14 Mart 2025

Cümə, 21:00

SÜMÜYÜNƏ VUR!

Azərbaycanlı peşəkar boksçu əli ismayılov yeni çempion kəmərini hədəf seçdi

Müəllif:

15.11.2008

Peşəkar boks, yəqin ki, dünyada idmanın ən məşhur növlərindən biridir. Özü də həvəskarların heç də hamısı özünü bu idman növündə sınaya, xüsusilə də ad çıxara və zirvələrə qalxa bilmir. Bütün bunlara nail olmaq üçün illər sərf olunur və peşəkar boksda ad çıxarmış idmançıları barmaqla saymaq olar. Son illər ərzində Azərbaycan boksçusu Əli İsmayılov bu yolu getməyə başlayıb və artıq o, “WBO-Latino” (World Boxing Association) kəmərini qazanıb. Hazırda boksçu yeni titullar haqda düşünür.

Əli peşəkar rinqə kifayət qədər alışıb və hər yeni döyüşdə onun qarşısına daha ciddi rəqiblər çıxır. Əgər əvvəllər o, əksər döyüşlərdə nakautla qalib gəlirdisə, son zamanlar qələbələr xal hesabına əldə olunur. Məsələn, Əlinin amerikalı Maks Aleksandra qarşı keçirdiyi son görüşündə hakimlər məhz azərbaycanlı idmançıya üstünlük verdilər və o, vacib reytinq döyüşündən qalib çıxdı. "Bu, qarşıdakı vacib döyüşləröncəsi yaxşı sınaq oldu. Mən peşəkar rinqdə ilk dəfə idi ki Şimali Amerikadan olan rəqiblə qarşılaşırdım və döyüş kifayət qədər məzmunlu alındı. Aleksandr çox möhkəm döyüşçü idi, lakin mən qələbənin açarını tapa bildim. Baxmayaraq ki rəqibimi nokauta sala bilmədim, sonda qarşılaşmanı xal hesabına uddum. Əslində,  nokautla qələbə əsas məqsəd deyil. Əsas olanı nəticədir. Üstəlik, getdikcə rəqiblər də daha güclü idmançılar olur və onları, belə desək, bir əllə yıxmaq çətindir", - deyə qeyd olunan qarşılaşmanı şərh edən Əli bildirib.

Hazırda Ə.İsmayılovun promouterı ilin sonunda keçirilə biləcək növbəti döyüş üçün rəqib axtarışındadırlar. İdmançının sözlərinə görə, əvvəlcə onun türkiyəli boksçu Firat Arslanla döyüşü nəzərdə tutulsa da, bir müddət əvvəl rəqib öz kəmərini Panamadan olan rəqibinə uduzub: "Odur ki artıq Arslan bizim üçün maraqlı deyil. Sankt-Peterburqdan olan "Yaqupov & Co" promouter şirkəti qurumun rəhbəri Aleksandr Yaqupovun timsalında digər variantları nəzərdən keçirir. Ola bilsin ki, mən interkontinental WBO kəmərinin sahibi Aleksandr Alekseyevlə rinqə çıxdım. Düşünürük ki, əvvəl daha bir reytinq döyüşü keçirək və bundan sonra WBO versiyası üzrə əsas kəmər uğrunda bu boksçu ilə görüşək".

Xatırladaq ki, Ə. İsmayılov peşəkar boksa 2004-cü ildə Afinada keçirilmiş Olimpiadada gözlənilən medalı qazana bilmədikdən sonra başlayıb. O, Olimpiadalarda 2 dəfə çıxış etsə də, hər dəfə vətənə əliboş qayıdıb. Beynəlxalq arenada isə onun ilk əhəmiyyətli uğuru 1994-cü ilə təsadüf edir. Həmin il ismayılov Dünya Kubokunda 3-cü yeri tutub. 4 il sonra isə o, Avropa Kubokunda eyni nəticəni göstərdikdən sonra 1999-cu il mövsümündə Hystonda keçirilmiş dünya birinciliyində bürünclə kifayətlənməli olub. Cəmi 1 il sonra Əli İsmayılov Avropa forumunda daha bir "bürünc" əldə edib. 2000-ci il Olimpiadasından sonra o, peşəkar boksla məşğul olmaq fikrinə düşsə də, daha bir Olimpiadada iştirak etmək qərarına gəlib və artıq qeyd etdiyimiz kimi, bu cəhd də Əliyə uğur gətirməyib.

Lakin yeni ampluada Ə.İsmayılov özünü kifayət qədər inamlı hiss edir və həvəskar rinqdə əldə edə bilmədiklərinə burada nail olmaq fikrindədir. O, peşəkar rinqdə ilk döyüşündəcə Vladimir Rumyantsevi nokautla üstələyib. "Mən qələbə üçün ciddi şəkildə cəhd göstərməyin lazım olduğu döyüşdə yorucu qarşılaşmaya, tər tökməyə hazırlaşmışdım. Lakin qarşılaşmanın gedişində hədəfə dəqiq zərbə endirmək şansı yarandı və mən bundan istifadə etdim. Həmin zərbədən sonra rusiyalı rəqib döyüşü davam etdirə bilmədi. Odur ki həmin döyüş mənim peşəkar rinqdə karyeram üçün yaxşı başlanğıc oldu və özümə inanmağıma yardım etdi", - deyə Ə.İsmayılov peşəkar rinqdəki ilk döyüşünü xatırlayır.

Əlbəttə, peşəkar rinqlə həvəskar boks arasında fərq var və Əli bunu öz təcrübəsində bir daha anlaya bilib. Burada raundların sayı, döyüşün vaxtı fərqlidir və ən əsası böyük gərginlik var: "Döyüşdən sonra mən onun kasetini seyr edir, bununla da səhvlərimi, döyüşün mənfi və müsbət tərəflərini müəyyənləşdirməyə çalışıram. Nə vaxt  döyüş yaxşı alınır, mən zövq alıram ki, potensialımı tam ortaya qoya bilmişəm. Şübhəsiz, səhvlər həmişə kifayət qədərdir və onlardan heç kim sığortalanmayıb. Sadəcə, səhvləri aradan qaldırmaq və minimuma endirmək lazımdır ki, növbəti döyüşlərdə eyni yanlışlıqlara yol verilməsin".

Onu da bildirək ki, qarşılaşmanın uğurlu alınması üçün Əlini rinqə çıxmazdan öncə əsəbiləşdirmək lazımdır. Çünki bu onun döyüşünə müsbət təsir göstərir. Və bu gün idmançı ilin sonuna ən yaxşı formada getmək üçün əlindən gələni edir.


MƏSLƏHƏT GÖR:

489