14 Mart 2025

Cümə, 21:51

İLK ADDIM

Beynəlxalq aləm yeni dünya düzümü ərəfəsindədir

Müəllif:

01.12.2008

Noyabrın 15-də dün-yanın ən nəhəng iqtisadiyyatlarına malik 19 ölkə və Avropa Birliyinin liderləri yaşanan maliyyə böhranından çıxış yollarını müzakirə etmək üçün Vaşinqtona toplaşıblar. Dünyada Ümumdaxili Məhsulun (ÜDM) 85%-nə sahib olan "20-lər klubu"na (və ya G-20) ABŞ, Böyük Britaniya, Rusiya, Avstraliya, Argentina, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, CAR, Cənubi Koreya, Yaponiya və Avropa Birliyi daxildir. Bundan başqa, sammitdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, BMT-nin baş katibi Pan Qi Mun, Ümumdünya Bankının prezidenti Robert Zellik, Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Dominik Stross-Kann və Maliyyə Sabitliyi Forumunun sədri  Mario Draqi də iştirak edirdi. ABŞ-ın yeni prezidenti seçilmiş Barak Obamanı tədbirdə sabiq dövlət katibi Madlen Olbrayt və keçmiş respublikaçı-konqresmen Ceyms Liç təmsil edirdilər.

 

Beş prinsip

"İyirmilik"in qəbul etdiyi birgə Bəyannamədə dünya maliyyə sistemində islahatlarla bağlı 5 prinsip əks olunub - şəffaflığın və hesabatvermənin gücləndirilməsi, etibarlı nizamlamanın yaradılması, maliyyə bazarlarının uzlaşdırılmasının təmin olunması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq maliyyə institutlarının islah edilməsi.

Bütün bu prinsiplər isə üç istiqamətdə reallaşdırılmalıdır: iqtisadiyyat və maliyyəyə dəstək, yeni beynəlxalq nizamlama vasitələrinin yaradılması və dünya idarəçilik sistemində islahatlar.

İqtisadiyyat və maliyyəyə dəstək çərçivəsində dünyanın 30 ən nəhəng bankına (bu bankların müflis olması ümumilikdə dünya iqtisadiyyatı üçün təhlükədir) nəzarət üçün xüsusi komissiyanın yaradılması nəzərdə tutulur. Bu komissiya, ilk növbədə, "mövcud risklərin qiymətləndirilməsi" ilə məşğul olacaq. Əyani misal kimi dünyanın əksər ölkələrində fəaliyyət göstərən və aktivləri İsveçrənin ÜDM-dən artıq olan UMS (İsveçrə) bankı göstərilir. Mütəxəssislərin fikrincə, ölkə hökuməti bu cür nəhəng banka nəzarət edə bilmir və təbii ki, lazım gəldikdə, ona yardım etməkdə də acizdir. Məhz buna görə, bu cür transmilli nəzarət kollegiyalarının yaradılması zərurəti ortaya çıxıb.

Yeri gəlmişkən, yekun sənəddə  maliyyə nizamlaması və nəzarətlə məşğul olan, mühasibat hesabatları, kredit-reytinq agentlikləri, vergi orqanları və s. üzrə standartları müəyyən edən təşkilatlar qarşısında konkret tələblər qoyulub.

Beynəlxalq maliyyə institutlarında islahatlara gəldikdə, bu prinsip onların fondlarının həcminin artırılmasını və inkişaf etməkdə olan ölkələrə daha çox iştirak və səs hüququnun verilməsini nəzərdə tutur. Sammit iştirakçıları yaxın il ərzində proteksionizm və yeni ticarət-investisiya maneələrinin tətbiqindən (bu, ilk növbədə, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ üçün vacibdir) imtina etməyə qərar veriblər. Fəaliyyət planına görə, Beynəlxalq Valyuta Fondu (BVF) və inkişaf bankları zərbə altında qalmış dövlətlərə yardım göstərəcəklər. Beləliklə, beynəlxalq maliyyə arxitekturasının bərpasında və sonrakı iqtisadi sabitliyin qorunub-saxlanmasında əsas rolu BVF oynayacaq. 

Yekun Bəyannamədəki ümumi ideyanı bir cümlə ilə belə ifadə etmək olar: "Dünya iqtisadiyyatında dəyişən qüvvələr nisbətini adekvat əks etdirmək və ortaya çıxan çağırışlara effektiv reaksiya vermək üçün Bretton-Vuds sistemi kompleks şəkildə islah olunmalıdır". Sadə dillə desək, - dünyanın aparıcı dövlətləri hazırda yaşanan maliyyə böhranının bir daha təkrar olunmaması üçün əllərindən gələni edəcəklər. 

İslahatların prinsiplərinin reallaşdırılması üçün fəaliyyət planında qeyd olunduğu kimi, görülməli tədbirlərin bir çoxu təxirəsalınmadan reallaşdırılmalı və 2009-cu il martın sonunadək yerinə yetirilməlidir. Qeyd edək ki, məhz gələn il martın 31-nə təyin olunmuş sammitdə iqtisadiyyatın qlobal tənzimlənməsinə dair konkret təkliflərin irəli sürülməsi planlaşdırılır. 

 

Bu hələ başlanğıcdır...

Böhran isə hələ səngimək bilmir - ekspertlərin fikrincə, ən yaxşı halda, o hələ ilyarım davam edəcək. Bu arada isə dünyanın ən güclü dövləti olan Birləşmiş Ştatlar tələm-tələsik vəziyyətdən çıxış yolları arayır.

Hələ Barak Obamanın prezidentliyə namizəd olmaq uğrunda mübarizə apardığı zamandan demokratların qələbə qazanacağı təqdirdə Ağ evin yeni sahibinin fəaliyyətinin ən problemli istiqaməti kimi İraq məsələsi göstərilirdi. Amma son ayların hadisələri göstərdi ki, evin içində ciddi problemlər yarananda, başqa məsələlər ikinci plana keçir.

Deyilənə görə, ötən əsrin əvvəllərində tüğyan etmiş Böyük Depressiyadan sonra bu, ABŞ-ın üzləşdiyi ən ciddi böhrandır. Yaşayış evlərinin inşası dayanır, şirkətlər, heç olmasa, nəsə satmaq naminə qiymətləri endirməyə məcbur olurlar. Vaşinqtondakı son sammitdən cəmi 5 gün sonra Amerika birjalarında əsas indekslər yenidən aşağı enib. Dow Jones Industrial Average 427,63 punkt (5,08%) itirərək 7997,12-ə düşüb. Standard & Poor's 500 indeksi 6,04 % (51,84 punkt) enərək 807,26 olub. Yüksək texnologiyalı Nasdaq 93,85 punkt (6,33%) itirib. 

Qeyd edək ki, ABŞ-ın əsas 3 birja indeksində bu cür enmə 2003-cü ildən indiyədək qeydə alınmamışdı. Birja analitiklərinin fikrincə, aksiyaların qiymətinin ucuzlaşması ABŞ-dakı inflyasiyaya dair neqativ statistikanın açıqlanmasının nəticəsi idi. Bundan başqa, bu eniş Federal Rezerv Sisteminin ölkədə uzunmüddətli resessiya ehtimalını etiraf etməsi ilə də bağlı idi. "İndi ağır resessiya artıq qaçılmazdır", - deyə nüfuzlu "The Washington Post" yazır. 

Ölkəni böhranın ağuşundan çıxarmaq məsuliyyəti Ağ evin yeni administrasiyasının üzərinə düşür. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama bildirib ki, onun komandası artıq ölkə iqtisadiyyatının dirçəldilməsinə dair 2 illik radikal fəaliyyət planı hazırlayıb. Bu plan 2 il ərzində ölkədə 2,5 milyon yeni iş yerlərinin açılmasını nəzərdə tutur. Bu zaman Obama vurğulayıb ki, dərin iqtisadi böhrana imkan verməmək üçün tədbirlər planı ən qısa zaman kəsiyində həyata keçirilməlidir. Bu zaman o, yeni planın ABŞ büdcəsinə neçəyə başa gələcəyini açıqlamayıb. 

Bundan başqa, yeni administrasiya bərpa olunan enerji mənbələrinin yaradılması və inkişafı imkanlarını da öyrənir. Bu yolla Obama administrasiyası Birləşmiş Ştatların başqa ölkələrin neftindən asılılığını azaltmağı düşünür. 

Obama Vaşinqton sammitində qəbul olunmuş fəaliyyət planını dəstəkləsə də, Corc Buş administrasiyasının ünvanına sərt ittihamlar səsləndirib: Obamanın fikrincə, hazırkı administrasiya böhranın bütün çətinliklərini öz "ciblərində" hiss etmiş adi amerikalılara yardım göstərməyə tələsmir. CBS telekanalına müsahibəsində yeni seçilmiş prezident vurğulayıb ki, federal hökumət bütün səylərini, ilk növbədə, bankların xilasına yönəldib və ipoteka bazarındakı böhran nəticəsində ev-eşiyini itirmiş və ya itirmək təhlükəsi ilə üzləşmiş milyonlarla soydaşının taleyi ilə maraqlanmır. 

