
RƏSMİ SƏFƏRİN İŞGÜZAR GEDİŞİ
Müəllif: Redaksiya
Azərbaycan prezidentinin İtaliyaya rəsmi səfəri zamanı bu ölkənin "RAİ International" telekanalına verdiyi müsahibə yalnız İtaliya deyil, ümumilikdə, Avropa siyasətçiləri tərəfindən də çox maraqla qarşılanıb. Və bu da təsadüfi deyil - dövlət başçısının səsləndirdiyi tezislər ölkəmizlə İtaliya və Avropa İttifaqının digər üzvləri arasındakı ikitərəfli münasibətlər çərçivəsindən çox kənara çıxır. Odur ki, bu kontekstdə İlham Əliyevin müsahibəsində səsləndirdiyi ən vacib məqamlara diqqət yetirək.
Prezident bir daha ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı aktiv mövqeyini və “Nabucco” layihəsinin reallaşdırılmasına sadiqliyini bəyan edib. Amma o, xüsusi olaraq vurğulayıb ki, bu layihənin uğuru yalnız Bakıdan asılı deyil, bu məsələdə konsorsium üzvü olan şirkətlərin, tranzit ölkələrin və layihədə maraqlı olan Mərkəzi Asiya dövlətlərinin aktiv rolu da çox önəmlidir. Başqa sözlə, Azərbaycan bu layihənin reallaşması üçün özünün tranzit və lazım olarsa, təbii qaz imkanlarını təklif edə bilər. Amma öz növbəsində Avropa İttifaqı və üzv ölkələr də bu sahədə daha aktiv olmalıdırlar.
Bu mənada, dövlət başçısının diversifikasiyada yalnız mineral resurslardan istifadə edən dövlətlərin deyil, bu resursları istehsal və hasil edən ölkələrin də maraqlı olması haqda tezisi diqqəti cəlb edir. Burada söhbət dünyanın xammal bazarlarına birbaşa çıxışı olmayan Azərbaycandan gedir. Bundan çox vacib bir nəticə hasil etmək olar - Bakı üçün vacib olanı yalnız Avropanın enerji təhlükəsizliyini təmin etmək deyil, həm də özünün enerji təhlükəsizliyini möhkəmləndirməkdir. Və məhz buna görə də İlham Əliyev bir neçə dəfə vurğulayıb ki, Azərbaycan onu Şimal, Cənub, Şərq və Qərbdəki bazarlar və ölkələrlə birləşdirən geniş neft və qaz boru şəkəbəsini uğurla yaradıb və istifadə edir. Təcrübə göstərir ki, bu boru kəməri şəbəkəsi olmasaydı, biz istehlakçıların diktatının girovuna çevrilərdik. Bu istehlakçılar isə, məlum olduğu kimi, çox vaxt bizimlə münasibətləri qurarkən öz eqoist və bəzən bazar iqtisadiyyatı prinsiplərindən uzaq olan maraqlarını güdürlər.
Prezidentin Bakının Avropa İttifaqı ilə əməkdaşlıqda və həm ölkə, həm də cəmiyyətin Avropa standartlarına yaxınlaşması üçün daxili avrointeqrasiya proseslərinin aktivləşməsində maraqlı olması barədə tezisi də diqqəti cəlb edir - xüsusilə, son vaxtlar Avropa İttifaqının bizim regiona artan marağı fonunda. Özü də bu zaman əsas kimi əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, siyasi sistemin modernləşdirilməsi, sosial ədalət və iqtisadi azadlıq prinsipləri götürülür. Yeri gəlmişkən, avropalı məmurların Azərbaycan tərəfi ilə dialoqunda məhz bu mövzular prioritet təşkil edir. Biz Avropa İttifaqından hansısa imtiyaz, subsidiya və ya güzəşt gözləmirik. Bizim əsas marağımız iqtisadi, sosial və siyasi sahələrdə aparıcı Avropa kriteriyalarına yaxınlaşmaqdır. Və bununla bağlı səslənən tezisləri hazırda MDB ölkələri ilə münasibətləri yeni səviyyəyə qaldırmaq haqda düşünən Avropa İttifaqının rəhbərliyi və dövlətləri üçün bir işarə kimi qəbul etmək lazımdır.
Azərbaycanın İtaliya və ümumilikdə, Aİ ilə münasibətlərinin səviyyəsini şərh edən prezident İ.Əliyev onları öz regional siyasətlərində Azərbaycanın Cənubi Qafqazda artan rolu ilə hesablaşmağa çağırıb. Özü də söhbət yalnız Azərbaycanın nəhəng iqtisadi potensialı və inkişafından yox, daha çox ölkənin regionda vacib sabitləşdirici faktor rolunu oynaması, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə pozitiv təsirindən gedir.
İtaliya və ümumilikdə, Avropa auditoriyası üçün İ.Əliyev ölkəmizin Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı Moskva bəyannaməsinə dair mövqeyini bir daha açıqladı. Bu, həm də ona görə vacibdir ki, son vaxtlar rəsmi Moskva ilə Yerevan öz şərhlərində elə təsəvvür yaratmağa çalışırlar ki, guya bu sənədin başlıca cəhətini görmürlər. Bu cəhət isə Bəyannamənin artıq birinci bəndində açıq şəkildə ifadə olunub: münaqişə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında nizamlanmalıdır.
Nəhayət, dövlət başçısı rəsmi Bakının regional və beynəlxalq arenada balanslaşdırılmış siyasətə, həm Şərq, həm də Qərb ölkələri ilə pozitiv münasibətlərin inkişafına yönəlmiş kursa sadiqliyini bir daha bəyan edib. Dövlətimizin müstəqil inkişaf təcrübəsi isə göstərir ki, ölkədə daxili və xarici uğurun əsas formulu məhz budur.
MƏSLƏHƏT GÖR: