
QASTARBAYTERİN HƏYATINDAN
Eduard Bağırov: "Rusiyalılar üçün mən həmişə Bakıya heyranlığım barədə çox söz tapıram"
Müəllif: Nurlana KAZIMOVA Bakı
Eduard Bağırov haqqında ciddi şəkildə ilk dəfə bir il öncə danışmağa başladılar. Onda "Populyarnaya literatura" nəşriyyatı onun "Qastarbayter" romanını çap etmişdi. Əsərdə müəllif Moskvanı necə "fəth etməsindən" bəhs edirdi. Əsər həddindən tipik olmasına baxmayaraq, həm də maraqlı idi. Buna görə də onu həm MDB-nin hər yerindən Rusiyaya hücum çəkmiş qastarbayterlər, həm də onları işə götürənlər maraqla oxumuşdular. Hətta həmin vaxt burjuaziya jurnalları da belə öz abunəçilərinə bestsellerə dönmüş romanı oxumağı məsləhət görürdülər ki, hər hallığına, işə götürdükləri adamın kim olduğunu bilsinlər.
Bir saatın içində günün yazıçısına çevrilmiş Eduard Bağırov isə yeni roman yazmağa başlayıb və həmin roman artıq Avropanın ən iri nəşriyyatı "AST" tərəfindən alınıb. Eduard Bağırov bizim jurnala müsahibəsində yeni romanının nə barədə olması və ümumiyyətlə, nə ilə məşğul olması barədə danışıb.
- Əvvəla, sizi ikinci kitabınızın çıxması münasibəti ilə təbrik edirik. Xahiş edirəm bir-iki kəlmə ilə onun nədən bəhs etdiyini deyin, daha çox sevgi romanıdır, yoxsa bir qastarbayterin, bir azərbaycanlının yad ölkədə yaşamaq uğrunda mübarizəsindənmi bəhs edir?
- "Sevgililər" "Qastarbayter"in süjet xəttinin davamıdır. İki gəlmə gənc Moskvada yaşayır, onlardan biri İnternetdə varlı ailədən olan evli qadınla tanış olur, onlar bir-birlərini sevirlər. Aydın məsələdir ki, belə vəziyyət rahat yoluna qoyula bilməz, buna görə də mən düşünürəm ki, oxucu darıxmayacaq.
- Yazıçı Bağırovun həyatının bir gününü təsvir edə bilrəsinizmi?
- Yuxudan oyanan kimi ayağa qalxıram. Elə həmin dəqiqə də kompyuterin araxasında oturub bütün günümü orada keçirirəm. Məqalələr, kitablar yazıram. Yanımda hər cür görüşlər keçir, adamlar yanıma gəlir. Hər şey mənim yaşadığım rayonda baş verir, onu tərk etməyi xoşlamıram. Səhər və ya günorta yeməyinə "Sadovoe koltso"dakı sevdiyim "Xurma" Azərbaycan restoranına gedirəm, orada hər kəs məni tanıyır.
- Deyrlər ki, siz günlərlə İnternetdə oturursunuz? Bu, asılılıqdır? Siz necə düşünürsünüz, İnternetdən asılılıq uydurma problemdir, yoxsa xəstəlikdir?
- Bu, şəksiz, asılılıqdır və yetərincə gücludur, ancaq heç cürə xəstəlik deyil və onunla mübarizə aparmağa dəyməz. Mən sadəcə hər gün müəyyən həcmdə məlumat almağa alışmışam. Əgər həmin məlumatı almasam, mən özümü rahatsız hiss edirəm. Çox sayda insanın hər gün qəzet oxumasını və ya televizora baxmasını heç də xəstəlik saymırlar. Həm də unutmaq lazım deyil ki, Moskva dəhşətli nəqliyyat problemləri olan nəhəng meqapolisdir. Bizdə çoxsaatlıq böyük tıxaclar yaranır. Hətta eyni rayonda yaşasaq da, mən çox dostlarımla ildə bir-iki dəfə görüşə bilirəm. Ona görə də İnternet bizim şəhərdə insanlar arasında yeganə əlverişli kommunikasiya vasitəsidir.
- Siz fəal ictimai həyat yaşayırsınız, indi nə ilə məşğulsunuz, kimin maraqlarını qoruyursunuz?
- Mənim ictimai fəaliyyətim indi yetərincə məhduddur. Vaxt azdır, mən, demək olar ki, həmişə yazıram. Ancaq ayda iki-üç dəfə mən mütləq Rusiya TV-lərinin millətlər və dinlər arasındakı qarşılıqlı münasibətlərdə olan problemlərə həsr olunmuş müxtəlif verilişlərinə qatılıram. Mən vəkil deyiləm ki, kiminsə maraqlarını qoruyam. Ancaq bu cür polemikalarda mən ilk növbədə Moskvada gəlmə olan bir azərbaycanlı kimi çıxış edirəm və mənə də azərbaycanlı kimi müraciət edirlər.Çox sayda rusiyalıda azərbaycanlılar haqqında fikir mənim timsalımda formalaşır, bu məsuliyyəti mən anlayıram. Bundan özünüz nəticə çıxarın.
- Moskvada Siz Azərbaycan diasporası ilə də əlaqə saxlayırsınız, tez-tez onların tədbirlərinə qatılırsınız. Kimlərlə tanışlıq qurmusunuz?