Obama həmçinin Amerikanın avtomobil istehsalçılarına da təxirəsalınmaz yardım göstərilməsini vacib sayır, çünki avtomobillərə tələbatın azalması üzündən ABŞ zavodlarına külli miqdarda ziyan dəyib. Onun fikrincə, avtosənayenin  iflası ümumilikdə ölkə iqtisadiyyatında "fəlakətə" səbəb olacaq.

Obamanın bu açıqlamalarının onun fəaliyyət planı ilə nə dərəcədə uzlaşacağını zaman göstərəcək.

Hələliksə, Avrozona ölkələrində də dərin resessiya başlayıb. 2008-ci ilin üçüncü kvartalının nəticələrinə görə, Avrozonada ÜDM-in həcmi 0,2% aşağı düşüb. Bloomberg agentliyi bildirir ki, Avropa iqtisadiyyatı son 15 ildə ilk dəfədir resessiya ilə üzləşib. Xatırladaq ki, bir müddət əvvəl İtaliya, Almaniya və Estoniyanın da texniki resessiya mərhələsinə qədəm qoyduğu məlum olub. Fransa isə hələlik böhrana tab gətirə bilir: üçüncü kvartalda bu ölkənin iqtisadiyyatı 0,1% artıb.

Bu arada isə həcminə görə dünyanın ikinci iqtisadiyyatına sahib olan Yaponiya da resessiya mərhələsinə qədəm qoyub. 

Bütün bu hadisələrin fonunda dünya KİV-in diqqəti maliyyə böhranının Rusiyaya təsirinə yönəlib.  Məsələ ondadır ki, son illər Rusiyanın xarici siyasi mövqeyi məhz neft bumu nəticəsində ölkə iqtisadiyyatında baş verən artım ilə bağlı idi. Düzünə qalsa, dünyanın istənilən ölkəsində bu cür artım aktivliyə səbəb olur. Amma Rusiyanın ambisiyaları digər ölkələrdən çox olduğundan, bu ölkəyə daha çox diqqət yetirilir.

Rusiyaya dair neqativ proqnozlar neftin qiymətinin 50 dollarlıq psixoloji həddə çatması, sonra isə bu həddən də aşağı düşməsindən sonra başlayıb. Üstəlik, ölkədən kapital axını da davam edir. Rusiyanın "Vedomosti" qəzetinin yazdığına görə, Rusiya şirkətlərinin 30%-ə yaxını əməkdaşların ştatında ixtisar etməyi planlaşdırır və ya artıq buna başlayıb. Bununla əlaqədar, ekspertlərin proqnozlarına görə, gələn il Rusiya rublun devalvasiyası və əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi təhlükəsi ilə üzləşə bilər.

Amma ölkə rəhbərliyi, ilk növbədə isə prezident Dmitri Medvedev və baş nazir Vladimir Putin nikbinlik nümayiş etdirirlər. Hakim "Vahid Rusiya" Partiyasının qurultayında çıxış edən Putin bildirib ki, milli iqtisadiyyat əvvəlki kimi güclüdür. Medvedev də eyni fikirdədir. Prezident və baş nazirin optimizmini bölüşən bəzi ekspertlər də hesab edirlər ki, Rusiya böhran qarşısında tab gətirə biləcək - axı bu ağır dövrə Rusiya dövlət borcu olmadan və büdcə profisiti şəraitində qədəm qoyub.

Amma beynəlxalq müşahidəçilər Rusiyada Konstitusiyaya tələm-tələsik dəyişiklik edilməsi və prezidentlə deputatların səlahiyyət müddətlərinin artırılmasını təsadüf saymırlar. Axı parlament və prezident seçkiləri ölkədə bu yaxınlarda keçirilib və hakimiyyətin həll etməli olduğu daha vacib məsələlər var. Bütün bunlardan belə nəticə çıxarılır ki, iqtisadi və maliyyə böhranı Rusiyada hakimiyyət böhranına səbəb ola bilər. Elə isə Putin bütün vasitələrlə ölkə iqtisadiyyatında başlayan problemlərdən kənarlaşmaq haqda düşünməlidir. Odur ki, Kremldəki yeni yerdəyişmələr hesabına Putinin xalq xilaskarı - bir növ, rusların Franklin Ruzvelti qismində yenidən prezidentliyə qayıtması ehtimalı qalır.

