14 Mart 2025

Cümə, 20:58

DOPİNQDƏN-DOPİNQƏ FƏRQ VAR

Azərbaycanda antidopinq laboratoriyasının yaradılması hələ ki rentabelli deyil

Müəllif:

15.11.2008

Azərbaycan dopinqlə mübarizədə özü üçün yeni üfüqlər açıb. Söhbət Şərqi Avropanın Antidopinq Təşkilatının Direktorlar Şurasının (RADO) Bakıda keçirilmiş toplantısından gedir. Qeyd edək ki, toplantının sonunda qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədin vacib maddələrindən biri ondan ibarətdir ki, atletlərin orqanizmindən qadağan olunmuş preparatların tapıldığı hər yeni hala ayrılıqda baxılacaq və ona fərdi qaydada yanaşılacaq.

 

İkili standart siyasəti

Gənclər və İdman Nazirliyinin antidopinq sektorunun rəhbəri İradə Rüstəmzadə bildirib ki, RADO Ümumdünya Antidopinq Agentliyinə (WADA) alternativ deyil və bu qurumun tamamilə başqa funksiyaları var. "Dopinqlə mübarizə üzrə bütün qitə təşkilatları WADA-da birləşir. Lakin o, məsələn, götürülmüş hər bir ayrı testin nəticəsini tədqiq etmək kimi bütün xırda məsələləri də əhatə etmək imkanına malik deyil. Biz isə bu prosesdə iştirak etmək istəyirik və hər bir idmançıya fərdi yanaşılmasını təklif edirik. Çünki bu gün idmanda dopinq qəbulu çox maraqlı forma alıb. Elə olur ki, idmançı qadağan edilmiş preparatı bilmədən, səhvən, axmaqlıqdan qəbul edir. Elə hallar da var ki, hər hansı idmançı rəqibləri üçün təhlükəli olduğu üçün ona məqsədli şəkildə badalaq vururlar. Bu səbəbdən də hər bir fakta ayrılıqda yanaşılmalıdır. Odur ki, biz analizlərin daha dəqiq aparılmasında bir-birimizə kömək etmək məsələsi ətrafında müzakirə aparırıq", - deyə İ.Rüstəmzadə bildirib.

Belə bir yanlış fikir var ki, guya bu və ya digər idmançının cərimələnməsinə dair qərarı məhz WADA çıxarır. Əslində isə bu, belə deyil. WADA idmançıda dopinqi aşkarlayır, qərarın çıxarılması isə beynəlxalq federasiyanın üzərinə düşür. Qeyd edək ki, bu halda sonuncu öz qərarını iki həftədən gec olmayaraq elan etməlidir. İ.Rüstəmzadə bildirir ki, onlar məhz bu prosesdə iştirak etmək istəyirlər: "Çünki beynəlxalq federasiyada ikili standart, hətta bəzən üçlü standart siyasəti yürüdülür. Odur ki, bizim çox ciddi tələblərimiz var və bu, yalnız bir federasiyaya aid deyil. Azərbaycanla yanaşı, digər ölkələrdə də belə tələblər və narazılıqlar var".

Bunlarla razılaşmamaq çətindir. Yalnız otüstü hokkey üzrə Bakıda keçirilmiş lisenziyalı turnirin finalında meydan sahiblərinə qalib gəlmiş İspaniyanın qadınlardan ibarət millisini xatırlamaq kifayətdir. Oyundan bir müddət sonra birdən-birə 2 ispaniyalı idmançının qanında qadağan edilmiş preparat aşkarlansa da, beynəlxalq federasiya bunun üstünü ört-basdır etdi və həmin hokkeyçiləri cəzalandırmadı. Əksər nüfuzlu mütəxəssislərin fikrincə, Olimpiadada çempionluğa əsas namizəd olan azərbaycanlı cüdoçu Nicat Şıxəlizadənin sonda Pekinə yollana bilməməsini də xatırlamaq yerinə düşər. Xatırladaq ki, gənclər arasında dünya çempionatının qalibi və Parisdə keçirilmiş Superkubokda zəfər çalmış idmançının Minskdə keçdiyi təlimlər zamanı WADA nümayəndələri onun qanından dopinq-test götürmüşdülər və nəticə gözlənilmədən müsbət olmuşdu. Həmin vaxt belə məlumatlar yayılmışdı ki, atlet məqsədli şəkildə "tələyə salınıb". Belə ki, Nicatın dopinq qəbul etməsinə heç bir səbəb yox idi - həmin vaxt idmançı hər hansı böyük turnirə hazırlaşmırdı. Lakin Nicat ruhdan düşməyərək məşqlərini davam etdirir və onun yenidən böyük idmana qayıdacağına ümidlər var.

 

Antidopinq laboratoriyası olsunmu?

Ümumiyyətlə, bu gün idmanda dopinq mövzusu ən ağrılı mövzulardandır. Çünki adı "qara siyahı"ya düşən preparatların sayı ildən-ilə artır. Eyni zamanda WADA laboratoriyaların öz egidası altında akkreditəsi üçün tələb olunan standartları getdikcə artırır.  Məsələn, əvvəllər bu cür laboratoriyalar 1500 nümunə götürməklə kifayətlənirdilərsə, yeni ildən testlərin sayı ən azı 4 minədək artırılacaq. Bu isə Azərbaycanın öz antidopinq laboratoriyasını yaratmaq perspektivinə ciddi zərbə vurur - biz bu sayda nümunə götürmək iqtidarında deyilik.

