24 Noyabr 2024

Bazar, 21:07

KİNOGÖSTƏRƏN XƏSTƏLƏNİB

Azərbaycanda kinoteatrlar şəbəkəsinin inkişafı üçün istək və sərmayəçi kapitalı lazımdır

Müəllif:

15.11.2008

Nə edilirsə-edilsin, Bakıda və bütün Azərbaycanda kinoteatr məsələsi problemlidir və bu biznesin inhisarçı durumda olması heç kimdə şübhə doğurmur. Ancaq kinobiznesi yaxşı bilən adamların arasında bu sahədə olan boşluqlar barədə danışmağa başlayanda opponentlər Bakıda insanların kinoteatrlara acımadığını söyləyirlər. 

Onların dediyinə görə, bütün problemlər də elə buradan qaynaqlanır. Biletlərin bahalığı, sovet dövründə uğurla fəaliyyət göstərən kinoteatrların çağdaşlaşdırılmasının rentabelli olmaması, insanların pirat disklər əldə etməyə maraqlı olması bu problemlərdəndir. Problemlər sırasında yerli kinosənayenin olmaması da göstərilir. Bütövlükdə sadalananlar çoxdur. 

Ancaq kinoteatrlara getməyə vətəndaşların marağının azalması ilə bağlı deyilənlərin əksinə olaraq, bu yaxınlarda oxuculardan biri jurnalın redaksiyasına müraciət edərək bu günlərdə paytaxtdakı yeganə "normal" kinoteatrda multiplikasiya filminin ilk tamaşasına düşə bilməməsindən şikayət edib. Çünki seansa getmək istəyənlər həddindən çox imiş. Nəticədə o, biletləri xeyli baha olan axşam seansını gözləməli olub. Bunun nəticəsində isə həm uşaqları yeni cizgi filminə baxmaq üçün xeyli dəcəllik ediblər, həm də axşam-çağı filmə baxdıqları üçün çox yorulublar, təbii ki, valideynlər belə variantdan narazı qalıblar. 

"Ancaq bizi hər şeydən çox narahat edən kinoteatrda yalnız bir kassanın işləməsi idi. Adamlar çox idi, dava düşürdü, bir-birlərini itələyirdilər. Bax, mən uşaqlarımla bazar gününü belə keçirdik. Nə vaxta kimi Bakıda kinoteatr deyəndə yalnız bir müəssisə başa düşüləcək? Nə qədər ki alternativ yoxdur və paytaxtda yalnız bir kinoteatr lisenziyalı film göstərmək imkanına malik olacaq, qiymətləri istədiyi qədər qaldıracaq. Əgər araşdırma aparsanız, görərsiniz ki, son bir ildə qiymətlər iki dəfə qalxıb",- deyə şikayətçi qadın bildirir.

 

Kino sənayesi yoxdursa, kinoprokat da yoxdur

Deməli, insanlar kinoteatrlara gedirlər. Əgər əvvəllər filmin nümayişinin genişformatlı olması o qədər də önəm kəsb etmirdisə, indi məşhur latın atalar sözündə deyildiyi kimi, dünya sürətlə dəyişir və biz də onun içində. Ona görə də belə düşünmək olar ki, artıq istehlakçı zövqü dəyişib və çox tələbkar olub. Yəni, bu sahədə bugünün gerçəkliklərini yaşayır. 

Deməli, elə insanlar var ki, evdə keyfiyyətsiz pirat diskindənsə kinoteatrda iriformatlı, stervosəsli, lisenziyalı bədii filmlərə daha çox üstünlük verirlər. Və belə insanlar az deyil. Bəllidir ki, tələb təklifi doğurur. Bu isə o deməkdir ki, paytaxtda kinoteatr biletləri ucuzlaşmaqla yanaşı, həm də başqa kino nümayişi obyektləri çağdaş səviyyəyə qaldırılmalıdır. Amma bu işlə kim məşğul olmalıdır? Dövlət, yoxsa sahibkarlar?

Bizimlə söhbətdə bu işin mütəxəssislərindən biri bildirib ki, yerli şərtlərdə tək-tək kinoteatrların inkişafı əlverişli deyil. Kinoşəbəkələrin inkişafı ilə bütün ölkələrdə olduğu kimi, sahibkarlar məşğul olmalıdır. Bütün inkişaf etmiş ölkələrdə kinobiznes dövlətin yurisdiksiyasından çıxıb. Və kinoteatrların yaradılması və ya çağdaşlaşdırılması layihəsi üçün onlara milyon dollar pul lazımdır. 

"Biznesin dövriyyəsindən deyil, həm də gəlirindən bəhs edilən zaman kinoteatrlar şəbəkəsinin yalnız paytaxtda deyil, həm də əhalisi milyona çatan regional şəhərlərdə də yaradılmasının vacibliyi ortaya çıxar. Belə şəhərlər isə sadəcə Azərbaycanda yoxdur. Kinoteatrların gəliri bütövlükdə azdır, layihələrin özünü ödəmə müddətləri isə ildən-ilə artır. Bununla yanaşı, yerli kino sənayesinin olmaması üzündən kino nümayişi bazarı da yoxdur. İndi paytaxtdakı tək bir kinoteatrın müştəri səviyyəsi də çox aşağıdır. Məsələn, minyerlik üç-dörd salonu olan bir kinoteatrın modernləşdirilməsi üçün milyon dollardan çox vəsait tələb olunur. Yeni filmləri artıq ictimai kanallarda göstərirlər. Hər yerdə DVD-sini almaq olur. Ona görə də kino bazarı inkişaf etmir. Azərbaycanda kinoprokat bazarı yoxdur. Millət kinoya getmir. Bu, birinci səbəbdir. İkincisi, yerli kino inkişaf etmir. Yəni o da yoxdur. Əgər kino sənayesi yoxdursa, deməli, kinoprokata tələb yoxdur. Əgər kinoprokat yoxdursa, deməli, kinoteatrlar da yoxdur. Sxem sadədir",- deyə mütəxəssis vurğulayır. 

 

Nüanslar

Daha ətraflı danışaq. Əgər kinoteatrların çağdaşlaşmasından danışılırsa, bu, proyektorlar, səs aparaturası, akustika, ekranlar, binanın akustik hazırlığı və kreslolar deməkdir. Təbii ki, salonları olan binanı da unutmaq lazım deyil. Bütün bunlar böyük pullardır. Və ciddi investisiya layihəsidir. Burada mövcud zalları yenidən təchiz etməklə iş bitmir. Həm də yaxşı filmləri vaxtında almaq üçün kinoprokat şirkətləri ilə normal münasibətlər qurmaq lazımdır. 

"Əgər Bakıda yalnız bir çağdaş kinoteatrın fəaliyyətindən danışılarsa, qeyd etmək lazımdır ki, iki   həftəlik lisenziyalı nümayiş beş mindən on min dollara qədər dəyişir. İndi özünüz fikirləşin, əgər biletin qiyməti iki-üç manat arasında dəyişərsə, 150 yerlik bir kinoteatra həmin pulu çıxarmaq üçün nə qədər tamaşaçı lazımdır. Bunun üstünə işçilərin maaşını, kommunal xidmətlərin, elektrikin, suyun, kanalizasiyanın haqqını da gəlin. Yarım ildə bir dəfə kinoproyektorun sıradan çıxmış detallarını dəyişmək lazımdır. İndi kinoproyektorun bircə lampasının qiyməti 750 avrodur. O biri xərclərdən heç danışmağa dəyməz. İndi belə olan halətdə demək olarmı ki, kinoteatrlara biletlər çox bahadır?" - deyə müsahibimiz sual verir.

Ancaq pirat nümayişlər Rusiyada da çiçəklənir. Halbuki bu ölkədə kinoteatrlara getmək kimi əyləncə həddindən populyardır. "Azərbaycan şəraitində kinonümayişlərin əsas problemi filmlərin ingilis və rus dillərində göstərilməsidir. Halbuki Azərbaycan əhalisinin çoxu azərbayjandillidir. Məsələ ondadır ki, hazırda Azərbaycanda kinoprokat üçün filmlər əsasən Rusiyadan alınır. Məhz buna görə də tərcümə olunmamış variant ingiliscə, tərcümə olunmuş isə rusca göstərilir. Azərbaycan dilində nümayiş isə, təbii ki, qiyməti qaldırajaq, çünki xərclər smetasında o da ayrıca bənd kimi yer tutacaq",-deyə o bildirir.

Yaranmış problemlərdən çıxış kimi dünyanın bütün ölkələrində olduğu kimi subtitrlərdən istifadə etmək olar. Yəni filmlər yerli kinoteatrlarda ingiliscə nümayiş etdirilir, aşağıda isə yerli dildə subtitrlər verilir. Azərbaycan dilində subtitrlər daha ucuz başa gələ bdilərdi və potensial tamaşaçı sayı artardı. Ancaq çoxları belə düşünür ki, kinoprokat və kino nümayişi biznesinin inkişafı üçün dövlət dəstəyi də lazımdır.

Və bu kömək televiziyalarda pirat nümayişlərinin dayandırılmasını, kinoteatrları özəlləşdirmək üçün güzəştli dövlət proqramlarının tətbiq edilməsini, kinoteatr avadanlığının gömrüksüz gətirilməsini əhatə etməlidir. Qeyd edək ki, bu təcrübə Türkiyədə çox uğurla tətbiq edilir.

Demək lazımdır ki, Azərbaycanda kino nümayişi biznesinin inkişafı məsələsi hələ 2006-cı ildə qaldırılıb. Onda hökumətin sərəncamı ilə 11 kinoteatr Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sistemindən çıxarılmışdı. Həmin kinoteatrların hərraca çıxarılaraq fərdi sahibkarlar tərəfindən özəlləşdirilməsi düşünülürdü. 

Yalnız iki kinoteatr - "Araz" və "Azərbaycan" öz fəaliyyət profilini saxlamalı idi. Mədəniyyət Nazirliyinin sərəncamında yalnız "Nizami" kinoteatrı qalmalı idi. Paytaxt kinoteatrlarında "Araz" və "Azərbaycan"la yanaşı, "Nərimanov", "Təbriz" kinoteatrlarının və "Vətən" kinoteatrının yay zalları, "Sevil", "İnqilab", "İzmir", "Babək" kinoteatrları özəlləşdirilməli idi. Böyük ehtimalla, həmin obyektlərdə yeni sahiblərinin istəyi ilə təkəryamama, kimyəvi təmizləmə, çörəkbişirmə sexləri, pirat disk, oyuncaq, geyim, mebel mağazaları, bilyard salonları fəaliyyət göstərir. 

Onda mədəniyyət naziri Əbülfəs Qarayev həmin qərarı onunla izah edib ki, "Heç kim indi kinoteatrların dövlət hesabına bərpa ediləcəyini və maliyyələşdiriləcəyini gözləməməlidir". Bu, hamıya aydındır. Elə həmin Rusiyada da kinoteatrlar özəlləşdirilib. Başqa məsələ ki orada onlar özəlləşdirildikdən sonra təyinatını dəyişməyiblər. Yaxşı olardı ki, bizdə də belə olsun. 


MƏSLƏHƏT GÖR:

542