 

Dəyişikliklər zamanı

Beləliklə, Rusiya və ABŞ kimi, G-20-nin digər ölkələri də ciddi böhranla üz-üzə qalıblar. Və Vaşinqton sammitinin əsas nəticəsi o oldu ki, müxtəlif ziddiyyətlərə rəğmən, bu dövlətlər eyni gəmidə olduqlarının fərqindədirlər və qarşılıqlı əməkdaşlığa can atırlar. Əlbəttə ki, heç kəs Vaşinqton sammitinin dünyanı maliyyə böhranından çıxaracağını gözləmirdi və bu sammiti ötən əsrin ortalarında keçirilmiş və 3 həftə davam etmiş, yeni beynəlxalq maliyyə sisteminin əsasını qoymuş Bretton-Vuds danışıqları ilə eyni cərgəyə qoymaq olmaz. Amma hər halda, bu istiqamətdə ilk addım atılıb. Artıq aydındır ki, yarım əsr əvvəl yaradılmış qlobal sistem hazırda şahidi olduğumuz köklü dəyişikliklər üçün etibarlı fundament rolunu oynamağa qadir deyil.

Bu dəyişikliklərin miqyası və sürəti isə göz qabağındadır. Artıq heç kəs birqütblü dünya haqda düşünmür. Özü də bu gün istənilən proqnozlara şübhə ilə yanaşılır. Məsələn, bir neçə ay əvvəl bəzi ekspertlər neftin qiymətinin bir barrel üçün 200 dollara çatacağını proqnozlaşdırırdı. Amma gözlənilmədən bu qiymət 50 dollara düşdü. Və bütün bunlar ortaya belə bir sual çıxarır: dünyadakı siyasi və iqtisadi dəyişiklikləri hansı qüvvələr idarə edir? Ola bilsin ki, hazırkı maliyyə böhranı bu suala qismən cavab versin. Qərbin siyasi, mədəni və iqtisadi üstünlüyünə əsaslanan hazırkı dünya düzümü hamının gözü qarşısında "əriyir" və onun əvəzinə yaranacaq düzüm artıq tamamilə fərqli formada olacaq.

Bu yaxınlarda ABŞ-ın kəşfiyyat məsələləri üzrə Milli Şurası "2025-ci ilədək qlobal tendensiyalar" adlı hesabatını açıqlayıb. Bu hesabatı hazırlayan amerikalı ekspertlərin özləri də dünyanın hakim fövqəldövləti olan ABŞ-ın tənəzzülə doğru getdiyini etiraf edirlər. "2025-ci ilədək inkişaf etməkdə olan ölkələrin güclənməsi, iqtisadiyyatın qloballaşması, bolluq və zənginliyin Qərbdən Şərqə doğru axması, həmçinin, beynəlxalq proseslərdəki qeyri-dövlət iştirakçılarının nüfuzunun artması fonunda beynəlxalq sistem tanınmayacaq dərəcədə dəyişəcək. ABŞ, çox güman ki, daha qüdrətli dövlət kimi əhəmiyyətini qoruyub - saxlaya biləcək, amma onun hətta hərbi sahədə də çəkisi azalacaq və Vaşinqtonun hadisələrin gedişinə təsir imkanları məhdudlaşacaq", - deyə hesabatda vurğulanır. Əsas dünya valyutası kimi, Amerika dollarının çəkisi də azalacaq. Özü də o həddə qədər ki, dollar artıq "bərabər valyutalar arasında birinci" olacaq. Bununla paralel olaraq, Afrika və Cənubi Asiya ölkələrində hakimiyyətsizlik başlaya, Yaxın Şərqdə isə silahlanma davam edə bilər. Destruktiv dövlətlər öz ixtiyarında olan kütləvi qırğın silahlarını daha aktiv şəkildə terror dəstələrinə təklif edəcək. Təbii ehtiyatlar, o cümlədən ərzaq və su uğrunda münaqişələr də mümkündür, - deyə hesabatda qeyd olunur. 

Beləliklə, bəşəriyyət gələcəkdə üzləşə biləcəyi qlobal fəlakətlərə yol verməmək üçün hadisələrə baxışını köklü şəkildə dəyişməli, həm maliyyə və iqtisadi, həm də siyasi böhranlarla mübarizə üçün yeni mexanizmlər işləyib hazırlamalıdır. Dünyanın hazırkı liderləri doğru qərar verə biləcəklərmi? Bunu zaman göstərəcək. G-20-in növbəti sammiti 2009-cu il aprelin 30-dək keçirilməlidir. Həmin sammitdə artıq ABŞ-ı yeni prezident, gələn il yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayacaq Barak Obama təmsil edəcək.

Odur ki, Vaşinqtonda keçirilmiş G-20 sammiti bu cür tədbirlər planının ilk mərhələsidir. Çoxları əmindir ki, bu görüş artıq "böyük səkkizlik" formatından "böyük iyirmilik" formatına keçidi rəsmiləşdirir. Bu isə o deməkdir ki, artıq Braziliya, Rusiya, Hindistan və Çin "dördlüyü" həm iqtisadi, həm də siyasi sahədə Qərblə eyni səviyyədə təmsil olunacaqlar. 



MƏSLƏHƏT GÖR:

456