə kölgədə qalıb. Yəni onların oyunlarına da maraq var, amma həmin klublar bu istiqamətdə işlərini düzgün qura bilməyiblər. Odur ki, biz yayım hüququnu klublardan almaq təklifi ilə çıxış edəcəyik", - deyə Musayev qeyd edib.

Legionerlərə limitin tətbiqinə gəlincə, yaxın vaxtlarda bu gözlənilmir: "Bu haqda çox danışılır, amma premyer-liqa belə bir limitdən nə qazanacaq? Adi misal çəkim: çempionatda 12 komanda iştirak edir və onların hər birində, ən azı, 2 hücumçu çıxış edir. Beləliklə, çempionatda oynayan hücumçuların ümumi sayı 24 edir. İndi özünüz deyin, bizdə milli komandada çıxış etmək səviyyəsində olan bu sayda qoleodor var? Məncə, yaxşı azərbaycanlı futbolçulara meydanda həmişə yer tapılacaq. Əgər yerli perspektivli futbolçular olsa, heç bir klub legioner gətirməkdə maraqlı olmaz. Legionerə olan limitin ləğvi bizim futbolçuları öz üzərində daha ciddi işləməyə, əsas heyətə layiq olduqlarını göstərməyə məcbur edəcək. Amma limit tətbiq olunsa, uşaqlar sakitləşəcəklər, çünki başa düşəcəklər ki, istənilən halda əsas heyətdə yerləri var", - deyə PFL qeyd edib.

 

"Simurq" zirvədə

Hələliksə, ölkə çempionatının turnir cədvəlində maraqlı situasiya yaranıb - 5 klub qızıl medallara iddia edir. Və əvvəlcədən proqnozlaşdırılan favoritlərin olduqca qeyri-sabit oyunu fonunda, çempionluq adına iddialılar sırasına, hətta Zaqatalanın "Simurq" klubu da qoşulub. İndi başa düşmək olmur ki, çempionatın liderlərinin səviyyəsi aşağı düşüb, yoxsa əksinə, ortabablar öz peşəkarlığını artırıblar. Axı çempionatın yarısı artıq arxada qalıb.  Və məlum olan yeganə məsələ odur ki, heç nə məlum deyil. Xüsusi ilə də liderin mütəmadi olaraq dəyişməsi fonunda: komandalardan biri büdrəyən kimi, dərhal başqası onu arxada qoyur. Məsələn, əvvəlcə birinci pillədə "Xəzər-Lənkəran"ı "İnter" əvəzlədi, amma artıq növbəti turda o, birinciliyi "Simurq"a güzəştə getməli oldu.

Digər tərəfdən, burada qəribə heç nə yoxdur. Elə ötən mövsüm "Olimpik" klubunun qızıl medalların bir addımlığında büdrəməsini xatırlayın. O zaman "Olimpik" yalnız son turda liderliyi əldən verərək, çempion adını "İnter"ə "güzəştə getmişdi". Odur ki, bu tendensiya bu mövsüm də davam edir. 

İndi əsas məsələ odur ki, turnir cədvəlinin ilk pilləsində özünü çox rahat hiss edən "Simurq" bu rəqabətə nə qədər davam gətirə biləcək. İstənilən halda etiraf etmək lazımdır ki, zaqatalıların builki sürprizlərindən premyer-liqa yalnız qazanır. Axı, həmişə yeni komandaların uğurlu çıxışını izləmək maraqlıdır. "Simurq" isə məhz bu cür klublardandır. Görünür, Zaqatala klubuna rəhbərlik edən ukraynalı mütəxəssis Roman Pokora uğur reseptini tapıb.

Ümumiyyətlə, Azərbaycan çempionatındakı əcnəbi məşqçilər pis təsir bağışlamırlar. Ukraynalı Vladimir Xodukin ötən mövsüm "İnter"i çempion etdi, türk Rasim Qara "Xəzər-Lənkəran"da uğurla işləyir, "Bakı"nın baş məşqçisi, makedoniyalı Coko Hacıyevski də ambisiyalarını gizlətmir. Əlbəttə, bu məsələdə istisnalar da var. Məsələn, turnir cədvəlinin aşağı pillələrində qərarlaşmış "Neftçi"nin baş məşqçisi Hans-Yurqen Qede kimi.

Amma belə istisnalara nadir hallarda rast gəlinir.

Yerli mütəxəssislərə gəldikdə, "Karvan"la qızıl medallar uğrunda mübarizə aparan Yunis Hüseynovun işləri pis getmir.

Görək, hadisələr nə ilə nəticələnəcək. Axı, turnir distansiyasının yarısı hələ qabaqdadır///...


MƏSLƏHƏT GÖR:

423