- Mən mütəmadi olaraq çox sayda azərbaycanlı ilə ünsiyyətdə oluram, onların hamısının adını burada sadalamaq mümkün deyil. Şəksiz ki, mənə çox xoşdur ki, nə vaxtsa məni Leyla Əliyevaya təqdim ediblər. O, çox gözəl xanım, əsl şahzadədir. Həm də rusiyalılarla azərbaycanlıların həmrəyliyi üçün böyük işlər görür, çox sayda faydalı imic layihələri gerçəkləşdirir, bunlardan biri də "Bakı" jurnalıdır. Onun fəaliyyəti həqiqi hörmətə layiqdir. Şəxsən bu, bir publisist - azərbaycanlı kimi mənim üçün qarşıma qoyduğum məsələləri yüngülləşdirir. Və buna görə də Leyla xanıma çox minnətdaram.
- Belə çıxır ki, Siz Azərbaycan mədəniyyətini yaxşı tanıyırsınız, bu həm təəccüblü, həm də xoşdur, axı siz tarixi vətəninizdə doğulmamısınız. Siz pərəstişkarlarınıza Tahir Salahov haqqında bildirmizsiniz ki, "əgər bu ad sizə tanış deyilsə, onda mənimlə əlaqəni kəsin, sonra başınızı divara vurub özünüzü öldürün ki, yer üzünü kirlətməyəsiniz..."
- Tahir Teymuroviçin yaradıcılığı ilə mən yaxından tanışam və bu yaradıcılıqdan xəbərsiz insanların olmasını qəribə sayıram. Tahir Salahov dünya səviyyəli incəsənət xadimidir, onun incəsənətdəki payı çox böyükdür.
- Ötən il siz Bakıda olmusunuz. Bu, bizim şəhərə sizin ikinci gəlişiniz idi. Sonra Rusiya KİV -ləri ilə müsahibənizdə bildirmisiniz ki, bu yeganə şəhərdir ki, sizdə təəssürat oyadıb. Bu nədir, "qanın çağırışıdır"?
- "Çağırışı" yox , "səsidir". Bunların arasında böyk fərq var. Bakı haqqında çox və uzun danışmaq olar. Rusiya KİV-ləri üçün mən bu şəhərlə bağlı çox sayda heyranlıq dolu sözlər tapa bilirəm. Amma bunu Azərbaycan KİV-lərinə danışmağa ehtiyac yoxdur. Azərbaycanlılar mənsiz də paytaxtlarının necə gözəl olduğunu bilirlər.
- Müsahibələrinizdən birində demisiniz: "Azərbaycanın düşmənləri mənim düşmənlərimdir". Sizcə, bizim ölkənin düşmənləri kimlərdir? İnternetdə belə bir fikir var ki, bizim əsas düşmənimiz elə Rusiyadır.
- Kim bunu iddia edirsə, onu mütləq müalicə etmək lazımdır. Bu açıq-aydın təxribatdır, özü də absurddur. Rusiya heç zaman Azərbaycanın düşməni olmayıb! Heç bir ehtimal da yoxdur ki, nə zamansa olacaq. Rusiya ilə Azərbaycanın münasibətləri bütün səviyyələrdə gözəldir. Zaman keçdikcə bu daha da inkişaf edəcək. Başqa cür ola bilməz, Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Mən şəxsən düşmən deyəndə Dağlıq Qarabağı işğal etmiş adamları nəzərdə tutmuşam. Təbii ki, onların bizim düşmənimiz olması dəqiqdir. Ancaq bu fikirdəyəm ki, gec-tez ədalət qalib gələcək.
- Öz həyatınız boyu onlarla peşə dəyişmisiniz, hətta prezident Türkmənbaşının mühafizəsində olmusunuz. Yalnız bir vaxt məşğul olduğunuz ticarətin sirlərini yaxşı bilməklə qalmırsınız, həm də, öz sözlərinizə görə, çox sayda müxtəlif növ odlu silahlardan istifadənin ustasısınız. Həyat sizi daha hansı təmiz kişi peşələrinə yiyələnməyə məcbur edib?
- Ümumiyyətlə, çox iş bacarıram. Mən rahatlıqla qoyun kəsə bilirəm, ondan yemək hazırlaya bilirəm. Mənzilimdəki borunu da özüm dəyişə bilirəm. Çətinlik çəkmədən xətrimə dəyənin ağzını da qıra bilirəm. Ona görə də düşünmürəm ki, bütün bu cür vərdişləri sadalamaq lazımdır. Mənim bildiyim bütün vərdişləri istənilən normal kişi bacarmalıdır.
- Yazıçılara öncəgörmələr, gələcəkdən xəbər vermək və ya sadəcə fantaziyalara dalmaq xasdır. Bəlkə, bir sınayasınız? Azərbaycanın gələcəyini necə görürsünüz?
- Mən fantast deyiləm və gələcəyə də boylanmıram. Yalnız bunu deyə bilərəm ki, indiki Azərbaycan düzgün inkişaf yolu seçib. Ölkəyə müdrik və bacarıqlı insanlar rəhbərlik edir. Ona görə də əminəm ki, Azərbaycan yalnız inkişaf edəcək.
MƏSLƏHƏT GÖR: