14 Mart 2025

Cümə, 21:51

DOĞRUYA ZAVAL YOXDUR

Azərbycan Milli Bankı ölkənin bank sistemindəki real durumu açıqladı

Müəllif:

01.12.2008

Azərbaycanın bank sektoru ölkə iqtisadiyyatının öz üzərində dünya maliyyə səhnəsində gedən proseslərin mənfi təsirini hiss etmiş ilk sahədir. Hazırda bu fakt nə banklar səviyyəsində, nə də hökumət səviyyəsində təkzib edilir. 

Kreditləşdirmədə qəflətən məhdudlaşdırmaların yaranması, kreditlərin verilməsi üzrə şərtlərin dəyişdirilməsi, bank əmanətlərinin həcminin azalması barədə məlumatlar, ilk iyirmiliyə, hətta ilk onluğa girən bəzi bankların ağır durumu və hətta müflisləşməsi barədə dayanmayan söz-söhbətlərin hamısı sistemin özündə müəyyən mənfi əlamətlər olduğundan xəbər verirdi. 

Sirr deyil ki, bu cür söhbətlər, hətta ehtimal şəklində olsa belə, bank işi kimi həssas bir biznes növü üçün həddindən təhlükəlidir. Bu bölmənin uğurunun yarısı, bəlkə də daha çoxu isə müştərilərin etibarından asılıdır. 

Kreditlərdən imtina kimi real faktların və etibarlı məlumat olmaması üzündən mətbuatın ehtimallarının fonunda bankların özləri tərəfindən qurumlarının çiçəklənməsi barədə verilən məlumatlar inandırıcı görün-mürdü.  Bütün bunlar Azərbaycan Milli Bankını (AMB) əhalini maraqlandıran suallar üzrə statistik göstəricilərə əsaslanan ətraflı şərhlərlə və açıq bəyanatlarla çıxış etməyə vadar etdi. 

 

Kreditləşdirmə qadağan edilməmişdi 

İlk öncə Azərbaycan banklarının kreditləşdirməni doğrudan da məhdudlaşdırdığı və bunu böhran dövründə likvidliyi qorumaq üçün etdikləri etiraf olundu. Məsələ bundadır ki, yerli banklara kredit xətləri açmış  bir sıra kontragentlər dünya maliyyə böhranı ilə bağlı öz borclarını vaxtından əvvəl geri çağırıblar. "Bu likvid vəsaitlərin geri yığılması bankların kredit fəallığına təsir göstərməyə bilməzdi, ancaq bununla belə, kreditləşdirmənin tam dayandırılması barədə söhbət getmir", - deyə AMB İdarə Heyətinin sədr müavini Avtandil Babayev bildirib. 

Azərbaycan banklarının kredit çantasının həcmi 10 ayda 2 mlrd manat (43%) artıb və 6,3 mlrd manata çatıb. Ancaq oktyabr ayında artım tempi 1,2% təşkil edib. "Bəllidir ki, oktyabr maliyyə böhranının qızğın çağı idi, lakin hətta onda da Azərbaycanda kreditləşdirmə dayandırılmadı". - deyə Avtandil Babayev vurğulayıb. Noyabrın 1-dən 23-nə kimi olan müddətdə 38 min adama toplam dəyəri 389 mln manat olan kreditlər verilib və 280 mln manat kredit ödənilib. Bunların 82 mln manatı istehlak kreditləri, qalan hissəsi isə biznes-kreditlər olub. 

Bununla yanaşı, Milli Bank kredit üçün banklara müraciət etmiş müştərilərə imtina edildiyini də gizlətmir. Bu, bankların sözügedən istiqamətdə ehtiyatlı siyasəti ilə izah edilir - əlavə risklərdən kənar durmaq üçün kreditlər yalnız etibarlı və daimi müştərilərə verilir. Ancaq adətən bunu müştərinin üzünə demək qeyri-etik sayılır, çünki o, ümumiyyətlə, onu "etibarsız" sayan banka bir daha gəlməyə bilər. Buna görə də bank əməliyyatçıları "Milli Bank bizə kreditləşdirməni qadağan edib" kimi ifadələrə üz tuturlar. Gerçəklikdə isə heç bir qadağa olmayıb. 

"Hər bir bank öz kredit siyasətini gerçəkləşdirməkdə azaddır. AMB yalnız risklərin adekvat idarəedilməsi üzrə tövsiyələrlə çıxış edir", - deyə AMB-nin kredit qurumları üzərində nəzarət departamentinin başçısı Rəşad Orucov bildirib. 

Ancaq kreditləşdirmə bu gün, demək olar ki, Azərbaycanın ən populyar bank aləti olmaqda qalır. Bütövlükdə, bankların kredit çantası onların aktivlərinin 65 faizinə bərabərdir. Özü də kredit çantasının 30 faizi istehlak kreditləridir. Bir sıra banklarda bu, 50-60 faizə çatır. "İndiki durumda bunu yetərincə normal göstərici saymaq olar. Banklar vəsaitləri gəlirli alətlərə yerləşdirməyə can atırlar. Bu günsə belə alət kreditlərdir. Həm də ki bu, orta göstəricidir, bu səviyyədən yuxarı və aşağı vəziyyətdə olan banklar da var", - deyə R.Orucov bildirib. 

Bankların öz borclarına gəldikdə isə, dünya böhranının ilk əlamətləri özünü göstərən zaman AMB bankların xarici borclarının idarəedilməsini təhlükəsiz səviyyədə saxlamaq üçün addımlar atdı. Bu gün xarici borcların həcmi 2,2 mlrd manatdır ki, bu da bank öhdəliklərinin yalnız 25%-nə  bərabərdir. Bu göstərici məsələn, Qazaxıstanda 78 faizə bərabərdir. Bu ilin 10 ayı ərzində Azərbaycanın bankları 900 mln manat xarici borc qaytarıblar, bunun 210 mln manatı sentyabr-oktyabr aylarının payına düşüb. Borcları ödəyə bilməmək təhlükəsi ilə üz-üzə olan banklar da olub. Milli Banka yardım üçün müraciətlər də edilib. "Biz heç kimə imtina etməmişik. Ancaq yekunda br sıra banklar yardım müraciətlərini geri götürdülər və vəziyyətdən özlərinin çıxdıqlarını söylədilər. Yalnız bir bank - "Unibank" AMB-dən illik 7 faizlə, uzadılmaq imkanı ilə 6 ay müddətinə 50 mln manat borc götürüb", - deyə A.Babayev vurğulayıb.

Bu bank da məhz borcların xarici kreditorlar tərəfindən geri çağırılması üzündən problemlə üzləşib. "İstənilən halda, ölkənin bütün bank bölməsinin maraqları nəzərə alınmaqla, biz lazım gələndə bankları dəstəkləməyə hazırıq.  Dövlət başçısı da öz tərəfindən bank bölməsinə siyasi dəstək verdi", - deyə A.Babayev qeyd edib. 

 

Yalnız iri əmanətlər

İndi isə əmanətlər, daha doğrusu, oktyabrda onların səviyyəsinin 2 faizə düşməsinin səbəbləri haqqında danışaq. Müvafiq statistik göstəricilər bir sıra KİV-lərdə "Əhali öz əmanətlərini banklardan çıxarır" başlıqları ilə verilmişdi. Yetərincə, bədbin başlıqlar idi. Gerçəkdən, belə hallar var imiş və bütün bunlar kreditlərlə bağlı bölmədə təsvir edilən durumla bağlı imiş. 