Bu baxımdan, antidopinq laboratoriyasının yaradılması nə qədər rasionaldır? "Bilmirəm, hələ ki danışıqlar aparılır. Ola bilsin ki, Milli Olimpiya Komitəsinin sanksiyası və təsdiqi ilə antidopinq laboratoriyası açılsın. Bu gün laboratoriyanın qiyməti 16 milyon avro dəyərində qiymətləndirilir. Mən yalnız avadanlıqlardan danışıram. Hələ qərargahı öyrətmək, ona təcrübə keçmək lazımdır. Belədə Azərbaycan idmançılarının dopinq testlərini hələ ki qonşu ölkələrə göndərmək daha asan deyilmi? Lakin burada da xüsusi nüanslar var. Hər bir ölkə öz maraqlarını güdür və məsələn, ola bilər ki, idmançımızın qanında belə preparat aşkarlanmasa da, nəticə əksinə olsun. Amma hələ ki Allahın köməkliyi ilə, böyük yarışlar öncəsi biz atletlərimizin analizlərini eyni vaxtda bir neçə laboratoriyada yoxlatdırırıq", - deyə İradə Rüstəmzadə bildirib. 

Yeri gəlmişkən, qeyd edək ki, belə laboratoriyalar Kiyev və Belarusda da açılıb, həmçinin Türkiyə və Rusiyada da var. Bu isə o deməkdir ki, biz adıçəkilən dövlətlərdən idmançıları dopinq testi verməyə dəvət edə bilməyəcəyik.

Öz növbəsində RADO-nun yaradılması məqsədlərindən danışan direktorlar şurasının rəhbəri Nikolay Kruçinski hesab edir ki, təşkilat müxtəlif dövlətlərin səylərini özündə birləşdirir: "Biz maarifləndirici proqramlara böyük diqqət ayırırıq. Xüsusilə, keçən iclas çərçivəsində dopinq-zabitlər üçün seminar təşkil olunub. Biz bütün iştirakçı dövlətlər arasında maarifləndirmə layihələrinin həyata keçirilməsi, müxtəlif materialların mübadiləsi ilə əlaqədar razılaşma hazırlamışıq".

Digər tərəfdən, idmançının orqanizmində dopinqin müəyyənləşdirilməsi kifayət qədər çətin işdir və bunun öz izahı var. "Daha inkişaf etmiş ölkələr o dərəcədə təkmilləşdirilmiş stimulyatorlardan istifadə edirlər ki, idmançıları ifşa etmək sadəcə mümkün olmur. Qanda və sidikdə dopinqin aşkar edilməsi üçün hər an yeni üsullar axtarışında olan laboratoriyalar da bu işdə geridə qalmır. Gec-tez həm antidopinq təşkilatlarının, həm də yeni qadağan edilmiş preparatların yaradılması sistemlərinin fəaliyyətinə qiymət veriləcək", - deyə İ.Rüstəmzadə bildirir.

 

"Qara siyahı" genişlənir

Bütün bunlarla yanaşı, maraqlı tendensiya müşahidə olunmaqdadır - getdikcə "qara siyahı"ya daha çox qadağan edilmiş preparat adı düşür. Hətta bəzən həmin siyahını tərk edən preparatlar da sonradan oraya qayıdır. Bütün bunlar sonda nəyə gətirib çıxaracaq? İ.Rüstəmzadə bu haqda belə düşünür: "Bu, siyahının normallaşmasına səbəb olacaq. Gec-tez hamı anlayacaq ki, ölkəyə gətirilən hər bir preparatın üzərində onun tərkibində dopinqin olub-olmadığı yazılmalıdır. Çoxlu sayda preparat var ki, onların üzərində tərkibində dopinqin olub-olmadığı göstərilmir və onlardan istifadə olunur. Lakin siyahı nə vaxtsa qaydaya salınacaq və "zavallı" kafein "ağ" və "qara" siyahılar arasında var-gəl etməyəcək. Nəhayət, preparatların terapiyada istifadəsi normallaşdırılacaq. Axı idmançı onun müalicəsi üçün lazım olan preparatın qadağan edilməsi üzündən məhv olmamalıdır. Sadəcə qayda var - blankları düzgün doldurmaq, onları WADA-ya göndərmək lazımdır. İdmançıya isə karyerası boyunca həmin preparatlardan düzgün istfiadə etmək qalır. Yəni, sadəcə mexanizmin mənimsənilməsinə ehtiyac var".

Digər tərəfdən, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe bu günlərdə etiraf edib ki, dopinq heç zaman idmandan itməyəcək, necə ki cinayət cəmiyyətdən. Amma yenə də müəyyən pozitiv məqamlar var: "Pekin Olimpiadasında 8 idmançının dopinq analizinin müsbət nəticə verməsindən sonra BOK-da daha böyük inam yaranıb. Daha 3 test hələ ki müzakirə mərhələsindədir. Bundan başqa, atlardan götürülmüş testlərin 4-ü müsbət çıxıb. Bu da edir ümumilikdə 15, halbuki biz, təxminən, 30-40 hala rast gələcəyimizi gözləyirdik. Odur ki, dopinq sahəsində fəaliyyətimizin nəticə verdiyini düşünürük. İdmançıların qadağan olunmuş maddələrdən istifadəsi getdikcə daha da çətinləşir".

Bununla yanaşı, BOK Olimpiadada götürülmüş testlərin təkrar yoxlanılmasına qərar verib. Qurumu belə görünməmiş addımı atmağa yeni qadağan edilmiş maddənin peyda olması məcbur edib. Söhbət məşhur "Tur de Frans" velosiped yarışı zamanı iştirakçılardan götürülən testlər nəticəsində gritropogtinin yeni forması olan CERA preparatının üzə çıxmasından gedir. Nəticədə Pekin oyunları zamanı idmançılardan götürülmüş bütün dopinq testlər WADA-nın Lozannadakı laboratoriyasına göndərilib, araşdırmanın nəticələri isə hələ ki müzakirə mərhələsindədir.

 


MƏSLƏHƏT GÖR:

388