A.Babayevin sözlərinə görə, əsasən, iriölçülü əmanətlər çıxarılıb. "Biz vəziyyətin hərtərəfli analizini aparırıq. Əmanətlərin məbləğinin azalmasının əsas səbəblərindən biri ölkədə bank kreditləşdirilməsinin məhdudlaşdırılmasıdır. Məsələ bundadır ki, əvvəllər öz bizneslərinin ehtiyacları üçün banklardan kreditlər götürə bilən iş adamları indi müəyyən dərəcədə bu imkandan məhrumdurlar. Buna görə də işlərinin inkişafına yönəltmək üçün banklardakı əmanətlərini çıxarmağa məcburdurlar", - deyə o vurğulayıb. Buna müəyyən qədər də təsir bu gün Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarının tamamilə qabaqcadan ödənişə  keçməsi edir. Bu da kuyğun olaraq əlavə vəsaitlərin vacibliyinə səbəb olur. 

Daha bir səbəb əmanətlərin bankların səhmdar kapitalına yönəldilməsidir. Bu yaxınlarda büdcə zərfi çərçivəsində qəbul edilmiş "Bankların və sığorta təşkilatlarının növbəti 3 il ərzində mənfəət gəliri vergisindən azad edilməsi haqqında" qanunun fonunda bu yetərincə məntiqidir. "İri əmanətçilərdə bankların səhmdar kapitalına yeni vəsaitlər yönəltməyə stimul yaranıb. Əvvəllər onları əmanət kimi saxlayırdılar, çünki əmanətlər üzrə dividendlər mənfəət vergisindən azad edilmişdi",- deyə R.Orucov bildirib. 

Əlbəttə, heç kim dünya maliyyə bazarlarındakı durumun əmanətçilərin hərəkətlərinə mənfi təsir göstərdiyini təkzib etmir. Real durumu araşdırmadan əmanətlərin çıxarılması barədə qərar qəbul etmək zamanı  çaşqınlıq amilini unutmaq olmaz. "Elə olub ki, müştəri əmanəti çıxardıqdan bir həftə sonra banka qayıdıb fikirləşib və geri qaytarmağı qərara alıb",- deyə A.Babayev bildirir. 

Bütövlükdə, 10 ay ərzində əhalinin banklardakı əmanətlərinin həcminin 326 mln manat (22%)  artaraq 1,8 mlrd manat təşkil etməsi faktı ölkənin mərkəzi bankının təmsilçilərinin çıxardıqları nəticələri inandırıcı edir. 

Bununla yanaşı, AMB əmanətçilərin etibarını qorumaq üçün əlavə tədbirlərə hazırdır və Azərbaycan banklarında əmanətlərin sığortası sisteminə dəyişikliklər etmək üçün, o cümlədən, Azərbaycan Əmanətlərin Sığortası Fondu  (ADIF) tərəfindən zəmanət verilən əmanətlərin ölçüsünün artırılması prosesini sürətləndirmək barədə təkliflərlə parlamentə müraciət etmək imkanlarına baxırlar. Hazırda ölçüsü 6 min manata qədər olan əmanətlərə zəmanət verilir, 2010-cu ildən sonra isə bu, faiz yığımları da daxil olmaqla, 8 min manata bərabər olmalıdır. 

"Ancaq lazım olarsa, biz bu limitn artırılması prosesini sürətləndirə bilərik",- deyə A.Babayev bildirib. O həmçinin bildirib ki, Milli Bank lazım gələrsə, yalnız faiz dərəcələri AMB-nin uçot dərəcəsini 1,8 dəfə ötməyən əmanətləri sığortalamaq barədə qaydanı da dəyişməyə hazırdır. Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 10%-dir, uyğun olaraq, dərəcəsi 18 faizi ötməyən əmanətlər sığortalanır. 

Bank sektorundakı durumun təhlükəsiz olması baxımından daha bir tutarlı arqument də var. Hazırda ölkənin bank aktivlərinin 23%-i və ya 1,9 mlrd manatı likvid vasitələrdir, bu da ölkənin bank sistemindəki əmanətlərin hamısının ödənilməsi üçün yetərlidir.

Bundan başqa, Azərbaycan Milli Bankı tərəfindən görülmüş tədbirlər nəticəsində bank sistemi üçün əlavə 220 mln manat likvidlik təmin edilib. AMB-nin pul siyasəti departamentinin direktoru Xaqani Abdullayevin sözlərinə görə, bankların daxili öhdəlikləri üzrə məcburi pul rezervləri 12 faizdən 9 faizə endirilib. 

"Bu qərarı qəbul etdikdən sonra biz gördük ki, əlavə inyeksiya ilə likvidliyin hər faiz endirilməsi sistem üçün 40 mln manat təşkil edir. Başqa sözlə, 3% 120 mln manat verdi", - deyə X.Abdullayev qeyd edib. 

Eyni zamanda xarici öhdəliklər üzrə 5 faizlik məcburi rezervlərin ləğvi də daha 100 mln manat likvidlik verdi. Və bu, ötən illə müqayisədə bu il pul kütləsinin sabitləşməsi şəraitində baş verib. Hazırda ölkədə pul bazasının artımı qaneedici səviyyədədir, makroiqtisadi məqsədlər baxımından 25-29 fazi arasında dəyişir. 

Uçot dərəcəsinin azalmasının daha bir nəticəsi bankların kredit dərəcələrinin sabitləşməsi olub. Belə ki, ilin əvvəlindən sentyabra qədər verilmiş kreditlər üzrə orta faiz dərəcəsində 1% artım müşahidə edilib, daha sonra dərəcələr 18,2% səviyyəsində sabitləşiblər. Qəbul edilən qərarın real yararını anlayan AMB dekabrda da dünya maliyyə bazarlarındakı və ölkədəki meyil çərçivəsində uçot dərəcəsinin azaldılmasını davam etdirmək niyyətindədir. 

 

Sabitlik və likvidlik var

Və nəhayət, bütövlüklə Azərbaycandakı makroiqtisadi sabitlik barədə... Bəllidir ki, ölkənin dünya maliyyə böhranı qarşısında əsas dayanıqlılıq amili onun tədiyə balansının vəziyyətidir. Bu baxımdan Azərbaycanda vəziyyət əlverişlidir - 9 ay ərzində ölkənin tədiyə balansının cari hesabında  $15 mlrd profisit alınıb. 

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi $18 mlrd-ı keçib ki, bu da dövlətin xarici öhdəliklərindən 2 dəfə çoxdur. Bununla yanaşı, ölkənin kreditor mövqeyi $11 mlrd təşkil edir. Başqa sözlə, əgər borclar vaxtından əvvəl geri çağırılarsa, Azərbaycanın tədiyə durumu onları ödəməyə imkan verəcək. "İdeal halda ölkənin valyuta rezervləri 3 ay ərzində idxalın fasiləsiz maliyyələşdirilməsini təmin etməlidir. Bugünkü gerçəklikdə isə Azərbaycanın rezervləri 28 ay ərzində idxal potensialını maliyyələşdirməyə imkan verər", - deyə A.Babayev bildirib. 

Milli Bankın valyuta rezervlərinə gəldikdə isə hazırda onlar təxminən $5,27 mlrd təşkil edir. "Bu zaman rezervlərin volatillik durumunu müşahidə etmək olar. Bu onunla bağlıdır ki, 2008-ci ildə biz rezervlərin idarəedilməsi üzrə yeni sxemə keçmişik. Onları investisiya və əməliyyat hissələrinə bölmüşük. Həmçinin valyuta rezervlərinin strukturuna dəyişikliklər etmişik. İndi onların 60%-i  ABŞ dollarından, 30%-i avrodan və 10%-i  funt - sterlinqdən ibarətdir. Bu bizə məzənnə fərqlərdən qaçmağa imkan verib", - deyə  A.Babayev bildirib. 

Bununla yanaşı, valyuta rezervlərinin təhlükəsizliyi tam təmin edilib və onların idaredilməsindən gəlirlilik ilin əvvəlindən bu günə kimi $152 mln təşkil edir. 

Milli Bank tərəfindən atılan addımlar həm də Azərbaycana inflyasiya idxalının səviyyəsini azaltmağa imkan verib. Belə ki, bu ilin mart ayından AMB tərəfindən tətbiq elilmiş - 30 faizi avrodan və 70 faizi dollardan ibarət olan ikivalyutalı səbət inflyasiya idxalının qarşısını almaq məsələsində müsbət rol oynayır.  Çünki AMB-nin məqsədi manatın məzənnəsini ən azından bu ölkələrdəki inflyasiya səviyyəsində möhkəmlətməkdir. "Orada inflyasiya templəri ilin sonuna kimi 12-14 faiz səviyyəsində proqnozlaşdırılır. Buna görə də nominal effektiv   məzənnəni möhkəmləndirilməsi templəri təxminən belədir, başqa sözlə, ölkəyə inflyasiya idxalı faktik olaraq neytrallaşdırılb", - deyə X.Abdullayev bildirib. 

Manatın real effektiv məzənnəsinə gəldikdə isə o, ilin əvvəlindən bu vaxta kimi 21 faiz möhkəmlənib. Ancaq ötən ilə baxanda real effektiv məzənnə kompozisiyasında müəyyən qədər dəyişiklik var. Əgər əvvəllər  bu məzənnənin 90 faizi xarici və daxili inflyasiyalar arasında fərqin əsasında yaradılıbsa, nominal effektiv məzənnənin möhkəmlənməsi hesabına bu fərq xeyli azalıb. İndi real effektiv məzənnəin möhkəmləndirilməsində nominal effektiv məzənnənin payı 60 faizi keçmir. "Beləliklə, biz daxili bazarda dezinflyasiya effekti yaradırıq. Gələn il biz, qonşu ölkələrdəki durum da nəzərə alınmaqla, yeni parametrlər müəyyən edəcəyik", - deyə X.Abdullayev qeyd edib.

Əslində, əhalinin gəlirlərinin artması mal və xidmətlərin qiymətinin qaldırılmasını şərtləndirməli idi. Ancaq dünya iqtisadi böhranının fonunda Azərbaycana idxal edilən məhsulların dəyərinin azalması, həmçinin, AMB və hökumət tərəfindən görülən davamlı inflyasiya əleyhinə tədbirlər son aylarda ölkədə inflyasiya artımı templərini azaldıb. 2008-ci ilin yekunlarına görə, Azərbaycanda inflyasiya 18-19 faiz təşkil edə bilər.  Babayevin sözlərinə görə, bu amil AMB-yə səyləri ölkənin bank bölməsinin sabitliyinin qorunması üzərinə cəmləşdirməyə imkan verib, başqa sözlə, antiinflyasiya tədbirləri artıq aktual deyil. 

Beləliklə, Azərbaycanın dünya böhranının sınağından uğurla çıxdığını, AMB-nin isə maliyyə sektorunda və bütövlükdə iqtisadiyyatda sabitliyin dəstəklənməsi, iqtisadiyyatın pulla təmin edilməsi baxımından öz işinin öhdəsindən yetərincə uğurla gəldiyini demək olar.  Ancaq böhran hələ sovuşma mərhələsinə keçməyib və deməli, bu məsələdə yekun nöqtəini qoymaq hələ tezdir. 

AMB İdarə Heyətinin sədri Elman Rüstəmov isə artıq bildirib ki, Milli Bank 2009-cu ildə də pul-kredit siyasətini yumşaqlaşdırmaq xəttini davam etdirmək niyyətindədir. "Bu baxımdan büdcə çərçivəsində fiksal sahədə də müəyyən işlər görüləcək. Ancaq bizim büdcədən və Milli Bankdan kənar resurslarımız da var və optimal likvidliyin qorunması üçün biz bütün imkanlardan istifadə edəcəyik",-  deyə o vurğulayıb. 


MƏSLƏHƏT GÖR:

427